Xurşidbanu Natəvan - parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət
Azərbaycan mədəniyyətində və ictimai həyatında
dərin izlər qoyan şairə qadının fəaliyyəti
tək şeirlə bitmir
XIX-XX əsr azərbaycan ədəbi mühiti bir
sıra qüdrətli sənətkarlar, o cümlədən
şairə qadınlar yetişdirib: Xurşidbanu Natəvan,
Fatma xanım Kəminə, Aşıq Pəri və s.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən
olmuş, təkcə Azərbaycanda deyil, bütün Cənubi
Qafqazda xeyirxahlığı və mesenatlığı ilə
tanınıb. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri
çəkdirib.
Xurşudbanu Natəvan
Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin
qızı, İbrahimxəlil xanın nəvəsidir. O, ana tərəfdən
Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan
bəyim isə Ziya xanın nəvəsi Uğurlu bəyin
qızıdır. Natəvan 15 avqust 1832-ci ildə
Şuşada anadan olub. Mehdiqulu xan qızına öz anası
Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə
övladı, həm də Qarabağ xanlıqlarının
sonuncu vərəsəsi olduğu üçün, onu sarayda
« Dürrü yekta» (Tək inci), el arasında isə «Xan
qızı» çağırmışlar. Balaca
Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli
dayə və mürəbbiyələri olmuşdular. Məktəb
yaşına çatdıqda isə evdə dövrün alim
və sənətkarlarından dərs almağa
başlayıb. Məşğələ zamanı
Xurşidbanu «Quran» ayələrini və dini ehkamları əzbərləməklə
yanaşı, dünyəvi elmlərlə də tanış
olub. XIX əsrdə kübar ailələrin uşaqlarına
bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və
fars dili, onun sərfi-nəvi təlim edildiyindən, Xan
qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə
klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
O, lazımi dərəcədə bilik əldə etdikdən
sonra müntəzəm surətdə mütaliə ilə məşğul
olmuşdur. Dahi şərq şairlərin ələ
düşən nadir kitabları, qiymətli əlyazmaları
Xurşidbanunu klassik ədəbiyyata bağlayıb.
Parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət
Xurşidbanu Natəvan
parlaq istedada və
qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan
mədəniyyətində və ictimai həyatında dərin
izlər qoyub. Bu fenomenin meydana gəlməsinin
bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür.
Yəni, Natəvanda iki böyük nəslin –
Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı
vardır. Adlarını çəkdiyimiz bu iki
böyük və şərəfli nəslin hər birisi
dünyaya bir sıra şair gətirmişdir (məsələn,
Cavanşir nəslindən Əbülfət-xan Tutinin,
Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə
Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra
başqa şairlərin adlarını çəkmək
olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və
Müsahib Gəncəvi vaxtilə
Qarabağ bəylərbəyisi
olmuşdurlar. Natəvan
yaradıcılığının böyük tədqiqatçısı
Bəylər Məmmədov "Natəvanın şair
qohumları" kitabında (B., 1989) bu məsələni
geniş açıqlayır. Eyni zamanda,
Ziyad-oğlu Qacar nəslindən çıxan şairlərdən
söz başqa kitablarda da açılır (məsələn,
Məhəmmədəli Tərbiyyətin "Danişmədani
– Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim
və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri",
B., 1997 və s.). Füzuli adına
Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin
şeir divanı saxlanılır və bu əsərin üzərində
institutun əməkdaşları elmi tədqiqatlar
aparırlar. Natəvanın
qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək,
qəzəllər və rübailər yazmışdır.
Onun bir-neçə qəzəli Vasif Quliyevin
"Dünənə uzanan cığır" (B., 2000)
kitabında çap olunmuşdur. Bu kitabda
göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün
üzvlərindən biri olub. Natəvanın
fitri istedadının üzə çıxması və
çiçəklənməsinin başqa bir səbəbi,
şübhəsiz, Şuşanın təkraredilməz
yaradıcı abı-havası və mühiti də
olmuşdur. Natəvanın
yaradıcılıq fəaliyyəti təkcə şeirlə
bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin,
onun nəfis əl işləri, müxtəlif janrda tikmələr
bacarığı da olmuşdur.
"Məclisi-üns"ün
ürəyi
Yaradıcılıqla
bərabər Xan qızının ictimai və idarəetmə
fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki,
qohumlar arasında Xurşidbanuya "Dürrü yekta", yəni,
tək inci-xanlıqın yeganə varisi deyərmişlər). Natəvanın
xeyirxahlığı və xeyriyyəçiliyi də gözə
çarpır. Bəylər Məmmədov "Xurşidbanu
Natəvan" əsərində göstərir ki,
Şuşanın bir qrup şairləri bədii məclisi təşkil
edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin, məclis
düzəltmək üçün şərait və imkan
yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə
ümid edirdilər. Xan qızı bu şairlərin təklifini
məmnuniyyətlə qəbul etmiş və nəticədə
qısa bir müddətdə Şuşada "Məclisi-üns"
(yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə
rəhbərliyi və onun bütün xərclərini Xan
qızı öz üzərinə
götürmüşdür. Təsadüfi deyil ki, Bəylər
Məmmədov öz əsərlərin birində Natəvanı
"Məclisi-üns"ün ürəyi
adlandırırdı. Şuşada Mir Möhsün Nəvvab
Qarabağinin rəhbərliyi ilə "Məclisi-fəramuşan"
adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi.
Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin
adını daşıyırdı, o da Gəncəli Cavad-xan
Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan",
yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü
özünə götürüb. "Məclisi-üns"də
tanınmış Qarabağ şairləri ilə
yanaşı məşhur xanəndə və sazandələr
də iştirak etmişlər. Bunlardan Hacı Hüsü, Məşədi
İsi, Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Əbdülqəni
və Sadıqcanın (Sadıq Əsəd oğlunun)
adlarını çəkə bilərik. Məşhur tarzən
Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şeir,
eləcə də musiqini çox sevirdi. Xanəndələrdən
Hacı Hüsü və Məşədi İsi onun məclisində
oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən
tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar
onun qəzəllərini öz repertuarında saxlardı"
(Natəvan haqqında xatirələr. Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Füzuli adına
Respublika Əlyazmalar İnstitutunun fondunda saxlanılan Mir-Həsən
Ağamirovun "Natəvan haqqında xatirələrdə"
(inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir məclisində
musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi
məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və
burada Natəvanın qəzəlləri də oxunurdu. Bəylər
Məmmədov "Xurşidbanu Natəvan" kitabında
yazır: "Hətta xatirələrdə Natəvanın
"Xanlıq Şükür" adı ilə tanınan
xidmətçisinə musiqi təlimi verməklə onu məşhur
xanəndə etməsindən də
danışılır" (səh. 60). Özü də
müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh.
7). Bununla əlaqədar qeyd edək ki, hal-hazırda bu Muzeyin
qeydiyyat kitablarına əsasən, göstərilən inventar
nömrə Füzuli adına Respublika Əlyazmalar institutuna
verilib. Təəssüf ki, biz həmin materialları bu İnstitutun
fondunda hələlik aşkar edə bilmədik. Buna baxmayaraq,
ciddi tədqiqatçı olan Bəylər Məmmədovun əsərində
verilən bu fakt, sözsüz, diqqətə layiqdir. Lakin,
yuxarıda göstərilən qeyri-müəyyən vəziyyəti
nəzərə alaraq, gələcəkdə bu vacib mənbənin
saxlanılan yeri mütləq müəyyən
olmalıdır. Natəvanın poeziyası Azərbaycan xanəndələrini
də ruhlandırır. Böyük sənətkarımız
Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində
qeyd olunur ki, o şairənin qəzəllərini
"Segah" üstündə oxuyarmış (Nizami adına
Azərbaycan ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Və
ondan bəri, demək olar ki, bu günə kimi
tanınmış Azərbaycan xanəndələri şairənin
qəzəllərini oxuyub, ilham alırlar. Natəvan
poeziyası professional Azərbaycan bəstəkarların əsərlərində
də öz əksini tapır. Bunun parlaq misalı
tanınmış bəstəkar Xalq artisti, professor Vasif
Adıgözəlovun Natəvanın sözlərinə
yazılmış məşhur "Qərənfil"
mahnı-romansı ola bilər. Onu da deyək ki, son vaxtlarda bəstəkar
"Xan qızı Natəvan" operasını artıq
yazıb bitirmişdir.
Natəvanın
dünyagörüşünün, bədii
zövqünün formalaşmasında yaxın və uzaq
qohumlarının əməyi az olmamışdır. Qasım
bəy Zakir, Mirzə Cavan, Mirzə Adıgözəl, Əhməd
bəy Cavanşir kimi hörmətli və tanınmış
şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi
söhbət və mübahisələri, eləcə də
ağıllı məsləhətləri ilə
Xurşudbanuda şeirə və sənətə olan
şövq və həvəsi qüvvətləndirmişlər. Tarixçilərin ehtimalına
görə, bu dövrdə xarici və daxili vəziyyətin
ciddi surətdə gərginləşməsi ilə əlaqədar
xan ailələri üzərində nəzarət gücləndirilmiş
və Xurşidbanu Xasay bəy Usmubəylə izdivaca məcbur
edilmişdi. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi
yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında
kömək göstərmiş və bunun müqabilində
Xurşidbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin
payızında Xasay bəy Şuşaya gəlib toy etmiş və
Xurşidbanunu Dağıstana öz doğma kəndinə,
oradan da Tiflisə aparmışdır. Həyatının
çiçək açdığı bir dövrdə
Xurşidbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin
səfalı yerləri, təbii mənzərələri ona
xoş gəlsə də, burada yaşamağa məcbur olduğu
və çox vaxtları tək qaldığı
üçün sıxılmış, qəriblik çəkmişdir.
1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə
qızı dünyaya gəlmişdir. Oğlanın
adını Mehdiqulu, qızın adını isə Xanbikə
qoyurlar. Gənc şairə Şuşada "Məclisi
üns" ədəbi məclisini təşkil etmişdir.
1973-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir:
bu su kəməri indi də "Xan qızı
bulağı" adı ilə məşhurdur. Natəvan Araz
çayından Mil düzünə də su kəməri
çəkməyə təşəbbüs etmişdir. O,
yaradıcılığa 50-ci illərdən ənənəvi
şərq mövzusu və şeirlərlə başlamışdır.
Qəzəllərində məhəbbət, təbiət
gözəllikləri ("Gülün", "Qərənfil"
və s.) tərənnüm olunmuşdur. 16 yaşlı
oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu
şeirlər yazmışdır. ("Ağlaram",
"Olaydı", "Getdi", "Sənsiz",
"Ölürəm" və s.) Əsərləri dərin
səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək
sənətkarlıq nümunəsi olan şeirlərində təkrir,
qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə
işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və
başqaları ona şeir həsr etmişlər. Xurşidbanu
Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun bədii
tikmələri "Gül dəftəri" (1886) adlı
albomundakı rəsmlər buna sübutdur. Şəxsi
münasibətlərin, dövranın
haqsızlığı, zalımların sitəmi şairi
vaxtsız qocaltmış, onu həyat işığına həsrət
qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni
taqətdən düşmüşdür. Məmməd Rahimin
«Natəvan poeması», İ.Əfəndiyevin «Natəvan» pyesi
şairəyə həsr olunmuşdur. Xurşidbanu Natəvan 1897-ci il, 1
oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət"
qəbiristanlığında dəfn olunmuşdur. Adına
küçə, klub, kitabxana və məktəb vardır.
Xan qızının əlyazmaları, şəxsi geyim və
əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə
saxlanılır.
Hazırladı: Azər
NURİYEV
Kaspi.- 2011.-7 aprel.- S.11.