“Bütün gördüyüm işlərdən ən vacibi uşaq böyütmək imiş” 

 

“Qadın jurnalistlər klubu” üzvlərinin suallarını Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran Brayza cavablandırır

 

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində “Qadın jurnalistlər klubu” fəaliyyətə başlayıb. Klubun ilk layihəsi “Zərif imzaların təqdimatında” adlanır. İlk qonaq isə ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı Zeyno Baran Brayzadır.

 

- Zeyno xanım, səhv etmirəmsə, siz jurnalist ailəsində böyümüsünüz. Yanılmıramsa, sizin ananız ilk qadın qəzet yazarlarından biridir.

- Bəli, mənim valideynlərim jurnalistdirlər. Anam beynəlxalq xəbərlər sahəsində ilk siyasi jurnalistlərdən biri olub.  Atam da jurnalist olaraq beynəlxalq məsələləri işıqlandırırdı. O, həyatının çox hissəsini Türkiyədən kənarda yaşayıb. Mən 1 yaşında olanda onlar ayrılıblar, amma həyat elə gətirdi ki, iki jurnalist bir-biri ilə ailə qurdu. Ona görə mən uşaqlıqdan  jurnalistlərin içində, onların söz-söhbətlərinə qulaq asa-asa böyüdüm.

- Bu yaxınlarda gənclər üçün böyük bir stimul ola biləcək çox maraqlı sözlər söylədiniz. Söylədiniz ki, “Mənə dedilər Amerikada oxumaq mümkünsüzdür. Amma mən qorxmadan getdim və bacardım”. Bu, çox böyük cəsarət tələb edir. Necə düşünürsünüz, bir türk qızının Amerikada belə uğurlu olması üçün ən əsas amil nə idi - ailəsimi, yoxsa?..

- Tamamilə doğrudur. Ailəm mənə hər zaman bu sözləri deyərdi - oğlan, qız olmağından asılı olmayaraq, əsas ürəkdə və beyində olandır. Beyninə və ürəyinə qoydunsa, nəyi istəyirsənsə, qazana biləcəksən. İstə ki, qarşında çox böyük imkanlar açılsın. Anam mənim üçün çox böyük  məktəb oldu. O, kişi kimi işləyirdi. Heç vaxt “qadınam, mənimlə başqa cür davransınlar” demədi. Anam Amerika  məktəbində oxuyub,  mən isə Avstriya məktəbində almanca təhsil aldım.  Əslində, mənim bitirdiyim məktəbin məzunları  təhsilini davam etdirmək üçün əsasən Almaniya  və Avstriyaya  gedirlər, amma mən Amerikanı seçdim. Amerikanı həmişə azadlıqlar ölkəsi bildim və daha çox Kaliforniyanı sevdim. Kaliforniya haqqında bilgiləri filmlərdən əldə etmişdim. İsti bir şəhər, dəniz kənarı…

- Təhsilinizi bitirəndən sonra Türkiyəyə dönmək istəmədiniz, yoxsa iş təklifləri oldu?

- Stenford Universitetinin  beynəlxalq əlaqələr fakültəsində oxudum. Təhsilimi bitdikdən sonra Dünya Bankından  iş təklifi gəldi. Qısa  bir müddət orda işlədim. Sonra geopolitik  mövzularda araşdırmaçı kimi çalışdım. Hər zaman düşünürdüm ki, Amerikada oxuyub, öyrənib sonra vətənimə qayıdıb orda faydalı işlər görüm. Amma sonra başa düşdüm ki,  gördüyüm işləri Amerikada etsəm, həm regiona, həm Türkiyəyə, həm də Amerikaya daha çox faydam olacaq.

- Qadınlar ailə həyatı qurandan sonra işlərindən, karyelarından uzaqlaşırlar. Zeyno xanım da sanki bir az öz işindən uzaqlaşıb…

- Həyat yoldaşımla 2008-ci ilin avqustunda evləndik. Bu illər ərzində üç kitab yazdım. İkisi 2010-cu ildə çapdan çıxıb, biri də bu il hazır olacaq. Məlumat sahəmdə dəyişiklik etdim. Daha  çox islami mövzularla maraqlandım. 1996-cı ildən 2010–cu ilə qədər olan dövrdə çox işlədim. Ailə qurduq, amma ikimiz də çox işləyirdik. Sonra övlad istədim. İndi həyatımda elə nöqtəyə gəlmişəm ki, bu vaxta qədər işimə verdiyim enerjini qızıma vermək istəyirəm. Gələcəkdə təkrar işimə dönəcəm, amma indi özümü qızıma həsr etmək istəyirəm. Bütün gördüyüm işlərdən ən vacibi uşaq böyütmək imiş - bunu anladım. Bu gün qızım  mənim həm sevgim, həm də işimdir. Və indi bundan önəmli heç nə fikirləşə bilmirəm. Çox şükürlər olsun ki, ana oldum.

- Amerikada işləməyə başlayanda söyləmişdiniz ki, həm Türkiyəyə, həm də Amerikaya fayda verəcək işlər görəcəksiniz.  Bəs Azərbaycan üçün hansı fayda verə biləcəksiniz? Burda hansı layihələri gerçəkləşdirməyi planlayırsınız?

-  Azərbaycan üçün nəsə eləyə bilsəm, bu məni çox xoşbəxt edəcək. Amerikayla Azərbaycanın bir–birini anlamasına yardımçı olmaq istəyirəm. Amerikalılar rusca və azərbaycanca danışsalar da, yaxud azərbaycanlılar ingiliscə danışsalar da, danışıqlar paralel olur, eyni mentalitet olmur. Çünki fərqli tarix, fərqli mədəniyyətlər, fərqli düşüncələr var. Mən ikisini də yaşadım. Təbii ki, mən azərbaycanlı deyiləm, ona görə burdakı fikirləri də öyrənmək istəyirəm ki, amerikalılara bu düşüncələri, adətləri anlada bilim. Dialoqun doğru olması mənim üçün çox önəmlidir. Amerika dövləti yaxşı anlamda bəzi işlər görür, amma bu, bəzən səhv anlaşılır. Bir də qadınlara qarşı zorakılıq, erkən nikah kimi problemlərin həlli üçün işlər görməyi düşünürəm. Amerikada gənc xanımlara  “qadınların özlərini qoruması” haqqında dərs vermişəm. Özünümüdafiə çox zaman şiddətə qarşı olur, amma şiddətdən öncə qadınlarda psixoloji, düşüncəli müdafiə olmalıdır. Bu iki mövzuda hər hansı iş görə bilsəm, çox xoşbəxt olacam. Azərbaycanda da bu sahədə çox iş görülür. Xüsusilə birinci xanım Mehriban Əliyevanın çox uğurlu işləri var.

- Amerikada da qadınlara qarşı şiddət var?

- Dünyanın hər bir yerində şiddət var. Amma bəzi ölkələrdə bu faiz daha çox, bəzilərində azdır. Buna səbəb bəzən din, mədəniyyət, adətlər, iqtisadi durum ola bilir. Bu mövzuda dünyanın bir çox yerində keçirilən konfranslarda iştirak etmişəm. Bu, iki səbəbdən baş verir; birincisi, qadının iqtisadi güclü ola bilməməsi, ikincisi, bundan da önəmli psixoloji vəziyyəti. Qadın başa düşməlidir ki, o, bir şəxsiyyətdir, onun da tələb edəcək haqları var. Bir qadına əl qaldırmağın kişilərdə kişiliyin əskikliyi üzündən olduğunu fikirləşirəm. Ruh halında, işində, mühitində problem olduğu zaman kişi öz gücünü gücsüz olan qadını döyməklə göstərir. Amma o kişi kişi deyil, məncə. Bəzən deyirlər ki, dində döyürlər. Bu adam dindar deyil, çünki dinini yanlış anlayıb, mədəniyyətli deyil, çünki mədəniyyətli adam qadınına əl qaldırmaz. Həqiqətən təhsillidirsə, yenə də belə bir hərəkət etməz. Qadına qarşı zorakılıq kişilərin ən ciddi problemidir. Və ümumilikdə cəmiyyətin problemidir. Çünki qadın-kişi münasibəti sağlam olmadığı zaman bütün cəmiyyətdə problem olur. Böyüyən uşaqlar bunu normal hesab edərək böyüyür. Və ya bu şiddətdən uşaqlar da ziyan görürlər. Ona görə şiddət dünyanın hər yerində var. Amma Amerika cəmiyyəti elə bir yerə gəlib ki, qadın sərbəst şəkildə etirazını bildirə və öz haqqını tələb edə bilir. Bəzi cəmiyyətlərdə qadın üçün söz demək belə çox çətindir. Amerikada bu daha rahatdır. Çünki bununla bağlı orda bir çox qadın birlikləri bu mövzuda çox maarifləndirici layihələr işlədilər, qurumlar topluma savad verdi, kişilərin də izlədiyi televiziya proqramları hazırlandı.

- Söhbətlərinizdən aydın olur ki, seçicisiniz. Həyat yoldaşı seçəndə sizə çətin olmadı ki?

- Doğrudur, həyat yoldaşımla tanış olmadan öncə çətin idi, amma onunla qarşılaşdıqdan sonra qətiyyən problem yaşamadım. O, Çikaqoda böyüyüb, katolikdir. Mən istanbulluyam, müsəlmanam, amma elə bil ki, eyniyik. Katoliklərlə müsəlmanların dəyərləri  bir-birinə çox oxşardır. Fərqli zamanlarda eyni məktəbdə oxumuşuq. Tanışlığımızdan az müddət sonra anladıq ki, eyni cür insanlarıq, maraqlandığımız sahələr bir-birinə bənzəyir. Kişilər arasında onun kimi həssas çox az adama rast gəldim. Mənim kimi heç kimsənin canını incitmək istəməz, evdə əqrəb belə olsa, öldürə bilməyəcəyik. Evlənmədən öncə də, sonra da heç bir zaman demədi: “İşləmə, gördüyün işlər mənə problem çıxarır”. Çünki həqiqətən də belə oldu. Mən bəzən Türkiyədə bəzi hadisələri təndiq edəndə, o, Türkiyə dövləti ilə yaxın olduğu zamanlarda söz–söhbətlər oldu. Mən ona hörmət edirəm, o mənə hörmət edir. Ona görə bir problem olmadı və olmur.

- Metyu Brayza hər zaman gülərüzdür. Sanki bu insanın heç bir problemi yoxdur ...

- Onunla ilk tanış olduğumda dedim ki, nə qədər işıqlı, aydın bir insandır. Çox pozitiv adamdır. Hər kəsi həqiqətən sevir. İlk tanışlığımızdan bəri gözləyirəm ki, nə vaxt mənə hirslənəcək, danlayacaq. Və hələ də gözləyirəm... O, atasını itirdi.  Çox pis hadisələr baş verdi. O, heç nəyi ürəyinə salmır. Onun ən yaxşı xüsusiyyəti odur ki, nədən rahatsız olduğunu həmin dəqiqə insanın üzünə deyir. Kilsəyə gedir. Həmişə buna inanır ki, biz hamımız birik. Onun prinsipinə görə hər kəsə eyni dərəcədə hörmətlə yanaşmaq və qarşılıq gözləmədən, təmənnasız yaxşılıq etmək lazımdır.

- Siz bizim regionu yaxşı tanıyırsınız. Regionun özünəməxsus xüsusiyyətləri var. Qərb insanı üçün adi olacaq hala burda fərqli yanaşılır. Belə hallarda düzgün mövqe tutması üçün həyat yoldaşınız sizdən yardım alırmı?

- Bəli. Məsələn, bu yaxınlarda Naxçıvana gedərkən məsləhətləşdik ki, birgə getsək, daha yaxşı olar. Mən də o vaxtlar ona Amerika ilə bağlı suallar verirdim. Amma bəzi məsələlərdə heç oxşar düşünmürük. O, nəticədə Amerika siyasətinin təmsilçisidir, mən də hər zaman fikirlərimdə sərbəst olmuşam.

- Tarixən də bilirik ki, həyat yoldaşları siyasətçi olan ictimai-siyasi fəal qadınlar onlara təsir etmək imkanına malikdirlər. Azərbaycanın da Qarabağ kimi problemi var. Bu məsələdə sizin Metyu Brayzaya nə dərəcədə təsir etmək imkanınız var?

- Siyasi məsələlər, problemli olacaq söhbətlərə heç qarışmıram. Ona görə də mənim fikirlərimin onun alacağı qərara təsiri görünmür. Amma bəzi məsələlərdə fikrimi açıq söyləyirəm. Məsələn, islam mövzusunda Avropanın yanlış düşündüyü deyirəm. Həyat yoldaşımla belə mövzuları rahatca bölüşə bilirəm. Amma siz dediyiniz məsələlərdə mənim bir türk olaraq təsir edə biləcəyim üçün ehtiyatlı davranıram. Bir türk qadını olaraq bu məsələlərdə ona təsir etməyi düzgün hesab etmirəm.

- Metyu Brayza Azərbaycana səfir təyin edilənə qədər böyük çətinlik yaşandı. Amerikada yaşayan erməni lobbisinin Meytu Brayzanın Azərbaycana səfir təyin olunmasına maneçiliyi nə səbəbdən idi? Sizinlə - türk əsilli qadınla evliliyimi, yoxsa Azərbaycana olan isti münasibətlərimi?

- Bütün erməni diasporu deyil, ancaq  aralarından bir qrup bu məsələdə canfəşanlıq göstərirdi.  Mənim türk olmağımın bu məsələyə təbii ki, böyük təsiri var. Mənim təhlillərim, yazdıqlarım neçə illərdir ki, dərc olunur. Amma lobbi qrupları yazdıqlarımdan daha çox türk olduğumu qabardırlar. Halbuki mən Amerikada işləyəndə, hətta Amerika vətəndaşı olmamışdan öncə də fikirləşirdim ki, bu bölgədə hamı üçün o zaman yaxşı olar ki, hamıya xeyirli olanı arzulayasan. Gerçək sabitlik ancaq o zaman qoruna bilər. Misal üçün çox istəyirəm Qarabağ sülh yolu ilə və bir an öncə həll olunsun. Hər kəs də rahatlansın. Çünki iki xalqın gənc nəsli bir-birinə nifrət edərək böyüyür. İnsanlar acı çəkir, köçkün və qaçqınlar var. Yenidən müharibə aparılsa, hər iki ölkəyə çox pis itkilər, ziyanlar gətirəcək.

Metyu Brayza Azərbaycanı çox yaxşı tanıyır, sevir. Burda çox yaxşı əlaqələri var. Hər halda, ona qarşı çıxan diaspor Azərbaycanı bu qədər tanıyan birisini səfir kimi görmək istəmədi. Əslində, bu bir az bizim üçün də sürpriz oldu. Çünki indiyə kimi Ermənistandan heç bir etiraz gəlmədi. Axı Metyu Brayza Ermənistan üçün də çox çalışıb. Obyektiv baxanda, o, nə qərar veribsə, ədalətlə verib. Bir ölkə, bir qrup üçün deyil, hər kəs üçün yaxşı olanı seçib. Məhz ona görə Ermənistandan bu günə kimi heç bir şikayət olmadı. Çünki bilirlər ki, problemin sülh yolu ilə həllini istəyən bir insanın Azərbaycanda olması onlar üçün də sərfəlidir.

 

 

Nərmin Muradova,

Azadinform

 

Kaspi.-2011. -30 aprel. –S. 4.