«Hara gediriksə içimizdəki ruhla gedirik» 

 

Türkiyədəki konsertdə təqdim etdiyimiz proqramda sevgi, vətənpərvərlik, lirika, ruh musiqisi də oldu

 

«Savalan» mistik musiqi qrupu Türkiyədə Mərmərə Vakf Qrupunun XIV Qurultayından qayıdıb.  «Savalan» qrupu qurultayda Novruz Novruzlu və Həlimət Məmmədova (ifalarda), Fəxrəddin Baxşəliyev (sazda), İffət Əsgərov (ud və kamançada), Anar Quliyev (davulda) ölkəmizi təmsil ediblər.

Qrupun rəhbəri Novruz Novruzlu qəzetimizə müsahibəsində səfər təəssüratlarını bölüşməklə qrupun fəaliyyətinə də nəzər salıb.

 

 

         İçimizdəki musiqi

 

         - Çıxışınız iştirakçılarda hansı təəssüratı yaratdı?

         - Dünyanın 36 ölkəsindən gələn nümayəndələr qurultayda iştirak edirdi. Bəzi ölkələrin  prezidentləri, iş adamları, yüksək vəzifəli məmurlar qurultaya qatılmışdı. Musiqi qruplarından da «Savalan» qrupu çıxış edirdi. Tədbir günlərində qrup iki dəfə çıxış etdi. Çıxışımız çox maraqla qarşılandı. Bizim musiqilər xüsusən Litva prezidentinin xanımının çox xoşuna gəldi. O, hətta türklərə qoşularaq «Giziroğlu»nu oynayırdı. Türkiyədəki konsertdə təqdim etdiyimiz proqramda sevgi, vətənpərvərlik, lirika, ruh musiqisi də oldu. Türkülər, xalq mahnıları oxuduq. O auditoriyanın tələb etdiyi rəngarəng proqramla çıxış etdik.

Ümumiyyətlə, bizim çıxışımız həmişə dinləyicilərdə yaxşı təəssürat yaradır. Qrupumuz sufizmə, təsəffüfə daha çox meyillidir. Bu yöndə əvvəllər vətənpərvərlik, sevgi və s. proqramlar işləmişik. Biz Vaqif İbrahimoğlunun dəvəti ilə YUĞ Teatrında «Üz tuturam Tanrıya» və «Yunis İmrə olsun bəzmi ürfan məclisi» adlı məclisləri təşkil etdik. Məqsəd konsert müddətində insanın öz-özü ilə baş-başa qalması üçün idi. Elə həmin anda biz də özümüz özümüzlə baş-çaşa qalmışdıq. Həmin konsertdə bir qədər ilahi yöndə göründük. Bəlkə də onun təsiri olub ki, qrup 2-3 dəfə Mövlanə törəmlərində çıxış edib. Daha sonra Pakistanda Mistik Sufi festivalında çıxış etmişik. Orada 80 qrupun içərisindən seçilən ilk 3 qrupun sırasına düşdük. Bu uğur Azərbaycan torpağının enerjisi ilə bağlıdır.

- Ansamblın hazırkı fəaliyyətini necə müəyyənləşdirirsiniz?

- Əslində biz onu proqramlaşdırmırıq. Əgər o iş içərimizə, ruhumuza bağlıdırsa, onu da görürük. Məsələn, 2-3 ay bundan əvvəl bizə Milli Qəhrəman Koroğlu haqqında musiqi işləməyi təklif etdilər. Biz də onun haqqında 3 musiqi nömrəsi hazırladıq. Mənim içimdə həmişə şəhidlərə aid bir musiqi oxumaq istəyi var. Sadəcə, o mahnının layiqli mətni olmalıdır. Heç olmasa, onların ruhu qarşısında xırda bir iş gördüyümüzü hesab edə bilək. Əgər mahnının sözləri içimizə toxunursa, o sözlərə musiqi yazılır və biz də oxuyuruq.

 

 

Rahatlıq istəyi

 

- Siz düşünürsünüz ki, yalnız insanın içinə toxunan musiqilər sevilə bilir?

- Hazırda təkcə içə toxunan musiqilər sevilmir. Dünyada ritm çox güclüdür. Məsələn, bir də görürsən ki, Qarabağ haqqında bir musiqi səslənir, kimsə atılıb-düşür. Çünki o,  bunun fərqində deyil, yoxsa belə oynamaz. Ona görə musiqinin o yönünü seçdik ki, o insanları düşündürsün. Digər musiqilər isə hər yerdə var. Biz fikirləşdik ki, bu qədər ritmin içində insanlar bir qədər də düşünsünlər.

- Düşünə bilirlərmi?

- Əgər musiqidə həmin anda insan səmimidirsə, düşüncəsində əlavə bir şey yoxdursa, musiqi ona təsir edir. Məsələn, biz bir dəfə olduğumuz bir konsertdə salondakı bütün tamaşaçılar ağlayırdı. Bu ağlamaq göz yaşları deyildi. Bəzən insan sevincindən də ağlayır. İnsanlar özləri də özlərini başa düşmürdülər. Bilmirdilər ki, niyə ağlayırlar. Bir də bizim öz halımız da əsasdır.  Oxumağa başlayanda nə baş verəcəyini bilmirsən. Çünki zala təsir edən bizim enerjidir. İnsanın o anda düşüncəsindəki nədirsə ətrafa da o təsir edir. Mən demirəm ki, biz nəsə eləmişik. Mən institutda italyan repertuarı oxumuşam. Sonra Lütfiyar İmanovla konsertim olub. Konservatoriyanın səhnəsində “Arşın mal alan”da Əsgəri, “O olmasın bu olsun”da Sərvər rollarını oynamışam. Bu qrupun yaranmasının səbəbi 20 Yanvar hadisələri oldu. Çəkdiyimiz ağrı-acılardan sonra oturub içimizdə bir rahatlıq tapmaq haqqında düşündük. Qrupu yaradıb ilkin oxumalarımıza başlayanda bunun gələcəyinin necə olacağını qətiyyən düşünmürdük. Yavaş-yavaş KİV bizə diqqət göstərdi. Bu, bizim içimizin istəyindən doğan bir musiqi oldu.

 

 

Səhv özümüzdə olub

 

- Bəs repertuarı necə müəyyənləşdirirsiniz?

- Biz heç nəyi müəyyənləşdirmirik, hər şey özü gəlir. Oxuduğumuz musiqilərin çoxu türkülərdir. Amma biz həmin musiqilərdə öz ruhumuza uyğun olaraq bir qədər dəyişiklik edirik. Məşq prosesində qrupun üzvlərinin hərəsindən bir təklif, ideya gəlir. Yəni nə edəcəyimizi qabaqcadan düşünmürük. Hər şey iş prosesində yaranır.

- Ruhunuzun tələb etdiyi nədir ki?

- Yalnız içə varan musiqilər. Hazırda dünya səs-küydən, texnikadan, erotikadan çox yorulub. İndi hamı özü-özüylə tək qalmaq, düşünmək istəyir. Ona görə bizim muğamımızı dünyanın hər yerində seçirlər. Çünki muğamlarda sözü bilməyə heç ehtiyac da yoxdur. Biz bir çox konsertlərdə bunu müşahidə etmişik. Görünür, içimizin istəyi də buna uyğundur. Çünki bu musiqilərdə özümü daha rahat hiss edirəm.

- Konsertlərinizə tələbat görürsünüzmü?

- Hər şey reklamdan asılıdır. Bizim isə müntəzəm formada reklamımız yoxdur. Tutaq ki, qrupu televiziya dəvət edirsə, bu, önəmlidir. Çünki televiziyada elementar ərzağı reklam edəndən sonra mağazaya daxil olanların çoxu onunla maraqlanır. Bəlkə də səhv özümüzdə olub. İndiyə qədər reklamımıza o qədər can atmamışıq.

- Bəs reklam olmadan konsertlərinizi necə təşkil edə bilirsiniz?

- Qrupun əvvəllər YUG-da konsertləri olub. İndi isə demək olar ki, konsertlərimiz keçirilmir.

- Səbəb nədir? Qrupun passivliyi, tamaşaçıların marağının olmaması, yoxsa təşkilatçılığın zəif olması?

- Tamaşaçıların marağı var. Mən heç vaxt maddiyyat dalınca qaçmağı düşünməmişəm. O cür musiqidən sonra maddiyyat arxasınca qaçmaq düz deyil. Ancaq əfsuslar olsun ki, hər şey də maddiyyata dirənir. Mən həmişə deyirəm ki, maddiyyat həm hər şeydir, həm heç nədir.

- Hazırda işiniz sizi maddi cəhətdən təmin edirmi?

- Sözün düzü, biz indiyə qədər bu barədə düşünməmişdik. Bəlkə də səhv etmişik. Çünki qrupun üzvləri ayrı-ayrı yerlərdə işləyirlər. Lazım olan vaxtlarda mən dostlardan pul tapıb qrup üçün xərcləmişəm. Bizi hansı tədbirə dəvət edirdilərsə, gedib iştirak edirdik və pul götürmürdük. Musiqidən elə zövq alırdıq ki, maddiyyat gözümüzə görünmürdü. Biz ümumiyyətlə, qrupu yaradanda nə reklam, nə də maddiyyat haqqında düşünmüşük. Sadəcə, o ruhu paylaşmağı özümüzə borc bilirdik. Bunlarla müqayisədə işin maddi tərəfi bizə çox aşağı səviyyədə görünürdü.

- Zaman keçdikcə hisslər dəyişdimi?

- Əslində hisslər dəyişməyib. Zaman keçdikcə gördük ki, maddiyyatsız keçinmək mümkün deyil. Düşünürəm ki, ciddi musiqi ilə məşğul olan adam haradasa biznes işi ilə də məşğul olmalıdır ki, oradan qazandığı pulu bu istiqamətə yönəltsin. Qrupun irəli getməsi üçün yalnız maddiyyata ehtiyac var. Çünki qrup üzvləri işləyirlər və onların ailələri təmin olunmalıdır. Sadəcə bizə qarşı münasibətdə bir qədər səhlənkarlıq var. Onu da hiss edirik ki, son vaxtlar musiqiyə münasibət yaxşı mənada dəyişib. Çünki bir qədər toylar, bir qədər də efirdəki şou insanları yorub. İnsanlar oturub dinləmək istəyirlər. Biz düşünürük ki, səviyyəli bir yer olsa orada işləyə bilərik. Məsələn, səni sevən insanların gələ biləcəyi bir restoranda da işləmək olar. Təki ora istədiyin auditoriya toplansın.

- Sizə elə gəlmirmi, ilahi musiqini peşəkar səhnədən restoran səviyyəsinə endirməklə onun dəyərinə xələl gətirmiş olarsınız?

- Mən elə düşünmürəm. Çünki hara gediriksə içimizdəki ruhla gedirik. Ona görə mühitin bizə təsiri ola bilməz. Ancaq daha səviyyəli bir yol olsa yəqin ki, ora ehtiyac qalmaz.

 

Bizdə laqeydlik var

 

-  Sizcə, bu gün qrupun kölgədə qalmasının səbəbi nədir?

- Ümumiyyətlə, bizdə təkcə biganəlik, dəyər verməmək qrupla bağlı deyil. Yəni bu laqeydlik bizdə var. Dəfələrlə dövlət tədbirlərində çıxışlar etmişik. İfamızı çox bəyəniblər, Sadəcə, münasibət yoxdur. Əgər mədəniyyətimizə xidmət ediriksə, buna səlahiyyətli olan adamlar diqqət göstərməlidır. Səmimi deyirəm, bizi kənarda daha çox istəyirlər. Məsələn, bizdə  Türkiyənin hansı telekanalı Bakıya gəlirsə, özləri bizi axtarıb tapırlar. Çünki onların «Savalan» haqqında məlumatları var. Burada isə münasibət fərqlidir. Bu baxımdan bizə xarici ölkələrdə çıxış etmək daha maraqlıdır. Çünki orada özümüzə qarşı dəyər görürük. Bəlkə bu, həm də onunla bağlıdır ki, bizimkilərin içərisində rahatlıq yoxdur. Məsələn, Türkiyədə dinləyici ilahi musiqiləri, türküləri çox zövqlə və rahat, içinə varmaqla dinləyə bilir.

- Bəlkə bizdə sizin musiqiləri başa düşmürlər?

- Mən demirəm ki, bizim musiqini hamı başa düşməlidir. Amma bizim musiqini başa düşən gözəl tamaşaçı kütləmiz də var. Onların içərisində hər yaş həddində olan insanlar var. Belə deyə bilərəm, özünü bilməyə, tanımağa çalışan hər bir şəxs bizim musiqidən çox böyük zövq alır. Mən bilirəm ki, yol hara gedir. Bu yol insanın özünə gedir. Bütün yollar insanın özünədir. İnsanın iç aləmi dəyişdikcə ətraf dəyişir. Baxımı gözəlləşdikcə ətraf aləm gözəlləşir. Önəmli olan insanın özüdür. Biz sadəcə bir az özümüzdən uzaq düşmüşük.

- Nə üçün bizdən uzaq düşən dəyərləri, lap insanın özünə qayıtmasına incəsənət tam mənada kömək ola bilmir?

- Musiqi insan ruhuna ən yaxın yollardan biridir. Bizim qrupun yaranması da, gördüyü işlər də bununla bağlıdır.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -2011. -27 aprel.- S. 9..