Kimdir haqlı?
TQDK nazirlikdən şikayətçidir, nazirlik müəllifdən, müəllif də
korrektordan
Azərbaycanda çap
edilən orta məktəb dərsliklərində
nöqsanların olması ilə bağlı fikirlər təzə
olmasa da Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri
Məleykə Abbaszadənin bu günlərdə
keçirdiyi mətbuat konfransında yenidən,
həm də faktlarla gündəmə
gəlib. Belə ki, TQDK sədri yeni çap olunan Biologiya və Tarix dərsliklərində səhvlərin yer aldığını bildirib.
“Tarix dərsliyindəki səhvlər mənəvi,
həm də siyasi nöqteyi-nəzərdən
yaxşı hal deyil”-
deyən M. Abbaszadə “Şagirdlər həmin səhvləri
düzgün məlumat kimi
qəbul edə bilərlər”- narahatlığını da dilə gətirib.
Təhsili
Nazirliyi nəzdində Dərsliklərin Qiymətləndirilməsi
Şurasının sədri Elmina Kazımzadə isə TQDK sədrinin
fikirlərinə münasibət bildirərkən Biologiya və
Tarix dərsliklərində olan səhvləri bu dərsliklərin
yeni meyarlarla hazırlanmaması ilə əlaqələndirib.
Tarix
müəllimlərinin, valideynlərin və ictimaiyyətin
ayrı-ayrı nümayəndələrinin də dərsliklərlə
bağlı narazılıqları eşidilməkdədir.
İnhisarda qalan
məsələ
Bir
neçə ay bundan əvvəl «Müasir İnkişaf»
İB-nin QHT-lərə Dövlət Dəstəyi
Şurasının dəstəyi ilə həyata
keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi»
(V-VIII siniflər) layihəsi
çərçivəsində tarix dərslərində səhvlərin
və ziddiyyətlərin olduğunu meydana
çıxarıb.
İB-nin
sədri Mübariz Aşırlı tarix dərsliklərindəki
səhvlərlə bağlı təkliflər hazırlayaraq
Təhsil Nazirliyinə göndərdiklərini bildirir. Belə
ki, 6, 7, 8 sinif dərslikləri ilə bağlı redaktə
xarakterli təklifləri yazaraq
nazirliyə göndəriblər. 8-10 səhifəlik nəticələr
konsepsiya şəklində hazırlanaraq
nazirliyə ünvanlanıb. Nazirlikdən “sənədi qəbul
etmişik, üzərində
araşdırma aparırıq, sonunda cavab verəcəyik”-desələr
də hələ heç bir
soraq yoxdur.
M.Aşırlı
bildirir ki, layihəyə start
veriləndə tarix müəllimləri də, valideynlər
də dərsliklərdə nöqsanların olduğunu
bildiriblər. Layihə çərçivəsində
aparılan araşdırmalar zamanı da nöqsanlar ortaya
çıxıb. “Təhsil Nazirliyi
nöqsanları qəbul edir və
hansısa redaktələri həyata keçirir.
Amma əvəzində ortaya
başqa problemlər çıxır”.
İB
sədri problemin həlli kimi Təhsil Nazirliyinin dərsliklərlə
bağlı konsepsiyasının vacibliyini
vurğulayır:«Tarix dərslikləri yazarkən məhz bu hədəflənməlidir.
Bundan əlavə, tarix
dərslikləri yaza biləcək heyət
formalaşmalıdır. Belə ki, bu, akademik də, orta məktəbin tarix
müəllimi də ola bilər. Onun elmi dərəcəsi
önəmli deyil. O, hər şeydən əvvəl
dərslikləri yaza bilmək
standartlarına bələd olmalıdır və hər il bu qrup
təkmilləşdirilməlidir. Biz 20 ildir müstəqilik, amma
hələ bu problemlərimiz həll olunmayıb».
M.Aşırlı dərsliklərin yazılması ilə
bağlı problemlərin həll olunmamasını ortada pul vəsaitinin
olması ilə əlaqələndirir: «Ortada
az və ya çox miqdarda pul məsələsi var.
Dərsliklər yazılan zaman daha çox bizim dövlətçilik məsələləri
və vətənpərvərliklə bağlı məqamlar
deyil, pul amili nəzərə alındığına
görə problem həll olunmur.
Bu məsələ kiminsə
inhisarında qalıb. Ziyanı da millətimiz,
şagirdlərimiz çəkir. Təhsil Nazirliyi
bu işdə birbaşa
məsuliyyət daşıyır.
M.Aşırlının
fikrincə, növbəti ildə dərsliklərlə
bağlı problem çıxarsa, bu təbii
qarşılanmalıdır: “Bunu hansısa akademikin və ya
professorun nəzarətindən çıxarmaq
lazımdır. Onun elmi
adı var deyə «Bu
məsələləri yalnız o
yazmalıdır» fikrinə son verilməlidir.
O, akademik ola bilər,
ancaq həmin akademik orta məktəbdə tarix
dərsi tədris etmir. O bilmir
ki, yazdığı dərslik hansı
problemləri ortaya çıxarır. Bu işi bilən adamlara həvalə etmək və onlara imkan vermək
lazımdır”.
M.Aşırlı TQDK sədrinin rəhbərlik etdiyi qurum tərəfindən yeni Biologiya dərsliyinin nəşrinə də münasibət bildirib: «Bildiyim qədər TQDK-nın vəzifəsi ali məktəblər üçün test imtahanı keçirməkdir. Amma əgər problem həll olunmursa, TQDK da bunun həlli üçün bir addım atmaq istəyirsə və göstərdikləri cəhd müsbət nəticə verəcəksə, onları yalnız alqışlamaq lazımdır. Bir halda ki, Təhsil Nazirliyi bu işi yarımçıq görür və ya tam olaraq görə bilmir».
Məsuliyyətli yanaşma
Azərbaycan
Tarix Müəllimləri İB İdarə Heyətinin
üzvü və 72 saylı məktəb-liseyin tarix müəllimi
Aydın Allahverdiyev tarix dərsliklərində ziddiyyətlərin
olduğunu istisna etmir:
«Müstəqillik
əldə etdikdən sonra dərsliklərin bir neçə
nəsli nəşr olunub. Üzərində
də daim təkmilləşdirmələr
aparılır. Ən böyük
narahatlıq doğuran məsələlərdən
biri dərsliklərdə həcmin
azalmasıdır. Faktlar saxlanmaq şərti ilə şərhlər ixtisar olunub. Bu isə düşünmə qabiliyyətinə
mənfi təsir göstərir». A. Allahverdiyev
dərsliklərin çoxşaxəli olduğuna
görə onun yalnız bir
müəllif tərəfindən yazılmasının
ümumiyyətlə, əleyhinədir. «Dərslik bir neçə müəllif tərəfindən
yazılmalıdır. Hər kəs müəyyən bir fəsli yazır və o
birisinə cavabdehlik daşımır. Bu baxımdan
dərsliklərdə yanaşmalarda
müxtəliflik var. ziddiyyətlərin çoxu da buradan qaynaqlanır. Əslində isə
müəlliflər hamısı bir-birinin
işi ilə yaxından tanış
olmalıdır. Üslubun, faktların
udintifikasiyası, sadədən mürəkkəbə doğru davamlılıq məsələsi, təkrarçılıq,
fikirlərdə ziddiyyətlər və s.
faktlar mövcuddur». A.Allahverdiyev tarix dərsliyinin konsepsiyasının
hazırlanmasının tərəfdarıdır: «Məsələn,
dövlətçilik maraqları ilə bağlı
zamanın tələblərinə uyğun
ideyalar var. Həmin ideyalar mövzular vasitəsilə
həyata keçirilməlidir. Deyək ki,
Azərbaycan Avropaya inteqrasiya
olunur. Ancaq gəlin
görək bizim istiqamətimiz sözdə,
yaxud işdə Avropayadır? Ona görə biz elə
etməliyik ki, şagirdlər orta məktəbi bitirənə qədər Avropada mövcud olan dəyərləri həyat kredolarına
çevirsinlər ki, Avropanın içərisində
yaşaya bilsinlər. Biz
necə Avropaya inteqrasiya
olunuruq ki, qəbul olunan bir sıra dəyərlər
bizim dərsliklərdə öz
əksini tapmayıb? Biz işimizi
elə qurmalıyıq ki, dərsliklərdə
milli vəhdətə, birliyimizə nail olan dəyərlər
olmalıdır. Eləcə də din məsələsində
həssas olmalıyıq. Dərsliklərimizdə bu cür qüsurlara
rast gəlirik».
A.Allahverdiyev 10-cu sinif tarix dərsliyində yer alan «Lənkəran üsyanı» və «Qazma üsulu ilə neft quyusunun qazılması ilə bağlı mövzularda da yanlışlıq olduğunu bildirib: “İlk dəfə bizdə buruq üsulu ilə neft çıxarılıb. ABŞ bizdən 10 il sonra həmin üsulla neft çıxarıb. Ancaq biz öz ölkəmizin «Qazma üsulu” ilə neft çıxardığını göstərərək birinciliyi Amerikaya veririk. Və yaxud 9-cu sinif tarix dərsliyinin son nəşrində «Qubalı Fətəli xanın siyasəti ilə bağlı məqamda qüsurludur: «Əvvəllər bu, Fətəli xanın birləşdirmə siyasəti kimi yazılırdı. Amma son nəşrdə düzəlişlər zamanı kimsə bunu «işğal»la əvəz edib: «Təəssüf ki, Fətəli xan Azərbaycanın Şimal xanlıqlarını işğal edə bilmədi”. Maraqlıdır, dünyanın hansı ölkəsində hər hansı xalq özünün işğal olunmamasına təəssüflənər?”
A.Allahverdiyev
internet dövründə uşaqların kitabla ünsiyyətinin
yalnız dərsliklər vasitəsi ilə mümkün
olduğunu qeyd edir. “Uşaqların kitab
oxumaq mədəniyyəti yalnız dərsliklərlə
bağlı qalır. Bu baxımdan dərsliklər məsuliyyətli
yanaşma tələb edir.
Çünki bununla bütöv bir nəsil yetişir”.
Korrektorun səhvi?
"Ümumi Biologiya" dərsliyinin həmmüəllifi Almaz Həsrət isə TQDK sədri-nin TQDK-nın Təhsil Nazirliyinin orta məktəb dərsliklərindəki səhvlər barədə iddialarını yanlış adlandırıb: “Dərslik müəllifi elə belə sıradan çıxan bir insan deyil, onlar professional və həmin sahənin mütəxəssisi olan akademik və professorlardır. Öncə bu insanlara sayğı ilə yanaşmaq lazımdır. Dərsliklərdə olan texniki səhv dərsliyi yazan müəllifin səhvi deyil. Bu yalnız nəşr səhvi olduğu üçün korrektorun səhvi sayıla bilər. Deməli, TQDK öz iradlarını nəşriyyatlara yönəltməlidir. Mən TQDK-nın söylədiyi həmin səhvləri özüm götürüb bir-bir araşdırmağa başladım. Sonda ən çox nəyi aşkar etmişəm. Məlum oldu ki, TQDK-nın səhv adlandırdığı qüsurlar abituriyent jurnalında verilən sualın dərslik müəllifinin verdiyi cümləsi ilə üst-üstə düşməməsidir”. A.Həsrət hesab edir ki, bu "səhvlər"in biologiya dərsliklərində də olması ilə bağlı fikirlər TQDK-nın yeni hazırladıqları vəsaitlərin reklamından başqa bir söhbət deyil.
“Bizlik deyil”
Nə
Təhsil Nazirliyinin rəsmiləri, nə müəlliflər,
nə də nəşriyyatlar meydana çıxan səhvləri
boynuna çəkmək istəmir. Amma
hamısı da günahkar
ovuna çıxıb. Təhsil Nazirliyi özünə haqq
qazandırır. Problemdən yaxasını kənara çəkərək,
«Bizlik deyil», «Biz sifarişçiyik» - deyir, ya da
dərsliklərin xırda-para səhvlər istisna
olmaqla mükəmməlliyini isbata çalışır. TQDK-da öz növbəsində səlahiyyətində
olmayan işlə bağlı addım atmaq istəyir. Ortada isə
təhsilə, dərsliklərə və ən əsası tarix fənnini mənimsəməli olan millətin balalarına ziyan
dəyir. İddialar, münaqişələr,
dərslik davası kimlərəsə qazanc
gətirdiyi halda
yetişən nəslə ziyandan başqa heç nə vermir. Bu aksiomanın isə
müzakirəyə ehtiyacı yoxdur.
Təranə Məhərrəmova
Kaspi.-2011.-13 dekabr.- S.9.