Soykökü türk, nəsil şəcərəsi Qaraqoyunlu - 

general Məhəmməd Əsədov haqqında

 

       1991-ci ilin faciəvi 20 noyabr tarixindən təzəcə 20 il keçib. Həmin gün Azərbaycanın bir qrup say-seçmə oğulları-görkəmli ictimai-siyasi xadimləri nəcib missiyanı həyata keçirməyə - Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqlar aparmaq üçün hərbi vertolyotla görüş yerinə tələsərkən Xocəvənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulmiş və “müəmmalı”...şəkildə həlak olmuşdular. Həlak olan 22 nəfərin içərisində müstəqil Azərbaycan Respublikasının dövlət müşaviri Məhəmməd Əsədov da vardı. Bu yazı onun əziz xatirəsinə və anadan olmasının 70 illiyinə həsr olunur.                                                               

     Azərbaycanın görkəmli dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının ilk daxili işlər naziri və ilk dövlət müşaviri olmuş M.Əsədovun həyatı və fəaliyyəti xalqımız üçün örnəkdir...

    Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində əsilli-nəcabətli ailədə anadan olmuşdu. M.Əsədovun dədə-babalarının, özünün mənsub olduğu Baharlı oymağı qədim oğuz boylarından Qaraqoyunlu elinin mərd, döyüşkən və orta əsrlər tarixində baş verən ictimai-siyasi proseslərdə aparıcı rol oynamış türk tayfalarından idi.      Baharlılar (baharlular) XV əsrdə tarix səhnəsində parlamış, əsasını bütün Şərqdə tanınan məşhur sərkərdə Qara Yusifin qoyduğu Qaraqoyunlu dövlətində hakim mövqe tutmuşlar. Qaraqoyunlular başçıları Bayram Xoca olmaqla özləri də elə Baharlu qəbilə birləşməsinin barani sülaləsindən törəmişdilər. XVI əsrdə Baharlılar Şahsevənlər etnik toplumlularına qoşulmuşdular. Hazırda Cənubu Azərbaycanda yaşayan Sahsevən tayfalarından biri də Baharlılardır. Azərbaycanda Zəngilan rayonundan başqa Ağdam rayonunda da Baharlı kəndi var. Tarixçi Məhəmməd Həsən Baharlı (Vəliyev) yazırkı, Qafandada Baharlı göyü vardır.

 ...M.Əsədov Mincivan qəsəbəsindəki orta məktəbi, Bakı Statistika Texnikumunu bitirmişdi. Moskvaətrafı hərbi hissələrdən birində nümunəvi xidmət göstərmiş, ordudan sonra Sumqayıt şəhərində fəhlə, 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu başa vurub əvvəlcə iqtisadçı, daha sonra plan şöbəsinin müdiri, 1973-1978-ci illərdə isə Sumqayıt şəhər Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləmişdi. 1978-1980-ci illərdə M.Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilmişdi. O, istər Sumqayıtda, istərsə Ağsuda  yaddaşlarından silinməyən izlər qoymuş, qurub-yaratmaq bacarığını  göstərmişdi..

  1980-ci il sentyabrın 1-də Moskvaya SSRİ DTK-nın F.E.Dzerjinski adına 2 illik Ali Məktəbinə oxumağa göndərilən M.Əsədov oranı fərqlənmə diplomu ilə qurtarmışdı. Məktəbin rəisi, general-leytenant A.P.Raqozinin 1982-ci il 5 fevral tarixli əmri ilə müvəffəqiyyətlərə, “Qüsursuz xidmətlərə görə” və Fəxri Fərmanla təltif edilmiş, təyinatla 1982-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə işə göndərilmişdi. Az bir müddətdə həmin çətin sahədə özünü çevik, operativ əməliyyatları cəld və dəqiq yerinə yetirən bir peşəkar zabit kimi göstərmiş, qiyabi yolla Bakı Ali Partiya Məktəbini də fərqlənmə diplomu ilə bitirmişdi.

     1983-cü ildə Azərbaycan KP MK M.Əsədovu Jdanov (Beyləqan) rayonuna 1-ci katib göndərmişdi. O vaxt həmin rayon geridə qalırdı. M.Əsədov 1-ci katib seçildiyinin elə ilk ili Jdanov rayonu tarixində yaxşı uğurlar qazandı və təsərrüfatın bütün sahələri üzrə öhdəliyə artıqlaması ilə əməl etdi. Jdanovun mərkəzi şəhərə döndü. Yeni mehmanxana, bazar tikdirildi, küçə, park, meydan salındı. Təzə məktəblərin bünövrəsi qoyuldu. ”Uşaq aləmi” mağazası qısa müddətdə inşa edildi. Rayona içməli su çəkildi. Rayonun girəcəyindəki Şərq və milli-memarlıq üslubunda Şəkidən gətirtdiyi ustalara inşa etdirdiyi gözəl “Alaqapı” da M.Əsədovdan yadigardır. Jdanov və ətraf rayonlarda müqəddəs ziyarətgah kimi məşhur olan Cərcis Peyğəmbərin məqbərə-abidəsini kompleks təmir etdirdi. M.Əsədov istedadlı və perspektivli gənc kadrları və ziyalıları partiya xəttilə daha çox irəli çəkirdi. İndi haqq dünyasında olan, rayonun nüfuzlu ağsaqqallarından Mürşüd Əzimov vaxtıilə demişdir: ”Məhəmməd Əsədov kişi kimi Beyləqana gəldi, əməlləriylə, insanlığıyla, qeyrətiylə adını onun tarixinə yazıb getdi”.

  1986-cı ildə M.Əsədov irəli çəkilərək Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsinin müdiri təyin olundu. O, 2 illik səmərəli fəaliyyəti dövründə bu məsul dövlət vəzifəsində də yüksək itellekti, işgüzarlığı və bacarığı, ziyalılığı ilə böyük nüfuz, yüksək təcrübəyə malik rəhbər kadr kimi tanındı... M.Əsədov respublikanın hüquq-mühafizə orqanlarında nizam-intizamın və peşəkarlığın artırılması, kadrlarla gücləndirilməsi üçün var qüvvəsini sərf edirdi. Onun möhkəm tələbkarlığı və sərt mövqeyi, qanunçuluğa ciddi riayət  olunmasını necə tələb etməsi indi də xatırlanır... 

...1988-1989-cu illərdə Ağdaş və Quba rayonlarında RPK-nın 1-ci katibi vəzifələrində çalışan M.Əsədov həmin rayonların iqtisadi-sosial cəhətdən inkişafı üçün də var qüvvəsini sərf etmişdi...

   1990-cı il aprelin 17-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanıyla M.Əsədov  respublikanın daxili işlər naziri təyin olundu və bu vəzifədə 1991-ci il noyabrın 18-dək işlədi... Onun nazirliyi dövründə ölkədə mürəkkəb ictimai-siyasi proseslər cərəyan edir,o cümlədən erməni işğalçıları ilə müharibə, qanlı döyüşlər davam edirdi... Bakıda fövqəladə vəziyyət mövcud idi. Milli münaqişələr zəminində baş verən hadisələr xüsusilə çoxalmışdı. Respublikanın Ermənistanla sərhəd rayonlarından və Xankəndidən bir-birinin ardınca narahat və həyəcanlı xəbərlər gəlməkdə idi. O vaxt Azərbaycan ərazisində SSRİ DİN-inDaxili Qoşunların 17 min nəfərlik kontingenti olmasına baxmayaraq, respublikada stabillik yox dərəcəsində idi. Belə ağır və gərgin şəraitdə daxili işlər naziri vəzifəsinə təyin olunan M.Əsədov dərhal qətiyyətli tədbirlər...həyata keçirməyə başlamışdı.

    M.Əsədovun daxili işlər naziri kimi fəaliyyətə başlamasından dərhal sonra öz təşəbbüsüylə həyata keçirdiyi ilk mühüm tədbiri erməni təcavüzkarlarına qarşı mübarizə məqsədilə daxili işlər orqanlarının say-seçmə əməkdaşlarından ibarət əlahiddə mobil bir qurumu-Xüsusi Təyinatlı Milis Dəstəsini (XTMD-ni) yeni əsaslarla yaratması olmuşdu. O zaman Milli Ordumuzun hələ formalaşmadığı bir vaxtda XTMD respublikanın suverenliyinin, ərazi bütövlüyünün qorunmasında və torpaqlarımızın müdafiəsində mühüm xidmətlər göstərmişdi...Düşmənin canına qorxu salan XTMD-ni ermənilər vahimə içərisində “Məhəmməd Əsədovun bandası” adlandırırdılar. M.Əsədov bu dəstəni yenidən komplekləşdirmək, sayını artırmaq və Moskvanın icazəsini almaq üçün xeyli əziyyət çəkmişdi. Belə ki, XTMD-nin sayı əvvəlcə cəmi 150 nəfərlə məhdudlaşdırılmışdı. M.Əsədov XTMD-nin sayının 500 nəfərə çatdırılması üçün Moskvaya uçmuş və SSRİ DİN rəhbərliyindən çətinliklə də olsa razılıq almağa nail olmuşdu.

  Daxili işlər naziri M.Əsədov sərhəd rayonlarında əhalinin təhlükəsizliyini və sərhədboyu 154 kəndin mühafizəsini təmin etmək üçün orada milis işçilərinin sayı 1500 nəfərə çatdırmış, DQMV-nin azərbaycanlılar yaşayan 12 kəndində yeni milis bölmələri yaratmışdı. M.Əsədovun əmri ilə Əfqanıstanda döyüş təcrübəsi keçmiş gənclərin DİO-ya qəbulu başlanmışdı...500 nəfərlik. XTMD-dən ən çətin sahələrdə istifadə edilir, 900 yüz kilometrlik sərhədə nəzarət olunur, o cümlədən havadan da mühafizə tədbirləri görülürdü. Bunun üçün 30 döyüş vertolyotu ayrılmışdı. Uca dağ rayonlarında yerli şəraitə uyğun atlı milis yaradılmışdı. M.Əsədovun gördüyü tədbirlər nəticəsində ermənilər yaşayan 50-ə yaxın kənd boşaldılmışdı.

   DQMV-da, Şaumyan (kənd) rayonunda, Xanlar rayonunun Çaykənd ərazisində Ermənistanda hazırlanıb buraya göndərilmiş, xüsusi təlim keçmiş yaraqlılar dəstəsi fəaliyyət göstərirdi. Daxili işlər naziri M.Əsədovun iştirakı ilə Azərbaycan DİN tərəfindən həmin ərazilərdə keçirilmış əməliyyatlar nəticəsində 1000-dən çox odlu silah, 180 doludağıdan top, 59 buraxılış sistemi, 53 min döyüş sursatı, 3 min 805 mərmi və mina, 350 kiloqramlıq partlayıcı maddə müsadirə edilmişdi. “Çaykənd əməliyyatı” adlanan əməliyyata general M.Əsədov özü rəhbərlik etmişdi. Əməliyyat zamanı M.Əsədov Çaykəndin guya boşaldılmasına “nəzarət” məqsədilə gəlmiş Zaqafqaziya Hərbi Dairəsinin komandanını və Ermənistan Ali Sovetinin bir neçə deputatını tutarlı cavabı ilə yola salmışdı. Həmin komandan deyəndə: ”Yoldaş Əsədov, Ermənistan Ali Sovetinin bir neçə deputatı da gəlib ki, burada “köçürmə məsələsinə” nəzarət etsinlər. Alınan məlumatlara görə azərbaycanlılar köçürmə zamanı erməniləri öldürür, onlara təzyiq göstərirlər. Məhəmməd Əsədov hələ cavab verməyə tələsməmiş və handan-hana :

     -Cənab general, siz olduqca mənasız bir işlə məşğulsunuz.

    - Niyə?

    -İndi də mən sual verirəm: ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından qovanda, neçə-neçə dinc sakin həlak olanda bəs siz haradaydınız? Deyirsiniz ki, erməni deputatları sizin köməkliyiniz sayəsində burada vəziyyəti müşahidə etməyə gəliblər. Azərbaycanlı deputatlar da Ermənistan ərazisinə getmək, vəziyyətlə tanış olmaq istəyirlər. Siz, cənab komandan, bizim deputatların təhlükəsizliyinə təminat verirsinizmi?

    - Yox! -,komandan qısa cavab vermişdi. M.Əsədovun yanaqları allanmışdı. O, həmişə əsəbləşəndə belə vəziyyətə düşürdü. Heç nə olmamış kimi saatına baxıb astadan:

    - Demək təminat vermirsiniz. Belə...Onda, sizə 5 dəqiqə vaxt verirəm. Sizi burada görməyim”, -deyib iri addımlarla oradan uzaqlaşmışdı...

...1990-cı il noyabrın 5-də SSRİ DİN-in əmri ilə M.Əsədova daxili xidmət general-mayoru rütbəsi verilmişdi. General M.Əsədov Azərbaycan SSR Prezident Şurasının üzvü idi  bu, onun üzərinə əlavə məsuliyyət də qoymuşdu. M.Əsədovun rəhbərliyi altında DİN tərəfindən cinayətkarlığa qarşı mübarizəyə dair 2 illik proqram hazırlanaraq respublika hökumətinə təqdim edilmişdi.

    ...1990-1991-ci illərdə nazir M.Əsədovun sorağı respublikanın ən qaynar nöqtələrindən gəlirdi. Nazir yerlərdə respublika hüquq-mühafizə orqanlarının pasport rejimini yoxlamaqqanunsuz hərbi dəstələri tərksilah etmək üçün keçirdiyi tədbirlərə rəhbərlik edirdi. O vaxt Azərbaycanın Moskvada çıxan “Literaturnaya Qazeta”kı xüsusi müxbiri Elmira Axundova (hazırda millət vəkilidir-İ.Ə.) yazırdı: ”Bəli, bu naziri heç cür gününü kabinetdə keçirən nazir adlandıra biməzsən! Həmkarlarının dediyinə görə Əsədov bəhanəsizlik həddinə qədər tələbkar və xırdaçılıq həddinədək  prinsipialdır. Daxili İşlər Nazirliyi orqanlarında onun nüfuzu danılmaz olduğu kimi, respublikada şöhrət reytinqi də yüksəkdir...”.

    

(ardı var)                         

İltifat ƏLİYARLI

Tarix üzrə  fəlsəfə doktoru 

Kaspi.-2011.-6 dekabr.- S