Rusiyada Ştirlisə
başdaşı qoymağa pul tapılmır
Əfsanəvi
sovet aktyoru Vyaçeslav Tixonov iki il bundan
əvvəl vəfat etsə də,
hələ də qəbrinin üstü götürülməyib
Məşhur
sovet aktyoru Vyaçeslav Tixonov iki il bundan əvvəl vəfat
edib. Bu yay aktyor Vasili Lanovoy Rusiya hökumətinin
başçısı Vladimir Putinlə
görüşündə həmkarının məzarı
üstündə indiyə qədər baş
daşının qoyulmadığını təəssüflə
bildirib. O, xalqın sevimli aktyorunun baş daşının bu
günə qədər qoyulmaması ilə bağlı təkcə
həmkarlarının deyil, pərəstişkarlarının
da narazılığını hökumət
başçısına çatdırıb. Amma
görünür, vəziyyət Lanovoyun təsəvvür
etdiyindən də kədərlidir. Məzarın üzərində
abidənin olmaması bir yana, Vyaçeslav Tixonovun dəfni
üçün xərclənən pul da dəfni təşkil
edən təşkilatın
hesabına köçürülməyib.
Bolkonski,
Ştirlis, yoxsa Allah...
Vyaçeslav Tixonov 81 yaşında dünyasını dəyişib. Mərkəzi Klinik Xəstəxanada ağır əməliyyatdan sonra aktyor həyatla vidalaşıb. Məbəddə onunla vidalaşmağa dostları və yaxınları gəlib. Sonra Mərkəzi Kino Evinin böyük zalında yüzlərlə pərəstişkarının aktyorla vida mərasimi keçirilib. Aktyorla vidalaşma «Baharın 17 anı» filminin musiqisinin sədaları altında həyata keçib. 1973-cü ildə çəkilən film ekranlara çıxan kimi əfsanəyə çevrilib və bu gün də kino incisi kimi dəyərini qoruyub. Yüzlərlə insan onun tabutu üzərinə gül dəstələri qoyub.
Kinematoqrafçılar İttifaqının və Vyaçislav Tixonovun yaxınlarının adına Rusiyanın hər yerindən teleqramlar gəlib. O cümlədən, Rusiya prezidenti Dmitri Medvedyev, baş nazir Vladimir Putin, Ukrayna prezidenti Viktor Yuşenko, Belorus prezidenti Aleksandr Lukoşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və digər MDB ölkələrindən teleqramlar ünvanlanıb. Aktyorun tabutu kino evindən götürülərkən onun pərəstişkarları mərasimi alqışlarla davam etdiriblər. Bir çoxları göz yaşlarını saxlaya bilməyib. Vyaçeslav Tixonov aktyor Georgi Jenovun və Klara Luçkonun yanında dəfn edilib. Görkəmli aktyor karyerası boyunca 60-dan çox filmə çəkilib. Onun ən məşhur filmi «Baharın 17 anı» teleserialı, «Hərb və sülh», «Bazar ertəsinə qədər yaşayaq» filmləri olub. Aktyorun kinoda sonuncu rolu Eldar Ryazanovun 2006-cı ildə çəkdiyi «Andersen. Sevgisiz həyat» filmindəki rolu olub. Onun bu rolu da digər obrazlarında olduğu kimi, pərəstişkarlarının sevgisini qazanıb. Xalq üçün müqayisə etmək çətin idi: o, Bolkonskini, Ştirlisi, yoxsa Allah rolunu yaxşı oynayıb?
Kimdir günahkar?
Qəribədir, nə kinematoqrafiya cəmiyyəti, nə də aktyorun doğmaları bu məsələni o vaxtdan həll etməyə təşəbbüs göstərməyiblər. Vyaçeslav Tixonovun dəfninə görə 400 min rubl borc ödənməlidir. Digər tərəfdən, Kinematoqrafiya İttifaqı – ictimai, qeyri-kommersiya təşkilatıdır. Belə hadisələr zamanı onlar sponsor axtarırlar. Digər tərəfdən, Vyaçeslav Tixonovun qohumları Kino İttifaqın adından kifayət qədər bahalı dəfn mərasimi sifariş ediblər. Görünür, fikirləşiblər ki, bir halda, kinematoqrafçılar aktyorun obrazlarından mənfəət götürürlər, filmlərini prokata çıxarırlar, deməli, hər şeyin də xərcini çəkməlidirlər. Baxmayaraq ki, Vyaçeslav Tixonovun özü kifayət qədər ciddi adam olub, onun dəfn mərasimi ilə bağlı bu cür xoşagəlməz söz-söhbətlər yaranıb. O zaman dəfnlə bağlı məsələlər meydana çıxanda Vyaçeslav Tixonovun yaxınları ilə hər hansı münaqişənin yaranmaması üçün Kino İttifaq rəhbərliyi «Qoy necə istəyirlər, elə də sifariş etsinlər, sonra aydınlaşdırarıq»- deyə bildirib. Ancaq bu «aydınlaşdırma» düz iki ildir ki, davam edir. Əlbəttə, qohum-əqrəbanın həmişə lazımi qədər vəsaitləri olmur. Xüsusən, əgər bu, yüz minlərlə məbləğlə ölçülürsə. Məsələn, Novodeviçye, yaxud Vaqankovski qəbiristanlıqlarında dəfnlə bağlı kompleks xidmətlər bu gün təxminən 450 min rubla başa gəlir. Baxmayaraq ki, şəhərin elə yerləri də var ki, orada dəfn pulsuz həyata keçirilir. Müqayisə üçün Moskvanın dairəvi yolundakı qəbiristanlıqda bu xidmət 4,5 min rubl – yüz dəfə ucuzdur. Ancaq burada söhbət kifayət qədər ciddi – VİP dəfnlərdən gedir. Aydındır ki, Kinematoqrafçılar İttifaqı, o cümlədən, Bəstəkarlar və Yazıçılar İttifaqı hər dəfə bu cür xərcləri öz üzərlərinə götürə bilməzlər. Teatrlar – bu, başqa məsələdir. Onların öz sponsorları, kommersiya layihələri, icarədarları var. Çexov adına Moskva Bədaye Teatrı, «Lenkom», Mayakovski Teatrı - bu cür vəziyyətlərdə büdcədənkənar vasitələrlə xərclərini ödəyirlər. Ancaq qaranlıq qalan bir şey var: bu konkret və incə problemi, görkəmli aktyorla, xalqın dəyərli sənətkarı ilə bağlı problemi necə həll etmək lazımdır? Doğmaları hesab edirlər ki, bu, ölkənin minnətdarlığıdır. Minnətdar ölkə isə hesab edir ki, bu, doğmalarının Vyaçeslav Tixonov qarşısındakı borcudur.
Bizə kömək
edən adamlar tapılacaq
«KP»-nin müxbiri vəziyyəti aydınlaşdırmaq üçün Vyaçeslav Tixonovun qızı Annaya telefon açıb. «Atamın məzarı üzərində abidə qoyulmayıb. Biz bunu heç cür başa düşmürük. Atamın obrazını necə təsvir etmək lazımdır ki, kifayət qədər layiqli alınsın? Abidə hansı pullara düzələcək? Mənə elə gəlir ki, bizə kömək edən adamlar tapılacaq» - deyə Anna bildirib. Aktyorun qızı həmçinin dəfnə xərclənən pullarla bağlı söhbətə toxunaraq bu cür söz-söhbətin gündəmə gəlməsini əxlaq qaydalarına zidd adlandırıb. «Dəfn pulları ilə bağlı söhbətlərin mənə heç bir aidiyyatı yoxdur. Dəfni həyata keçirən adamlar bunu özləri aydınlaşdırmalıdır.
Maraqlıdır, nə üçün mərasimə və tabuta kənar adamlar pul xərcləyib, amma aktyorun yeganə qızı yox? “Mənim atam SSRİ Xalq artisti və Sosialist Əməyi Qəhrəmanı olub. Dövlət onu öz hesabına dəfn etməli idi. Bir daha təkrar edirəm, pulların mənə heç bir aidiyyatı yoxdur. Bu mövzu ilə mənim ərim məşğul olur, amma mənə yenə də ədəbsizcəsinə suallar ünvanlayırlar”.
Çox təəssüf ki, xalq artistlərinin, iri məmurların, Sosialist Əməyi Qəhrəmanların və Rusiya Qəhrəmanlarının dəfnlərini nizama salmaq üçün Rusiyada qanun yoxdur. Hər vətəndaş üçün dəfn mərasimi ilə bağlı eyni vəsaiti var. Rütbəsinə və vəzifəsindən asılı olmayaraq hər kəs üçün. Moskvada bu, 15 min rubldur.
Xeyirxahlar
“KP”-nin müxbiri yaxın illərdə dünyadan köçən başqa tanınmış sənət adamlarının məzarları ilə bağlı vəziyyətlə də maraqlanıb. Belə ki, Simyon Faradanın xərcini oğlu Mixaiel çəkib. Bu yaxınlarda dünyasını dəyişən Janna Proxorenkonun dəfninə Kino Veteranlarına Kömək Fondu yardım edib. Bu fond sponsor pulları hesabına fəaliyyət göstərir. Fond həmçinin Vyaçeslav Tixonovun birinci həyat yoldaşı – Nonna Mordyukovanın da dəfnini təşkil edib. Bella Axmadulinanın dəfni üçün həyat yoldaşı Boris Messerer, Andrey Voznesenskiyə görə, həyat yoldaşı Zoya Boquslavskaya, Lyudmila Qurçenkonun dəfninə isə əri Sergey Senin xərc çəkib. Sergey Mixalkovun dəfni üçün pulu Nikita Sergeyeviç ödəsə də, təşkili ilə dul qadını Yuliya Subbotina məşğul olub. Görkəmli veolençel ustası Mstıslav Rostrapoviç və Aleksandr Soljenitsinın mərasim xərclərini ailələri boynuna götürüb. Aleksandr İsayeviç ölümünə az qalmış şəxsən Donski məzarlığında özünə yer seçib. O, yazıçı-filosov İvan Şmelevin yanında sakitcə uyumaq istəyib. Arvadı və uşaqları onun bu arzusunu yerinə yetirib.
Bəzən bu cür xərcləri öhdəsinə götürən dostlar da olur. Məşhur aktyor Oleq Yankovski dünyadan köçəndə bütün xərcləri onun dostu, biznesmen Mixail Kusniroviç çəkib. O, hətta, yas mərasiminin necə keçdiyini, tamaşaçı zalının ağ-qırmızı bəzək gülləri ilə necə bəzənməsini nəzarətdə saxlayıb. Baxmayaraq ki, may ayında Moskvada həmin gülləri tapmaq o qədər asan olmur, amma iş adamı “pion”ları təşkil edib. Tanınmış biznesmen Araz Ağalarov yaxın dostu Müslüm Maqomayevə böyük diqqət göstərib. Belə ki, iş adamı görkəmli müğənni dünyasını dəyişəndə Çaykovski adına konsert salonunda vidalaşma mərasiminin xərclərini öz boynuna götürüb. İş adamı şəxsən özü dini mərasimi videoda ardıcıllıqla montaj edib. Başdaşı olacaqmı? Ancaq dünyadan köçən bütün tanınmışların imkanlı tanışları və qohumları yoxdur. Digər tərəfdən, insanı bir sual da düşündürür: imkan olmadığı təqdirdə dəfni bu qədər təntənəli təşkil etməyə dəyərmi? Təəssüf ki, bu cür suallara heç kəsin cavabı yoxdur. Ümumxalq məhəbbətini qazanan aktyorun məzarının nə qədər başdaşısız qalacağını isə heç kim bilmir...
“Komsomolskaya
pravda”dan tərcümə etdi
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 20 dekabr.- S.9.