«Köhnəlikdən çıxmaq lazımdır»

 

Ramil Qasımov: «Mən özümü xoşbəxt hesab edirəm ki, «Koroğlu» operasını 26 yaşında ifa etmişəm»

 

Keçən ay Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olundu. Koroğlu obrazında beynəlxalq müsabiqələr laureatı, Musiqili Komediya Teatrının solisti Ramil Qasımov səhnəyə çıxdı. 26 yaşlı gənc Koroğlunun ən gənc ifaçısı kimi də teatr və musiqi tarixinə düşdü.

 

General olmaq istəyən əsgər

 

- Tamaşa haqqında təəssüratlarım çox yüksəkdir. Sözsüz ki, Üzeyir bəyin şah əsəri olan «Koroğlu»da əsas partiyanı ifa etmək böyük şərəfdir. Mən özümü xoşbəxt hesab edirəm ki, «Koroğlu» operasını 26 yaşında ifa etmişəm. Azərbaycan musiqi və teatr tarixinə gənc Koroğlu kimi daxil olmuşam. Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan "Məşədi İbad" operettasında Sərvər rolunun da ən gənc ifaçısı olmuşam. O vaxt on beş yaşım var idi və yadımdadır ki, müəllimim Mobil Əhmədov məni dirijor Nazim Əliverdibəyovun yanına gətirəndə çox təəccüblənmişdi. Dedi ki, axı bu, uşaqdır. Əlbəttə, rol üçün çox gənc olsam da, səs imkanlarım bu obrazın öhdəsindən gələ bildi.

İndi artıq fikirləşirəm ki, Koroğlu bitdi və mən cəmiyyətə daha nə verə bilərəm? Hansı dünya səviyyəli işlər görmək olar? Koroğlunu mənim ifamda necə dünyaya çıxarmaq olar?

- «Koroğlu»ya qədərki yol çətin idimi?

- O əsgər ki general olmaq istəmir, o əsgər deyil. Çalışdığım Musiqili Komediya Teatrı mənim üçün özümü ifa etmək üçün bir dövr idi. 11 ilə yaxındır ki, mən orada çalışıram. Amma indi düşünürəm ki, “Muskomediya” çərçivədir. O səhnə artıq mənim üçün çox balacadır. Dünya səviyyəsinə çıxmaq üçün təkcə bu səhnə ilə kifayətlənmək olmaz. Musiqili Komediya Teatrı ifaçını bir qədər çərçivədə saxlayır. Orada öz vokal imkanlarını göstərə bilmirsən. Mən peşəkar vokalçıyam. Öz peşəkar  ifamı göstərmək üçünsə orada geniş imkanlar yoxdur.

-  «Koroğlu»dakı rolunuz operanın sizə qədərki tanınmış sənətkarların ifasından nə ilə fərqlənir?

- Peşəkar musiqiçilər, dirijorlar, bəstəkarlar, elm xadimləri tamaşa haqqında özlərinin müsbət rəylərini bildirdilər. Təbii ki, bu rəyləri eşitmək mənim üçün böyük şərəfdir. Tənqid olsa belə mənə alqışdır. Ancaq tənqid olsaydı belə, mən üzümü tutub deyərdim ki,  bu, Azərbaycan xalqının övladının uğurudur. Hərçənd tənqid olmadı.  26 yaşında bu obrazı oynamaq o qədər də asan deyil. Tamaşa o qədər yüksək səviyyədə oynandı ki, sonunda çoxlu alqışlar eşitdim. Hətta, mətbuatda «Tamaşa bayram əhval-ruhiyyəsi ilə keçdi» sözləri yazılmışdı.

- Bəzən olur ki, hər hansı bir tamaşa repertuarda oynanılır, amma sonradan tez sıradan çıxır. Necə bilirsiniz, bu tamaşa teatrın repertuarında olan bir sıra tamaşalar kimi arxivləşməyəcək ki?

- İnşallah bu tamaşa arxivləşməyəcək. Artıq bu mövsümün sonuna az qalır. Sentyabr ayında Koroğlu rolu ilə yenidən səhnəyə çıxacağam. Mən nə qədər varamsa, bu partiyanı ifa edəcəyəm. Çünki bu opera Bülbülün səsinə yazılan  operadır və mən fəxr edirəm ki, Bülbül məktəbinin davamçısıyam. Bülbül məktəbi böyük məktəbdir. Sadəcə, onu inkişaf etdirmək və yaşatmaq lazımdır.

- Adətən arzuya gedən yol qəribə və maraqlı olur. Çox vaxt arzuya çatandan sonra hər şey adiləşir. Bəs siz tamaşadan sonra nə düşündünüz: bayram qurtardı, yoxsa, hələ hər şey irəlidədir?

- Yaradıcı insan həmişə uşaq kimi olur. Tamaşanı oynayandan sonra «Arzuma çatdım» - deyə düşündüm. İndi isə özümə deyirəm: sən bunu Azərbaycanda oynadın, tarixə düşəcək bir obrazın öhdəsindən gəldin, bundan sonra isə onu dünyada göstərməlisən. İndi yalnız bu arzularla yaşayıram. Artıq «Səni tərənnüm edirəm, Azərbaycan adlı layihəm başlayır. Bu layihə Azərbaycanın daxilində və onun hüdudlarından kənarda Azərbaycan musiqisinin təbliği və təmsili istiqamətində qurulub.

- Bir neçə il bundan əvvəl Koroğlu partiyasını ifa edəcəyiniz təqdirdə həm də ona klip çəkdirmək arzunuzu bildirmişdiniz.

- Mən həmin fikirdən yayındım. İndi fikirləşirəm ki, o filmdənsə, film-muzikl, film-opera şəklində hazırlamaq lazımdır ki, tarixə düşsün. Düzdür, «Koroğlu» filmi var. Amma ssenarinin yeni avadanlıqlarla mənim ifamda çəkilməsi maraqlı olar.

 

Gənclər, bir araya

 

- Bəs Opera Teatrının səhnəsi sizin üçün nə deməkdir? Orada necə,  sizin üçün geniş imkanlar varmı?

- Bu yaxınlarda mənim özümün estrada orkestrim yaranıb. Mən həmin orkestrlə turneyə çıxacağam. Bu turne ilə mənim solo-karyeramda yeni bir səhifə yaranmalıdır. Düşünürəm ki, bu layihə ilə dünyanın bir çox ölkələrində özümü müstəqil bir ifaçı kimi təqdim etməyi bacaracağam. Ola bilər ki, “Muskomediya”, Opera Teatrı və ya Kukla Teatrı ilə yenidən əməkdaşlıq edim. Məqsədim Azərbaycanın adına faydalı bir gənc olmaqdır. Azərbaycanın musiqisinə, mədəni ideologiyasına xidmət edən nə varsa mən orada varam.

- Layihənin müəllifi və sponsoru da özünüzsünüz?

- Bu yaxınlarda R&D (Ramin və onun dostları) şirkətini yaratdım. Məqsədimiz Azərbaycanın istedadlı və faydalı gənclərini bir araya toplamaqdır. Bunun üçün xüsusi layihələr hazırlanır. Hər bir dövlət və özəl şirkətlərdən gəncləri bir araya toplamaq, digər tərəfdən unudulmuş sənətkarların xatırlanması, disklərinin hazırlanması, «Biz Bakıdanıq» estrada orkestri ilə konsert proqramları ilə çıxış etmək və s. layihələr üzərində iş gedir. Şirkətin müavini Məmmədhüseyn Mehdizadə 30 ilə yaxındır ki, Azərbaycan televiziyasında çalışır.  Telekanal layihələri ilə bağlı gənclərlə bir müsabiqə də keçirmək fikrindəyik. Əlbəttə, layihələr çoxdur və biz bunları tədricən həyata keçirmək niyyətindəyik.  Şükür Allaha, böyük maliyyə çətinliklərimiz yoxdur. «Koroğlu»ya və «Səni tərənnüm edirəm, Azərbaycan layihəsinə «Azərfon-Vodafon» şirkəti sponsorluq edir.

 

Klassikanı saxlamaq şərti ilə

 

- Müsahibələrinizin birində demisiniz ki, vokal ifaçısı La-Skalada yetişməlidir. Sizcə o böyük səhnələrə yol tapmaq üçün ifaçıdan nə tələb olunur?

- Ən başlıcası əsil ifaçı olmaqdır. İfaçı oldunsa, canın, qanın musiqi ilə yoğruldusa və qarşıda qoyulan məqsəd birdirsə, sən artıq özünü göstərməlisən. Qarşıda məqsədin olmasa hər şey faydasız ola bilər. O böyük səhnələrə gedən yol çətin olsa da ifaçı qarşısına məqsəd qoymalıdır və arzusuna çatmağa çalışmalıdır.

- Opera səhnəsində daha hansı obrazlarla səhnəyə çıxmaq arzusundasınız?

- «Koroğlu» böyük arzu idi. Amma indi gənclər tərəfindən yeni operaların yazılmasını arzulayıram. İstərdim ki, həmin operalarda  mənim səsim nəzərdə tutulsun və qəliz opera olsun. Həmin operalarda Azərbaycan xalqı, milli ideologiyamız görünsün. Keçən il may ayında mən Firəngiz Əlizadənin «İntizar» operasını ifa etdim. Moskvadan gələn rejissor və dirijorların sayəsində operanın təqdimatı çox yüksək səviyyədə keçdi. Mən o cür müasir operaların yazılmasını istəyirəm ki, onları dünya səviyyəsində təqdim etmək olsun. Bundan əlavə, «Traviata» operasında Alfred, «Vaqif» operasında Vaqif partiyaları planda var. Həmçinin Əfrasiyab Bədəlbəylinin «Nizami» operasında oynamaq arzusundayam. Düzdür, bu opera repertuarda yoxdur, ancaq mən bunun repertuara daxil edilməsini arzulayıram. Həmçinin Müslüm Maqomayevin «Nərgiz» operasında Əliyar partiyasını ifa etmək istəyirəm.

- Opera Teatrının repertuarında əksər vaxt eyni tamaşalar oynanılır. Sizcə bunun səbəbi nədir: yeni operaların yazılmaması, yoxsa bu əsərlərə tamaşaçıların marağının çoxluğu?

- Sadəcə maraq dairəsində deyil. Bir də ucuz sənətə qaçırlar, yüksək sənəti düşünmürlər. Klassik sənət zirvədir. Pop, caz janr deyil, törəmə musiqilərdir. Klassik musiqi isə əbədiyaşar musiqidir. Mənim fikrimcə, bu çətinliklərdən çəkinərək yazmırlar. Düşünürlər ki, orada maddi qazanc daha azdır. Ancaq hər şeyi maddiyyat üzərində qurmaq düzgün deyil.

- Bu cür düşüncə tərzi və belə repertuar quruluşu siz gənclərin yaradıcılığına necə təsir edir?

- Yeni, müasir operalar, operettalar yazılmadıqda mən məcbur qalıb öz özəl estrada orkestrimlə muzikllər, teatrlaşdırılmış kompozisiyalar qurmağa məcburam. Gələcəkdə öz orkestrimlə müasir muzikllər yaratmaq fikrindəyəm. Buna imkan da var. İstəyirəm ki, bunları gələcəkdə hansısa bir teatr səhnəsində canlandırım. Bu günün tələbi ilə hərəkət etmək, bir qədər köhnəlikdən çıxmaq lazımdır. Təbii ki, klassikanı saxlamaq şərti ilə gündəmə uyğun əsərlər yazılmalıdır. 

- Hazırda “Muskomediya”da rollarınız varmı?

- Təkcə «Amerikalı kürəkən» tamaşasında rolum var. Həmin tamaşada baş rolu ifa edirəm. Digər rolları isə istəmirəm, çünki onlar artıq keçmişdə qalmış repertuardır. Həm də vaxt yoxdur. Tamaşalarda bir qədər qədimlik var, səviyyə də aşağıdır. Dahi Üzeyir bəyin şah əsəri «Koroğlu»dan sonra elə primitiv tamaşalara yenidən qayıtmaq məncə düz deyil. O səviyyəni saxlamaq lazımdır. Həm də “Muskomediya” artıq təmirdədir. Hazırda kollektiv Dənizçilərin Mədəniyyət Evində çalışır. Teatrın təmirindən sonra əməkdaşlıq haqqında düşünəcəyəm.

- Sizin estrada orkestrinizin populyarlıq qazanması üçün nə qədər vaxt lazımdır?

- Düşünürəm ki,  bir il və ya ilyarım vaxt lazımdır. Bunun da 3-4 ayı məşqlərə sərf olunur. Həmin müddətdən sonra ansamblı dünyaya çıxartmaq olar. Mən Azərbaycan musiqisini dünyada tanıtmaq və tərənnüm etmək istəyirəm. Bu işdən ötrü əlimdən gələni edir, var qüvvəmlə çalışıram. Mən Azərbaycan musiqisinin bir parçasıyam.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.-13 aprel.- S.12.