Ədəbiyyatımızda bütöv şəxsiyyətli yazarlar azdı 

 

Xan Rəsuloğlu: «…yazıçının şəxsiyyəti bütöv olmalıdır, əgər parça-parça olsa, o heç vaxt dünyaya çıxa bilməz»

 

Yaxın günlərdə, hərbi xidmətdən qayıdandan sonra başımdakı gəzib-dolaşmaq havasına aludə olub Sumqayıta gəzməyə getmişdim. Yorulandan sonra adətimə xilaf çıxmayıb yazar və tərcüməçi Xan Rəsuloğlunun kitab mağazasına yollandım, yeni kitablar aldım, 5-6 kitab da Xan hədiyyə elədi. Kitabların sayı və axtardığını rahatca tapmaq baxımından zənginliyinə görə seçilən mağazada X.Rəsuloğludan müsahibə aldım. Xeyli vaxtdır ki, ədəbi mühitə kənardan göz qoyan X.Rəsuloğlunun fikirlərinin qəzetimizin oxucuları üçün maraqlı olacağı zənnindəyik.

 

- Xan Rəsuloğlu olaraq bəzi Azərbaycan yazıçılarının bədbəxtliyini nədə görürsünüz?

- Həqiqəti deyə bilməməkdə. Həqiqətin ətrafında dövrə vurmaqda. Onsuz da həqiqəti demək hələm-hələm adama qismət olmur. O ki, qaldı niyə dünyaya çıxa bilmirik, çünki yazıçının şəxsiyyəti bütöv olmalıdır, əgər parça-parça olsa, o heç vaxt dünyaya çıxa bilməz. Ədəbiyyatımızda bütöv şəxsiyyətli yazarlar azdı. Məsələn, Rüstəm İbrahimbəyov. O Azərbaycan ədəbi mühitində çox sevilməsə də, amma o peşəkar yazıçı, dramaturq və ssenarist kimi dünyada tanınır. Amma bütün yazıçılarda bu belə deyil. Bu gün ruscanı yaxşı bilən yazıçılarımız da azdı. Mənə çox ləzzət eləyir ki, cavan bir oğlan Raqif Raufoğlu götürüb Barak Obamanın əsərini cəsarətlə tərcümə elədi. Amma yaşlı nəsildən umacağım yoxdur, çünki onların daha yüksələcəyinə inanmıram. Çoxunda hansısa yaxşı məziyyət tapmaq olar, amma dünya ədəbiyyatı klassikləri səviyyəsində yazıçılarımızı görmürəm. Məsələn, Çingiz Abdullayev öz işində ustadı, onun elə “Əsrin əvvəlində sui-qəsd” əsəri hara, başqa yüngül əsərləri hara. Yəni Ç.Abdullayev istəsə ciddi ədəbiyyat nümunələri yarada bilər, sadəcə əsərlərini bazara hesablayır. Yaxud Anarı desəniz, nə qədər də Azərbaycan səviyyəsində sayılıb-seçilən yazıçı kimi görsəniz də, mən onu dünya yazarları səviyyəsində bir yazıçı kimi görmürəm. Yaxud Əkrəm Əylisli, özünə görə yaxşı yazıçıdır, amma o da Azərbaycan məhəlli sularda üzən yazardı. Sovet dövründə imkanlar geniş idi. Amma dünyaya çıxa bilmədilər. Elif Şafakın “Eşq” romanı niyə dünya ədəbiyyatı nümunəsi kimi oxundu, tərcümə olundu, çünki onun dünyaya deyəsi mətləbləri vardı. Amma bizim yazıçıların dünyaya deyiləsi sözü yoxdur. Məsələn, avstraliyalı, ingilis mənim yazdıqlarımı niyə oxumalıdı, əgər mənim ona deyiləsi sözüm yoxdursa?!

- Siz Elif Şafakın “Eşq” romanının adını çəkdiniz. Məsələn, Orxan Pamuk “Qara Kitab” adlı kitabında, son dövrlərdə dünyaya səs salan Sinan Yağmurun “Eşqin göz yaşları: Şəms Təbrizi” yaxud digər türk yazarlarının əsərlərində mövləviliyə, sufiliyə, irfana qayıdış var. Amma bizim ədəbiyyatımızda bu cəhət hiss olunmur. Sizcə bunun səbəbi nədədir?

- Azərbaycan dibçəkdən çıxardılmış güldür. Güldandan gülü necə çıxardırlar? Köklü-köməcli. Biz öz kökümüzdən uzaqlaşmışıq. Yenidən kökümüzü möhkəmləndirməliyik ki, əvvəlki sufi, irfan ovqatına, mərtəbəsinə qayıdaq və o yöndə nəsə yazaq. Bir vaxtlar dindar adamları cəmiyyətdən çıxdaş eləmişdilər, indi isə ateistləri gözüm-çıxdıya salırlar. Əslində belə olmamalıdır. Mənim təsəvvürümdə din birdir. Müxtəlif dinlər isə ayrı-ayrı təlimlərin rituallarıdır. Bizim milləti kökündən çıxardıb atmışdılar, Azərbaycan ictimai və bədii həyatında təsəvvüf gözə çarpmayacaq dərəcədədir. Düzdü qanımızda var. Kim deyə bilər ki, bu gün Azərbaycanda dünyaya dərs verəcək təsəvvüf ustalarımız var? Mən belə bir adam tanımıram. Bilənimiz ola bilər ha, Rumidən, İbn Ərəbidən ümumiləşdirib danışa bilərlər, amma öz qənaətləri olan bir adam görmürəm. Nəyə görə? Çünki o düşüncədən uzaq düşmüşük.

Təlimlər bizə hazır bilgilər vermək üçün deyil. Belə deyək da, bütün dinlər bizi xoşbəxt eləmək üçün yaradılıb, amma əslində xoşbəxtlik bizim öz içimizdədir. Dünya duyumunu isə bizdə həmin təlimlər, təsəvvüf və digərləri oyatmalıdır. Deyirlər ki, quyuya su tökməklə quyu sulu olmaz. Bizim özümüzdə olmalıdır ki, biz sintez eləyib nəsə yarada bilək. Sufizim baxmayaraq ki, bizim ədəbiyyatımızda olub, amma bizə sanki indi kənardan gəlir. Mən özümü Azərbaycan ziyalısı hesab edirəm, amma mən öz ədəbi üzümü, intellektual yönümümü çevirmişdim Çinə, Hindistana, indi İslama yenidən qayıdıram. Qəribəsi də odur ki, mən Çində Hindistanda gördüyümü İslamın özündə də görürəm. İslamda nə qədər müqəddəslik görürəmsə, digər təmayüllərdə də o dərəcədə müqəddəslik var. Enerjinin itməməyi qanununu mən burda da görürəm.

Bizim gənclərimiz də əsərlər yazırlar, məsələn, Seymur Baycanı, Əli Əkbəri deyək. Gəlin maraq üçün Əli Vəliyevin, Bayram Bayramovun, Seyran Səxavətin və yaxud bu gün bəyənmədiyimiz 60-cıların da yazı dilini, əsərlərin məna-məğzini ortaya qoyaq, indikilərin də. Görəcəksiniz ki, indikilər uduzur. Ola bilsin informativlik, yenilik, şou elementləri, baxımından bir az udurlar. Amma məziyyət, ideya cəhətdən yox. İndiki yazarların ataları kimlər olub 50-60-cı illərdə doğulan, oxuyan adamlar. Onlar da kimlərdir, sovet dövrünün adamları. Yəni 20 ildir müstəqil olsaq da, biz hələ öz dinimizə tam yaxınlaşa bilməmişik.

- Sizcə, nəyə görə bizim yazarlarımıza bir-iki istisnaları çıxmaq şərti ilə rus ədəbiyyatının “Qızıl dövr”ünün yazıçıları az, amma “Gümüş dövrü”nün şairləri isə birbaşa bizim 60-70-ci illərin şairlərinə çox təsir elədi?

- Çünki “Gümüş dövr”ünün yazarları ilə birbaşa bizimkilərin əlaqələri vardı, çünki bizim ziyalılarımızdan Rusiyada olanlar çox idi. Peterburqda, Moskvada oxuyub gələnlər və rus dilini bilənlər çox idi. Canlı əlaqələr vardı. Rus şairlərinin şöhrətinin aludəçiliyinə düşən şairlərimiz də var idi. “Aşıq gördüyün çağırar” misalı kimi.

“Qızıl dövrü” yazarları daha çox Avropaya üz tutmuşdu. Gümüş dövründəsə əksinə idi. Bunun da öz növbəsində təsirləri böyük idi. Baxmayaraq ki, Puşkindən, Lermontovdan oxuyub dərs alsam da, son dövrlər dönə-dönə oxuduğum şairlər, gümüş dövrünün şairləridir.

- İndi Xan Rəsuloğlu özünün hansı mərtəbəsindədir?

- İndi mən ədəbiyyatı yaşayıram. Yazdıqlarımı yaşayıram, yaza-yaza da yaşayıram. Bundan belə mən çap olunmaq və s bu kimi həvəslərdən, arzulardan uzağam. Ədəbiyyatı ancaq başqaları üçün yazmaq lazımdı, özün üçünsə ədəbiyyatı yaşamalısan. Bir-iki kitabla ortalığa atılanlardan da deyiləm. Sıxıb-sıxıb nəhayətdə qızıl xırdalamağın tərəfdarıyam. Məsələn, Ramiz Rövşənin “Nəfəs” kitabı kimi.

- Bu kitab mağazasının bu günü və keçmişi, burdakı fəaliyyətiniz barədə danışaq bir az.

- Mən 20 ildir kitab mağazasında çalışıram. Dolanışığımda öz yerində. Əslində bu iş mənim müəllimlik sənətimin davamıdır. Nəyə görə? Gəlib gedən oxucularımın nə istədiyini bilirəm, onları öyrənirəm, bəzən elə olur ki, onlara sual verirəm və bir də çalışıram ki, onları yönəldim. Onsuz da istəsək də, istəməsək də hərə öz zövqünə görə yaşayacaq. 50.000-60.000 kitab oxumuşam. Həmin kitabların 40.000-ni oxumasaydım heç nə itirməzdim. O 20.000 kitabdan da oxunmalı kitablar vardı. Uşaq vaxtı məni yönəldən olmayıb. Bizim xalq uşaqları elimlə yükləməkdən qorxur, amma qorxmaq lazım deyil, yönəltmək və yükləmək lazımdır. Əgər bu gün mənim bu mağazamda kimsə əlini atıb mənasız bir kitabı oxumaq istəyirsə, deyirəm ki, qardaş vaxtın bu qədər çoxdur sənin? İnsan əbədi ömür yaşamır ki. Ona görə də uşaqlar dəstə-dəstə gəlirlər yanıma, bəzən mübahisə etmək üçün gəlirlər. Sumqayıtda kitab oxuyan hamı buranı tanıyır. Azərbaycanda elə bir kitab mağazası yoxdur ki, satıcı orda sənə ədəbiyyatdan dərs verə bilsin. Mənim satıcı magiyama görə kitaba baxmaq istəyənlər də, bu mağazaya girəndə kitab alır. Adi bir misal deyim: bir tələbə vardı, bura gəlib-gedirdi. İndi Türkiyədə təhsil alır. Onu mən yönləndirdim ki, iqtisadçı ol, ədəbiyyat hər adama çörək vermir. Məsləhətimə qulaq asdı, yaxşı da oldu.

- Kitab satıcısı kimi naşirlərə ismarıcınız, onlardan sözün yaxşı mənasında umacağınız nədir?

- Naşirlərdən umacağım kitabların qiymətini bir az aşağı salsınlar, iki-üç qat qazanmaq  haqda düşünməsinlər, belə bir aforizmdə var ki, “kitab oxuyanların 90 faizi kasıblardır”. Belə bir paradoks yaradan cümlə deyim. Ona görə kasıbdırlar ki, kitab oxuyurlar. Ən azından “Qanun” nəşriyyatından umacağım var ki, qiyməti aşağı salsalar yaxşı olar. Məsələn, tirajı 500 olan kitabın qiyməti aşağı olsa həmin kitabı 500 yox, 5000 tirajla satarsan. İndi tərcümə olunan əsərlər yaxşı alınır, şəxsən mən oxuculara kitab çatdıra bilmirəm, köhnə əlifbayla doludur, hətta sovet dövrünün kitablarını bəzən paylayıram da. Hətta mən burda tapılmayan, azlığı problem yaradan kitabları kirayə verirəm.

Bir də naşirlər bədii ədəbiyyatla yanaşı, intellektual ədəbiyyatın çapına da fikir versə yaxşı olar. Bu gün türkcədən əsərləri sürətli şəkildə tərcümə edirlər, amma eyni işi Çin və Hindistan ədəbiyyatı ilə bağlı görənlər yoxdur. O ədəbiyyat heç də kiçik ədəbiyyat deyil. Herman Hessenin “Siddihartha” povestinin tərcümə edildiyini görüb sevindim. Cems Coysun kitablarından tərcümələr eləyiblər. İndi oğul istəyirəm ki, “Ulisi” tərcümə eləsin. O qədər dərin dili olan bir əsərdir ki, hətta super peşəkar adam da olsa, onun tərcüməsinə qorxa-qorxa girişməlidir.

- İndi tərcümə olunan əsərlərin səviyyəsindən razısız?

- İndiki tərcümələrin səviyyəsindən razı deyiləm. Bunun da günahını tərcüməçilərdə görmürəm. İşlək vəziyyətdə olan mərkəz olmalıdır, nəşriyyatlarda əsərlər müxtəlif redaksiyalardan, peşəkarların əlindən keçməlidir. Bu işin sistemsizliyində AYB, AYO və Tərcümə Mərkəzindən narazıyam. Bu gün Ç.Abdullayevin əsərlərini kütləvi şəkildə tərcümə edirlər, amma çox pis tərcümə edirlər.

Dünya ədəbiyyatından tərcümə olunan müəlliflərin isə seçimi çox yaxşıdır. Xüsusən gənc tərcüməçilərin seçimi mənə xoş gəlir. Murakamidən Orxan Pamuka qədər müxtəlif say-seçmə imzaları tərcümə edirlər. Yaxşıdır ki, gənclər sürətlə və qorxmadan çalışırlar, indi o əsr deyil ki, yazasan, yaxud da tərcümə edəsən və gördüyün işi 10 ildən sonra çapa verəsən. Əsr sürət əsridir.

- Ən çox oxuduğunuz, sevdiyiniz, təkrarən müraciət etdiyiniz kitablar və müəlliflər hansılardır?

- Burda dəqiq sıralanma vermək çətindir. Rusiyada yaşadığım müddətdə “Sürətli oxu kursu”na getmişəm. Elə gecə olub ki, bir gecəyə 15-20 kitab da oxumuşam. Elə kitabda var ki, 100 səhifədir, amma 20 ildən çoxdur oxuyuram. Mənim üçün bütün kitabların kitabı Suzikinin “Zen buddizminin əsasları” kitabıdır, o kitabı oxuyandan sonra yazmışam ki, “mən dünyaya təzədən gəldim”. O kitabı bir aya oxumuşam. Hətta sizə bir cümlədə deyim. Kitabı oxumazlar kitabın üstündə işləyərlər, o kitabı ki, oxuyursan o kitabı apar tulla, kitabı sadəcə oxuyursansa, deməli, vaxt öldürmək üçün oxuyursan. O kitab ki, sənin həyatını dəyişməyəcək, yeni bir yol üçün stimul verməyəcək, deməli, o kitab deyil. Qəribədir ki, Dostoyevski mənim çox sevdiyim yazıçı deyil, baxmayaraq ki, bütün əsərlərini oxumuşam. Tolstoyunsa gündəliklərini bu gün də oxuyuram. Dostoyevskinin əsərlərini sevməsəm də Leonid Qrosmanın “Dostoyevsknin həyatı” kitabını çox bəyənirəm. O kitabı iki dəfə oxumuşam, üçüncü dəfə oxumağa hazırlaşıram. Amerika ədəbiyyatından Emersonun əsərlərini. Dünya Frans Kafkanı oxuyur, lakin mən Kafkanın yaradıcılığını sevmirəm. İnsanın zövqü həm də onun xarakteridir. Kafka zəif xarakterli insanların xasiyyətinə uyğun gəlir. Kafka insanı kiçildir, sanki insan barmaqla əzilə bilən varlıqdır. Amma mən insanı böyüdən, gücləndirən əsərləri sevirəm. Alber Kamyununsa əsərlərini çox xoşlayıram. Kobe Abenin əsərləri şedevirdir, onu qram-qram oxumaq lazımdı. Ves  Nisgerin “Sərsamanə Müdriklik”, Oşonun “Usta”, Stefan Sveyqinin əsərlərini, Eksüzperinin “Kiçik Şahzadə”sini, Aqutaqavanın hekayələrini, Çin ədəbiyyatından Lao Şenin kitablarını çox xoşlayıram. Markesin “Patriaxın payızı” mənim üçün şedevirdir. Aqust Raubastosun “Mən Aliyəm”, Kuba yazıçısı Alixo Korpontiyerin “Senyor Prezident” əsərini çox sevirəm, qəribədir ki, bu əsərlər hamısı diktatorlar barədədir.

Joze Saramaqonun “İsanın İncili” əsərini çox xoşlayıram, şükür ki, 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasında bu əsər çap olundu. Floberin əsərlərini sevmirəm, amma onun müsahibələri əsl sənət əsəridir. Bütün dünya ədəbiyyatında ən çox eksperiment aparan yazarlar, fransızlardır. Fransız yazıçısı Mişel Biton var ki, ölkəmizdə çox da tanınmır, amma çox dəhşətli əsərlər yazıb. Tofiq Abdin sağ olsun ki, mənim çox sevdiyim türk şairlərinin şeirlərini kitab şəklində çap etdirdi. Türk şairlərinin kitablarını tərcümə eləmək lazımdı. Türk şeiri sərvətdir.

                                                                                                              

 

Söhbətləşdi: Fərid Hüseyn 

 

Kaspi.- 2011.-20-22 avqust.- S.19.