İstiqlal muzeyi necə olmalıdır? 

 

Ekspertlər muzeydə tariximizin bütün dövrlərinin əks olunmasını arzulayırlar

 

Bu günlərdə prezident İlham Əliyev Bakı şəhərində İstiqlal muzeyinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinə 1 milyon manat vəsait ayrılıb. İndi yaradılacaq muzeyin yeri və hansı formada olacağı ilə bağlı müzakirələr başlayıb. Bizbu məsələ ilə bağlı tarixçi alimlərimizin fikirlərini öyrəndik.

 

 Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov İstiqlal muzeyinin yaradılmasının çox mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, bu muzey mütləq şəhərimizin ən görkəmli yerlərindən birində inşa edilməlidir. Hazırkı şəraitdə muzey üçün ən münasib yer Şəhidlər Xiyabanının yaxınlığı ola bilər: «Çünki şəhidlərimiz Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçiblər. Buna görə də İstiqlal muzeyinin onların uyuduğu məkanın yaxınlığında tikilməsi çox gözəl olar. Düşünürəm ki, orada bir yer tapmaq olar. İstiqlal muzeyinin binası çox gözəl memarlıq üslubunda, milli memarlığımızın bütün atributlarını özündə əks etdirməklə inşa olunmalıdır».

Tarixçi alim qeyd etdi ki, adətən Azərbaycana gələn xarici qonaqlar Şəhidlər Xiyabanını ziyarət edirlər. Orada İstiqlal muzeyi olarsa bu, Azərbaycan xalqının istiqlal uğrunda apardığı mübarizənin əyani nümayişi olar.

C.Bəhramov qeyd etdi ki, muzeydə Azərbaycanın istiqlal tarixi xronoloji ardıcıllıqla tam əksini tapmalıdır. Ən qədim zamanlardan tutmuş bu günə qədərki dövr nəzərə alınmalıdır. Muzeydə Azərbaycanın bütün tarixi şəxsiyyətləri, siyasi liderləri barədə məlumatlar yerləşdirilməlidir.

Muzeydə həmçinin indiyə qədər mövcud olmuş Azərbaycan dövlətlərinin tarixi xəritələri olmalıdır. Azərbaycanın 4 min illik dövlətçilik tarixindəki bütün dövlətlərin atributları, bayraqları, vaxtilə istifadə etdikləri pullar da muzeyin eksponatları sırasına qatılmalıdır.

C.Bəhramov qeyd etdi ki, XX əsrin Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutduğu yaddan çıxarılmamalıdır. Buna görə də muzeydə tariximizin bu bölümünə xüsusi diqqət yetirilməlidir.

Tarixçi alim onu da bildirdi ki, yaradılacaq İstiqlal muzeyində XIX əsrin sonları və XX əsrdə Azərbaycan torpaqlarının işğalı ilə bağlı faktlar da yer almalıdır. İşğal faktları konkret xəritələrlə nümayiş etdirilməlidir. «Muzeydə bununla bağlı əlavə materialların yerləşdirilməsi də yaxşı olardı» - deyə C.Bəhramov vurğuladı. Onun fikrincə, muzeydə Azərbaycan xalqının 1918-20-ci illərdə verdiyi qurbanlar, Azərbaycan Xalq Cümhuriyyətini quranlarla bağlı ayrıca bölmə olmalıdır. Muzeydə Azərbaycanın sovet dövründəki tarixi də əksini tapmalıdır. Muzeydə həmçinin Çar Rusiyasının, ABŞ-ın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə faktlar yer almalıdır.

C.Bəhramovun fikrincə, muzeydə Azərbaycanın 1941-45-ci il Böyük Vətən müharibəsindəki iştirakına da xüsusi diqqət yetirilməlidir. Muzeydə bununla bağlı məlumatlar olmalıdır. Muzeydə Azərbaycanın Sovet İttifaqı Qəhrəmanı adı almış bütün oğullarının qəhrəmanlıqları haqqında məlumatlar da olmalıdır.

C.Bəhramovun fikrincə, muzeydə ümummilli lider Heydər Əliyevin 1969-cu ildən 2001-ci ilədək Azərbaycana rəhbərlik etdiyi dövrgeniş şəkildə əksini tapmalıdır. Tarixçi alim Qabil Hüseynlihesab edir ki, İstiqlal muzeyi ölkəmizin paytaxtının ən gözəl guşələrindən birində inşa edilməlidir. Onun sözlərinə görə, prezidentin İstiqlal muzeyinin yaradılması barədə sərəncamı Azərbaycan xalqının vətənpərvərlik tərbiyəsində, vətən tarixinin öyrənilməsində çox böyük əhəmiyyətə malikdir. İstiqlal muzeyi milli şəxsiyyətlərimizin yetişdirilməsində xüsusi rol oynaya bilər. Q.Hüseynlinin fikrincə, muzey yaradıcılığı eksponatların toplanması və onların qarşıya qoyulan məqsədi tam əks etdirməsi ilə bağlı olmalıdır. Yəni muzeydə istiqlalımızın qazanılmasında iştirak etmiş şəxslərin və siyasi liderlərin adları eksponatlar sırasında olmalıdır. Muzeydə onların tərcumeyi-halı, yazdıqları əsərlər, onlara məxsus əşyalar və s. eksponatlar yerləşdirilməlidir. Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalımızdakı xüsusi rolu qabardılmalıdır. Q.Hüseynli hesab edir ki, AXC Azərbaycanın istiqlal ideyasının atributlarını formalaşdırıb. Məsələn, Şərqdə ilk parlamentin yaradılması, bu parlamentin çoxfraksiyalı olması məhz AXC-nin adı ilə bağlıdır. Bununla yanaşı Azərbaycanın SSRİ-nin tərkibindəki inkişaf dövrüyaddan çıxarılmamalıdır: «Bəziləri bu dövrü ikinci respublika, bəziləri isə sovet işğalı dövrü kimi qəbul edirlər. Mənim fikrimcə, həmin dövrdə Azərbaycan tam müstəqil olmasa da, istiqlalın müəyyən elementlərinə malik olduğundan həmin dövrün eksponatları da İstiqlal muzeyində olmalıdır. Bu, az deyil, 70 ilə yaxın bir dövrü əhatə edir. Bu dövrdə Azərbaycanda mədəniyyətin, elmin, təhsilin və millətin formalaşması ilə bağlı xeyli proseslər baş verib». Q.Hüseynlinin fikrincə, muzeydə istiqlalımızın təkrar qazanılmasından sonrakı dövrə də xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, 20 ilə yaxın bir dövrü əhatə edən bu müddətdə Azərbaycan daim müharibə vəziyyətində olub və ərazilərimizin bir hissəsi ermənilər tərəfindən işğal olunub: «Buna baxmayaraq, biz müharibə şəraitində yaşaya-yaşaya neft kontraktları imzalamış, neft-qaz ixracatçısına çevrilmiş, güclü iqtisadiyyat qurmuş bir dövlətik. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın sürətli inkişafının şahidi olmaqdayıq. Bütün bunlar hamısı İstiqlal muzeyində olmalıdır».

 

 

İlham QULİYEV 

 

Kaspi.- 2011.- 5 avqust.- S. 5.