Açıq səma
altında muzey
Qalanın
yolları ilə irəlilədikcə özünü
köhnə Azərbaycan filmlərinin çəkildiyi
Bakı kəndlərində hiss edirsən
Qala
Tarix-Etnoqrafiya Qoruğuna getmək Bakı şəhərində
yerləşən hər hansı muzeyə baş çəkmək
qədər asan deyil. Xəzər rayonunun Qala kəndində
yerləşən muzeyi ziyarət üçün metronun
«Ulduz» stansiyasından 50 saylı avtobusa minməklə muzey
kompleksə çatmaq mümkünsüzdür.
Kəndin içərilərinə
marşrut işləmədiyindən uzun bir xeyli məsafəni
piyada qət etmək lazımdır. Məhz yolun uzunluğu və
yoruculuğu səbəbindən muzeyi ziyarətə yalnız
xüsusi maşınlarla və təşkil olunmuş
qruplarla gəlirlər. Bizim kimi ziyarətçilər isə
piyada olaraq muzeyə nadir hallarda gedir. Bu etirafı az sonra
muzeyin direktoru Fikrət Abdullayevdən də eşidəcəyik.
Muzeyə aparan
yol
Kəndə gedən yol Bakının əksər kənd
və qəsəbə yollarından rahatlığı ilə
fərqlənir. Əraziyə daxil olanda ilk baxışdan
qəsəbəyə göstərilən diqqətlə
qarşılaşmaq mümkündür. Muzeyə
aparan yolda təmir-bərpa işləri davam edir. Qəsəbə köhnə və qədim evləri,
səliqəli küçəsi ilə diqqəti çəkir.
Burada e.ə. III minilliyə aid tarixi mühitin
qorunub saxlanmasını ilk baxışdan görmək
mümkündür. Qala kəndində və ona bitişik olan ərazidə
215 memarlıq və arxeoloji abidə mövcuddur. Kəndin
ərazisində e.ə. III minillikdən XX əsrə qədər
tarixi əhəmiyyət daşıyan memarlıq abidələri
– 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd
təsərrüfatı təyinatlı binalar, sərdabələr,
məqbərələr, kurqanlar, qəsrin qalıqları və
s. qorunur. Beş min illik tarixə malik olan Qala kəndində
mövcud olan Tərəkəmə, Balaverdi, Hacı Ramazan,
Çəmbərəkənd məhəllələri bu
günədək qorunub saxlanıb. Tocuqlu
meydanında Novruz tədbirləri keçirilib. Hər məhəllənin öz məscidi olub.
Bunlardan əlavə, Cümə məscidi fəaliyyət
göstərib. Qaladakı 3 hamamdan biri
indiyə qədər fəaliyyət göstərir. Hamam 1881-ci ildə təmir olunub. Qazıntılar zamanı burada Qum hamamı
aşkarlanıb. Şor hamamında isə
uzun illər Şor gölün suyundan istifadə olunub. Amma Şor göl böyüyəndən sonra hamam
suyun altında qalıb. Kənddə 70 qəssab
dükanı olub. Qalanın cins atları,
qoyunçuluq təsərrüfatı ilə məşhur
olub. 14-cü əsrə qədər qəsəbə
ticarət və sənətkarlıq mərkəzi kimi
tanınıb.
Muzey
kompleksin direktoru Fikrət müəllim Qalanın tarixindən
danışaraq məlumat verdi ki, bura əslində
orta əsrlərdə şəhər tipli qəsəbə
olub. Vaxtilə burada yaşayış evləri
və qarşısında balaca həyət olub. İndi isə burada həyat dəyişib. Evlər də, həyətlər də
böyüyüb. Kənd
özünün adət-ənənəsi ilə həmişə
fərqlənib. Belə ki, heç kim
öz qapısına açar vurmazmış. İnsanlar
bilirmişlər ki, başqasının həyətinə
girmək olmaz. Bu yazılmayan qanunlara
icmanın daxilində hər kəs hörmətlə
yanaşıb. Həmin qanunlar kəndi
dağılmaqdan qoruyub. Hazırda isə qəsəbədə
5 minə yaxın əhali yaşayır. Ümumilikdə
ərazidə 170 yaşayış evi var ki, bunların
çoxunda sakinlər yaşayır, bəziləri isə
abidə kimi qorunur.
İnteraktiv turist mərkəzi
Yollardan
irəlilədikcə özünü köhnə Azərbaycan
filmlərinin çəkildiyi Bakı kəndlərində
hiss edirsən. Açıq həyətlərdəki
qoyun-quzular, atlar, toyuq-cücələr, daş hasarlar,
palçıq kərpicdən tikililər, təndirlər,
navalçalar, taxta alaqapılar və s. burada əsil kənd
həyatının mövcudluğundan xəbər verir.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü
və rəhbərliyi ilə kəndin Balaverdi məhəlləsində,
Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində «açıq səma
altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi» yaradılıb. Kompleksin ərazisini gəzdikcə
Abşeron yarımadasında aşkar edilən, toplanan və bərpa
olunan arxeoloji,
memarlıq abidələri ilə rastlaşırsan. Ərazidə e.ə. III-II minilliklərə aid
kurqanlar, yaşayış və digər memarlıq abidələri
ilk görünüşündə olduğu kimi qurulub. Burada hələ də tədqiqat gözləyən
ibtidai dövr yaşayış məskənlərinin
qalıqları var. Ərazi əslində bir məhəllənin
görünüşüdür. Burada
insanlar yaşayır, təsərrüfat işləri ilə
məşğul olur, bazarlıq edirdilər və s.
Muzeyin
direktoru Fikrət Abdullayev məlumat verdi
ki, muzeyin fondunda 30 minə yaxın ayrı-ayrı
tapıntılar toplanıb. Daş alətlər, mis qablar,
xalça məmulatları və s. ziyarətçilərin
marağına səbəb olur. Direktorun bildirdiyinə görə,
muzeyin yaradılmasının əsas səbəblərindən
biri Abşeron yarımadasının tarixi, etnoqrafiyası,
arxeologiyası, memarlığının muzey kompleksində əksini
tapması, digər tərəfdən ölkəmizdə ilk dəfə
olaraq interaktiv
turist mərkəzinin yaradılmasıdır. Layihənin
icrasına nə qədər nail olunmasına bələd
olmaq üçünsə yalnız ərazini gözlə
görmək lazımdır.
Tarixi dövrün əksi
Muzeyin qapısından içəri daxil olanda
doğrudan fərqli bir aləmlə
qarşılaşırsan. Abşeron yarımadasında tapılan, e.ə. III-II
minilliklərdən başlayaraq eramızın orta əsrlərinə
qədərki tarixi əhatə edən qayaüstü rəsmlər
öz mövzu və süjetlərinə, rəngarəngliyinə
görə maraq doğurur. Bu rəsmlərdə ov,
insanı qurban vermə, müqəddəs nigah və s. səhnələr
təsvir olunub.
Abşeron ərazisində aşkar olunan qədim
kurqanlar, qəbir daşları, yaşayış məskənləri,
ibadət yerləri və bir sıra digər maddi-mədəniyyət
qalıqları eramızdan əvvəl III minilliyin II
yarısı – II minilliyin I yarısına qədərki
dövrü əhatə edir.
Bələdçi
məlumat verdi ki, arxeoloji qazıntılar Qala kəndində
5000 il əvvəl tunc dövrünə aid yaşayış
məskəninin olmasını sübut etsə də, onun
müasir dövrümüzə qədər gəlib
çatmış tarixi məişət və təsərrüfat
tikililəri XVI-XIX əsrlərin əvvəllərinə aid
edilir. Abşeronun yerli ağ əhəng
daşından inşa olunan Qala yaşayış binaları təbii
iqlim şəraitinə və meşə materiallarının
çatışmadığına görə gümbəzli
tağ tavanlı konstruksiyaya əsaslanan dublalı bacalarla
inşa olunub. XIX əsrin əvvəllərindən
başlayaraq kənddə ikimərtəbəli evlər və
ya tir-dayaq konstruksiyalı, düz damlı yaşayış
evlərinə üstünlük verilib.
Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində mövcud
olan tarixi yaşayış binalarının əksəriyyətini
dublalı evlər təşkil edir.
Dublalı evlər birmərtəbəli olmaqla, yastı
dam örtüyü üzərində dubların təndir və
ocaq gümbəzlərinin olması ilə seçilir. Qədim
yaşayış yeri olan dolmenlər də maraq doğurur.
Bu yaşayış məskəni palçıq, gil və samandan tikilib. Qışda
isti, yayda isə sərin olub. Ərazidəki
adi quyular və kəhriz quyuları orijinallığı ilə
diqqəti çəkir. Muzeyin həyətindəki
xırman deyilənə görə, də ilk yaranışdan
burada olub. Maraq doğuran qədim abidələrdən
biri də qədim musiqi aləti – Qavaldaşdır.
Azərbaycanın müxtəlif bölgələrində,
o cümlədən Qalada arxeoloji qazıntılar zamanı
aşkarlanan saxsı məmulatlar bədii cəhətdən
çox maraqlıdır. Arxeoloji qalareyada dəmir
dövründən – 17-18-ci əsrə qədər
tapıntılar – qulplu qablar, kuzələr, antik dövr
vazaları, küplər, dopular, miniatür qulplu qablar,
çaxmaq daşından qaşovlar, daş vazalar, kitab fraqmentləri,
Azərbaycan xanlıqlarının sikkələri, tunc brosledlər
və s. yer alıb.
Qədim sənət
növləri
Muzeyin ərazisində
kəndin keçmiş yaşayış tərzini əks
etdirmək üçün bir neçə emalatxana tipli sənətlərin
bərpası mövcuddur. Belə ki, ərazidə
çörək bişirmək üçün təndirlər,
dulusçuluq emalatxanası, xalçaçılıq
emalatxanası var. Gələn qonaqlar həmin emalatxanalarda
ilkin təcrübə də keçirlər. Bu təcrübələr onların böyük
marağına səbəb olur. Məsələn,
ərazidə dulusçuluğun nəinki izləri qorunub
saxlanır, hətta müasir dövrdə inkişaf etdirilir.
Ən inkişaf etmiş sənət növlərindən
biri də dəmirçilik sənəti olub. Burada dəmirçilik sənətinin izlərinə
geniş yayılmış kiçik emalatxanalardan olan nalbənd
emalatxanasında rast gəlmək olur. Nalbəndlər
əsasən nal hazırlamaq və atın dırnağına
nal vurmaqla məşğul idilər. Nalbənd
emalatxanalarında müxtəlif növlərdə nallar –
«Qarabağ nalı», «Lahıc nalı», «Rus nalı», «Qazax
nalı» hazırlanırdı.
Muzeydəki 20-ci əsrin əvvəllərinə məxsus
fayton, ikimərtəbəli Tacir evi maraq doğurur. Muzeyin həyətindəki
etnoqrafik səhnədə qədimdə istifadə olunan məişət
qabları yer alıb. Həyətdəki həftə
bazarı da maraqlıdır. Ərazidə
yaşayan sakinlər həftədə bir dəfə
mallarını çıxarıb burada satarmışlar.
Muzeyin həyətində orta əsrlər kəndinin
yaşayış tərzinə uyğun olaraq dəvələr
və Qala cins qoyunları da saxlanılır.
Nabələd olmayın!
Muzey direktoru bildirdi ki, interaktiv turizmin inkişafı
üçün muzeyə xüsusi turlar həyata
keçirilir.
Belə ki, bu turlarla əgər əvvəllər
uşaq və gənclər maraqlanırdısa, indi yaşlılar,
xarici qonaqlar, diplomatik korpusun nümayəndələri maraq
göstərirlər. Muzey kompleksi açılandan sonra
hər il 10 minə yaxın turist muzeyi
ziyarətə gəlir. Onların 20 faizə qədəri
xarici turistlərdir. Şagirdlər muzeyin ərazisində,
emalatxanalarda dərs keçirlər. Bu
onların həm əməyə məhəbbət hissini
artırır, həm də ölkəmizin tarixinə aid
bilgilərini zənginləşdirməyə kömək
edir. Ziyarətçilər muzeyin
timsalında bütünlüklə bir xalqın tarixinə,
yaşam tərzinə, mədəniyyətinə bələd
olurlar.
Muzey ərazisini gəzdikcə yaxınlıqda tikilən
müasir tikililər də gözdən qaçmır. Bu tikililər
ümumilikdə baxımlı və müasir görünsələr
də Qalanın qədimliyinə xələl gətirə bilər.
Çünki Qala kompleks şəkildə qədimliyin
və tarixiliyin təcəssümüdür.
Kənd ara yollara və birbaşa muzeyin özünə
avtobus marşrutunun olmamasına gəlincə, Fikrət
Abdullayev bildirdi ki, bu, iqtisadi cəhətdən sərf etmir. Yəni burada yaşayan sakinlərin yolu şəhərə
az-az düşür. Muzeyə isə
xüsusi qruplarla və maşınlarla gəlirlər.
Yazının əvvəlində qeyd etdiyim kimi, nadir hallarda bizim kimi nabələd
adamlar çaşıb muzeyi
ziyarətə piyada çıxır...
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 20 aprel.- S.9.