Ramiz Mirişli: “Saniyəlik musiqi bəstələmək
çox çətindir”
Azərbaycanın xalq artisti, bəstəkar
Ramiz Mirişli Araz FM-in qonağı olub
- Ramiz müəllim, bir neçə
gün əvvəl 77 yaşınız tamam oldu. Siz təkcə
kinofilmlərə deyil, eləcə də cizgi filmlərinə
musiqi yazmısınız. Bunlar arasında nə var idi?
-
“Tıq-tıq xanım”, “Analar və laylalar” və daha bir
neçə cizgi filminə yazdığım mahnılar bu
gün də oxunur. Hətta bu
yaxınlarda Röya da öz konsertinin reklamını
“Tıq-tıq xanım”ın mahnısı üzərində
qurmuşdu. Bu gün kinofilm üçün musiqi yazmaqla
uşaqlar üçün musiqi yazmaq arasında böyük
fərq var. Çünki saniyəlik musiqi bəstələmək
çətindir.
- Ramiz Mirişli bəstəkar kimi
ilhamı nədən alır?
- Mən heç fikir
vermirəm, özü həmişə gəlib. Mən gəzməyi
çox sevirəm. Azərbaycanın bir çox rayonunu gəzmişəm.
Gözəl, səmimi insanlarla rastlaşırsan. Mənim Vətən
haqqında, Azərbaycan haqqında çox əsərim var.
Azərbaycan haqqında çoxlu mahnım var. Həmin
mahnılardan birini də Rəşid Behbudov oxuyub, hazırda
isə həmin mahnını – “Azərbaycan dünyam mənim”i
Rəşid Behbudovun qızı Rəşidə Behbudova
oxuyur.
- Təbii
ki, hər bir film üçün mahnı yazmaq sifarişi
verirlər. Bəs sizin daxilən yazmaq istədiyiniz mahnı
hansı mövzuda olub?
- Mən bir çox
şairin sözlərinə mahnı yazmışam.
Onların arasında Nizami Gəncəvi, Məhəmməd
Füzuli, Seyid Əzim Şirvani də var. Bir dəfə Flora
Kərimova ilə birgə Fikrət Qocaya bizə mahnı
üçün söz yazmağını sifariş
vermişdik. İstədik ki, həmin mahnı
böyüyüb həyat qursun. Beləliklə, “Günay”
mahnısı əmələ gəldi. Mahnının təşəbbüskarı
Flora Kərimova idi. Bundan sonra bir çox ailədə
qızların adı Günay qoyuldu. Bu mahnı 70-ci illərdə
yazılıb.
- Üz tutduğunuz
şairlər arasında bir çox məşhur insan var.
Nizamidən tutmuş müasir şairlərə qədər
müraciət etdiyiniz insanlar olub. Daha çox kimə
müraciət edirsiniz?
- Nizaminin əsərində
peyğəmbərin tərifi var. Peyğəmbərimiz
haqqında böyük oda yazdım. Bu, vokal poemadır.
Burda həm xor, həm də solist var. Mahnının xorunu Azər
Zeynalov oxudu. Mənə Nizaminin peyğəmbəri tərif
hissəsi çox böyük təsir edib.
- Təəssüf ki, bəstəkarlar
hazırda vokal janrlara müraciət etmirlər. Sizcə səbəbi
nədir?
-
İndi hər şey bu şou-biznes deyilən bir şeydədir.
- Şou-biznes sizi narahat
edir?
- Məni
heç nə narahat etmir. Şou-biznesin müğənniləri
mənim mahnılarımı da oxuyub. Əlbəttə,
onların arasında yaxşıları da var.
- Peyğəmbərin tərifinə
musiqi bəstələmiş Ramiz Mirişli bu gün
şou-bizneslə necə ayaqlaşır?
Özünüzü buna məcbur edirsiniz?
-
Şou-biznes deyiləndə çox böyük səslənir.
Həmin müğənnilərdi də. Kim var ki orda.
Aygün Kazımova, Brilliant Dadaşova, Flora Kərimova.
Onların da hamısı mənim mahnılarımı oxuyur.
Həmin müğənnilərdi də, sadəcə,
adını şou-biznes qoyublar.
- Bir çox dinləyicinin
qəlbində professor deyil, sadəcə, Ramiz Mirişli kimi
olacaqsınız. Bəs Ramiz Mirişlinin müəllimi kim
olub?
- Elə
sadəcə Ramiz Mirişliyəm. Müəllimim Azərbaycan
simfonik musiqisinin banisi Cövdət Hacıyevdir. Cövdət
Hacıyev simfoniyanın təməl daşını
qoyanlardan hesab olunur. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət
Əmirov, Cahangir Cahangirov - bu bəstəkarlar Azərbaycan
professional musiqisini 150 il qabağa çəkdilər. Balet
janrı Əfrasiyab Bədəlbəylinin “Qız qalası”
baletiylə inkişaf etdi. Hazırda Arif Məlikovun baleti
dünyanın 60-70 ölkəsində göstərilir.
- İki bəstəkar atasısınız.
Onların bu sənəti seçməklərində rolunuz
olub?
-
Onlar Bülbül adına musiqi məktəbində təhsil
alıblar. Məktəbə gedəndə onlarla məşğul
olması üçün müəllim tutdum. Artıq
gördüm ki, özləri mahnı yazırlar. Hər
ikisinin musiqi təhsili var və uzun müddət Türkiyədə
işləyiblər. Oğlanlarımdan biri qayıtsa da, digəri
hələ də Türkiyədə yaşayır. Ona bura gəl
deyəndə, deyir nə fərqi, burda da əsər
yazıram.
- Hansı oğlunuzun
yaradıcılığı sizə daha çox
yaxındır?
-
Onlar mahnıdan çox simfonik musiqi yazırlar. Yəqin mənə
hörmət edib mahnı yazmırlar. Nə qədər
olmasa, atamız mahnı yazıb deyə. Oğlum Yusifin bir
mahnısını Zülfiyyə Xanbabayeva oxuyub.
- “Qəzəlxan” filmi
üçün oğlunuzla ortaq mahnı
yazmısınız.
- Əslində,
mən onda başqa bir filmə musiqi yazırdım. Sonra filmin
müəllifinin istəyi ilə biz ikimiz birgə mahnı
yazdıq.
Kaspi. – 2011. – 20 aprel. –S. 13.