Heykəltəraş
Arif Qaziyevin
yaradıcılıq dünyası
Təsviri sənətin maraqlı
növü sayılan heykəltəraşlıq insan həyatında
geniş yayılmışdır. Belə ki, o həqiqətdə
olan gözəlliyi əks etdirərək, öz növbəsində
bizim yaddaşımızı, zövqümüzü və
gözəllik haqda olan anlayışımızı
formalaşdırır. İri şəhərlərin
meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin,
sərkərdələrin, mütəfəkkirlərin,
yazıçıların, xalqın rəğbətini və
hörmətini qazanmış şəxsiyyətlərin
şərəfinə möhtəşəm heykəltəraşlıq
abidələri yüksəlir. Azərbaycanın
professional heykəltəraşlığı
XX əsrin əvvəlində
formalaşaraq inkişaf
etmişdir.
Azərbaycan heykəltəraşlıq məktəbinə
1960-cı ildə gələn
heykəltəraşlıq biri Arif Qaziyevdir.
Naxçıvan Muxtar
Respublikasının əməkdar
incəsənət xadimi,
rəssam Şamil Qaziyevin ailəsində dünyaya gələn Arifin sənəti seçməsi təsadüfü
olmamışdır. Daima
sənət əsərləri
ilə rastlaşan, tez-tez sənət və sənətkar barədə maraqlı söhbətlər eşidən
Arif get-gedə bu sənətə böyük maraq göstərərək heykəltəraş
olmağı qərara
almışdır. Arif Qaziyev əvvəlcə
Bakı Pionerlər sarayı
nəzdində fəaliyyət göstərən
təsviri sənət
dərnəyində məşğul olur. Burda məşğul
olan zaman plastilindən düzəltdiyi heykəllər dərnək
rəhbərinin diqqətini cəlb etmişdir. Elə ona
görədə Arif Qaziyevə M.F.Axundovun və Qoqolun əsərləri
əsasında illüstrativ heykəlciklər işləməyi
məsləhət görmüşlər. M.F.Axundovun
və Qoqolun yubileyləri münasibəti
ilə təşkil
olunmuş uşaq sərgisində Arifin düzəltdiyi heykəlciklər
diplom və mükafatlara layiq görülmüşdür.
Bu sevincli
mükafatdan sonra Arif Qaziyev mütləq heykəltəraş olmağı qərara alaraq,
1953-ci ildə orta məktəbdə təhsilini başa vurub,
sənədlərini Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinin heykəltəraşlıq şöbəsinə
verir, qəbul imtahanlarını müvəffəqiyyətnən
verərək burada çalışan tişə ustası
P.Sabsaydan heykəltəraşlıq
sənətinin sirlərini öyrənməyə
başlayır.
Birinci
kursdan başlayaraq öz əmək
sevərliyi, işgüzarlığı
ilə müəllimlərinin
diqqətini cəlb
etdi. Hələ tələbə ikən yaratdığı
əsərlər öz
orjinallığı və
dəst xətti ilə
seçilməyə başladı. 1957-ci ildə respublika və
ümumittifaq sərgilərində nümayiş etdirilən “Balıqlar” heykəl kompazisiyası bir çox sənətkar insanların diqqətində xüsusi yer tutur. Bu
iş hal-hazırda Barnaulda incəsənət muzeyində
qorunub saxlanır.
1958-ci ildə
diplom işi kimi işlədiyi “İstirahət” əsəri
ilə Arif Qaziyev tam sənətdə öz yerini tutmağa
hazırlaşdığını
açıq aydın müəyyən etdi. Bakı Rəssamlıq
Məktəbini bitirdikdən
sonra Arif Qaziyev ali təhsil
almaqdan ötrü
Tiflis Rəssamlıq Akademiyasına gedir və heykəltəraşlıq
fakültəsinə daxil
olur. Burda o heykəltəraş Mikatze Şoto Vladimiriçin
emalatxanasında oxumağa başlayır. Bu akademiyada
üç il oxuyandan sonra o, Surukov adına Moskva Rəssamlıq
İnstituna daxil olur və heykəltəraş M.Q.Manizer və D.D. Jlenskidən
dərs alır. Oxuduğu illərdə A.Qaziyev müxtəlif
respublika və ümumittifaq sərgilərdə uğurlu əsərləri
ilə təmsil olunur.
Moskva təhsilini
başa vurduqdan sonra, doğma şəhərdə öz
yaradıcılıq imkanlarından daha düzgün və səmərəli
istifadə edir, yorulmaq bilmədən yaradıcılıq axtarışları aparır,
dönə-dönə folklora,
el sənəti örnəklərinə
müraciət edir, xalq həyatını, tarixi qəhramanları araşdırıb tədqiq
edərək onların
obrazlarını canlandırır.
Arif Qaziyev
yaradıcılığına nəzər yetirəndə bizə
müəyyən olur ki, onun
yaradıcılığının əsas mayası tarixi
şəxsiyyətlər olmuşdur. Biz onun “Babək”,
“Atrapat”, “Atatürkün” və s. heykəlləri
vasitəsilə ümumi
tarixdə vövcud
olmuş tarixi şəxslərlə əyani şəkildə
Arif Qaziyev tarixi qəhrəmanlarının ən yaxşı cəhətlərini
göstərməyə çalışırdı, məhz
ona görədə onun yaratdığı obrazlar müxtəlif,
dərin fərdi, əsil insani keyfiyyətlərin
daşıyıcısıdırlar. Heykəltəraşa
yalnız müxtəliflik məxsus deyil, yaratdığı
obrazlarda plastik həll, bədii yaradıcılığın
yeni vəzifələrini daim dərketmə cəhti
xasdır. Heykəltəraşın tarixi şəxslərin
obrazları həmişə həyatın rəngarəngliyini
fərdi şəkildə qavrama, özünə məxsuz tərzdə
dərketmə bacarığı
ilə nəzəri cəlb edirlər.
Bütün
sənətkarların yaradıcılığında daimi
sadiq qaldıqları bir Ana mövzu var: Ana məhəbbəti,
ana sevinci, ana qayğısı, ana kədəri... Ümumiyyətlə,
ana hissləri ilə bağlı müxtəlif səpkili əsərlər
uzun illərdir ki, insanlara sevinc bəxş edir, ovsunlayır,
düşündürür.
Heykəltəraş Arif Qaziyevdə yaradıcılığında
bu obrazın bədii həlli yeni tərzdə istifadəsini tapmış,
yeni məna kəsb edərək Ananı-vətənin rəmzinə
cevirmişdir. Heykəltəraşın
bu səpkidə irili-xırdalı əsərlərinə həyəcansız
baxmaq olmur. Onun “Qaçqın Ana” əsəri öz fəlsəfi
keyfiyyətləri ilə
seçilir. Oturmuş vəziyyətdə, sol əlini çənəsinə
dayamış tərzdə təsvir edilmişdir. Gözləri
yollara dikilən, qulaqları səsdə qalan ana obrazında,
çöhrəsində kədər, həyəcan
görünsə də həyat ümid işartısı da
duyulmaqdadır. Aradan illər keçsə də,
qaçqın ana yenə ümidini itirməyib həsrətlə öz elini, obasını, yurdunun nə
vaxtsa qayıdacağına inanır.
Heykəltəraşın
əsas xüsusiyyətlərindən biri də yaddaqalan
obrazları, səciyyələndirən cizgilər vasitəsilə
qəhrəmanlarının mənəvi aləmini
açmağa nail olur. Arif Qaziyevin fikrini yayındıran
xırda detallardan imtina etməsi, iri və ümumiləşdirilmiş
formalarla, obrazın varlığını bütün əlvanlığı
ilə tamaşaçılara çatdırmaq cəhdi təqdirəlayiqdir.
Müasirlərinin obrazlarına hakim kəsilmiş
qurub-yaratmaq səyini, həm də lirik duyğuları o, eyni
səviyyədə əks etdirə bilmişdir.
Arif
Qaziyevin yaradıcılığında yeni keyfiyyətlər,
təzə məziyyətlər özünü göstərməyə
başlayır. Bu əsərlərdə mənəvi təmizlik,
ülvilik və fəlsəfi mahiyyətinin
açılmasına daha çox fikir verir. Plastik
ifadə, bədii ümumiləşdirmə heykəltəraşın
“Tarla gözəli,
“XX əsr”, “Haçan qaldıracağam”, “Dəhşət”,
“Oyanış”, “Bumeranq” və s. əsərlərinədə
xasdır. Bu işlərin hər birinin respublika və xarici sərgilərdə
müvəffəqiyyət qazanması Arif Qaziyevin heykəltaraşlıq
məktəbində öz dəsti xəttinin olmasını
sübut etmişdir.
1980-ci ildə
Arif Qaziyev ağacdan yaratdığı əsərinə
“Gülüstan” adı verdi. Bu zaman heç kimin ağlına
gəlməyən tərzdə yaradılmış bu əsərin
arxasında vaxtı ilə bütöv bir Azərbaycanın
olmasını və zaman keçəndən sonra
qonşularımız tərəfindən parçalayaraq iki
hissəyə bölünməsinə bir işarədir.
Gülüstan müqaviləsi
Azərbaycanı iki hissəyə ayırdı, bu səbəbdən
heykəltəraş öz əsərinin adını Gülüstan
adlandırmış və çılpaq qadın bədənində
yonmuşdur. Bu əsər əsil fəlsəfi bir fikiri
özündə əks etdirərək gələcək nəsillərə
bir məlumat kimi yaşayacaqdır.
Heykəltəraş son dövrlər
Azərbaycanın dəyərli
tarixi şəxsiyyətlərinin və
bir çox tarixi layihələri əks etdirən əsərlərini
yaradır. Bu qəbilədən onun ümummilli lider, prezident
“Heydər Əliyev”, Azərbaycanın ilk peşakar memarı
“Zivərbəy Əhmədbəyovun”, Sovet İttifaqı Qəhramanı
“Məlik Məhərrəmovun”, “Bakı Ceyhan neft kəmərini”
əsk etdirən əsərini göstərmək olar.
Arif
Qaziyevin yaratdığı portretlərindəki fərdi cizgilər
son dərəcə müxtəlifdir. O hər bir obraz
üçün konkret cizgilər, konkret ifadə vasitələri axtarıb tapır.
Arif
Qaziyevin tarixi qəhrəmanlıq mövzusundakı əsərləri
sırasında “Babək”in xüsusi yeri var. Dəqiqliklə təsvir
olunmuş at sanki bir anlığa hərəkətə gələrək
irəli gedəcək, atın belində təsvir olunmuş
Babək isə çox gərgin vəziyyətdə təsvir
olunmuş, sağ əlində tutduğu
qılıncını düşmənə zərbə
endirməkdən ötrü qaldırıb, sol əlində
düşmən silahından qorunmaqdan ötrü qalxan tutub.
Heykəltəraş dinamikanı artırmaqdan ötrü Babəkin
əynindəki paltarını arxada dalğalandırır,
yüksək sürətlə qaçan atın quyruğunu
qaçışda olduğu kimi təsvir edir. Heykəltəraşı
yaratdığı bu qəhrəmanlıq obrazı uzun
zamanlar keçməsinə baxmayaraq, hələ də öz
məkanını tapmamış halda emalatxanasında
qalmaqdadır. Arif Qaziyevin ən böyük arzusu
ömrünün çox hissəsini həsr etdiyi atlı Babək
heykəlinin şəhərimizdə ucaldığı
günü görməkdir.
Sənətşünas Samir Sadıqov
Kaspi. -2011. -22 aprel. –S.13.