«Hər bir xanəndə
öz yolunu tədricən müəyyənləşdirir»
Ehtiram Hüseynov: «2007-ci ildə keçirilən
muğam müsabiqəsində azyaşlı
ifaçılardan Pərvaz İbrahimli və Elməddin
İbrahimova görə çoxlu uşaqlar muğama qulaq
asmağa başladılar»
Mart ayında
Bakıda «Muğam dünyası» II Beynəlxalq muğam
festivalı keçirilib. Festival çərçivəsində
təşkil edilən muğam müsabiqəsində Azərbaycan,
Türkiyə, Özbəkistan, Çin, Hindistan, İordaniya,
İran, Küveyt və Mərakeşdən olan
ifaçılar qatılıblar. Heydər Əliyev Fondunun, Mədəniyyət
və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə keçirilən müsabiqədə 1-ci yer iki
ifaçıya təqdim edilib. Belə ki, Azərbaycanlı xanəndə
Ehtiram Hüseynov və İranın-Tehran “Sepehr” ansamblı
birinci yerə layiq görülüblər.
Xanəndə
Ehtiram Hüseynov qəzetimizə müsahibəsində
müsabiqədə qalibiyyətindən sonra böyük məsuliyyət
daşıdığını bildirib.
Ustadın dərsi
- Müsabiqədə qalibiyyətiniz
birmənalı qarşılanmadı ki?
- Fevral
ayında müsabiqənin milli seçim turu keçirildi. Çoxlu gənc xanəndə həmin seçim
turuna qatıldı. Keçirilən 3
turda üç nəfər – Aytən Məhərrəmova,
Nişanə Baxışova və mən festivala vəsiqə
qazandıq. Əlavə olaraq Babək Niftəliyev
və Fərqanə Qasımova birbaşa müsabiqəyə
qatıldılar. Hansı ölkələrdə
muğam ifa olunursa o ölkələrdən təmsilçilər
festivala qatılmışdı. 7 nəfərdən ibarət
münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi,
Arif Babayev, professor Ramiz Zöhrabov, Paris Milli Elmi
Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq,
türkiyəli musiqişünas, bəstəkar Ozan Yarman,
amerikalı alim Uilyam Samts və iranlı bəstəkar,
musiqişünas Ehsan Xezrlou təmsil olunurdu. Bütün
iştirakçılar öz ölkələrinin
muğamlarını ifa etdilər. Bundan əlavə,
xaricdən gələn ifaçılar üçün
«Qarabağ Şikəstəsi»ni ifa etmək
barədə mütləq bir proqram var idi. Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinin “Qarabağ şikəstəsi”nin ən yaxşı ifaçısı
nominasiyası üzrə mükafatı türkiyəli
müğənni Yeşim Köksala, Milli Konservatoriyanın
xüsusi mükafatı isə özbəkistanlı Camaləddin
Avazovun ailə qrupuna təqdim edildi. Onların
çıxışları çox maraqlı idi. Çin Xalq
Respublikasının Urumçi şəhərindən olan
musiqi qrupu ikinci yerə layiq görüldü. Üçüncü yerləri isə Mərakeşin
“Makam” və İordaniyanın “Şərq-bənd”
ansamblları qazandı. İfamızdan
sonra yekdilliklə münsiflər heyətinin bütün
üzvləri mənim ifama yüksək səs verdilər.
Təqdim etdiyimiz kompozisiya kifayət qədər
uğurlu alındı və maraqla qarşılandı.
- Bizim muğamlarımızla
başqa ölkələrdə ifa olunan muğamların
hansı fərqləri var?
- Fərq
böyükdür. Düzdür, onların da
muğamları qəbul olunub. Ancaq Azərbaycan
muğamı bütün dünyada Azərbaycan musiqisi kimi qəbul
olunub. Çünki Azərbaycanda Üzeyir Hacıbəyov,
Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu muğamı
elə bir çərçivəyə salıblar ki, öz
yığcamlığı, ahəngdarlığı ilə
fərqlənir. Bizim muğamlarda
darıxdırıcılıq yoxdur. Onların
muğamlarına qulaq asanda isə adam
yorulur.
- Münsiflər heyətinin əcnəbi
üzvlərinin ifanız haqqında fikirləri necə idi?
- Mən
festivalda Cahangir Cahangirovun əsəri üzərində qurduğum
kompozisiyanı ifa etdim. Yəni klassik
muğam ifa etməmişdim. Siyavuş Kərimi
bizi bu istiqamətə yönəltdi. «Mən istəyirəm
siz fərqli çıxış edəsiniz» - dedi. Çünki orada hamısı üçlüklə
çıxır və muğamı klassik formada ifa edirdi. Mən buna görə
həmkarlarıma da təşəkkür edirəm. Ələkbər
Ələkbərov, Əməkdar artist Elşən Mənsurov,
Şirzad Fətəliyev, Nizami Allahverdiyev, Kamran Kərimov və
başqalarının əməyi bu kompozisiyanın
ifasında çox oldu. Elə vaxt olurdu ki, gecə saat 3-4-ə qədər
məşq edirdik.
-
Qazandığınız uğurlara görə
özünüzü müəllimlərinizə borclu
bilirsiniz, yoxsa bəzi xanəndələr kimi «Səs Allah
vergisidir, bu uğurlar mənim haqqımdır» deyirsiniz?
- Musiqinin
başqa janrlarından fərqli olaraq muğamda, aşıq sənətində,
xalq musiqisi sahəsində mütləq ustadın
olmalıdır. Əgər məktəbin
yoxdursa, bu, təməlsiz evə bənzəyir. Gec-tez uçulub dağılacaq. Səs olsa da, onun düzgün istiqaməti olmur.
Mən Asəf Zeynallı adına musiqi
kollecində Xalq artisti Canəli Əkbərovun sinfini
bitirmişəm. İndi isə Milli
Konservatoriyanın 3-cü kursunda professor Arif Babayevin sinfində
təhsil alıram. Mən müəllimlərimə
həmişə minnətdaram. Onların istiqaməti
olmasaydı, mən
bəlkə də heç bir uğur qazana bilməzdim.
Məhdudiyyətsiz meydan
- Bəs Televiziya Muğam
Müsabiqəsi yaradıcılığınızda hansı
rol oynadı?
- Hazırda
dünyada ayrı-ayrı musiqi janrları üzrə müxtəlif
müsabiqələr keçirilir. Televiziya
Muğam Müsabiqəsi yeganə müsabiqədir ki, burada
SMS rol oynamır. Bu müsabiqənin
iştirakçısı olan dinləyici də rahatdır.
Həmin layihəyə görə Heydər Əliyev Fonduna və
onun prezidenti Mehriban Əliyevaya bütün muğam müsabiqəsi
iştirakçıları adından minnətdarlığımı
bildirirəm! Bizə məhdudiyyətsiz
geniş bir meydan verilib. Bu müsabiqələrdə
iştirak edən gənclər gələcəkdə
böyük xanəndə olacaqlar. Bu
müsabiqənin çətinliklərinə dözən gənclər
sonra daha çox inkişaf etməlidirlər. Təsəvvür
edin ki, beş gün ərzində yeni bir
qəzəl, təsnif, muğamı səlis öyrənib
oxumaq lazımdır. Belə bir ifa çox
çətin və məsuliyyətlidir.
- Hazırda 3-cü Televiziya Muğam
Müsabiqəsi davam edir. Gənc xanəndələr
arasında müxtəlif sənətkarları, bəzən də
öz müəllimlərini yamsılama halları
görünür. Muğamda öz yolu olmaq nə
deməkdir?
- Gənc
yaşlarında bütün xanəndələr ustad sənətkarların
ifalarına çox qulaq asır və onların oxu tərzini
mənimsəyirlər. Müəllimlər də
hər hansı bir qəzəli və ya muğamı öz tələbəsinə
öyrədəndə, tələbə çox vaxt öz
müəllimi kimi oxuyur. Bu təsirdən
çıxmağın da öz yolu var. Əslində xanəndələr
yalnız bir ifaçının oxumalarına qulaq asmırlar.
Klassik ustadların hər birindən nəsə
götürürlər. İstər-istəməz
dinləyicini də azdırırlar. Hər
bir xanəndə öz yolunu tədricən müəyyənləşdirir.
Bu, hər şeydən əvvəl xanəndənin
içindən gəlməlidir. O, üzərində
işləməli, zəhmət çəkməli, həmişə
öyrənməli və özünəməxsus
ifasını üzə çıxarmalıdır. Əlbəttə, mümkün deyil ki, bütün
muğam ifaçıları muğamları eyni tərzdə
ifa etsinlər. Hər xanəndəni də
ayrı-ayrı muğamlara görə tanıyırlar. Məsələn, Yaqub Məmmədovun «Mənsuriyyə»si,
Arif Babayevin «Segah»ı, Sabir Mirzəyevin «Bəstə
Nigar»ı həmişə dinləyicilər tərəfindən
deyilir.
Üzərimdəki məsuliyyət
- Muğamı sona qədər dərk
etmək, öyrənmək mümkündürmü?
- Məncə,
mümkün deyil. Yeddi əsas muğam var. Bu
muğamların hər guşəsində, hər şöbəsində
o qədər böyük rəngarənglik, zənginlik var
ki, hər dəfə öyrənəndə yenidən dərk
edirsən. Ola bilər ki, öz məktəbini
yaradan Seyid Şuşinski kimi dahi xanəndə öz
vaxtında öyrənib. Onun
yaratdığı muğam məktəbinin tədris
proqramından gənc muğam ifaçılarına dərs
keçilir. Bu proqramdan kənara
çıxmaq olmaz.
- Sizcə, dinləyicilərimiz daha
çox nəyə qulaq asmaq istəyir?
- Bu istək
məkan və zamandan asılıdır. Bəzən
elə bir məclis olur ki, orada muğamı dəsgah
halında tələb edirlər. Amma elə
yer də olur ki, orada kiçik bir təsnif, xalq mahnısı
oxumaqla kifayətlənirsən.
- Xarici ölkələrdə
muğamlarımıza auditoriyanın marağını necə
hiss etdiniz?
- Biz
fevral ayında Fransada çıxış elədik. Parisdə və Orleanda konsertlərimiz oldu.
Çıxış etdiyimiz salonlarda azərbaycanlılar
çox az sayda idi. Demək
olar ki, əksər tamaşaçılar əcnəbilər
idi. İnanın, o qədər diqqətlə qulaq
asırdılar ki… Bu diqqət və maraq adama
ruh verirdi. Ümumiyyətlə, salonun
müsbət enerjisi ifaçıya həmişə
yaxşı təsir edir.
Mart
ayında isə ABŞ-da TÜRKSOY-un
Novruz bayramı ilə bağlı tədbirində
çıxış etdik. Bizə də qismət
oldu ki, Nyu-Yorkda, BMT-nin zalında bütün türkdilli
ölkələrin ifaçıları ilə yanaşı
çıxış edək. İfamız
çox maraqla qarşılandı.
- Bəs bizim dinləyicilərin diqqəti
necədir?
- Bizim
tamaşaçıların da içərisində diqqətliləri
var. Amma çox vaxt onlar yanlarında oturanlarla söhbət
edirlər. Bu cür məqamlar bizim fikrimizi
yayındıra bilir. Salonun ab-havası
ifaçı üçün çox önəmlidir.
- Son illər muğama gənclərin
marağının artması nə ilə bağlıdır?
- 2007-ci
ildə keçirilən muğam müsabiqəsində
azyaşlı ifaçılardan Pərvaz İbrahimli və Elməddin
İbrahimova görə çoxlu uşaqlar muğama qulaq
asmağa başladılar. Artıq yeniyetmə
yaşında uşaqlar da muğama qulaq asır və başa
düşməyə çalışırlar. Televiziya təbliğat vasitəsidir. Hamı görür ki, telekanallarda
muğamlarımıza daha geniş efir vaxtı verilir. Əvvəllər isə telekanallarda,
ayrı-ayrı konsertlərdə muğam oxunmasını istəmirdilər.
Böyük sənətkarlarımız deyir ki,
Azərbaycanda heç vaxt muğama bu qədər diqqət, həvəs
və dəstək olmayıb.
- Siz Beynəlxalq Muğam
Müsabiqəsinin qalibi oldunuz. İndi
yol hayanadır?
- Əgər mən həmin müsabiqədə qalib gəlmişəmsə,
uğurumla bərabər üzərimə böyük məsuliyyət
də düşür. Mən bu etimadı doğrultmalıyam.
Təbii ki, yaradıcılıq planları
çoxdur. Hələ hər şey irəlidədir.
Təranə Məhərrəmova
Kaspi. -29 aprel. 2011.- S. 13.