Danışır «Araz» radiosu! 

 

İnanırıq ki, verilişlərimiz dinləyici auditoriyası toplayacaq»

 

Aprelin 4-də “Araz” FM radiosu 103.3 tezliyində efirə çıxacaq. Hazırda efirdə musiqisi yayılan radionun gələn həftə həyata keçəcək rəsmi açılışı maraqla gözlənilir. Hamını bir sual düşündürür: ölkəmizdə fəaliyyət göstərən televiziya və radioların rəqabəti fonunda yeni fəaliyyətə başlayacaq radio dinləyicilərə nə verəcək? Çoxsaylı dinləyicilərin zövqünü təmin edə biləcəkmi? Efir məkanına hansı yenilikləri gətirəcək?

Bizi maraqlandıran bu və ya digər suallara cavab tapmaq, hər şeyi gözümüzlə görmək və eşitmək istəyi ilə “Araz” radiosunu redaksiyasına yollandıq.

 

Dünyaya yayılmaq arzusu

 

Azərbaycan Mətbuat Evinin 2-ci mərtəbəsində yerləşən radionun dəhlizinə daxil olarkən artıq burada gərgin işin davam etdiyinin şahidi olursan. Gələn həftə rəsmi açılışı olacaq “Araz”ın yayımına sayılı günlər qaldığını hiss edən yaradıcı heyət məsuliyyət hissi ilə iş başındadır. Kimisi ölkədə və dünyada baş verən xəbərləri toplayır, analiz edir, kimisi həyata vəsiqə qazanacaq təzə layihələrin üzərində çalışır... Redaksiya otaqlarını gəzdikcə və studiyada çalışan işçilərlə tanış olduqca hamının üzərində eyni məsuliyyət hissini görmək olur.

Radionun baş redaktoru Vüsalə Kərimova bizimlə söhbətində bildirdi ki, “Araz” radiosunun tezliyi hazırda Bakı və Bakıətrafı, eyni zamanda Şamaxıya kimi ərazini əhatə edəcək. Sonra radionun tezliyi bütün Azərbaycana və peyk vasitəsilə dünyaya yayımlanacaq.

Radioya öz işinin mütəxəssisləri, peşəkar  jurnalistlər cəlb olunub. Təbii ki, yeni yaradılan radionun geniş  auditoriya cəlb etməsi üçün professionallara üstünlük verilməsi vacibdir. Radionun rəhbərliyi də bunu prioritet istiqamət kimi əvvəlcədən müəyyənləşdirib.

 

Kollektivinin startı

 

Radionun fəaliyyət istiqamətinə, yayımlanacaq verilişlərə gəlincə baş redaktor bildirdi ki, Azərbaycanda hazırda kifayət qədər radioların fəaliyyət göstərməsinə baxmayaraq “Araz” radiosunun öz fərqliliyi olacaq. Belə ki, radionun xəbər yükünə xüsusi diqqət ayrılacaq. «Radionun fəaliyyət istiqaməti əsasən xəbər üzərində qurulacaq və verilişlərin 90 faizi informasiya yüklü olacaq. Hər səhər 8.00-dan axşam saat 24.00-dək hər saatdan bir 5 dəqiqəlik xəbər buraxılışı ilə efirə çıxacağıq. Amma saat 19.00-da günün əsas mövzularını əhatə edən xəbərlərin geniş buraxılışı efirə gedəcək. Azərbaycanda və dünyada baş verən hadisələri operativ və ətraflı şəkildə dinləyiciyə çatdırılmasını təmin etmək niyyətindəyik. Hesab edirəm ki, bunun öhdəsindən gələcəyik. Niyyətimiz odur ki, ölkədə əsasən xəbər yayımında birinci olaq” Vüsalə xanım bildirdi ki, radionun ilk buraxılışı «Bizim səhər» proqramı ilə açılacaq. Həmin gün kollektiv bir neçə proqramla dinləyicilərin görüşünə gələcək. Dinləyici günümüzün, sabahımızın yeniliklərini həftənin 6 günü "Bizim səhər”dən alacaq. “Bizim səhər” hər səhər obaşdan ərklə doğmalarımız kimi qapımızı döyüb günümüzü xoş ovqata kökləyəcək, "Sabahınız xeyir"- deyə salamlaşacaq, "Gününüz xeyrə calansın"- deyə sağollaşacaq. "Bizim səhər"də həftənin hər gününün öz özəlliyi, hər günün özünəməxsus rubrikası olacaq. Bu rubrikalar zənginliyi, dolğunluğu və əhatəliliyi ilə fərqlənəcək. Səhər saat 10-na qədər davam edəcək proqram çərçivəsində dinləyicilər həmçinin 3 dəfə xəbərlərə də qulaq asacaqlar. Kollektiv verilişlərini səhər saat 7-dən axşam 10-a qədər canlı yayımlayacaq. Baş redaktor verilişlərin rəngarəng olması, geniş dinləyici auditoriyası toplaması üçün müxtəlif  layihələr hazırladıqlarını bildirdi: «Layihələrimiz demək olar ki, bütün istiqamətləri əhatə edir. Əyləncədən tutmuş siyasi, iqtisadi, sosial, mədəni sahələri əhatə edən layihələrimiz var. Bu layihələrin hamısının reallaşmasına çalışacağıq. «Bizim səhər» radio kollektivinin startıdır. Vüsalə xanım qeyd elədi ki, «Bizim səhər»in yaradıcı kollektiv verilişin ilk saatını radionun açılışına həsr edəcək.

 

Rəngarəng layihələr

 

Baş redaktorun deməsincə, özlərinin ölçülü-biçili proqramları ilə maarifçilik, elmi-kütləvi, əyləndiricilik funksiyalarına köklənən layihələr həyata keçirəcəklər. Radionun kollektivi “Araz”ın efirinə orijinal, canlı və dinamik proqramlar bəxş etmək niyyətindədirlər.

Efirin qalan saatlarında isə ayrı-ayrı dinləyici təbəqəsinin zövqünü təmin edə biləcək layihələrin həyata keçirilməsi planlaşdırılıb. Məsələn, yaradıcı kollektiv dinləyicilərin xoş istirahətini təmin edəcək layihələr üzərində işləyir. “Dinləyicilərin musiqi zövqünə xüsusi əhəmiyyət verməyi düşünürük. Azərbaycan dinləyicisi bir növ bizim klassik, xalq musiqimiz və muğamlarımızın acıdır. Biz radioda milli musiqiyə, klassik əsərlərə üstünlük verəcəyik. Mənə elə gəlir ki, bu da dinləyici auditoriyasının toplanması üçün gözəl vasitədir. Həmçinin ayrı-ayrı müğənnilərin radioya dəvət olunub canlı ifalarının da təqdimatı nəzərdə tutulub.

“Yolda ikən» layihəsində həm sürücüləri, həm sərnişinləri, həm də ümumilikdə dinləyiciləri maraqlandıran suallar və mövzular dinləyicilərin ürəyincə olacaq.

Yaradıcı kollektiv dünyaya səpələnən azərbaycanlıları birləşdirəcək, diaspora təşkilatlarımızın fəaliyyətini işıqlandıracaq, onları bir araya gətirəcək layihə üzərində də düşünüb. Belə ki, axşam saatlarında yayımlanacaq «Yurdum» layihəsi ölkədən kənarda yaşayıb çalışan azərbaycanlılara həsr olunacaq. «Bu verilişi hər dəfə ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımıza, fəaliyyət göstərən diaspora təşkilatlarımıza həsr edəcəyik. Onlarla canlı ünsiyyət yaratmağa, burada yaşayan ailələri, qohumları ilə əlaqə qurmağa çalışacaq, yaşayışları ilə, problemləri ilə maraqlanacaq, arzularını çatdıracaq, istədikləri musiqini səsləndirəcəyik və s. İnanıram ki, bu uğurlu bir layihə olacaq. Hər halda belə bir layihə Azərbaycanda heç bir radioda mövcud deyil». Bir sözlə, radionun planlarında bütün yaş dövrünü əhatə edən dinləyici auditoriyasınıuşaqları, məktəbliləri, gəncləri, orta yaşlı nəslin nümayəndələrini nəzərə alacaq layihələr düşünülüb: «Uşaqları nəzərə alaraq «Şirin saat» verilişi üzərində işləyirik. Verilişin uşaqların istirahət gününə təsadüf etməsini fikirləşərək layihəni istirahət günləri səslənməsini nəzərdə tutmuşuq. Verilişdə uşaq dünyasını əhatə edəcək bütün məsələlərə toxunulacaq, həmçinin uşaqlar özləri verilişdə iştirak edəcəklər». Digər bir layihə isə qadınlar üçün nəzərdə tutulub: «İşgüzar qadınlar verilişin qonaqları olacaq. Ümumiyyətlə, verilişdə qadınları maraqlandıran bütün problemlərə, məsələlərə toxunulacaq».. Radionun verilişlərinin əksəriyyəti tamaşaçılarla canlı ünsiyyətdə yayımlanacaq.

 

Məsuliyyət həyəcan

 

Vüsalə xanım radionun açılışı öncəsi böyük həyəcan keçirdiyini gizlətmədi. «Sözün açığı, baxmayaraq ki, bir neçə ildir teleradio sahəsində çalışıram təcrübəm var, amma böyük həyəcan keçirirəm. Bu da mənim məsuliyyətimdən irəli gəlir. Üzərimizdə çox böyük məsuliyyət var. Bir radionun FM dalğasında efirə başlaması, dinləyici toplaması çox məsuliyyətli işdir. Biz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməliyik. Ona görə içimizdə həyəcan da, sevinc var”. Radionun digər əməkdaşları daAraz”ın efir öncəsi həyəcan sevincini yaşayırlar. Radionun aparıcısı Surxay Əsgərov «İşimdə bir qədər məsuliyyət hissi var. Çünki hər bir işin başlanğıcında olmaq çox böyük məsuliyyətdir. Xüsusən bizə etimad göstərən rəhbərliyin dinləyicilərin qarşısında məsuliyyət hiss edirik. Bizə böyük etimad göstərilib. Biz bütün qüvvəmizlə bu etimadı doğrultmağa çalışırıq». Efir operatoru Faiq Fərəczadə isə FM-lər içərisində birinci olmaq haqqında düşündüyünü gizlətmədi: “İstəyirik ki, efirimiz problemsiz, dinləyicilərimiz çox olsun. İnanırıq ki, verilişlərimiz dinləyici auditoriyası toplayacaq».

Araz”ın digər işçilərinin yekdil rəyi belədir: «Əminik ki, bir aydan sonra bizim radiomuz haqqındabir nömrəli radio” fikirləri səslənəcək. Arzumuz budur, dinləyici bizim radioya qulaq asarkən başqa bir tezlik axtarmasın. Gün ərzində dinləyicinin 103.3 tezliyində qalmasını istəyirik».

Vüsalə xanımın, eləcə yaradıcı kollektivin bir arzusu da var: Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını ilk dəfə dinləyiciyə çatdırmaq arzusu.  

Uğur olsun!

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.- 2-4 aprel.- S.6.