Nobel mükafatçısı Günter Qrass:
“Yazıçılar xortdandır”
Nobel
Mükafatı laureatı, alman yazıçısı
Günter Qrass eyni zamanda heykəltəraş, qrafik,
siyasi-ictimai-xadimdir.
O,
“Siçan və pişik”, “İt illəri”, “Qalxan
balığı”, “Siçovul”, “Mənim yüz ilim” və başqa
romanların müəllifidir.
“Frankfurter
Rundschau” qəzetinə müsahibəsində Qrass ədəbiyyatdan,
siyasətdən, qadınlara münasibətindən və
faşist ordusundakı xidmətindən danışıb.
- Qocalıqdan əziyyət çəkirsiz?
-
Şikayətlənə bilmərəm. Ayaqlarım üstdə
gəzə bilirəm. Yaşlı olmağın
üstünlüyü odur ki, əvvəllər yanından
ötüb keçən, önəm vermədiyin bir çox
şeyləri indi daha aydin dərk edirsən.
- Ona görə yaşlı adamlar
hər şeyi sonuncu an kimi yaşayır.
- Elədir
ki, var.
- Son nəticədə biz
hamımız ölməliyik. Bunu qorxunc saymırsız?
-
Yox, yox. Yəni əbədi həyat haqda bütün təsəvvürlər-
tibbi baxımdan təhlükəsiz ölümsüzlük
axtarışları dəhşətlidir. O halda dünya
qocalardan ibarət olardı. Siz bilirsiz ki, mənim tənqidçilər
tərəfindən kəskin tənqidlərə məruz
qalan “Siçovul” romanımdan bəri, digər kitablarımda
bu mövzu daha da genişləndi.
Əsər yer planetində insan cinsinin sonunu aydın
göstərdi. İnsanın mövcudluğu
ölçülüdür, o, yalnız ani qonaqdır. Biz
dünyada daha çox özümüzü məhv etməyə
hazırlaşmaq üçün yaşayırıq.
“YALNIZ BOZ RƏNGİN ÇALARLARI
VAR”
-
Artıq 1982-ci ildə siz pessimistcə bəyan etdiz ki,
insanlığın məhvi başladı.
- Bu
fikri Romada Feltrinelli mükafatının təqdimetmə mərasimində
səsləndirmişdim. Orda maraqlı bir hadisə baş
verdi. Birinci sırada
sayğı duyduğum İtaliya prezidenti Alessandro Pertini
oturmuşdu. Mənə kimi saysız çıxışlar
olmusdu və o yatmışdı. Sonra mən
danışdım. Katibi ona tərcümə
etdi, o birdən oyandı və məni qucaqladı.
- Vəzifəsi problemlərin həllini
təklif etməli olan siyasətçi sizin pessimizmi
bölüşərmi?
-
İstəmirəm ki, siz bunu pessimizm adlandırasınız.
İnsanlığın sonunu dərk etmək faktın dərkidir.
Əslində baş verənlər bizim
davranışımızın nəticəsidir. Texniki kəşflər baş verir, amma
biz yenə dominant ola bilmirik. Bir
az ədəblə, bir az zibil və kir içində, parlaq
olmayan bədənlə, heç nəsiz dünyanı tərk
edirik.
- Belə çıxır ki,
sonucda sənət də- kitablar, rəsmlər, heykəltaraşlıq
da zibildir?
- Mən
bunu demək istəmədim.
- Xilas nədədir?
-
Bunu bilmirəm.
- Amma sizin sevmədiyiniz Cozef Boysun
(alman rəssamı, postmodernist- S.S.) sənətlə
bağlı təmiz düşüncələri var.
- “Təmiz
düşüncə” nə deməkdir? Heç nə təmiz
deyil. Mən “İt illəri” romanımda bunu təsvir
etmişəm. Duz da təmiz deyil, qar da, hətta işıq
da. Ağ və qara yoxdur. Yalnız boz rəngin
çalarları var. Bu mənim məşğul olduğum
qrafika sənətinin sirrdir.
- Mən zavodda
materiallaşdırılan, artıq-urtuğu qalan
düçüncədən danışmıram.
-
Boys fikirlərini sənətlə məşğul olan hər
kəs üçün söyləyir. Amma istedadı olmayan
da sənətlə məşğul olmağa başladı və
ona görə də hər yerdə zibil tapmaq olar.
- Sizin utopiyanız varmı?
-
Yox. Mən artıq gələcəyə görə və
inkişaf edə biləcək bəzi şeylərə
görə dəli oluram.
“ƏDƏBİYYAT BÖHRANDAN
ÇİÇƏKLƏNİR”
-
Deyirsiz ki, ədəbiyyat böhrandan çiçiəklənir.
O, həyatın xarabalıqları arasında yaşayır.
Biz yazıçılar isə xortdanıq. İtirilmiş əmlak,
müharibənin paslanmış xatirələri üzərində
yaşayırıq. Bu isə o deməkdir ki, yazmaq
üçün mövzularımızı faciələrdə
tapırıq.
- Əgər siz fəlakətdən
danışdınızsa, o zaman, yeri gəlmişkən, mən
indi böyük fəryad və iqtisadi böhran haqda da
düşünürəm. İqtisadi böhran əsasən
sistemin böhranıdır və sosial nəticələri
qorxuncdur. Hər halda əminəm
ki, sənət belə vəziyyətlərdə öz niyyətini
güdür.
- Əslində
elədir.
-
Böhran bu gün yayğın olan, ön planda yalnız
öz şəxsi ruh halı dayanan eqo ədəbiyyatından
diqqəti yayındıracaq.
- Məgər
“yazıçılar şərdən – o sənəti
ruhlandırdığı üçün istifadə edirlər”
demək sinizm deyilmi?
- Niyə bu sinizm
olmalıdır ki? Əgər ədəbiyyat
şərdən nəsə
qoparırsa, bu artıq onun müsbət cəhətidir.
- Dünyanı qaydaya salmaq üçün sizin sənətin tezisinə ehtiyac olsaydı, onu qurban verərdiz.
- Heç zaman belə nəticəyə
gəlməmişəm ki,
dünya qaydada ola bilər. Bu ola bilməz.
- Çünki dünyadakı
nizam sizin yaradıcı planınıza
uyğun deyil.
- Birinci budur. İkincisi, bütün ideologiyalarda xoşbəxt
dünyanı əldə
etmək məqsədi
dəhşətə və
terrora bağlıdır.
Hər bir utopiyanın xoşbəxtliyə
məcburiyyət məqsədini
rədd edirəm. Daha çox Kantın fikri ilə razılaşıram
ki, “İnsan əyri ağacdır. Ondan birbaşa heç nə inşa etmək mümkün deyil. Əks halda o, məhv olar”.
“İNSANLAR VAKUUMDA ŞƏN
YAŞAYIR”
- Siz yaxşı dünya uğrunda mübarizə aparırsız. Amma inanmırsız ki, bu mümkün ola bilər.
- Bizim yaşadığımız
dünya xaosudr. Amma buna rəğmən
biz həvəslə yaşayırıq.
Mən həyatı sevirəm. Asiyada çox olmuşam. Müəyyən bir vaxt arvadımla Kəlküttədə
yaşadım. Orada insanların kasıblığını və
sıxıntısını gördüm. Amma onlarda yenə böyük həyat gücü vardı, onlardan nəsə öyrəndim.
- Nə?
- İnsan vakuumda şən, parlaq yaşayır. Belə vəziyyətdə çox
şey istəmək mümkün deyil. Mən daha yaxşı gerçəkləşən xaos
arzulayıram. Bir dəfə bunu demişdim. Siyasətçi
praqmatik kimi hərəkət etməlidir.
- Amma siz axı sənətkarsız?
- Bağışlayın, mən
eyni zamanda vətəndaşam.
Əgər mən
bir şeir yazıramsa, kompromissə getməyə ehtiyac yoxdur, amma ictimai
işlə məşğulamsa,
o zaman kompromissdə yaşayıram. Bu mənim
anladığım dərslərdən
biri oldu. Siyasi həyatımda qələbə
də və təbii ki, məğlubiyyət də
yaşamışam. Amma
fikrimdə qalıram ki, sosial-demokratiya, sosial fərqlilİyi, sinfi cəmiyyətdəki qızğnlığı
yüngülləşdirə bilən etibarlı təminatdır.
- Ən böyük siyasi uğurunuz hansıdır?
- Gerhard Schröderin mənim məsləhətimə qulaq
asaraq İraqdakı müharibədən uzaq dayanması. Və bir də qürur
duyuram ki, Villi Brandtın Almaniyanın uğurlu birləşməsinə
aparan siyasətinə
kömək edə bildim.
- Düşünrsüz
ki, onsuz Almaniya birləşə bilməzdi?
- Əlbəttə ki, yox. Helmut Kol o zaman taktikasını Brandtın siyasətinə
əsasən ağıllı
qurdu. Onda Brandt haqqında deyilən “qeyri-qanuni uşaq”, “kommunist”, “vətən satqını” kimi damğalara dözdü.
“ANAMI ALLAHIN YERİNƏ
QOYMUŞAM”
- Həyatınızda
ən böyük bədbəxtlik nə olub?
- Anamın ölümü. Onun 57 yaşı vardı və o xərçəngdən
öldü.
- Yazmışdız ki, ananızın dəfnində
ağlamadız. Yalnız
sonra.
- Mən hələ də ağlayıram. Amma etiraf edim ki,
mənim ağrım daha çox özümə olan sevgimə bağlıdır.
O, mənada ki, anama- onun mənə
bəslədiyi ümidləri
sübut edə bilmədim. Onun dəlisov arzusu məni sənətkar kimi görmək idi, amma bu
uğuru görmədi.
Ona göstərə biləcəyim yeganə şey zərif incə qız heykəli oldu. O heykəl Düsseldorfda oxuduğum Sənət Akademiyasındadır. Sonra
o öldü. O, demək
olar ki, romantik, xəyalpərəst
idi, atamdan fərqli olaraq mənə inanırdı.
- Sizin ana kompleksiniz var.
- Hə, elədir. Mən dini mənada inanclı insan deyiləm. Allahın yerinə anamı qoymuşam. Mənim məzarımda belə yazılacaq: “Burda ana kompleksi olan
Günter Grass yatır”.
- Siz cinsinizə nifrət edirsiz?
- Yox, amma kişilərin
hakimiyyətlə rəftarını
rədd edirəm. Mən feminist deyiləm. Qadınlar hakimiyyəti o zaman ələ keçirirlər ki, özlərini kişi kimi aparırlar. Biz hazırda şəxsiyyətlərin hakimiyyətinin reallaşdığı
dövrdə yaşayırıq.
Mən bunu hakimiyyətdən sui-istifadə
adlandırıram. Nəticədə
vətəndaşlar seçkilərə
həvəslə getmirlər.
“KARTOF İNSANLIĞIN TARİXİNDƏ
DAHA ƏLAMƏTDAR HADİSƏDİR”
- “Qalxan balığı” romanında dünyaya qadın nöqteyi-nəzərindən
baxmısız.
Daha çox qadın olmaq istərdiz?
- Belə deyil. Amma mənim kifayət qədər qadın tərəflərim
var və bu mənim kişi
gücümü reallasdırmağı
mümkünsüz edir.
Yeri gəlmişkən
“Qalxan balığı”
romanının əvvəlində
sual var ki, qida məhsulları
istehsal edilsə də, niyə dünyada aclıq artır. Mən qidalanmanın tarixinə qayıtdım və müəyyənləşdirdim
ki, istorioqrafiyada qadınların bu sahədə töhfəsi
olmayıb. Qadınların
sadəcə zərurətdən
yeni yeməklər icad etməsi yeni qidaların meydana gəlməsinə impuls verdi. Kartof
insanlığın tarixində
daha çox əlamətdar hadisə oldu, nəinki 7 illik müharibə.
- Amma indi bizim qadın-kanslerimiz
var.
- Elədir, amma təəssüf ki, yanlış partiyadadır.
- 2006-cı ildə
siz faşistlərin “Waffen SS” ordusu sıralarında olduğunuzu
etiraf etdiz. Əvvəllər bu haqda danışsaydız,
yəqin ki, Nobel ala bilməzdiz.
- Birinci dəfədir ki, bu haqda
eşidirəm. Mən
yalnız İsveç
Akademiyasının – Nobelin
verilməsinin belə
şeylərdən asılı
olmadığı haqda
rəsmi mövqeyini bilirəm. Mənimlə bağlı yazılan siyasi yazılara isə nəzarət edə bilmərəm. Mən bununla yaşamalıyam. Heç
vaxt bundan xəcalət və günah hissi duyduğumu inkar etməmişəm. Özümə
bəraət qazandırmıram.
Amma özümü cinayət törətməkdən
qorumuşam. İnsanlara
güllə atmamışam,
amma bu, xidmət deyil. Hər halda içimdə ömür
boyu daşıyacağım
xəcalət hissi və ağır yük qalıb.
- Şair Volfgang Koeppenə sual verəndə ki, “siz nə
vaxt xobəxt olmusuz”, o, “heç zaman” cavabını vermişdi.
- Yalnlz ani xoşbəxtlik
var, əgər sənə lazım olan zamanı yaxalaya, uğurlu heykəl, əsər yarada bilmisənsə. Daim davam edən
xoşbəxtlik yoxdur.
Həyatımda elə
an olub ki, intihar haqda düşünmüşəm,
onda cəbhədə
idim. 17 yaşımda qorxunun nə olduğunu bildim. Yaşıdım
olan istedadlı insanlar qısa müddətdə məhv
oldular. Ağrıya qarşı çox həssasam. Əgər mənə sağalmaz xəstəliklə bağlı
diqanoz qoysalar, onda məni sevən insanların naminə əzablarıma
son qoymağın yolunu
taparam.
Almancadan Sevda Sultanova çevirdi
ANN.Az
Kaspi.- 2011.- 6-8 avqust.- S.19.