“Qurban
olum, dəyməyin mahnılarıma”
Flora Kərimova: “Mənim keçdiyim yolu
bütövlükdə heç bir ssenaridə açmaq mümkün deyil”
“Azadinform”un suallarını Xalq artisti Flora Kərimova cavablandırıb.
- Əvvəlcə sizin
70 illik yubileyinizi təbrik edirik.
- Mənə verdiyiniz bu qiymətə, bu dəyərə görə çox sağ olun. Amma çox təəssüf
ki, mənim doğum günüm Ağdamın işğal
günü ilə eyni vaxtda düşür.
Ona görə də mən bunu ürəkdən
qeyd edə bilmirəm. Mən inanıram ki,
biz yenidən o torpaqlarda
ən xoş günlərimizi qeyd edəcəyik.
- Flora xanım,
biz “Azərbaycan səhnəsinin
əvəzedilməz sənətkarı
kimdir?” mövzusunda bir sorğu keçirdik. Və əksəriyyət sizin adınız bildirdi. Bəs siz necə düşünürsünüz,
Azərbaycan səhnəsinin
əvəzedilməz sənətkarı
kimdir?
- Hər halda mən deyiləm (gülür). Bu gün
sənətdə əvəzolunmaz
sənətkar yoxdur.
Çünki sənətkar hər
bir tərəfdən
yaradıcı olmalıdır,
kimisə təkrar etməməlidir, kiminsə
yolun getməyə çalışmamalıdır, kiminsə fikirlərin eşidib öz dilindən təkrar etməməlidir. Sənətkar bütöv olmalıdır.
Ancaq elə olur ki,
görürsən ki,
insan sənətdə
yaxşı, bütöv
olur, amma bir insan kimi
o qədər cılız
olur ki, heç onun yanından keçmək istəmirsən.
- Flora xanım,
70 yaş.... 3 nöqtədən
sonra ilk ağlınıza
gələn hansı fikirlər olur və nə hisslər keçirirsiniz?
- Heç nə, qızımın qızın
istəyirəm. İki oğul
nəvəm var. Mənim
ad günümdən də
bir gün əvvəl böyük nəvəmin 20 yaşı
tamam oldu.
- Ən unudulmaz ad gününüz
nə vaxt olub? Necə xatırlayırsınız?
- Unudulmaz ad günüm olub mən qızımı
xəstəxanada gözləyəndə.
Ağır ayağımdaydım, bir həftədən sonra qızım doğuldu. Bax, o, unudulmaz ad günüm
idi. Ancaq başqa unudulmaz ad
günlərim də olub: yoldaşımın mənə boyum hündürlüyündə çələnglər
bağışlaması, mənə
sevinc gətirən ancaq, heç vaxt taxmadığım zinət əşyaları.
Taxmasam da, onlar mənə
sevinc bəxş edib. Yığırdım, indi də övladlarımın arasında
bölüşdürmüşəm.
- Ən unudulmaz və gözlənilməz hədiyyəniz
olubmu?
- Elə ad günümdən
bir gün əvvəl oğlum mənə 71 gözəl
qızılgül bağışladı.
Və dedi ki, “anam, 71
il də bundan sonra yaşamağınızı
arzu edirəm”. Ancaq bu qarğışdır,
alqış deyil (gülür).
- Tədrislə məşğul olmaq istərdinizmi? Hansısa ali və
yaxud orta təhsil musiqi məktəbində sizi dərs demək üçün dəvət
ediblər?
- Məsləhət də ediblər, dəvət də olub. Mən səsimdə
olan diapazon və ifamda olan imkanlarımı heç kimdə görmürəm deyə,
düşünürəm ki, bu, vaxt
itirməkdir. Bir tələbə
ki, mənim dediyim sözü istədiyim kimi təkrar edə bilmədisə, bu, mənasızdır. Allah rəhmət etsin, mən Şövkət xanımın plastinkalarını
dinləyirdim, özünün
ifasını dinləyirdim.
Hər bir yaxşı ifa istənilən tələbə üçün
artıq məktəbdir.
Və pis ifa da
qadağadır. Hövsələm yoxdur, görə bilmirəm deyə hövsələm çatmır.
- Gənc müğənnilərə bir
məsləhətiniz varmı?
- Bir xahişim var, ay müğənnilər,
qurban olum, mənim mahnılarımı
oxuyanda musiqisinə dəyməyin, sözləri
dəyişməyin. Mən deyirəm
ki, “Gəl, gəl, gülüm, gəl görüşə”,
oxuyurlar “Gəl, gəl, gülüm, gəl görüşək”.
Olmaz belə şey. Hər hərfin ahəngi var. Mən bir şey
danışanda, bir şey oxuyanda musiqinin ahənginə fikir verirəm. Danışıq sözündə də musiqi ahəngi olmalıdır o
sözlərdə. Yenə də
deyirəm, qurban olum, dəyməyin mənim mahnılarıma.
Pis oxuyursunuzsa, oxumayın, yaxşı oxuyacaqsınızsa,
halaldır sizə, ancaq sözlərinə dəyməyin.
- Əlbəttə,
bütün həyatımız
Allahın qurduğu və düzdüyü kimi gedir, amma
öz əlinizdə olsaydı həyatınızda
nəyi dəyişmək
və ya düzəltmək istərdiniz?
- Bəzi məqamları təbii ki, dəyişərdim - çətin,
dözülməz, ağrıdan
az qala
huşumu itirdiyim günlərimi. Ancaq mümkün
deyil deyə heç bu, ağlıma da gəlmir.
- 30-40 il
bundan əvvəl hansı səslə oxuyurdunuzsa yenə də elədir. Səsiniz heç dəyişmir, yaş və ya başqa heç
nə səsinizi dəyişmir. Bunun xüsusi
bir səbəbi varmı?
- Mən bu suala
çox cavab axtarırdım. Düşünürəm ki, mən sənətdə nakam bir sənətkar, nakam bir müğənniyəm
deyə və bəlkə də Allahın mənə yazığı gəldi deyə səsimdən məhrum etmədi, səsimi yaşıma tabe etmədi. Ona görə də mən bu səsə
malikəm. Yaş səsimə
hakim olmadı. O qədər
ki, mən əsəbiləşirdim, çabalayırdım,
düşünürdüm ki, niyə belə
oldu, çıxış
yolu nədədir, bu səs qalmamalıydı.
Nakam bir sənətkar olduğuma görə indi Allah mənə deyir ki, oxu,
nə qədər oxuyursan.
- Filmoqrafiyanıza 25-ə yaxın
ekran əsəri daxildir. Bunların çoxunda sizin
səsiniz var - filmdəki mahnıları
siz ifa etmisiniz.
Eləcə də özünüzü
aktrisa kimi sınadığınız ekran
əsəri var – “Qanun naminə” filmi. Kino yaradıcılığınız necə
başladı? Və niyə davam etdirmədiniz?
-
1967-ci ildə məni “Balaş”a
çağırmışdılar. Sonra
“Züleyxa”ya təsdiq
etdilər. O qədər naz-qəmzə
ilə danışdım ki,
Balaşın sözlərini Züleyxaya
təsdiq etdilər (gülür). Onda həyat yoldaşım sağ
idi, mən studiyanın
qapılarını xanım kimi
açırdım, ərkəsöyün idim.
Mənim həyat yoldaşım çəkiliş heyətinə
yeməklər sifariş verdirirdi.
Yaxşı mənada xanım idim. Sonra həyatım dəyişdi. Sonra da yetim
kimi ora gedim və o pavilyonları
görüm...... Orda boynu bükük nəyisə
yadıma salım...... İnanın səmimiyyətimə, çox filmə “yox!” dedim. Ancaq ona
görə ki, mənəvi məhv
olmayım. Amma yeganə olaraq
mənim həyatımın rolu
olsaydı, çəkilərdim. Deyirlər qızım cavanlığıma
çox oxşayır və
düşüncə tərzində də oxşarıq. O məndən
daha zəngindir: həm düşüncədə,
həm müdriklikdə, yəni bir obraz kimi yox,
bir insan, şəxsiyyət
kimi daha yüksəkdədir.
O mənim cavanlığımı oynasaydı, hə. Ancaq heç kəs tərpənmir
(gülür). Daha
demirlər ki, bu gün-sabah Flora xanım rəhmətə
gedər, sonra necə olar?!
Özüm indiki
vaxtımı oynayardım, qızım da
cavan vaxtımı oynayardı.
-
Onda yəqin ki, ssenarini də özünüz yazmaq istərdiniz....
-
Yox, bacarmıram, elə bir qabiliyyətim yoxdur. Nəyisə
düzəldə bilərəm. Ancaq mənim
keçdiyim yolu
bütövlükdə heç bir ssenaridə açmaq mümkün deyil. (oxuyur)
Əzəl
gündən dünya yalan dünyadı,
Ucuz alıb baha satan dünyadı.
Gedəcəyəm göylər məni çağırdı,
Daha yerdə qalmaq
olmur, əzizim
Bax, bu mənim bioqrafiyamdır.
Ümidə Həsənli
Kaspi.- 2011.- 4 avqust.- S. 16.