Nəsir İmanquliyevin
100 illik yubileyi qeyd olunub
Mətbuat Şurası «Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız» mövzusunda
konfrans keçirib
Dünən Beynəlxalq Mətbuat Mərkəzində
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü
ilə «Nəsir İmanquliyev irsi və müasir
jurnalistikamız» mövzusunda konfrans keçirilib.
Tanınmış
ictimai xadim, jurnalist və publisist, professor Nəsrulla
İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbiri
açan MŞ sədri Əflatun Amaşov bildirib ki, görkəmli
alimi səciyyələndirən başlıca xüsusiyyətlərdən
biri onun hadisə və proseslərə məxsusi baxış
bucağının olması idi. Qurucusu
olduğu «Bakı»-«Baku» qəzetlərində
yaratdığı mühit o dövrün
jurnalistikasının iş prinsipləri
baxımından yenilik sayılacaq operativlik üzərində qurulmuşdu.
Tezliklə bu nəşr Azərbaycanın
ən çox tirajlı qəzetinə çevrildi ki, burada N.İmanquliyevin novatorluğu mühüm rol oynadı. «Nəsir müəllim gözəl
pedaqoq kimi də
tanınırdı. Düşünürəm ki, bu barədə məclisimizdə
əyləşən veteran jurnalistlər,
tələbələri, onunla birgə
çalışmış insanlar ətraflı
məlumat verəcəklər. Sadəcə onu deyim ki,
Nəsir müəllim özündən sonra
neçə-neçə dəyərli jurnalist
nəslinin yetişməsində həm bir
pedaqoq, həm də redaktor,
rəhbər kimi böyük
rol oynamaqla
bütövlükdə ölkə jurnalistikasının
inkişafına müstəsna xidmət nümunəsi
ilə yaddaşlardadır. Bütün
bunları nəzərə alan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Nəsir İmanquliyevin
100 illik yubileyinin
keçilirməsi ilə bağlı sərəncam
imzalayıb. Həmin sənəd böyük ustadın xatirəsinin əbədiləşdirilməsi
ilə yanaşı, onun həyat və
yaradıcılığının təbliğini nəzərdə
tutan tədbirlərin təşkili məsuliyyətini
də müəyyənləşdirir. Ümid
edirəm ki, konfransımız görkəmli
jurnalistin xatirəsinə ehtiram əlaməti kimi həmin
etimada layiq
toplantılardan biri olacaqdır», - deyə
o vurğulayıb.
Bakı
Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra
müdiri, professor Cahangir Məmmədli N.İmanquliyevin həyat
və yaradıcılığı ilə bağlı məruzəsinə
başlamazdan öncə bildirib ki, yubilyar haqqında xatirələr
söyləyəcək çox adamlar var. «Burada onun
barədə məruzə səsləndirməyimdə isə
haradasa bir qanunauyğunluq görürəm. Çünki Nəsir müəllim uzun müddət hazırda rəhbərlik etdiyim jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi kafedrasının müdiri
vəzifəsini tutub. Tələbələrə
özünün də müəllifi olduğu jurnalistika prinsiplərini
öyrədib. Klassik müəllimlər var ki, onlar
hamının müəllimləridir. Nəsir İmanquliyev
şəxsiyyəti bütün
varlığı ilə bu adın
daşıyıcısıdır».
N.İmanquliyevin
həyat və yaradıcılığı ilə
bağlı geniş faktik məlumatlar verən C.Məmmədli
yubilyarın prinsipiallığından, məxsusi fəaliyyət
dəsti-xətti ilə seçilməsindən, əməksevərliyindən,
zəhmətkeş adamları yüksək qiymətləndirən
rəhbərlik keyfiyyətlərindən xüsusi söhbət
açıb. Professor Məmmədli Nəsir müəllimin gözəl
ailə başçısı olduğunu
da deyərək Azərbaycan elminin inkişafında böyük
rolu olan şərqşünas
alim Aida İmanquliyeva kimi şəxsiyyətin
formalaşmasında həmin ailənin
daşıyıdığı ziyalılıq dəyərlərinə
diqqət çəkib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbacan dövlətinin bütün sahələrdə böyük xidmətləri olmuş şəxslərin irsinin gənc nəslə çatdırılmasına, xatirələrinin əbədiləşdirilməsinə hər zaman diqqət göstərdiyini bildirib. N.İmanquliyev də ömrünü-gününü jurnalistikaya sərf edən, peşənin məziyyətlərinə qatlaşan alimlərimizdən olub. «Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin görkəmli alimin 100 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamında deyildiyi kimi, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. Jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamışdır. Nəsir müəllimin qurucusu olduğu «Bakı» «Baku» qəzetləri 37-ci ilin represiyalarını görmüş cəmiyyət üçün söz azadlığı, fərqli üslub və peşəkarlıq xüsusiyyəti baxımından mühüm mənbə, Həsən bəy Zərdabi ənənələrini yaşadan məktəb olmuşdur», - deyə o vurğulayıb.
Bakı
Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru
Şirməmməd Hüseynov çıxışına
yubilyarla ilk tanışlığı vaxtlarından söhbət
açmaqla başlayıb. N.İmanquliyevi
səmimi, qayğıkeş insan kimi xarakterizə edən ustad
jurnalist bu keyfiyyətlərin
özünün də böyük
məramdan irəli gəldiyinə diqqət çəkib. «Bilirsiniz, hər kəs öz
işində vətənpərvər olmalıdır. Vətənpərvərlik
təkcə mövcud quruluşu,
hakimiyyəti tənqid etməklə məhdudlaşmır. Gərək
işinlə əməlinin vəhdətinə nail olasan. Nəsir müəllim
gənclərə qayğı ilə yanaşırdı. Həmin
qayğıdan mən də faydalanmışam. O,
nə üçün belə edirdi? Çünki millətinin
gələcəyini düşünürdü.
Gələcəyi parlaq etmək üçün gənclərə etimad göstərir, öyrədir və
onları bir növ,
cığıra salırdı. Nəsir müəllim gələcək
üçün müəllimlər yetişdirirdi. O adamda
Azərbaycanın müstəqillik dövrünün
ruhunu dirçəltmək istəyi var idi. Həmin
ruh yaratdığı və uzun illər ayaqda
saxladığı qəzetlərdə yaşadı», - deyən Ş.Hüseynov
dəfələrlə N.İmanquliyevin
yubileylərinin keçirilməsi istəklərinin uğursuzluqla üzləşdiyini
vurğulayıb və hazırda görkəmli alimin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını böyük hadisə kimi dəyərləndirib.
Uzun
müddət Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc)
baş direktoru işləmiş, N.İmanquliyevlə birgə
«Bakı»-«Baku» qəzetlərində
çalışmış, veteran jurnalist Şamil Şahməmmədov
çıxışını yubilyara müraciət üzərində
qurub. N.İmanquliyevin işə həddən
artıq tələbkar yanaşdığını deyən
Ş.Şahməmmədov ərsəyə gətirdiyi nəşrlərin
Azərbaycan mətbuatı tarixində parlaq
iz buraxdığını
vurğulayıb.
Azərbaycanın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov çıxışında diqqəti ölkədə bir dənə də olsun axşam qəzetinin olmamasına yönəldib. O, «Bakı»-«Baku»nun işıq üzü gördüyü vaxtlarda keçmiş SSRİ-nin bir çox yerlərində axşam qəzetlərinin çıxmağa başladığını vurğulayıb.
«Bakı»
qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, nəşrin
redaktoru Ənvər Məşədiyev, həmçinin sabiq əməkdaşı
Əliabbas Əlimədətoğlu
çıxışlarında Nəsir İmanquliyevi rəhbər
kimi səciyyələndirən cəhətlərdən
geniş bəhs edərək onun həm universitet
auditoriyalarında, həm də qəzet redaksiyasında
jurnalist kadrların hazırlığını eyni ahənglə
həyata keçirdiyini bildiriblər. Onlar
həmçinin N.İmanquliyev irsinə
hörmət əlaməti olaraq «Bakı»
qəzetinin fəaliyyətinin gücləndirilməsini vacib sayıblar.
Bakı
Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra
müdiri, professor Nəsir Əhmədli «Bakı» axşam qəzetinin
fəaliyyətinin bərpası üçün ölkə
rəhbərliyinə müraciət ünvanlamasını təklif
edib.
Kaspi.-2011.-10-12 dekabr.- S.8.