“Azadlığın
məhdudlaşdırılması” cəza növü cərimə
ilə əvəz olunur
Parlament Cinayət
və Cəzaların İcrası məcəllələrinə
dəyişikliklər etməyə hazırlaşır
Parlament Cinayət və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər etməyə hazırlaşır. Bu barədə Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin aprelin 26-da
keçirilən iclasında komitənin sədri Əli
Hüseynli məlumat verdi. O qeyd etdi ki, hər iki qanun layihəsi
qanunvericilik təşəbbüsü subyekti – dövlət
başçısı İlham Əliyev tərəfindən
parlamentə göndərilib.
Hər iki sənəd həm də müvafiq İşçi Qrupu tərəfindən öyrənilib. “Qeyd edim ki, hər iki məcəllə ilə bağlı parlamentin İnsan hüquqları komitəsinin üzvləri tərəfindən də bir neçə təklif irəli sürülmüş və onlara da baxılmışdı. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, hər iki məsələ bizim komitənin müzakirə predmetidir və onların komitəmiz tərəfindən parlamentə təqdim edilməsi nəzərdə tutulur” - deyə Ə.Hüseynli sözlərinə əlavə edib.
Qanun layihələri barədə məlumat verən Milli Məclis Aparatının əməkdaşı Eldar Əsgərov bildirib ki, qüvvədə olan Cinayət Məcəlləsi 1999-cu ildə qəbul olunub və həmin Məcəllənin 3-cü bölməsi var ki, o, əsasən cəzalara həsr olunub: “Həmin bölmənin 42-ci maddəsində cəzanın növləri sadalanır və bu sadalanma içərisində “azadlığın məhdudlaşdırılması” cəza növü də öz əksini tapıb. Həmin dövrdən bu vaxta kimi bu cəza növü ilə məhkum olunmuş bəzi məhbuslar məhkumluqları ola-ola, digər cinayət əməlləri də törədiblər. Çünki bir növ onların üzərində nəzarət yoxdur. Ona görə belə demək mümkünsə, bu cəza növü indiyədək özünü doğrultmayıb”. E.Əsgərovun sözlərinə görə, bu yaxınlarda Konstitusiya Məhkəməsinin plenumunda “azadlığın məhdudlaşdırılması” cəzasına məhkum olunan bir vətəndaşın işinə baxılıb ki, bu şəxs eyni zamanda müxtəlif vaxtlarda başqa cinayət əməlləri də törədib. E.Əsgərov əlavə etdi ki, dövlət başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihəsində Cinayət Məcəlləsinə 59 dəyişiklik təklif olunur. Ümumilikdə götürəndə, Cinayət Məcəlləsinin 101 maddəsində dəyişiklik edilir, 3 maddə yeni redaksiyada verilir, 3 maddənin sanksiyası dəyişdirilib yeni sanksiyaya çevrilir. Bundan başqa, Cinayət Məcəlləsinə 2 maddə əlavə olunur. Layihədə keçid müddəaları da nəzərdə tutulur. Yəni, qanun qəbul olunandan sonra “azadlığın məhdudlaşdırılması” ilə bağlı məsələnin icra mexanizminin necə olacağı müəyyənləşdirilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasının bu qanun qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmadıqda - bir gün azadlığın məhdudlaşdırılması bir gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə əvəzlənəcək. Cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda, 1 gün azadlığın məhdudlaşdırılması bir gün islah işləri hesablanmaqla, islah işləri cəzası və ya 500 manatdan 800 manatadək, cəzanın bu qanun qüvvəyə minən günədək çəkilməmiş hissəsi 2 ildən artıq olduqda, 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası ilə əvəz olunacaq.
Müzakirələrdə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hər iki məcəlləyə təklif olunan dəyişiklikləri dəstəklədiyini bildirməklə yanaşı, qeyd etdi ki, Cinayət və Cinayət-Prosessual məcəllələrinə kompleks şəkildə yenidən baxılmalı və onlara əsaslı dəyişikliklər edilməlidir. Millət vəkili xüsusilə andlı iclasları institutu ilə bağlı məsələnin cinayət qanunvericiliyində əksini tapmasının vacibliyini vurğuladı: “Qeyd edim ki, andlı iclasları institutunun yaradılması ilə bağlı məsələ vaxtilə müvafiq qanunvericiliyə daxil edilmişdi. Çox təəssüflər olsun ki, bu məsələ sonradan təxirə salındı və bugünədək açıq qalır. Ancaq onu da qeyd edim ki, qonşu Rusiyada andlı iclasları institutu çox effektli bir institut kimi ölkə həyatına daxil olub. Ona görə, nəhayət, bunu Azərbaycanda da tətbiq etməliyik”. Millət vəkili həmçinin cinayət qanunvericiliyində cəza təyini ilə də bağlı məsələlərə yenidən baxmağın lazım olduğunu söylədi.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov şəxsiyyət əleyhinə yönəlmiş cinayətlərlə bağlı cərimə cəzalarının nəzərdə tutulmasına öz etirazını bildirdi: “Ümumiyyətlə, son zamanlar cərimə cəzalarının tətbiqi çox geniş yayılıb ki, mən də şəxsən bunu düzgün hesab etmirəm. Təsəvvür edin, cərimə cəzası təyin olunur, amma bu, varlılara heç bir təsir etmir. Yəni, onlar pullarını – kəsilmiş cərimələri ödəyib, öz işlərini bitmiş sayırlar və bununla da cərimələrin onlara heç bir təsiri olmur. Cərimə cəzalarının, sadəcə, kasıblara, imkansız insanlara ağır təsiri olur. Hesab edirəm ki, cəza cinayətin mahiyyətindən doğmalıdır. Bu baxımdan da cəzanın motivi ilə cərimənin motivi əlaqələndirilməməlidir”. İ.İsmayılov deputat həmkarı Q.Həsənquliyev kimi indiyə qədər Azərbaycanda andlı iclasları institutunun yaradılmamasından da narazılığını ifadə etdi: “Hələ sovetlər dövründə məhkəmələrdə “xalq iclasçıları” institutu var idi və bu da özünü doğruldurdu. Ona görə hesab edirəm ki, artıq bizdə də andlı iclasları institutu yaradılmalıdır”. Millət vəkili, ümumiyyətlə, qanunvericiliyin dəyişdirilməsi və təkmilləşdirilməsi yönündə heç də hər zaman Avropanın tələblərinin nəzərə alınmasının düzgün olmadığını iddia etdi: “Mən kor-koranə şəkildə Avropanın tələblərinin nəzərə alınmasının tərəfdarı deyiləm. Şəxsən mən belə hesab edirəm ki, hər bir qanun o ölkənin öz tələblərinə uyğun olmalıdır”.
Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu.
İlham QULİYEV
Kaspi. -2011. -27 aprel. –S.
5.