Zirvəyə qalxan insan daim yalnızdır 

 

Rauf Denktaş: “İndi əvvəlki illərdən daha çox məşğulam”

 

Tarixi unikallığı, özünəməxsus gözəllikləri Şimali Kipr Türk Respublikasına “Yavru vətən”, “Cənnət ada”, “Yaşıl ada” kimi haqlı adları qazandırıb. Amma “Yavru vətən”in tarixində qazandığı və onu dünyaya tanıdan daha bir amil də var – bu dövlətin qurucusu və ilk prezidenti Rauf Denktaş.

 

Adada olduğumuz zamanlarda adı çəkilərkən hər bir sakinin çox ehtiramla, rəğbətlə, məhəbbətlə haqqında danışdığı bu insanla ünsiyyətimiz zamanı ona olan sevginin haradan qaynaqlandığına bir daha əmin olduq. Qarşımızda sadə, yorulmadan çalışan, vətən sevgisini pafoslu çıxışlarla deyil, daxildən yaşayan bir insan vardı. Söhbətimizə də bizi böyük təəssüratların altına alan Denktaşın hazırkı işləri ilə başladıq:

 

“Biz varıq”

 

- İndi əvvəlki illərdən daha çox məşğulam. İstirahət etməyi düşünmürəm. Bir qadın çocuğu 9 ay qarnında necə daşıyar, doğduqdan sonra bir şey olmasın deyə iki gözü kimi necə qoruyarsa, bir xalq da dövlət meydana gətirincəyə qədər böyük sancılar çəkər, mücadilələr edər, acılara dözər, ən sonunda dövlətini elan edər. Bizim gənc dövlətimiz də 27 yaşına çatdı. İndi ortadan qaldırmaq istəyirlər. Amerika tanımamaqla yanaşı, başqalarının tanımasına da əngəl olur. Tanısa da, tanımasa da biz varıq. Tanınmamağın bir səbəbi də görüşlərin davam etməsi, Yunanıstanın uzlaşma istəməməyidir. Kipr Respublikası 1960-cı ildə ortaq respublika olaraq qurulanda bərabər haqlarımız vardı. 3 ilə yıxdılar və bizi silah gücü ilə ortaqlıqdan atdılar. 103 kəndi tərk etmək məcburiyyətində qaldıq. 1971-ci ilə qədər böyük acı çəkdik. Türkiyə gəldi, bizi qurtardı. Zənn etdik ki, burada məsələ bitəcək. Amma amerikalılar yenə davam etdirdilər. Onlara izah etdim ki, 1960-cı ildəki vəziyyəti qurmasanız, heç bir zaman Kipr məsələsini həll edə bilməyəcəksiniz. Yunanıstan tərəfi ilə davamlı görüşürük, imzaya gələndə qaçırlar. Kimsə dövlət kimi tanımasın, yardımçı olmasın deyə bizi təhdid etdilər. Beləliklə, tanımaqla bağlı islam aləmindən də, türk ölkələrindən də kimsə bizə yardımçı ola bilmədi. “Görüşləri kəsək və tanınmadan görüşməyək”- deyə etdiyim tövsiyəni Türkiyə qəbul edə bilmədi. Çünki Türkiyəni də təhdid etdilər, silah embarqosu qoydular. Bu qədər havadar tapan Yunanıstanın burnu havaya dəydi və heç bir şeyi qəbul etməz hala gəldi. Türkiyədə AKP hökuməti gəlincə, bir nöqtəyə gəldik. Amerika prezidenti Buş Türkiyə hökumətini məcbur etdi ki, “Mükəmməl bir anlaşma planı var, amma Denktaş “xeyr” deyir. Ona görə də bunu həll et. Xalqa da qəbul etdir”. Qəbul etdilər, “Madam ki, sülhə əngəl mənəm, buyurun edin”-deyə mən çəkildim. Amma 2004-cü ildən keçən 7 ildə həll edə bilmirlər. Məndən sonra gələn və yunan tərəfi ilə davamlı işbirliyi içində olan Mehmet Əli Tələt xalqın qəbul etmədiyi böyük bir addım atdı. Dedi ki, “Mən ayrı dövlət, ayrı məmləkət istəmirəm, yenə əvvəlki kimi ortaq olaq”. Prezidentsən, bunu necə “istəmirəm” deyə bilərsən? Xalqın müstəqil xalqdır, müstəqilliyi necə istəməyə bilərsən? Bu yolla getdi, seçki zamanı bu səbəbdən də uduzdu. Çünki xalqımız “Dövlətim, müstəqilliyim” deyir. Bunu və Türkiyənin zəmanətini dəstəkləyən Dərviş Əroğlu gəldi. Amma yenə amerikalıların təzyiqi ilə Türkiyə ondan Tələtin siyasətini davam etdirəcəyini söyləməsini istədi, o da məcbur oldu. Çünki biz də Türkiyəni qıra bilmərik. O bir şeyi dəstəkləməzsə, olmaz. Amma bu da yunan tərəfini qane etmədi. Onlar indi federasiyaya inanmadıqlarını, bizim istədiyimiz kimi iki kəsimli federasiyanın olmasının qeyri-mümkünlüyünü deyir. Amma bunu qəbul etdiyimiz üçün deyil, türk əsgərini adadan çıxarmaq üçün görüşmək məcburiyyətindəyik. Yunan tərəfi deyir ki, “Hamımız Avropa Birliyinin üzvü olacağıq. Birliyinin normalarına görə, hər kiprlinin istədiyi yerə yerləşməsi, mal-mülk sahibi olması haqqı var. Bu inkar edilə, məhdudlaşdırıla bilməz”. Bu nə deməkdir? Onlar hesab edirlər ki, həm orada, həm də Yunanıstanda Avropa Birliyinin üzvü olan kim varsa, adanın istənilən yerinə gəlib pul tökərək malımızı, mülkümüzü alacaq. Türk əsgəri adadan çıxacaq, Türkiyənin zəmanəti olmayacaq, Kipr türkü də hər şeyi satıb adadan qaçacaq. Ona görə də bu görüşlərin bizi bir yerə aparacağını təxmin etmirik. Türkiyə də deyir ki, artıq ya anlaşma olacaq ya da hər iki tərəf öz yolu ilə gedər. Tələtin buraxdığı yerdən davam edən “tək dövlətlilik, tək müstəqillik” yolunun nəticəsi bizi qurtarmaz. Amma dünyaya verilən “Bu yolda nəticə əldə olunarsa, biz qəbul edəcəyik”- mesajı bizi ürküdür. Çünki bunu qəbul etməməyimiz lazımdır. Yunanlar əleyhimizə hər şeydən istifadə edirlər. 1963-cü ildə 179 məscidi yerlə yeksan etdilər. Dünya dinləmir, islam aləminin də vecinə deyil. Amma onlar bütün xristian aləmini “Kilsələr məhv edilir” adı ilə buraya gətirir, təbliğatda çox üstündürlər. Amerikada güclü yunan lobbiləri var və onların tanınmasında da bu lobbinin rolu olub. Görək yaya qədər burada nə olacaq. Gözləntimə görə, yenə amerikalıların oyunu ilə yunanların lehinə yeni anlaşma planı ortaya çıxarılacaq. Yenə missionerlərin tökəcəyi pul ilə xalqımıza “Bəli” dedirtməyə çalışacaqlar. Belə bir şey olarsa, işimiz pisdir. İnşallah, olmaz. Bizə “Bəli” dedirtmək üçün keçən dəfə Amerika 30 milyon dollar xərclədi. Bu, baş versəydi, bu gün türk əsgəri adadan çıxmış olardı, onun ardınca artıq inamını itirən bir çox insan adanı tərk edərdi. Görək Türkiyə nə edəcək. Onun zəif tərəfi Avropa Birliyinə girmək istəyidir. Bəziləri hesab edir ki, Kipr üçün fədakarlıq edərsə, Avropa Birliyinə qapılar açılacaq. Amma bunun heç bir əlaqəsi yoxdur.

 

Unutdurur və unudurlar

 

- Birliyə girməkdə Türkiyənin qarşısında başqa şərt Ermənistanla sərhədlərin açılmasıdır.

- Təbii. Kipri versə, erməni, kürd məsələsi guya həllini tapacaq. Təbii ki, Türkiyənin də Ermənistanla sərhədləri açması məsələsi təzyiqlərlə gündəmə gəldi. Bu, indiyə qədər olmadı, bundan sonra da olmaz. Yəni Azərbaycanı zəiflətməyin bir mənası yoxdur.

-  Bəs Azərbaycanın Dağlıq Qarabağ probleminin həllini necə görürsünüz?

- Problemi unutmasanız, udacaqsınız. Unutmuş kimi görünməməlisiniz. Qarabağdan olan məcburi köçkünlər susmayacaq, həmişə “Yerimizə gedirik”- deyəcəklər. Əks təqdirdə, unutdurur və unudurlar, “Hər kəs rahatlandı, bitdi”- deyərlər. Türkiyənin də “Qarabağdan çəkilərsiniz, mən də qapını açaram”- deməsi lazımdır.

 

“Bunu dəyişdirəcək bir şey görmürəm”

 

- Türkiyədə keçiriləcək parlament seçkilərinə münasibətiniz necədir? AKP böyük faizlə seçilə biləcəkmi?

- Onlar böyük fərqlə qələbə qazanacaqlarını, başqa partiyalar da özlərinin udacağını iddia edirlər. Ona görə də bizim nə isə söyləməyimiz mənasızdır. Amma bir şeyə diqqət edirəm. Türkiyədə 16 milyon insan aclıq həddində yaşayır. Onlara Ramazanda bir səbətlik yemək verildikdə, uşaqlarına dəftər-qələm və s. alındıqda seçkilərdə bunu edən tərəfə səs verirlər. Bunu dəyişdirəcək bir şey görmürəm. Siyasətdə dindən də istifadə edirlər. Ona görə də Türkiyəyə baxdıqda da, Kiprə baxdıqda da narahatıq. İndi biz gənclərə təhlükələri - yunanların oynadığı oyunu, amerikalıların dost olmadığını göstərməliyik. Arxivdə amerikalıların 1964-cü ilə aid materialında göstərilir ki, Kipr məsələsinin etibarlı şəkildə həlli onun Yunanıstana verilməsinə bağlıdır, amma NATO üzvləri Türkiyəyə təzyiq etmədən bunu etməlidir. 1964-cü ildə ortaya atılan “Acison” adlı plana görə, Kipr Yunanıstana, Türkiyəyə isə müstəqil hərbi baza verilməli idi. Yunanıstan bunu rədd etdi. Türkiyə görüşə hazır olduğunu bildirdi. O zamandan Amerika bütün ağırlığını Yunanıstan tərəfə qoyub və bizi tanımayacağını bəyan edib. BMT dünyada sülhün qorunması üçün yaradılıb. Amma onu da ABŞ istədiyi şəkildə idarə edib istiqamətləndirir. Bunu da Kipr nümunəsində çox yaxşı görmək olar. İndi Kipr türkü siyasətdə “dövlət, yoxsa dövlətdən vaz keçib anlaşma”- deyə ikiyə bölünüb. Dövlətdən vaz keçib sülh istəyənlər azlıqdadır. Biz də iradəmizi Amerikaya qəbul etdirməliyik. Bunun üçün Türkiyənin Amerika ilə çətin bir müzakirəyə girməsi lazımdır. Xalqın istəyi budur.

 

”Denktaş bəy, kəlmeyi-şəhadət gətirməklə bizi ala bilməzsən”

 

- Niyə dünyada ancaq türk dövlətləri belə haqsızlıqlara məruz qalırlar? Niyə islam ölkələrində iğtişaş yaratmaq bu qədər asandır?

- Böyük olsalar da, islam ölkələri Amerikanın arxasınca gedirlər. Sovetlər dönəmində də bu ölkələrin bir qismi ona, bir qismi isə Amerikaya baxırdı. Yəni islam birliyi yoxdur. Biz islam birliyinə gedirik, anladırıq, üzümüzə gülən bir qərar çıxarırlar. Həllinə gələndə isə yunan tərəfinə sərmayələr yatırırlar.

- Müsəlman ölkələrinin dünya siyasətində hegemon, öz sözünü diktə edə bilən dövlətlərə çevrilməsi üçün nə etmək lazımdır?

- Amerika bu ölkələrə pulu ilə girir. Liderliyi satın alır, liderlik insanları öz tərəfinə çəkir. Bizdə bu pul varmı? Səudiyyə Ərəbistanının prinsi mənə açıq söylədi: ”Denktaş bəy, kəlmeyi-şəhadət gətirməklə, allah-y-əkbər deməklə, bizi ala bilməzsən. Kiprdən bizə nə verə biləcəksiniz?” Nə verəcəyəm, nəyim var? İslam Ölkələri Təşkilatında təmsilçilərin bir qismi Amerikanın əlaltılarıdır. Səni dinləyir, üzünə gülür, sonra da unudur. Kiprdə 107 məscidin yerlə yeksan olmasını dəfələrlə söylədik, amma islam ölkələrinin heç birindən reaksiya yoxdur. Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Amma Kiprə birbaşa uçuş edə bilmir. Çünki Avropa Birliyi araya girib, Ermənistan məsələsi ilə buna mane olur. Hər bir türk dövləti ya bu, ya o iş üçün bizim imperialist dediyimiz ölkələrə bağlıdır. Bunu dəyişdirmək çox çətindir, vaxt tələb edir. Əvvəllər hər il türkdilli xalqların toplantısı olurdu. Bu çox yaxşı bir addım idi. Qarşılıqlı problemlər müzakirə olunurdu. Dəmirəldən sonra birdən-birə bu, dayandı. İndi ara-sıra təşkil olunan bu cür toplantıların daimi hala gətirilməsi vacibdir.

 

“Kaş ki edərdik...”

 

- Siyasətdən kənarda həyatınız neçə keçir? Rauf Denktaş ata, baba kimi necədir?

- Boş vaxtlarım yoxdur. Xatirələrimi yazmışam və bu dövlətin necə yarandığını gənclərə izah etmək üçün yenə davam etdirirəm. Bu günlərdə daha bir kitabımı nəşrə verəcəyik. Ata olaraq isə üzülürəm ki, “Aman, Kipr” deyərək aylarla uzaqlara getdim, onlara atalıq edə bilmədim. Bütün məsuliyyət analarının üzərinə düşdü. Amma uşaqlarım bunu dilə gətirməz, məmnun olduqlarını deyirlər. Baba olmaq da gözəl bir şeydir. Hər bazar nəvələrim gəlir. Onlara vaxt ayırmağa çalışıram.

- Keçdiyiniz ömür yoluna baxıb “kaş ki, bunu zamanında etsəydim ya etməsəydim” dediyiniz olurmu?

- Zirvəyə qalxan insan daima yalnızdır. Yanınıza gələn insan sizdən bir şey istəməyə gəlir. Biz kimsəyə edə bilməyəcəyimiz işi vəd etmədik. Kimsədən də bizim edə bilməyəcəyimiz fədakarlığı istəmədik. Mən oxumadan yaşaya bilmərəm. Vaxt tapmadığımdan kitabları maşında oxuyuram. Ürək əməliyyatına gedərkən ağlımdan keçən həyat yoldaşım, uşaqlarım deyil, bu idi: “Ölsəm, oxumadığım kitablar qalacaq”. Kiprlə bağlı məsələlərə gəlincə, 1975-ci ildə Türkiyənin xarici işlər naziri mənə zəng edib dedi ki, “Amerika və İngiltərə Makariosu Kiprə göndərmək fikrindədir, bizdən icazə istəyir, səndən də soruşmağı qərara aldıq”. Dedim ki, Makarios gələnə qədər biz ayrı dövlət elan edək, dünyaya Makariosun bizim hökumətimiz olmadığını və olmayacağını göstərək. 2 saat sonra zəng edib haqlı olduğumu dedi. Nəhayət, 1975-ci ildə federativ dövlət yaratdıq. Bütün islam aləmi dövlət elan etmiş kimi qarşıladı, amma etməmişdik. 1975-ci ildən 1983-cü ilə qədər gözləmək məcburiyyətində qaldıq. O illəri itirdik. Halbuki dövlət elan etsəydik, 1974-cü illərin gətirdiyi o hava, Türkiyənin, islamın zəfəri içimizə yarayardı. “Kaş ki edərdik”- deyirəm, amma edə bilməzdik. Türkiyə ilə addım-addım getmək məcburiyyətindəyik. Türkiyənin bizim addımlarımıza, bizim də Türkiyənin addımlarına uyğunlaşdığımız zamanlar oldu.

 

 

Həqiqət İSABALAYEVA

 

Kaspi.- 2011.- 7 aprel.- S.6.