Sivilizasiya xəstəliyi
Hazırda ürək-damar
və onkoloji xəstəliklərdən sonra dünyada
3-cü yerdə şəkərli diabet dayanır
Sağlam
olmağımızı hər birimiz arzulayırıq. Amma
iş sağlam qalmağımız üçün vacib olan
məsələlərə riayət etməyimizə
çatanda çoxumuz buna dırnaqarası baxırıq. Bu
gün artan bütün xəstəliklərin başında
da bizim arzu və istəyimizlə cəhdlərimizin
üst-üstə düşməməsi dayanır.
Hazırda ürək-damar və onkoloji xəstəliklərdən
sonra dünyada 3-cü yerdə şəkərli diabet
dayanır. Mənbələrə əsasən, yer kürəsində
120-dən 150 milyona qədər diabetlə xəstə insan
var ki, bu da planetin əhalisinin 2-3 faizini təşkil edir.
Proqnozlara görə, hər 15 ildən xəstələrin
sayının 2 dəfə artması gözlənilir. Hesab
edilir ki, ölkədən asılı olaraq əhalinin 2-10
faizi şəkərli diabetlə xəstədir.
Həyatımızı zəhərə çevirən
şəkər
Diabet şəkərin qanda xroniki artımıdır, xroniki insulin çatışmazlığından yaranır. Həkim endokrinoloq Fərhad Qurbanov deyir ki, bu zaman mədəaltı vəz lazımi miqdarda və lazımi keyfiyyətdə insulin hazırlamağı bacarmır: ”Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və o təsadüfən aşkarlanır. Məsələn, okulist göz dibini müayinə edərkən, diabetə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Amma bir çox əlamətlər var ki, hər iki tip diabet üçün xarakterikdir”. Ən çox rast gələn əlamətlər tezləşmiş sidik ifrazı, orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq, bəzi hallarda daimi aclıq hissinə baxmayaraq çəkinin sürətlə azalması, qanda şəkərin yüksəkliyi, zəiflik və yorğunluq hissi, görmənin aydın olmaması, cinsi aktivlikdə problemlərin, ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi, ayaqlarda ağırlıq hissi, başgicəllənmə, infeksion xəstəliklərin gec sağalması, yaraların gec sağalması, bədənin hərarətinin aşağı düşməsi, görmənin pozulması, tez yorulma, baldır əzələlərinin qıc olmasıdır. Şəkərli diabeti təsdiq etmək üçün qanda şəkəri acqarına və yeməkdən 2 saat sonra yoxlamaq lazımdır: ”Şəkər acqarına 110 mq%- dən yuxarı və 2 saat sonra isə 200 mq%-dən artıqdırsa, bu nəticə xəstədə şəkərli diabetin əmələ gəldiyini təsdiq edir. Bəzən şübhəli hallarda qlükozaya peroral tolerantlıq testi keçirilir. Bu zaman 75 q qlükoza 300 ml suda həll edilir, 3-5 dəqiqə müddətində içilir və 2 saat sonra qanda şəkər təyin olunur. Şəkərli diabet vaxtı nəticə 200 mq% və ya ondan yuxarı olur”.
Hər 10 il
üçün 2 qat risk
Şəkərli diabetin səbəbinə gəlincə, F.Qurbanov hazırda bunun dəqiq cavabı olmadığını deyir. Amma bir çox amillər şəkərli diabetə meyillilik yaradır ki, ilk yerdə irsi meyillilikdir. Müşahidələrə görə, 1-ci tip diabetlə xəstələnmə irsi olaraq, əgər ana xəstədirsə 3-7, ata xəstədirsə 10 faiz mümkündür. Hər iki valideyn diabetlə xəstədirsə, xəstələnmə riski bir neçə faiz artır və 70 faiz təşkil edir: ”2-ci tip diabetlə irsi olaraq xəstələnmə riski həm ana tərəfdən, həm də ata tərəfdən 80 faiz ehtimalı var. Əgər insulindən asılı şəkərli diabetlə hər iki valideyn xəstədirsə, uşaqların şəkərli diabetlə xəstələnmə ehtimalı 100 faizə yaxınlaşır”. Digər amillər piylənmə, artıq çəki, eləcə də mədəaltı vəzi xəstəlikləri – pankreatiti, mədəaltı vəzi xərçəngini, digər endokrin vəzilərin xəstəlikləridir. Müxtəlif virus infeksiyaları- məxmərək, su çiçəyi, epidemik hepatit və digər xəstəliklər, o cümlədən qrip də xəstəliyin başlamasına təkan verə bilər: ”İnsan kökdürsə və irsi şəkərli diabetə meyillidirsə, qrip onun üçün təhlükəlidir. Nəslində diabet xəstəsi olmayan insan dəfələrlə qrip və digər infeksion xəstəliklərlə xəstələnə bilər və onda diabetin əmələ gəlmə ehtimalı diabetə irsi meyilli insanlara nisbətən dəfələrlə azdır. Belə ki, risk amillərinin kombinasiyası xəstələnmə təhlükəsini bir neçə dəfə artırır. Əsəb stressi də amillərdən biridir. İrsi meyilli və kök adamlar xüsusi ilə əsəb və emosional gərginlikdən uzaq olmalıdırlar. Risk amilindən digəri yaşdır. İnsan nə qədər yaşlı olsa, şəkərli diabetlə xəstələnmə təhlükəsi bir o qədər çoxdur. Belə bir fikir var ki, yaş artdıqca hər 10 ilə şəkərli diabetlə xəstələnmə ehtimalı 2 dəfə artır”. Şəkərli diabetin səbəbi qidalanma ilə əlaqələndirilir. Belə ki, diabetlə çox şirin yeyənlər, şəkərli qida məhsullarından istifadə edənlər xəstələnir: ”Bu fikir belə qidalanma vərdişləri olan insanların mütləq artıq çəkiyə malik olduqları halda düzgündür. Şəkərli diabetə ədalətli olaraq sivilizasiya xəstəliyi demək olar. Belə ki, müasir dövr bol, asan həzm olunan, karbohidratlarla zəngin qidalar dövrüdür”.
Bioloji mühərrikimizin
benzini
Endokrinoloq hesab edir ki, yalnız valideynləri
şəkərli diabetlə xəstə olanlar öz
qayğılarına qalmalı deyillər, risk qrupuna daxil olan
bütün insanlar ayıq-sayıq olmalıdırlar: ”Biz hərəkət
edirik, orqanizmimiz hətta biz yatanda da fasiləsiz fəaliyyət
göstərir və biz fasiləsiz enerji sərf edirik.
Enerjinin yerinin doldurulması hüceyrə səviyyəsində
həyata keçirilir: qan daim hüceyrələrə oksigen,
qidalandırıcı maddələr, eləcə də
çox əhəmiyyətli olan qlükozanı
çatdırır. Əgər hüceyrələrimizi daim
yanacağın yandığı benzinlə işləyən
mühərrikə bənzətsək, onda glükoza bioloji
mühərrikimizi qidalandıran həmin benzindir. Yada salaq ki,
benzin avtomobilin mühərrikinə çox mürəkkəb
sistem olan karbüratorun köməyi ilə düşür,
hansı ki, o yanacaq porsiyalarını yanma kameralarına çiləməklə
vurur. Karbürator olmadıqda benzin kameraya vurulmur, karbürator nasaz
olduqda isə lazım olan miqdarda düşmür”. Qanla gətirilən
qlükoza ilə də eyni hadisə baş verir: ”Onun
molekulaları özləri hüceyrə – mühərrikə
daxil olmaq qabiliyyətinə malik deyil. Mexaniki yox, kimyəvi karbürator
rolunu bu halda insulin yerinə yetirir”.
İnsulinə illik tələbat - 65
milyard vahid
Dünyada
insulinə illik tələbat 65 milyard (1 vahid = 42 mkq) vahiddir:
”Müasir texnologiyalar insulinin ən yüksək keyfiyyət
standartlarına cavab verməsinə imkan verir. İnsan və
donuz insulininin şəkər aşağı salan təsirində
hər hansı bir əhəmiyyətli fərq yoxdur”. Amma
insulin istifadəsində onun saxlanmasından çox şey
asılıdır: ”Hazırda işlətdiyiniz insulini otaq
temperaturunda saxlamaq lazımdır. Əgər flakonu soyuducuda
saxlayırsınızsa, inyeksiyadan qabaq ovcunuzda onu qızdırmalısınız.
İnsulin bud və sağrı nahiyəsinə nisbətən
qarın nahiyəsindən daha tez sorulur. Buna görə də
qısa müddət təsir edən insulinin (şəffav məhlulu)
qarın nahiyəsinə, uzun müddət təsir edən
insulinin isə (bulanıq məhlulu) buda və ya
sağrıya vurulması məsləhətdir. İnyeksiya
yerlərinin növbələşməsi dəri altında bərkləşmiş
düyünlər yaranmasına imkan verməyəcək:
”Heç vaxt belə bərkləşmiş düyünlərə
inyeksiya etməyin, çünki onda insulinin sorulması
pozulur. Əgər iynə eyni yerə uzun müddət
vurularsa, toxumaların daimi mikrotravması nəticəsində
kiçik çapıqlar, dəri altı piy
toxumasının hipo və ya hipertrofik sahələri əmələ
gələ bilər. Həkimlər belə dəyişiklikləri
lipodistrofiya adlandırır. Lipodistrofiyanın
qarşısını almaq üçün inyeksiyaları ən
azı bir-birindən 1,5 sm aralı etməli, inyeksiya yerləri
isə növbələşməlidir. Bir ay insulin bazuya,
növbəti ay buda, sonra qarına və bu qayda ilə davam
etməlidir”. Daim insulin alan xəstələrdə müvafiq
insulinlərin 2-3 aylıq ehtiyatı olmalıdır:
”İstifadə olunmayan insulinlər 2-8°S temperaturda, qaranlıq
yerdə, daha doğrusu, soyuducunun aşgı gözündə,
dondurucudan uzaqda saxlanılmalıdır. Donma təhlükəsi
olduğu üçün təyyarədə insulini baqaja vermək
olmaz. Çox yüksək temperaturda saxlama isə
preparatın bioloji aktivliyinin tədricən enməsinə gətirib
çıxarır. Bioloji aktivliyin 100 dəfə enməsinə
səbəb olan birbaşa düşən günəş
şüaları da çox mənfi təsir göstərir.
Şəffaf, həll olan insulin çöküntü verə
bilər və bulanır”.
Diabet pəhrizi
Endkrinoloq
deyir ki, diabetoloqların uğurlarına baxmayaraq, tək təbabət
diabetə qalib gələ bilmir. Bunun üçün xəstələrin
özləri və ailə üzvləri fəal olmalı, ilk
növbədə düzgün qidalanmaya diqqət edilməlidir.
Qidanın tərkibinə görə, karbohidratlar qanda
qlükozaya, zülallar amin turşularına, yağlar yağ
turşularına çevrilir. Qanda şəkəri yüksəltməyən
qida məhsulları su və selülloza ilə zəngin olan
qida məhsulları - tərəvəzlər, göy-göyərti,
göbələkdir. Zülallı və
zülallı-yağlı qida məhsulları-balıq, ət,
quş əti, yumurta, pendir, kəsmikdir. Yağ ilə zəngin
olan qida məhsulları-kərə yağı, bitki
yağı, marqarin, mayonezdir. Həzm olunan karbohidratlar qanda
şəkərin miqdarını müxtəlif cür
artırır. Bu karbohidratlar da asan və çətin həzm
olunmaqla 2 qrupa bölünürlər. Asan həzm olunan
karbohidratlar bağırsaqda tez parçalanır, bununla da
qanda şəkərin miqdarını tez artırırlar. Bu
karbohidratlara bal, şəkərlər, bəhməz, düyu
yarması, ağ çörək, və onlardan hazırlanan
bütün məhsullar daxildir. Çətin həzm olunan
karbohidratlara isə kartofdan başqa bütün tərəvəzlər,
qovun, üzüm, banan, xurma istisna olmaqla, bir çox meyvələr
və giləmeyvələr, bütün tünd rəngli
yarmalar (qarabaşaq, yulaf yarması, arpa yarması, darı
sıyığı) daxildir. Bu məhsulların qəbulundan
sonra qanda şəkərin miqdarı tədricən artır.
Ona görə bu qidalar diabetli xəstələrin rasionuna
mütləq daxil olmalıdır. Zülallar ətin, quş ətinin,
balığın, südün və süd məhsullarının,
yumurtanın, paxlanın, noxudun və mərcinin tərkibindədir.
Nişasta tərkibli tərəvəzlərdə az miqdarda
zülal olur. Yağlar marqarin, kərə, bitki yağları,
mayonez, qoz, tumlar, süd, ət, balıq, quş əti,
şirin yeməklərin tərkibindədir. Duza gəlincə,
duzlu qida və məhsulların artıqlıqla istifadə
olunması yüksək arterial təzyiqə səbəb olur.
Pasientlərin əsas həyat
qaydası
Həkim
deyir ki, pasientlərin əsas həyat qaydası – qanda şəkərin
miqdarını normal saxlamaqdadır. Onun miqdarının
artması və azalmasına bir çox amillər təsir
edir: ”Uyğun olmayan insulin dozaları, çoxlu miqdarda
karbohidratların istifadəsi, müxtəlif xəstəliklər,
kifayət etməyəcək dərəcədə fiziki
aktivlik, bədən çəkisinin artımı-qanda şəkərin
miqdarının artmasına, ağırlaşmalara səbəb
olur. Amerikanın diabetoloqlarının apardığı son tədqiqatlar
göstərir ki, idmanla məşğul olan şəkərli
diabetli pasientlər retinopatiya, nefropatiya, neyropatiya kimi ağırlaşmaların
qarşısını alırlar. Bu ağırlaşmalar
artıq mövcuddursa, gündəlik idmanla məşğul
olmaq, onların inkişafını xeyli azaldır. Fiziki
işlə məşğul olduqda karbohidratların həzm
olunması ilə yaranan çoxlu miqdarda enerji istifadə
olunur ki, buda qanda şəkərin miqdarının azalması
ilə nəticələnir”. Fiziki işin faydalı təsiri
üçün bəzi qaydalara riayət etmək
lazımdır: “Qanda şəkərin miqdarı 15,0 mmol/l
çox olmamalıdır. Düzgün qidalanma rejimi və
insulinoterapiyaya diqqət edilməlidir. Özünü pis hiss
etdikdə və ya xəstəlik zamanı idmanla məşğul
olmaq olmaz. Asan həzm olunan karbohidratlardan istifadə etmək
lazımdır. Həqiqətən, əgər siz gündəlik
fiziki məşqlə məşğul olursuzsa,
qlükozanın miqdarını stabil saxlamaq üçün,
sizə çox az dərman preparatları lazım olacaq. Ancaq
insulinə həssaslıq sirrini bilməyənə kimi
heç nə dəyişməyəcək”.
Həqiqət İSABALAYEVA
Kaspi. -2011. -26 aprel. –S. 9.