Uşaq əməyi hüquqi
məsuliyyət yaradır
Gülər Əhmədova:
“Bəzən valideynlər özləri uşaq
əməyinin qeyri-qanuni təşkilatçısına
çevrilirlər”
Təəssüf
ki, uşaq əməyi
ilə rastlaşmaq son
zamanlar adi hala çevrilib. Şəhərin
küçələrində, avtobus və
metrolarda əllərində müxtəlif
əşyalar satan uşaqlar
nəinki öz hüquqlarını, nə
üçün işlədiklərini, məktəbin
nə olduğunu belə bilmirlər.
Günün
istənilən vaxtı bu cür uşaqlara rast gəlmək
mümkündür. Kimi beşi bir manatdan sulu salfet satır,
kimisi isə “Kurtlar Vadisi Pusu” deyərək səsinə
güc verir. Valideynləri, qohumları, yaxud müəyyən
şəxslər tərəfindən istismara məruz qalan bu
uşaqlar məktəb həyatı və valideyn himayəsindən,
tərbiyəsindən çox uzaqda qalır. Şəhərin
müxtəlif yerlərində müşahidə etdiyimiz bu
uşaqlar heç də nəzarətsiz deyillər.
Onların dayandığı yerə yaxın köşk
satıcısı, və ya səyyari satıcılar bu
uşaqlara daim nəzarət edir. Bunu şəxsi
müşahidələrimiz də təsdiq edir.
Metronun
Elmlər Akademiyası stansiyasının
yaxınlığında sulu salfet satan 12-13 yaşlı
uşaqla ünsiyyət qurmağa
çalışırıq. Elə bil, balaca satıcı
xüsusi təlimatlandırılıb,
hazırcavablılıq üzrə. Gəlib-keçən
qızlara dodaq dişləyib, baş bulayan bu oğlan söhbətimizdən
yayınır, hətta hədələyir də. Daha bir
azyaşlı ilə avtobusda qarşılaşdıq. Əlində
kino diskləri satırdı. Avtobusda imkan
olmadığından, yerə düşüb
uşağı sorğu-suala tutdum. Valideynləri var, 8
yaşı təzə tamam olub. Məktəbinsə nə
olduğunu bilmir. Səhər gəlir avtobus
dayanacağına, axşamsa kimsə gəlib onu aparır. Nə
qədər istəsək də, kimin onu apardığını
demir. Növbəti gələn
avtobus dayanar-dayanmaz, uşaq yanımızdan
götürülür.
Başqa
bir uşaq isə elə yerdəcə bardaş qurub,
yanına da bir limon torbası qoyub. Ümumi torbadan əlavə,
limonları beş-beş ayrı-ayrı salafanlarda
düzüb yanına. Hərdən də “beşi bir manat”
deyib avtobus dayanacağına səs salır. Təxminən
6-7 yaşlı bu uşağın bu torbanı tək
daşımadığını və şərikinin
olduğunu müşahidə etmək o qədər də
çətin deyil. Bir müddətdən sonra bir qadın
yaxınlaşır uşağa. Münasibətlərindən
hiss olunur ki, qadın uşağın valideynidir. Daha sonra biz də
bunlara yaxınlaşırıq. Xanımı dilə tutub
uşağı nə üçün işlətdiyini
öyrənirik. Deyir ki, rayondan gəliblər, uşaq da ona
kömək edir. Uşağın təhsili ilə də
maraqlanırıq: “İkinci sinfə gedir, amma məktəblə
heç arası yoxdur, oxuyub-eləmir. Onunku odur ki, elə mənimlə
bərabər alver eləsin”...
Azərbaycan
Respublikası Uşaq Təşkilatının sədri, millət
vəkili Gülər Əhmədova məsələyə
münasibət bildirərkən, ilk növbədə
uşağın 15 yaşınadək işləməsinin
qadağan olduğunu dedi: “Yeni Konstitusiyamızda konkret olaraq
göstərilib ki, ümumiyyətlə, 15 yaşına kimi
uşaqların işləməsi qadağandır. Əvvəllər
orada müxtəlif şərtlər, müxtəlif imkanlar
yaradılırdısa, indi 15 yaşadək işləmək
tamamilə qadağan olunub. Bilirsiniz ki, texniki peşə məktəbləri
ilə bağlı bizdə yeni konsepsiya hazırlanıb və
uşaqların bu yaş dövründə peşələrə
yiyələnməsi məsələsi çox
aktuallaşıb. Yəni bu məsələ dövlətin
diqqətindədir”.
Millət
vəkili bu məsələdə birmənalı şəkildə
ailə məsuliyyətinin daha böyük olduğunu
vurğuladı: “Əvvəlki Konstitusiyada yazılırdı
ki, bütün uşaqların hüquqları ailənin
üzərindədir. Lakin yeni Konstitusiyada bu məsuliyyət
dövlətin nəzarətindədir, valideynlər də bu
işə məsuldurlar. Hüquqi norma olaraq belə nəticəyə
gəlmək olar ki, əgər uşaqların 15 yaşına
kimi əməklə məşğul olması və bu
yaşdan sonra nəzərdə tutulmamış əmək
növü ilə məşğul olması məsələsi
ortaya çıxarsa, bu bütün valideynlər
üçün hüquqi məsuliyyət yaradır. Bu
hüquqi məsuliyyət də dövlətin nəzarətindədir.
Belə valideynlərlə bağlı dövlət
orqanlarına müraciət olunarsa, hüquq-mühafizə
orqanları tərəfindən həmin valideynlər
haqqında məsuliyyət məsələsi qaldırıla
bilər. Yox, əgər uşaq ailədə deyil, hansısa
dövlət müəssisəsində tərbiyə olunubsa,
məntiqi nəticə kimi həmin dövlət müəssisəsinin
rəhbərliyi buna cavabdehdir. Şübhəsiz ki, bu sahədə
olan qanunlar çox ciddidir”.
Gülər
xanım uşaq əməyindən istifadə edən valideynlərə
və bu məsələ ilə mübarizə aparan təşkilatlara
da münasibət bildirdi: “Bu gün çoxsaylı uşaqlar
var ki, onlar 15 yaşına çatmamış müxtəlif
sahələrdə fəaliyyət göstərirlər. Bu fəaliyyətin
arxasında bir çox hallarda valideynlər dayanırlar. Onlar
həmin əməklə məşğul olmağı
özlərinə sığışdırmadığı
üçün müxtəlif həyat şəraitində,
istidə, soyuqda, uşaq sağlamlığına,
psixologiyasına ziyan vuracaq bir şəraitdə
uşaqlarını bu əməyə yönəldirlər.
Özləri də uşaq əməyinin qeyri-qanuni təşkilatçısına
çevrilirlər. Uşaq hüquqlarını müdafiə
edən təşkilatlar bir çox hallarda buna göz yumurlar,
yaxud da guya görmürlər. Təəssüflə demək
istərdim ki, bu gün bir çox uşaq hüquqları ilə
məşğul olan təşkilatlar xarici donorlardan yararlanmaq
üçün daha çox çalışırlar ki, Azərbaycanda,
belə demək mümkünsə, adət halına
çevrilməmiş proyektlərlə bağlı geniş
tədbirlər keçirsinlər. Bu tədbirlərin bir
çoxu da şübhəsiz ki, kağız üzərində
qalır. Ona görə də çalışmaq
lazımdır ki, məhz Azərbaycan üçün
xarakterik olan, Azərbaycan üçün problem yaradan bu məsələlərlə
bağlı proyektlər işlənsin və ictimai sektorun təşkilatları
müəyyən işlər görsün”.
Məlumat
üçün deyək ki, Azərbaycanda “Uşaq Qaynar Xətti” fəaliyyət
göstərir. 2010-cu ilin fevral
ayında beynəlxalq təşkilatlar- “YUNİCEF, SAVE THE
CHİLDREN VƏ DÜNYAYA BAXIŞ” təşkilatlarının
birgə səyləri nəticəsində yaradılan bu xidmətin
əsas məqsədi problemlə üzləşmiş hər
bir uşağa psixoloji yardım göstərməkdir. Bundan
başqa, qaynar xətdə fəaliyyət göstərən
hüquqşünas problemlərlə bağlı uşaqlara
ödənişsiz hüquqi məsləhətlər verir.
Qaynar xəttin rəhbəri Cəmilə Tağıyeva
bildirdi ki, problemlərlə bağlı əsasən
uşaqlar özləri zəng vururlar, eyni zamanda valideynlərin
də övladlarının problemi barədə müraciətləri
olur: “Biz 2011-ci ilin yanvar ayından Bakı şəhəri
üzrə orta ümumtəhsil məktəblərində məlumatlandırma
kompaniyası aparmışıq. Kompaniya bu yaxınlarda bitib.
Məqsəd məktəbdə uşaqlara, valideynlərə,
müəllimlərə qaynar xəttin əsas məqsədini,
vəzifələri və fəaliyyəti barədə məlumat
çatdırmaqdır”.
C.Tağıyeva edilən zənglərin əsasən
hansı yöndə olduğuna da açıqlama verdi.
Bunlar ilk növbədə ailədaxili
problemlər, valideynlərlə ünsiyyət prosesində
çatışmazlıqlar, tənhalıq, şəxsiyyətlərarası
münasibətlər, şagird-müəllim problemi və.s-dir.
Elgün Mənsimov
Kaspi.- 2011.- 6-8 avqust.- S.4.