“Kaspi” 130 illiyi ilə
bağlı yeni nəşrlərini təqdim etdi
Sona Vəliyeva: «Bugünkü və
gələcək nəsillər bu nəşrləri oxuyacaq.
Kim bilir, bəlkə bizim dərc etdiyimiz qəzetlər nə
vaxtsa tarix olacaq, onda bu tarixin davamını Azərbaycanın
qeyrətli ziyalıları yazacaq»
“Azərbaycanın tarixinin XIX əsrin
sonları XX əsrin əvvəllərinə təsadüf edən
böyük mərhələsinin öyrənilməsində
«Kaspi» qəzeti əsas mənbə rolunu oynayır. Xüsusən
neft sənayesinə dair bütün mənbələr,
statistik göstəricilər hamısı «Kaspi» qəzetindən
götürülür. Rusiya müsəlmanlarının
hüquqları məsələləri, Azərbaycan
ziyalılarının milli maraqlarımız uğrunda
apardıqları mübarizə bu qəzetin səhifələrində
əks olunub. Bu, böyük və zəngin bir irsdir. Bu fikirlər
avqustun 2-də Beynəlxalq Mətbuat Mərkəzində
"Kaspi" qəzetinin 130 illiyi çərçivəsində
nəşr olunan "Mübariz yol" və "Kaspi" qəzetinin
yaranması və fəaliyyəti" adlı kitabların təqdimat
mərasimində səslənib. «Kaspi» qəzeti 1881-ci ildən
nəşrə başlayıb və çarizmin
senzurasına baxmayaraq fasiləsiz 38 il fəaliyyət göstərib.
Qəzet Rusiya müsəlmanlarının və Şərq
dünyasının əsas aparıcı informasiya vasitələrindən
biri olub. 1891-ci ildə «Kəşkül» qəzeti
bağlanandan sonra 10 ildən çox milli mətbuat tariximizdə
«Kaspi» yeganə informasiya qaynağı kimi
çıxış edib.
Vətənpərvərlik və qəhrəmanlıq
«Kaspi»
qəzetinin rəhbəri Sona Vəliyeva təqdim olunan kitablar
barədə məlumat verib. O, ilk öncə «Mübariz yol»
kitabının nəşrinə toxunaraq bildirib ki, kitab
müsabiqənin yekunu olaraq nəşr edilib: “Layihənin məqsədi
Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimova həsr olunan, ümumiyyətlə, vətənpərvərlik
və qəhrəmanlıq mövzusunda yazılan əsərlərdən
ibarət müsabiqənin keçirilməsi idi. Bu gün Azərbaycançılıq,
vətənpərvərlik ideyası hər bir Azərbaycan
jurnalistinin başlıca amalı olmalıdır və biz müsabiqənin keçirilməsində
də bunu əsas götürmüşdük. Şəxsən
mən müsabiqəyə 50-60 yazının təqdim edilə
biləcəyini gözləyirdim. Amma belə olmadı.
Görünür, hamının içində Vətənə,
torpağa olan duyğu, qəhrəmanlıq hissi, didərgin,
işğal olunmuş torpaqlar, insanların içərisindəki
təlatüm bir coşqu yaratmışdı. Müsabiqəyə
çoxlu sayda əsərlər təqdim olundu. Münsiflər
heyətimiz tam obyektiv şəraitdə işlədi. I-III
yerlərdən əlavə, xüsusi və həvəsləndirici
mükafatlar da öz sahiblərini tapdı. Biz bu kitabı
çox həvəslə tərtib etdik». S.Vəliyeva qeyd edib
ki, Azərbaycançılıq ideologiyasını əsas
tutaraq vətənpərvərlik və qəhrəmanlıq
mövzusu bütün yaradıcı ictimaiyyətin daim diqqətində
qalmalıdır: “Biz xüsusilə vətənpərvərlik
və qəhrəmanlığın ictimai və milli mahiyyətini
ortaya qoymuşuq. Bununla sanki yatmış vicdanlara bir
oyanış ismarıcı göndəririk. Hər bir
insanın Vətən, torpaq qarşısında məsuliyyətinin
nədən ibarət olduğunu ortaya qoyuruq. Mən istərdim
ki, bu cür müsabiqələr çox keçirilsin.
Xalqın, millətin, torpağın mənafeyini qoruyacaq və
ona xidmət edəcək mövzular müsabiqə şəklində
elan olunsun».
Tarixi «Kaspi»nin
davamçıları
Sona
xanım “Kaspi”nin 130 illik yubileyi çərçivəsində
nəşr olunan «Kaspi» qəzetinin yaranması və fəaliyyəti»
nəşrinə toxunaraq bildirib: «1919-cu ildə nəşrini
dayandıran “Kaspi” müstəqilliyimizi əldə etdikdən
sonra 1999-cu ildə fəaliyyətini yenidən bərpa etməklə
öz missiyasını davam etdirir. Biz özümüzü
tarixi «Kaspi» qəzetinin davamçıları hesab etdiyimiz
üçün bu ilin oktyabr ayında qəzetin 130 illik
yubileyini qeyd etməyi planlaşdırırıq». S.Vəliyeva
qeyd edib ki, Mübariz İbrahimovun xatirəsinə həsr
olunan müsabiqədən bir həftə sonra «Kaspi» qəzeti
özünün 130 illik yubileyi çərçivəsində
tarixi «Kaspi» qəzetinin yaranmasına, inkişafına, orada dərc
olunan yazıların təhlilinə aid geniş yazılar və
məqalələrin yazılması ilə bağlı
müsabiqə elan etdi. “Müsabiqənin sonunda konfrans
keçiriləcək və qalib məqalələrin sahibləri
mükafatlandırılacaq. Biz həmin məqalələr əsasında
«Üç əsrin qəzeti» adlı kitab nəşr etdirməyi
planlaşdırırıq. Hazırda nəşr ətrafında
hazırlıqlar gedir».
S.Vəliyeva
yeni nəşr olunan «Kaspi» qəzetinin
yaranması və fəaliyyəti» monoqrafiyasını tarixi
araşdırma adlandırıb: «Belə ki, tədqiqatçı
Nəsiman Yaqublu öncə Azərbaycan mətbuat tarixinin
yaranmasına qısa nəzər salıb. 1875-ci ildə nəşr
olunan «Əkinçi»yə, daha sonra «Kəşkül», «Ziya»
qəzetlərinin nəşrinə toxunub və «Kaspi» qəzeti
üzərində xüsusilə dayanıb. Tarixi faktlar o qədər
dəqiq verilib ki, bu tədqiqata heyranlığını gizlətməmək
mümkün deyil. Nəsiman müəllimin tədqiqatlarında
göstərilir ki, qəzet Kuzminin rəhbərliyi ilə
rusca dərc olunsa da, bütövlükdə milli demokratik
ruhlu gənclərin, yaradıcı ziyalıların bu
redaksiyada birləşməsi, millətin oyanışına,
demokratik ruhunun yüksəlməsinə təkan verməsində
böyük rolu olub».
S.Vəliyeva
qeyd edib ki, tədqiqat zamanı qəzetin nəşrində əməyi
olan heç bir kəs unudulmayıb. Belə ki, qəzetin fəaliyyətinin
böyük bir dövrü 1897-ci ildən başlayır. O
dövrdə Azərbaycanın maarifpərvər oğlu, Azərbaycan
mətbuatının və mədəniyyətinin himayədarı
Hacı Zeynalabdin Tağıyev «Kaspi» qəzetini alıb. Tarixi
faktlar da göstərir ki, böyük xeyriyyəçinin Həsən
bəy Zərdabi ilə dostluğu bu mətbu orqanın
alınmasında böyük rol oynayıb. Görünür,
həmin dostluğun əsasında da Həsən bəy Zərdabinin
dostu olan Əlimərdan bəy topçubaşov 1897-ci ildə
6 aylıq hazırlıq keçəndən sonra «Kaspi» qəzetinə
baş redaktor təyin olunur.
Tədqiqat
əsərini yüksək dəyərləndirən S.Vəliyeva
qeyd edib ki, tədqiqatçı nəşrdə Azərbaycanın
milli demokratik ruhlu ziyalılarının toplanması və
onların fikir yürütməsi, Azərbaycan xalqının
maariflənməsi, əlifba haqqında və s. fikirləri
çox düzgün çatdırılıb. «”Kaspi”də Əli
bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd
Şahtaxtlı, Əhməd bəy Ağaoğlu, Əlimərdan
bəy Topçubaşov kimi demokratik ruhlu şəxsiyyətlərin
yazıları çap olunub. Bu insanlar çar
Rusiyasının qılıncının kəsib-doğradığı
bir vaxtda böyük bir fədakarlıq göstərərək
bu gün mətbuat və söz azadlığı çərçivəsində
deyilən sözləri o zaman deyə biliblər. Mən Məhəmməd
Şahtaxtlı «Zaqafqaziya müsəlmanlarını necə
adlandıraq» məqaləsindəki fikirlərə toxunmaq istərdim.
O, yazır ki, bu məsləmanlar azərbaycanlıdırlar və
dilləri də Azərbaycan dilidir. Hələ o zaman deyilən
bu fikir ulu öndər Heydər Əliyevin fikirləri ilə
üst-üstə düşür. Bu gün bizim
Konstitusiyamızda da göstərildiyi kimi dilimiz Azərbaycan
dilidir. Və yaxud Əhməd bəy Ağayevin qadın
azadlığına, əlifbaya, maarifə, Şərq
jurnalistikasına münasibət və s. adlı məqalələri
bu gün də müasir və aktualdır».
S.Vəliyeva
vurğulayıb ki, tarixə münasibəti ziyalılar
göstərməlidir: «Bugünkü və gələcək
nəsillər bu nəşri oxuyacaq. Kim bilir, bəlkə
bizim dərc etdiyimiz qəzetlər nə vaxtsa tarix olacaq, onda
bu tarixin davamını Azərbaycanın qeyrətli
ziyalıları yazacaq».
Zəngin il
«Kaspi»
qəzetinin baş redaktoru Natiq Məmmədli qəzetin yeni nəşrlərinin
təqdimat mərasimində 2011-ci ilin Azərbaycan
xalqının həyatında zəngin il olduğunu diqqətə
çatdırıb: «Bu il dövlət müstəqilliyimizin
bərpa edilməsinin 20 illiyi tamam olur. Bu 20 ildə hər kəs
özünə hesabat verir. Müstəqillik
dövrümüz haqqında müxtəlif fikirlər səslənir».
N.Məmmədli eyni zamanda, bu ilin mətbuat işçiləri
üçün də bir sıra hadisələrlə diqqəti
cəlb etdiyini bildirib. «Sevimli mətbuat orqanlarımızdan
«İki sahil» və «Səs» qəzetlərinin yubileyləri
keçirildi. Eyni zamanda, bu il «Kaspi» qəzetinin 130 illik
yubileyidir. Təvazökarlıqdan uzaq da olsa, Azərbaycan mətbuat
tarixində bu ənənəni yaşadan çox az qəzetlər
var və bəlkə də yox dərəcəsindədir”. N.Məmmədli bildirib ki, “Kaspi”nin
130 illik yubileyi çərçivəsində bir sıra tədbirlərin
keçirilməsi nəzərdə tutulub. Silsilə tədbirlərə
2011-ci ilin əvvəlindən start verilib.
Belə
ki, bu ilin əvvəlində “Kaspi” qəzeti redaksiyasında
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi
yönümündə vətənpərvərlik
mövzusunda yazı və bədii əsərlər müsabiqəsi başa
çatıb. Həmin məqalələr nəfis tərtibatda
«Mübariz yol» adı altında nəşr edilib. Qeyd edək
ki, «Mübariz yol» kitabının tərtibatçısı
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti
Sevil Yusifovadır.
Eyni xətt və ideyalar
«Kaspi»
qəzetinin yaranması və fəaliyyəti»
monoqrafiyasının müəllifi Nəsiman Yaqublu nəşrin
çox qısa müddətə ərsəyə gəldiyini
diqqətə çatdırıb. «Məndən əvvəl
«Kaspi» qəzetinin tarixi haqqında tədqiqat aparan Səmayə
Mövlayevaya məxsusdur. Əəsərin
hazırlanmasında mənə kömək etmiş professor
Şirməmməd Hüseynova, Dövlət Arxivinin əməkdaşlarına
və müasir dövrün «Kaspi»sini araşdırmaq
üçün mənə imkan yaradan qəzetin kollektivinə
təşəkkür edirəm. «Nədən yazırdı
«Kaspi?» sualına cavab vermək üçün qəzetin səhifələrinə
diqqət yetirsəniz, bu sualın cavabını tapa bilərsiniz”.
N.Yaqublu bildirib ki, müasir «Kaspi» Azərbaycan cəmiyyətinin
aktual mövzuları ilə bağlı dəyərli
yazılar çap edir.
«1865-ci
ildə təhkimçilik hüququnun ləğvindən sonra
Rusiyada qəzetlərin nəşrinə də icazə
verildi. Azərbaycan ilk dəfə 1875-ci ildə Həsən bəy
Zərdabi «Əkinçi» qəzetini nəşr etdirdi.
1900-cü ilə qədər Qafqazda 50-dən çox qəzet
çap olunurdu. Bunlardan 23-ü rus, 15-i gürcü, 15-i erməni,
3-ü Azərbaycan dilində idi. «Kaspi» qəzeti bu
boşluğu dolduran qəzetə çevrildi. 1881-ci ildə
nəşrə başlayan qəzet Azərbaycanın
işıqlı ziyalılarını öz ətrafına
topladı və mətbuat tarixinin böyük bir
dövrünü əhatə etdi. 1897-ci ildə «Kaspi» qəzetinə
Əlimərdan bəy topçubaşov baş redaktor gətirildi.
Bir müddətdən sonra o, qəzeti ümumrusiya müsəlmanları
qəzeti səviyyəsinə qaldırdı».
N.Yaqublu
«Kaspi» qəzetini ziyalıların, həmin qəzetdə
çalışan şəxsiyyətlərin siyasi fəaliyyətinin
tarixi kimi dəyərləndirib. “Biz hələ qəzeti tam
şəkildə araşdırıb ortaya
qoymamışıq. Araşdırma apararkən gördüm
ki, Əhməd Ağaoğlunun yüzdən çox məqaləsi
var ki, bunlar hələ çap edilməyib. Əlimərdan bəy
topçubaşovun 50-yə yaxın məqaləsi haqqında
biz oxucuya məlumat çatdırmamışıq. Eləcə
də Əli bəy Hüseynzadənin və digər publisistlərin
elə dəyərli yazıları çap olunub ki, onları
toplamalı, nəşr etdirməli və Azərbaycan ictimaiyyətinə
çatdırmalıyıq». N.Yaqublunun sözlərinə
görə, tarixi «Kaspi» qəzetinin davamçıları olan
müasir «Kaspi»çilərin son fəaliyyəti ilə
bağlı aparılan araşdırmalar bugünkü
«Kaspi»nin 130 il əvvəl nəşrə başlayan «Kaspi»nin
davamçısı olduğunu deməyə əsas verir. “Hər
iki qəzetin üst-üstə fəaliyyəti təxminən
51 ildir. Amma biz ona görə qəzetin 130 illiyini qeyd edirik ki,
keçmiş irslə bağlılıq məqamları rol
oynayır. Mən bu qəzetin redaksiyasında olub
araşdırma apararkən çox maraqlı bir qəzetin
çap olunduğunu gördüm. 130 il əvvəlki
«Kaspi»nin o dövrün Azərbaycan cəmiyyəti
üçün müasir olan problemlərini bu gün «Kaspi»
öz fəaliyyəti və imkanları çərçivəsində
Azərbaycan cəmiyyətinə çatdırmağa
çalışır”.
Hər bir ziyalının
tribunası
Mətbuat
Şurasının sədri Əflatun Amaşov layihə
çərçivəsində ərsəyə gələn
nəşrləri yüksək dəyərləndirib. Öncə
«Mübariz yol» kitabının nəşrinə toxunan Şura
sədri bu cür nəşrlərə ehtiyac olduğunu diqqətə
çatdırıb: «Bu gün Azərbaycan torpaqlarının
20 faizi düşmən işğalı altındadır. Bir
milyona yaxın qaçqınımız var. Bunları yaddan
çıxarmamaq üçün vətənpərvərlik
ruhunda müsabiqələrin keçirilməsi, bu cür
kitabların nəşri çox vacibdir. Mübariz
İbrahimovun həyatı yaşından asılı olmayaraq
bizim hər birimiz üçün örnək
olmalıdır».
MŞ
sədri «Kaspi» qəzetinin yaranması və fəaliyyəti»
adlı nəşrə toxunaraq «Kaspi» qəzetinin Azərbaycan
mətbuatının inkişafında böyük xidmətləri
olan mətbu orqan olduğunu vurğulayıb. Tarixi «Kaspi»nin Azərbaycan
xalqının inkişafında mühüm rol
oynadığını diqqətə çatdıran Ə.Amaşov
qəzetin mətbuat tarixindəki müstəsna xidmətlərini
qeyd edib: «38 il ərzində bu qəzet orada
çalışan hər bir ziyalının tribunası olub.
Ziyalıların çoxunun yazılarına senzura tərəfindən
icazə verilmirdi. Ancaq buna baxmayaraq, qəzetdə Azərbaycan
xalqının kimliyi, məfkurəsi ilə bağlı
çoxlu yazılar çap olunurdu».
Ə.Amaşov
müasir «Kaspi»çilərə də gördükləri
işə görə təşəkkürünü
bildirib: "Kaspi" hər zaman baş verən hadisələrin
oxuculara çatdırılmasında orta xətt tutan qəzet
olub. Son illər qəzetdə yeni keyfiyyət dəyişikliyi
diqqəti cəlb edir. Daha çox araşdırma
yazılarına yer verilir ki, bu da oxuculura tərəfindən
maraqla qarşılanır”.
Tarixi «Kaspi»nin
ideyalarını bu gündə davam etdir
Prezident
Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərli təqdimatı
keçirilən hər iki nəşri yüksək dəyərləndirib:
«Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə
həsr olunan müsabiqənin qaliblərinin
yazılarının kitab formasında nəşr olunması və
ictimaiyyətə təqdim olunması təqdirəlayiq hadisədir».
Tarixi «Kaspi» qəzetinin fəaliyyətinə toxunan V.Səfərli
qeyd edib ki, bu qəzetin nəşri Azərbaycanda maarifləndirmə
işlərinin aparılmasına böyük dəstək
olub: «Siz kitabı vərəqləyərkən bir çox
maraqlı məqamlarla qarşılaşacaqsınız. 1999-cu ildə «Kaspi» qəzetinin nəşr
olunması və bu günə qədər fəaliyyət
göstərməsi tarixi «Kaspi»nin xətti və
ideyalarını bu gün də davam etdirməsi deməkdir».
«Kaspi» qəzetinin tarixi xidməti
ondadır ki…
Yubiley nəşrlərinin çox vacib olduğunu diqqətə
çatdıran professor Qulu Məhərrəmli yubileyləri
həmçinin keçilən yola baxmaq üçün
şans adlandırıb. “Arzu edərdim ki, «Kaspi» qəzetinin mətbuatdakı
yeri ilə bağlı həqiqi dəyərləndirmələr
olsun! Bu qəzet mətbuat tarixində
böyük bir dövr üçün intellektual nəşrdir.
«Kaspi» qəzetinin tarixi xidməti ondadır ki,
intellektual məcmuə rolunu oynayıb. Doğurdan
da bu qəzet obrazlı olaraq üç əsrin qəzetidir”.
Q.Məhərrəmli ümumiyyətlə mətbuat tariximizin
araşdırılmasına ehtiyac olduğunu, bu sahədə
yarımçıq işlərin çox
olduğunu diqqətə çatdırıb: «Tarixi
araşdıranda mütləq bir şərt var. Həmin
şərtə görə o dövrün ab-havasını qəzetdən
qoparmaq mümkün deyil. Məsələn, Həsən
bəy Zərdabinin «Kaspi» qəzetindəki fəaliyyətinə
bu nəşrdə müəyyən qədər işıq
salınıb. Amma onun qəzetdəki xidməti
dərindən araşdırılmalıdır».
Q.Məhərrəmlinin sözlərinə görə,
mətbuatda təşkilatlanma «Kaspi» qəzetindən
başlayıb. Belə ki, «Kaspi» qəzeti mətbuatda
impuls rolunu oynayıb. Q.Məhərrəmli «Kaspi» qəzetinin
seçmə yazılarından ibarət antologiyanın
buraxılması təklifi ilə də çıxış edib. “Biz hara getdiyimizi bilmək üçün haradan gəldiyimizi
də bilməliyik. İrəliyə
istiqamət götürmək üçün geriyə
baxmalıyıq”.
Bu cür kitablar müntəzəm nəşr
olunmalıdır
«İki
sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yeni monoqrafiyanı mətbuat
tarixində, ümumiyyətlə müasir mətbuatda əhəmiyyətli
araşdırma adlandırıb: «Bu, hər bir qəzetçi
üçün çox əhəmiyyətlidir. «Kaspi» qəzetinin Azərbaycan mətbuat tarixində
özünəməxsus rolu olub. Bu qəzet
özünəməxsus zənginliyi ilə yadda qalıb.
1999-cu il mart ayının 7-dən «Kaspi» qəzeti
yenidən nəşr olunmağa başlayıb. Bu qəzet bugünkü qəzet bolluğunda
özünəməxsus yeri olan mətbu orqandır. Düşünürəm ki, Azərbaycan mətbuat
tarixi ilə bağlı bu cür kitablar müntəzəm nəşr
olunmalıdır».
Varislik yükü və məsuliyyət
«Yeni Azərbaycan»
qəzetinin baş redaktoru Hikmət Babaoğlu bugünkü
informasiya bolluğunda qəzet nəşr etməyin çətin
olduğunu diqqətə çatdırıb:
«İnformasiyanın məsuliyyətini, onun ictimai münasibətlərə
təsirini, cəmiyyətdəki rolunu dərk etmək,
adını daşıdığı qəzetin tarixini
araşdırmaq, onun varislik yükünü çiyninə
götürmək çətindir. Hər
yubiley bir hesabatdır. Bu gün yeni
«Kaspi»çilər 130 illik tarixi məsuliyyəti üzərlərinə
götürüblər. Bu, çətin
və şərəfli bir vəzifədir. Bu işdə
bütün kollektivə uğurlar arzulayıram!».
«Kaspi»nin mətbəəçilik
işi araşdırılmalıdır
«Şərq»
qəzetinin baş redaktoru Akif Aşırlı hər
hansı tədqiqat işini ortaya
çıxarılmasını çətin və məsuliyyətli
vəzifə adlandırıb: “Bu, səbr, dözüm və
iradə tələb edir”. Kaspi» qəzetinin
tarixindən danışan Akif Aşırlı bildirib ki, bu qəzet
Şərq jurnalistika sistemi ilə Qərb jurnalistika sisteminə
keçidin əsasını qoyub. A.Aşırlı
nəşri yüksək dəyərləndirərək bəzi
xırda iradları da diqqətə çatdırıb.
Onun sözlərinə görə, «Kaspi»nin
mətbəəçilik işinə çox diqqət
ayrılmalıdır və araşdırılmalıdır. A.Aşırlı 1918-ci ildə yandırılan
«Kaspi» redaksiyasının yerinə xatirə daşının
qoyulması təklifi ilə çıxış edib.
Ağsaqqal jurnalist Yusif Kərimov "Kaspi" qəzetinin
keçdiyi tarixi yol haqqında danışaraq, qəzetin 130
illik fəaliyyətini və yeni nəşrləri yüksək
dəyərləndirib.
«Ədalət» qəzetinin baş redaktoru İradə
Tuncay bu gün tarixi «Kaspinin» davamı olaraq müasir «Kaspi»yə
də gözəl kollektiv
yığıldığını qeyd edərək qəzetinin
tarixi barədə materialların internet saytlarında yerləşdirilməsi
təklifi ilə çıxış edib. Tədbir
çərçivəsində «Kaspi» qəzetinin tarixindən
və müasir dövründən bəhs edən slayd
nümayiş olunub.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 3 avqust.- S.4-5.