Süd – Hekayə
1978-ci ildə Ankarada doğulub. İlk və
orta təhsilini Ankarada alıb.
1999-2004-cü illərdə Qırgızıstan Türkiyə
Manas Üniversitetində
təhsil alıb.
2006-cı ildə doktorluq
müdafiə edib. Təhsil illərində ədəbiyyat
dərgisi buraxıb.
Hekayələr yazır,
Türkiyədə çap
etdirir. Qırğız
ədəbiyyatından ədəbiyyat
nümunələrini rus,
türk dillərinə,
türk dilindən qırğız dilinə
çevirir. Türkcədən
başqa qırğız,
uyğur, rusca təmiz bilir. Bir sıra kitabların müəllifidir.
Bütün gecə vedrədən tökürmüş kimi
yağış yağmışdı. Günəşin ilk şüaları yaşıl
yarpaqların üzərindəki
gecədən qalma damlaları ustalıqla buxarlandırırdı.
Tozlu pərdələrin arasından süzülən işıq gözlərini qamaşdırdı. Dikəlib zəngli saatına baxdı. Saatın çalmasına hələ qalırdı. “Niyə erkən oyandım?” deyə düşündü. Yuxulu gözləriylə divar kağızları üzərindəki gül fiqurlarına baxdı. Elə bu vaxt hərdən səhərlər eşitdiyi “Moloko, molokoo…” səsi bayırda əks-səda verdi.
“Lənətdəmə yenə qışqırır” deyə söyləndi. Yuxusu qaçmışdı. Çarpayısını cırıldadaraq qalxdı, pəncərəyə yanaşıb çölə baxdı. Pəncərənin qabağındakı söyüd ağaclarının üstündə dələlər qırx illik sirk ustaları kimi ora-bura qaçışırdı.
Birdən ağacların arasından südsatan qadın göründü.
Yaşlı, donqarı çıxmış əynində xalata bənzər bir paltar, əlində bir yarım
litrlik koko-kola
şüşəsindən süd
qabı iti addımlarla binanın üçüncü giriş
qapısına doğru gedirdi.
“Yoxsa bütün
şəhərə o qadın satır südü?” deyə öz-özündən soruşdu. Xərifləmişdi.
İllər öncəni
xatırladı. Bu şəhərə gəldiyi
ilk günlər səhərlər dan yeri ağarar-ağarmaz
uzada-uzada “moloko”
qışqıran bir səs yuxusunu qaçırardı. O zaman
tərcüməsini anlamadığı bu
sözə heç bir
məna verə bilməmişdi. “Moloko
nə deməkdi?” Bir səhər dözə bilməyib hirslənərək
pijama ilə aşağı enmiş və səhərin
alaqaranlığında yuxusunu qaçıran
bu səsin sahibini
acılamaq fikrinə düşmüşdü.
Bir anda pijama ilə küçəyə
çıxdığını xatırlamış və geri dönmək istəmişdi. Elə bu zaman qonşusu
Anyanın xalatla
çıxdığını görmüş,
rahatlamış, “qadın xalatla
çıxırsa mən niyə pijama ilə
çıxmayım?” deyə düşünmüş
və zəhləsini tökən səsin sahibinə
acıqlanmaq üçün irəli
atılmışdı.
Gün kimi xatırlayırdı, bir az əvvəl gördüyü qadın sanki o qadın idi. Ona narahat olduğunu, səhər erkən burada qışqırmamasını əl və qol hərəkətləriylə izah etməyə çalışmış, qonşusu Anya onlara yaxınlaşanda türkcə bilirmiş kimi onunla türkcə danışmış, ancaq hər ikisinə heç nə izah edə bilməmişdi. Anya südsatan qadına nəsə demiş, “yəqin məni anladı və dərdimi ona izah edir” deyə düşünmüşdü. Ancaq sonrakı günlər də südsatan qadının sübh fəryadları heç azalmamış, bəlkə əksinə, artmışdı.
Gərnəşərək
ağacların üstündə oynaşan dələləri
seyr edirdi ki, həmin qadın təkrar peyda oldu. Pəncərənin
qarşısındakı giriş hissədə
yaşayan eynəkli qonşusuyla
nəsə danışmağa başladılar. Qadına diqqətlə
baxdı. “Görəsən odumu?” deyə
özü özündən təkrar soruşdu. Südsatan
qadının o zamanki
görkəmi təkrar gözünün
önünə gəldi. Gömgöy
gözləri, sarı saçları,
qırış-qırış alını, yetkinlik
yaşında bir cavanın təzə tərləməkdə
olan bığları kimi
bığları vardı. Əhəmiyyət vermədi. Duşa girdi…
“Vaxt nə tez keçir. Altı il olmuş artıq.” eşidiləcək bir səslə dedi. İsti suyu açdı. Su soyuq idi. Suyun istiləşməsini gözlədi, bu zaman baxışları kiçik aynaya sataşdı. Özünə baxdı, saçlarının hər keçən gün bir az da seyrəldiyini və yaxın bir vaxtda tamam keçəl olacağını düşündü. Keçəl halını xəyalında canlandırdı. Ürəkaçan deyildi. “Ah, yaşlılıq, ahh!..” deyə qışqırdı. Sonra susdu, səssizcə qulaq asdı. Şırıldayaraq axan və get-gedə istiləşməyə başlayan suyun səsindən başqa bir səs eşidilmirdi. Əlini suya toxundurdu, yaxşıydı. Üzünü yudu. İsti suyu bağlayıb soyuğu açdı. Soyuq suyla da yudu. Gah isti, gah soyuq suyla üzünü yudu. İlıq suyla peysərini sildi, sabunluğa baxdı, sabun ərimiş, namnazik qalmışdı. Üzünü qurulamadan çıxdı, mətbəxdəki rəfdən sabun götürmək istədi. Birdən burnuna qaz iyi gəldi. Yadına çay düşdü. Çaydana su doldurub qazın üstünə qoydu. Kibrit yox idi. Otağa keçib şalvarının cibindən alışqanını götürdü, gedib qazı yandırdı.
Mətbəxin pəncərəsindən təkrar
çölə baxdı. Qapını açıb balkona çıxmaq istədi. Gözəl bir torpaq qoxusu
üzünə vurdu. Balkonda
dərindən nəfəs aldı.
Bu məhəlləyə
yeni daşındığı üçün ətrafda
baş verən hər şey onu çəkirdi. Yaşadığı binanın qabağında bir ev inşaa
edilirdi. Üst qatda gecə vaxtı səs-küy salan bir qonşusu
vardı. Ev sahibindən üst
qonşusunun gömrükçü
olduğunu öyrənincə vəziyyəti
anlamışdı. Yan qonşusu
dünyadan əlini üzmüş
bir nənə idi.
Dörd-beş ay içində yalnız bir-iki dəfə onu görmüş və
salamlaşmışdı. Qarşı tərəfdə Burul xala
yaşayırdı. Qızı Darkan
Türkiyədə iqtisadiyyat doktoru olacaqdı. Alt qatda yaşlı bir adam kiçik nəvəsi
İqnat və qızı Aksana
ilə birlikdə yaşayırdı. Bunlardan
başqa kimsəni
tanımırdı.
Südçü
qadın binadan əlində mis bir sərnic (vedrə)
çıxdı. “Xanım əfəndi, nə
satırsınız?” deyə rusca soruşdu. Qadın sən karsanmı, səhərdən
bəri nə satdığımı eşitmədinmi mənasında
ona baxdı və “moloko”
dedi. Təzəmi deyə soruşdu,
bəli, cavabını aldı. Onu maraq götürmüşdü.
Görəsən bu qadın o altı il əvvəl gördüyü qadın idimi?
“İki litr ala bilərəmmi?” dedi.
Qadın bəli mənasında başını tərpədib
iti addımlarla irəlidə dayanan əllinci illərdən qalma
açıq qəhvəyi rəngli “Moskviç”
markalı maşına doğru getdi. Bir azdan
əlində bir şüşə qab balkonun altında göründü. “Sizmi enirsiniz, mənmi çıxım?” deyə soruşdu. “Yaxşı, mən enərəm” dedi. Otağa dönüb tez-tələsik göy
idman paltarını geyindi,
dişlərini fırçaladı, başmaqla
çıxdı çölə. Qadın onu
gözləyirdi. Gələ-gələ qadını diqqətlə
süzdü. “Siz haçandan süd
satırsınız” deyə soruşdu.
Qadın bir az duruxub “bilmirəm, çoxdandı…” dedi.
-
Yaxşı, əvvəllər südü hansı məhəllədə
satırdınız?
- Çox məhəllədə satmışam.
- Panfilova məhəlləsində satmısınızmı?
- Bəli.
- Yaxşı, indi də satırsınızmı?
- Yox, artıq o tərəflərdə qızım satır.
- Yaxşı, siz beş-altı il əvvəl Panfilova məhəlləsində süd satırdınızmı?
Qadın bir az fikirləşdi.
- Bəli, – dedi.
Səbri tükənmişdi. “Bəli, bəli. Yanılmamışam, bu qadın o qadındı”, deyə düşündü. Qəlbində təsadüfən köhnə bir dostuna rast gəlmiş kimi qəribə bir məsudluq vardı. Ürəyi yüngülləşdi. Qadın çaşmış halda ona baxırdı. Daha gözləmədi və “süd alacaqsınızmı?” deyə soruşdu.
- Hə, bəli. Neçəyədi?
- 30 qəpik.
- Bir dəqiqə…
Səbrlə orasını-burasını
yoxladı. Üstündə pul yox idi. “Bağışlayın,
indi pulunu gətirəcəyəm”
deyərək iti addımlarla yuxarı
çıxdı. Evə girdi.
Şalvarının cibindən pulu
götürərkən yaddaşının çox
iti olduğunu düşündü. İçində “budu, altı il əvvəl
gördüyüm o
qadını xatırladım”, dedi. Birdən o ilk
günlər təkrar yadına düşdü.
Təyyarədən endikdən sonra aeroportun üzərində böyük
hərflərlə “MAHAC” yazısını görəndə
Yahya Kemalı xatırlamışdı. Gəldiyi
yer ata yurdu
Qırğızıstan idi. Ancaq bu Mahac
nə deyən sözdü? Mohaç düzənliyimi?!
Duruxdu,
masanın üstündəki siqaret qutusundan bir siqaret
götürüb yandırdı, kresloya oturdu. Aeroportdan
çıxanda onları bir avtobusa mindirmişdilər. Özü
kimi yetmişə yaxın şagirdlə
birlikdə eyni avtobusda
Tanrı dağları ətəklərində, kənarları
qovaq ağaclarıyla əhatəli uzun yolla irəlilədiklərini
xatırladı. Bir qədərdən sonra şəhərə gəldilər, qəribə
bir binanın qarşısında dayandılar.
Aşağı düşəndə çaşqın nəzərlərlə
onlara baxan
qırğızları görmüşdü.
Bəli, qardaşlarımız qırğızlar bunlar ola gərək, deyə
düşünmüş, həyəcanı
get-gedə artmışdı…
Siqaretindən bir qüllab aldı, kresloda gərildi. Hamamdan su səsi gəlirdi, birdən suyu açıq qoyduğunu xatırladı
və qaçaraq gedib suyu bağladı.
Gözü sabunluğa sataşdı.
Nazik sabunu gördü və bir az əvvəl mətbəxə
sabun dalınca getdiyini, orada qaza çay suyu qoyduğunu, kibrit tapa bilməyəndə
otağa dönərək
alışqanı götürüb
qazı yandırdığını,
balkona çıxdığını…
“İlahi! Qadın aşağıda
gözləyir axı!..” deyə qışqırdı.
Dərhal şalvarının cibindən pul götürdü və qaçaraq aşağı
endi. Kimsə yox idi.
Sağa baxdı, sola baxdı, kimsəni görə bilmədi. Çağırmaq istədi, vaz
keçdi. Evə dönüb
qadını görə
bilmək ümidiylə
balkona çıxdı.
Bir azdan boş yerə gözlədiyini düşünüb mətbəxə
keçdi, su qaynamışdı. Qazı bağladı,
bir sabun götürüb duşa girdi. Yuyundu, mətbəxə keçib çay dəmlədi, otağa qayıtdı. Süd
ala bilmədiyinə görə
kədərlənsə də
düz altı il əvvəl
gördüyü bir adamı tanıdığına
görə məmnun idi. Yaddaşının itiliyini düşünərək
ağaclarda oynaşan
dələlərə baxmağa
başladı…
Xalid Aşlar
Türkcədən çevirən: Eyvaz
Zeynalov
Kaspi.- 2011.- 13-15 avqust.- S.18.