“Hələ ki, Bakıda tamaşa oynamaq üçün imkanımız yoxdur 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə şəhərlərində uğurlu qastrol proqrammı ilə çıxış edib

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu günlərdə Türkiyəyə qastrol səfərindən qayıdıb. Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunan səfər Mədəniyyət və Turizm Nazirliyinin layihəsi çərçivəsində reallaşıb. Belə ki, kollektiv Türkiyə Cümhuriyyətinin Qars, Ankara, İstanbul, Manisa, Muğla, Quşadası Kültür və Həmrəylik Dərnəklərinin birgə dəvəti və Manisa Azərbaycan Kültür Həmrəylik başqanı Seyfəddin Ayakyayın təşkilatçılığı ilə baş tutub. Kollektiv layihə çərçivəsində Aqşin BabayevinXilaskar” və türk yazıçısı Zehni Papakçının «Soyqırımı abidəsinin dastanı» əsərləri əsasında hazırlanan tamaşaları təqdim edib.

Teatrın direktoru İftixar Piriyev redaksiyamızda olarkən səfər təəssüratlarını «Kaspi»yə bölüşüb.

Türklərin coşqusu

- Türkiyəyə səfərimiz ulu öndər Heydər Əliyevin büstünün ziyarəti və əklilqoyma mərasimi ilə başlandı. Sonra Qars, İstanbul, Manisa, AnkaraMuğla, Quşadası  şəhərlərində səhnəyə çıxdıq. Manisa şəhərində oynadığımız tamaşanın özəlliyi vardı. Bilirsiniz ki, Türkiyənin Van bölgəsində zəlzələ baş verib və fəlakət nəticəsində teatr binalarından biri çöküb. Bizim təklifimizlə Manisada oynanılan tamaşalara biletlər satıldı. Planımıza görə əldə olunan gəlir bizim teatrın və Manisanın rəhbərliyi ilə birgə Van şəhərinin valiliyinə təqdim edilməli idi. Ancaq orada yenidən zəlzələnin baş verməsi və uçqunların yaranması haqqında məlumat aldıq. Uçqunlar nəticəsində yollar bağlanmışdı. Amma kollektiv təkidlə ora getməyi arzu etsə də yolların bağlanması bizə mane oldu. Nəticədə vəsait İrəvan Teatrı adından köçürmə yolu ilə həyata keçirildi. Kültür dərnəkləri tamaşaları oynadığımız bütün şəhərlərdə çox böyük salonları kirayə etmişdilər. “Xilaskar” tamaşasını oynayarkən demək olar ki, bütün zallar dolu idi. Hətta, insanlar ayaq üstə qalırdılar. Orada yaşayan azərbaycanlılarla yanaşı, türklər üçün də tamaşanın mahiyyətindən irəli gələn və Qərbi Azərbaycanı özündə ehtiva edən İrəvan Teatrının obrazı çox vacib məsələ idi. Ulu öndərin səhnəyə gəlişindən, çıxışlarından, tamaşa boyu 90-cı illərin siyasi həyatını əhatə edən səhnələr, müstəqil dövlətimizi hansı çətinliklərlə qurması, «Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, azərbaycanlıyam» - deməsindən sonra salonda böyük coşqu yaranırdı. Tamaşadakı səhnələr həqiqətən zaldakı adamları vəcdə gətirirdi. Bu, qürurverici hadisə idi. Ulu öndərin obrazını oynadığım üçün bu, mənə daha çox qürur verirdi. Türk xalqının öz ölkəmizə, ulu öndərə qarşı böyük sevgisini gördükdə hamımız sevinc hissləri keçirirdik.

 

- Siz Türkiyədə olarkən televiziyaların xəbər proqramlarında «Soyqırımı abidəsinin dastanı» tamaşasının da eyni coşqu  ilə qarşılaması haqqında informasiyalar verildi.

- Bu əsəri ermənilərin tarix boyu türklərə və azərbaycanlılara qarşı törətdiyi soyqırım xronikal ardıcıllıqla təqdim olunur. Əsərdə milli qəhrəmanımız Mübariz İbrahimovun döyüş səhnəsi, onun cəsədinin cənab prezidentin köməyi ilə ölkəyə gətirilməsi və s. səhnələr var. Tamaşada həmçinin cənab prezidentin səsi ilə «Biz hamımız Vətən yolunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun» fikirləri səslənəndən sonra zal alqışlarla ayağa qalxırdı. Aktyorlar «Qalx ayağa, Azərbaycan» - deyə şeirlə müraciət edəndə bu sözlər bir marşa çevrilirdi. Zaldakı tamaşaçılar da bu marşa qoşulub alqışlayırdılar. Tamaşalarımızda Azərbaycanın həmin şəhərlərdəki konsulları da iştirak edirdi. Hər tamaşanın sonunda da uğurlu ifaya görə kollektivə ödüllər təqdim olunurdu. Hamı bu səfərin təkcə mədəni səfər deyil, eyni zamanda, Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında təşkilatlanmanın, diasporun möhkəmlənməsinə xidmət kimi dəyərləndirirdilər. Tamaşalardan sonra demək olar ki, zala toplaşanların hamısının dilindən «Azərbaycanı görmək istəyirəm» sözlərini eşitdik. Bu səfər İrəvan Teatrının tarixində möhtəşəm bir salnaməyə çevrildi.

Səhnə axtarışı

- İrəvan Teatrının 130 illiyini hansı tədbirlərlə qeyd etdiniz?

- Mövsümün açılışını oktyabr ayında Rus Dram Teatrının səhnəsində Jan Batist Molyerin «Məcburən doktor» əsəri ilə açdıq. Biz açılışı bayram əhval-ruhiyyəsi ilə qeyd etdik. Tədbir nazirliyin göndərişi ilə Türkiyədə davam etdi. Hazırda dövlətçiliyimizin tarixini əhatə edən və müəllifi olduğum «İşıqlı, nurlu sabah»ın məşqlərini aparırıq. Beyləqan İcra Hakimiyyətinin rəhbəri İrşad Əliyev rayonda açıq havada maraqlı bir muzey yaradıb. İlk dövlətçilik tariximizdən üzü bəri bugünkü dövlətçilik tariximizə qədər dövrü əhatə edən daş kitabələrdən ibarət muzey böyük maraq doğurur. İcra başçısı məni dəvət edərək həmin muzey haqqında tamaşa hazırlanması arzusunı bildirdi. Mənim «İşıqlı, nurlu sabah» mənzum pyesim ulu öndərə həsr etdiyim «Müstəqil vətənin memarı» poemamdan doğdu. Əsər tarixi keçmişimizdən başlayaraq bu günümüzə - işıqlı sabaha qədər bütün hadisələri əks etdirir. Nurlu sabahın necə yaranmasını teatrın dili ilə ifadə edirik. Tamaşa yekunlaşma ərəfəsindədir. İnşallah dekabrın ayında Beyləqanda açıq havada tamaşanın premyerasını keçirəcəyik.

- Sizin Bakıda tamaşalarınıza bilet alıb gələn tamaşaçılar varmı?

- Çox təəssüflə bildirirəm ki, hələ ki,  Bakıda tamaşa oynamaq üçün imkanımız yoxdur. Bilirsiniz ki, cənab prezidentin göstərişi ilə bizə Binəqədi rayonunda Neft Şirkətinin balansında olan Rəsulzadə adına mədəniyyət sarayını bizim ixtiyarımıza veriblər. Sarayın tavanı demək olar ki, yağışlardan yararsız hala düşüb. Orada tamaşa oynamaq mümkün deyil. Sadəcə, mən öz daxili imkanlarımız hesabına sarayın foyesində kiçik bir səhnə yaratmışam. Biz orada yalnız məşqləri edə bilirik. Tamaşaları oynamaq üçün isə yer axtarmaq lazım gəlir. Arada Teatr Xadimləri İttifaqının səhnəsində bir neçə tamaşa oynadıq. Ancaq hazırda  Muskomediya” təmirdədir. Mahnı Teatrı və «Azdrama» təmirdən təzəcə çıxıb. Açığı desəm, yeni təmirdən çıxan binalarda bizimtamaşa göstərmək istəyində olmağımız bir qədər düzgün alınmır. Biz bu meyarları da qoruyub saxlayırıq. Gənc Tamaşaçılar Teatrının da prinsipi elədir ki, o səhnəyə daxil olmaq mümkün deyil. Hələlik dürüm bu cürdür. 

Təklifimizə cavab gözləyirik... 

- Siz qaçqın teatrlarının festivalının keçirilməsi ilə bağlı təklif irəli sürmüşdünüz. Müraciətinizə hər hansı reaksiya oldumu?

- 3 il bundan əvvəl və hər il bir dəfə yada salmaq şərti ilə belə bir layihənin həyata keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə məktubla müraciət etdim. Dünyada bir neçə qaçqın teatrı var. Bu, həm torpaqlarını itirmiş ölkələrə olan qəsdin acınacaqlı göstəricisi, həm də mədəniyyət abidələrinin soyqırımına məruz qalmasıdır. Bu mənada Bakıda nazirliyin layihəsi kimi qaçqın teatrlarının beynəlxalq festivalını keçirməyi təklifini etdim. İrəvan Teatrında «Körpü» adlı əsərim əsasında  tamaşa hazırlamışdıq. Beynəlxalq  layihəyə Tbilisi Azərbaycan Dövlət Dram Teatrından və Dərbənd ləzgi teatrından, o cümlədən, Bakıdakı teatrların hər birindən 1-2 aktyor dəvət etmişdim. Tamaşanın premyerasını Bakıda və Gürcüstanda oynadıq. Qaçqın teatrlarının layihəsi ilə bağlı isə bu layihə nazirlik tərəfindən həyata keçirilməli, beynəlxalq ekspertlər dəvət olunmalı, müzakirələr aparılmalı, qaçqın teatrlarının qaçqınlıq məzmunu haqqında dünyaya bildiriş verilməlidir. Festival ərəfəsində bu məzmunda seminarların keçirilməsi də layihəyə daxildir. Burada məqsəd hansısa teatrın uğurlu tamaşa göstərməsi və mükafat alması yox, dünyaya qaçqınlıq problemini teatr dili ilə ifadə etməkdir. Azərbaycanda festivallar keçirilir. Görünür, bu layihəni də mükəmməl işləmək lazımdır. Təkcə Mədəniyyət və Turizm Nazirliyi deyil, Teatr Xadimləri İttifaqı və Mədəniyyət və İncəsənət Universitetibu layihəyə cəlb olunmalıdır. Çünki biz ermənilərlə təkcə Qarabağın yox, həm də onların bizə mənəvi müharibəsinin savaşındayıq.

Biz bu önəmli layihə ilə bağlı təklifimizə cavab gözləyirik... 

 

Təranə Məhərrəmova 

Kaspi.-2011.-1 dekabr.- S.11.