Milli Parkın “döşəmə”si dəyişdirilir  

Nazim Məcidov: “Azneft meydanı yaxınlığında yeraltı keçidlərin tikinti işləri aparılarkən ağır texnikaların hərəkəti daş örtükləri korladı”

 

Dənizkənarı Milli Parkın genişlənməsi, görkəmini dəyişməsi və orada aparılan yeni quruculuq işləri daim diqqətimizdə olub. Elə dünən diqqətimizi çəkən məqamlardan biribulvar ərazisində aparılan yenidənqurma işləri oldu. Belə ki, Milli Parkın Azneft meydanından Kukla Teatrına kimi olan hissəsində yerə döşənmiş plitələr sökülərək yenisi ilə əvəzlənir.

Ərazidə olarkən orada aparılan təmir-bərpa işəri ilə maraqlandıq. Müşahidə etiyimiz məqamlar kimi göstərə bilərik ki, yenilənən plitələr əvvəlki daşlara nisbətən qalındır. Əvvəlki quruculuq işlərindən fərqli olaraq, bu dəfə plitələrin döşənməmişdən əvvəl alt hissəsi bərk-bərk sementlənir. Bundan əlavə, möhkəm davamlılıq üçün plitələrin altından hörmə armaturlar qoyulur. Ərazidə işləyən fəhlələr deyir ki, bu armaturlar döşəməni möhkəm saxlayır və gələcəkdə onun çökməsinə imkan vermir. “Əvvəlki plitələrin altına armatur qoyulmamışdı, həm də sementi çox zəif idi. Ona görə də yeni təmirdən çıxmasına baxmayaraq, hamısı çökmüşdü”- deyə, fəhlə bildirdi.

Bir tərəfdən sökülən və digər tərəfdən də təmir edilən ərazidə texnika və fəhlələrin sürəkli işlədiyinin şahidi olduq. Təmir edilən ərazi boyu irəliləyərək şəhər sakini Mürvət kişi ilə söhbətləşdik. 64 yaşlı bu kişi pensiyaya çıxıb və tez-tez Milli Parka gəzməyə gəlir. O, deyir ki, bu gün Bakıya baxdıqda inkişafı görməmək mümkün deyil. Amma… “Görülən işlər çox keyfiyyətsiz edilir. Mən 20 ildir ki, Bakıda yaşayıram. Bulvarda tez-tez oluram. O vaxt buraları təmir edəndə daşları başdansovdu döşəyirdilər. Sementsiz qumun üzərinə düzülən daşlar isə yağış yağandan sonra çökdü. Mən çox görmüşdüm, burada işləyənlərin əksəriyyəti çinlilər idi. Amma indi onlar yoxa çıxıb, ümumiyyətlə axır vaxtlar heç görünmürlər”. Danışığından görüb-götürən və savadlı adama oxşayan Mürvət dayı onu da bildirdi ki, indiyə kimi bulvara çəkilən xərc başqa ölkələrdə, məsələn, Türkmənistanda, Qazaxıstanda sərf edilsəydi, iki belə, hətta bundan da gözəl bulvar salmaq olardı: “Qərb həmişə bizim kəşflərdən yrararlanaraq inkişaf edib. Biz isə öz imkanlarımızı bada veririk. Ona görə də mən istəyərdim ki, bulvarda aparılan təmir işləri xaricilərə həvalə olunsun. Onlar daha planlı və keyfiyyətli görürlər”.

Fəhlələrin və şəhər sakinlərinin fikirlərindən fərqli olaraq, Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov aparılan təmir-bərpa işlərini Azneft meydanında tikilən yeni piyada keçidləri ilə əlaqələndirdi: “Azneft meydanının yaxınlığında bir neçə yerdə yeraltı keçidlər tikilir. Bu keçidlərin tikilməsi məsələsi sonradan ortaya çıxdı, əvvəl bulvar ərazisi təmir olunanda elə bir plan yox idi. Orada tikinti işləri aparılarkən ağır texnikaların hərəkəti daş örtüklərini korlamışdı. Biz də həmin könə üzlükləri çıxarıb əvəzində daha möhkəm və dözümlü daşlardan istifadə edirik”. Rəis müavini onu da bildirdi ki, ərazidən sökülən köhnə daş üzlüklər atılmır, onlar bulvarın genişlənən ərazisində yenidən istifadə edilir.

Nazim Məcidov ərazinin yenidən təmir olunmasına digər səbəb kimi tədbirlərlə əlaqədar əraziyə gələn ağır yük avtomobillərini göstərdi: “Siz bilirsiniz ki, bulvarda keçirilən əsas tədbirlər Azneft meydanından Kukla teatrına kimi, harada böyük ərazilərimiz var, orada keçirilir. Bununla əlaqədar oraya televiziyalara məxsus və digər avtomobillər gəlir. Ona görə də biz bu işlərin yenidən aparlmasını uyğun gördükbu, Bulvar İdarəsinin qabaqcadan planlaşdırılmış işidir. Yeni daşların əvvəlki üzlüklərdən fərqli olaraq, qalın olmasında məqsəd odur ki, ağır yük avtomobillərinin hərəkətinə tab gətirsin. Ümumiyyətlə isə tədbirlərlə əlaqədar bulvar ərazisində müəyyən xəttlər var ki, yenidən xüsusi təmir olunması planlaşdırılır. Lakin bu işlər yeni il ərəfəsində olmayacaq. Çünki bayram ərəfəsində bulvara insanların axını çox olur. Ola bilsin ki, gələcəkdə də nəzərdə tutulan ərazilərdə xüsusi təmir işləri aparılsın”.

Qeyd edək ki, keçən il Dənizkənarı Milli Park təmir edilərkən əsas işçi qüvvəsi kimi xaricilərdən, yəni ucuz çinli əməyindən istifadə olunurdu. Həmin vaxt bulvarın təmir olunan əksər hissələrində hər gün çinli fəhlələri görmək mümkün idi. İdarə rəsmisi bu məsələyə də aydınlıq gətirdi: “Bizim idarənin öz təmir-tikinti briqadası var, onlar Bulvar İdarəsinin əməkdaşlarıdır. O vaxt bulvarda kütləvi işlər görülürdü, 4 km-ə yaxın ərazi təmir olunurdu. Ona görə də Bulvar İdarəsi bunu öz qüvvəsi ilə çatdıra bilmirdi, əlavə işçi qüvvəsi lazım olurdu. Orada kimlərin işlədiyini deyə bilmərəm, amma kənardan gəlib işləyənlər çox olub. İndi isə elə də böyük işlər görülmədiyindən Bulvar İdarəsi bu işləri özü həyata kçirir”.

 

Elgün Mənsimov 

Kaspi.-2011.-14 dekabr.- S.8.