Teatr tamaşaçıya nə təklif
etdiyini bilməlidir
Gənc aktyor Nofəl Vəliyev:
“Tamaşaçının tələbatından
çıxış edərək əsər təqdim etmək
lazımdı. Necə ki valideyn
əvvəlcə uşağa konfet verir, sonra
dərman”
Nofəl Vəliyev 1973-cü ildə Göyçayda anadan olub. Azərbaycan Mədəniyyət və
İncəsənət universitetini bitirib, elə bu ilki tədris ilindən həmin universitetdə
dərs deyir. Gənc
Tamaşaçılar Teatrının aktyoru,
Əməkdar artistdir. Uzun
illərdir səhnədədir və teatrda
40-dan artıq obraz canlandırıb, filmlərə,
reklamlara çəkilib. Onunla söhbət etməkdən
sözün əsl mənasında zövq aldıq. Çox
savadlı və mütaliəli aktyor olan Nofəl bəylə ədəbiyyatdan, fəlsəfədən
– çox şeydən danışsaq da, söhbətimizin yalnız teatra
aid hissəsini oxuculara
təqdim edirik.
– Sizin oynadığınız bir neçə tamaşada olmuşam. Onlardan “Aydın”, “Ezop”, “Məkkəyə gedən yol” və s. tamaşaların adlarını çəkə bilərəm. Son dövrlər Azərbaycan teatrlarında demək olar ki, bütün tamaşalara baxmışam, amma “Ezop” qədər məni sözün yaxşı mənasında alt-üst edən tamaşa olmayıb. Bəs “Aydın” kimi istər ideya baxımından, istərsə də səhnələşdirmə baxımından təkrar olunan əsərlərə yenidən meydan vermək nə dərəcədə düzdür?
–
Sizcə, “Aydın” əsərinin səhnələşdirilməsinə
ehtiyac yoxdur, artıq o idealları köhnəlmiş
sayırsınız?
– Yox. Sadəcə, problemlər bəllidir
də, hər şey ailə-məişət kontekstində
baş verir.
– “Aydın” əsərində hadisələr
və problemlər nə köhnədir, nə də yad. Üzr istəyirəm, amma
deməliyəm ki, siz
yanılırsınız. O əsərdə Dövlət bəyin
bir sözü var, deyir ki,
bu dünyada hər şeyi pul həll edir, puldan başqa
hər şey yalandır. Orda
problem ailə-məişət kontekstində
deyil. Bir adamın faciəsi
dəhşətli faciədir. Aydın şair
idi. Bu həm də bir şairin məhvi idi. Gör o
cür nə qədər insanlar
məhv olub. Bu problemi birmənalı qiymətləndirmək
olmaz. İkincisi də,
“Aydın” tamaşaçıların ən sevdiyi
tamaşadır. Hər dəfə göstəriləndə
tamaşaçı zalı demək olar ki, dolu olur.
Teatrda tamaşaçı mütləq nəzərə
alınmalıdır. Kim deyirsə ki tamaşaçı boş
şeydir, nə bilim,
ay biz öz
sənətimiz üçün
oynayırıq, mən o fikri
inkar edirəm. Tamaşaçının
tələbatından çıxış edərək əsər
təqdim etmək lazımdı. Necə ki
valideyn əvvəlcə uşağa
konfet verir, sonra dərman. Yəni uşağın nə
istədiyini və ona nəyi necə verəcəyin
bilir. Teatr
tamaşaçıya nə təklif etdiyini
bilməlidir. “Aydın”da qoyulanlar məişət
xarakterli problemlər deyil,
Aydının taleyi cəmiyyətin faciəsidir.
– “Aydın” əsərinin mahiyyətini
kiçiltmirəm, sadəcə, hamımıza məlum-məşhur
problemlərin yenidən qabardılması mənə bir qədər
arxaik görünür.
– Teatrda hər cür tamaşa
olmalıdır. Bütün tamaşalar “Ezop”
gücündə ola bilməz axı.
Repertuarı idarə edən adamlar var. Yeri gəlmişkən
“Ezop” əsərində də böyük məhəbbət mövzusu
var.
– Bəli, “Ezop” əsərində cəmiyyətin
böyük hissəsi təmsil olunur, orda xalq
anlayışı var və hər şey baş-ayaq olub:
hökmdar olmalı olan ac filosofdur, səfildir, Ksanf kimi axmaq və
savadsız hökmdar isə dərs deyir cəmiyyətə,
ideoloqluq edir.
– Bəli, düz başa düşünmüsünüz, amma bu cür tamaşalar hələm-hələm yazılmır. Hələm-hələm teatrlara yol tapmır. Belə başa düşürəm ki, siz daha çox bəşəri ideyalar olan əsərləri sevirsiniz. “Ezop” tamaşasında mən Ksanf rolunu oynadım və bu rolu oynamaq mənə çox çətin oldu.
– Nəyə görə? Siz ki həmin rolu çox ürəklə
oynayırdınız. Yoxsa mənfi
rolları sevmirsiz?
– Mənimçün
pis rol yoxdur.
Sadəcə, Ksanfla mənim xarakterimdə
oxşarlıq yox idi.
Onun bəzi hərəkətləri mənə
çatmırdı.
– Bayaq “Aydın” tamaşasını
biz ailə-məişət kontekstində qeyd etdik, siz
razılaşmadınız. Gəlin bir arqumentlə fikrimi əsaslandırım.
– Buyurun.
– “Məkkəyə gedən yol” əsəri
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”
povesti əsasında səhnələşdirilib. O əsərdə
də üç ailənin faciəsindən
danışılır. Amma bir məqam var:
əgər tamaşaya baxa-baxa
fərz etsək ki, bütün
dünya dağılıb, dünyada cəmi üç
ailə qalıb, onlar da
bu tamaşadakılardır - qətiyyən
insanda fikir
sınıqlığı yaranmır. Əsərə ümumi gözlə, səhnəyə kiçik dünya kimi baxmaq olur. Mən əslində bəşəri problem bunu deyirəm.
– O baxımdan düzdü, amma mən
yenə də “Aydın” barədə öz fikrimdə
qalıram. Amma mütləq qeyd etməliyəm ki, “Məkkəyə
gedən yol” əsərində müəyyən
dəyişikliklər var. Belə ki, “Danabaş kəndinin əhvalatları”
əsərində sonda Məhəmmədhəsən
əmi eşşəyini tapır. Amma “Məkkəyə
gedən yol” tamaşasında o deyir ki,
mən özüm gedəcəm Məkkəyə,
piyada gedəcəm. Hər şeyini itirmiş adamda bu cür
cəsarət var. Məhəmmədhəsən
əmi obrazını çox sevirəm.
O ki, qaldı “Aydın” tamaşasına, nəyə
görə sizə elə gəlir ki, bir insanın faciəsi elə-belə şeydir? Bir insanın
faciəsi cəmiyyətin faciəsi ola
bilməz? Bu saat cəmiyyətimizdə
nə qədər Aydınlar var. Bir insanın həyatı məhv olursa, bu böyük
faciədir. Dostoyevski deyir
ki, bir
uşağın göz yaşı bütün inqilablara,
müharibələrə dəyər. Bilirsiniz ki,
İsrail dövlətinin qanunlarında
belə bir bənd var:
əsir düşən hər bir yəhudi
əsgər dövlət sirrini də verə
bilər, düşmən tərəfinə də keçə
bilər, təki sağ qalsın. Əgər
bir insanın həyatı xilas
olursa, bu böyük işdir.
–
Aktyorlar mənfi rol oynayırlar və sonra
tamaşaçılar onları alqışlayanda, səhnəyə
qaş-qabaqlı, bir qədər kədərli və həvəssiz
çıxırlar. Amma elə ki, baş rolda
və müsbət qəhrəman kimi
çıxış edirlər, gülə-gülə gəlirlər
səhnəyə. Bu nəylə
bağlıdır?
– Onu deyim ki, bu çox maraqlı müşahidədir. Mən də bu cür aktyorları başa düşə bilmirəm. Amma nəzərə alın ki, bütün aktyorlar da sizin kimi sənəti qiymətləndirmirlər. O da var ki, bəzi tamaşaçıların mənfi personajlardan zəhləsi gedir. Tamaşaçılar bəzən mənfi roldakı obrazlardan razı qalmırlar. Bəlkə də belə demək olar ki, bu cür qaş-qabaqla aktyorlar tamaşaçılardan üzrxahlıq edirlər...
Fərid Hüseyn
Kaspi.-2011.-16 dekabr.- S.13.