“Azərbaycanda hələ
ki, təkcə kosmik turizmin potensialı yoxdur”
Bahadur Bilalov:
“Ölkədə turizmin ən yaralı yeri
xidmətlə qiymət
arasındakı tərs mütənasiblikdir”
Azərbaycanda “Turizm ili” elan olunan
2011-ci il başa çatmaq üzrədir. İl ərzində
bu sahənin, görülən işlərin lehinə və əleyhinə
bir çox fikir səsləndi, rəylər bildirildi. Yekun
olaraq təbii ki, mütəxəssis fikrinə ehtiyac var və
bu məqsədlə «Azadinform»un suallarını Azərbaycan
Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov
cavablandırıb:
- Azərbaycanda turizm
potensialının böyük olması hər zaman deyilir. Bu
potensialdan yetərincə istifadə edə bilirikmi? Bu gün
turizmimiz olmalı olduğu səviyyədədirmi?
-
Doğrudan da, turizmin inkişaf etdirilməsi üçün
Azərbaycanın potensialı çox böyükdür. Sadəcə
olaraq, biz bu potensialı hələ lazımi səviyyədə
turizm məhsuluna çevirə bilməmişik.
Düzdür, Azərbaycanda turizmin tarixi kökləri var, ta qədim
zamanlardan Azərbaycan səyyahların, elm adamlarının, səyahətsevərlərin
marağında olan bir yer olub, sovet dönəmində turizmin
maddi-texniki bazasının formalaşması yönündə
iş görülüb. Amma sovet turizmi ilə bugünkü
turizmin arasında fərq var. Sovet zamanı turizm bir biznes sahəsi
kimi nəzərdə tutulmurdu. Hələ ötən əsrin
80-ci illərində Azərbaycanda atçılıq turizminin
inkişafı gündəmdə idi. Bu gün bu potensialdan hələ
lazımı səviyyədə istifadə edə bilmirik.
Dediyim ondan ibarətdir ki, Azərbaycan turizmi 1970-80-ci illərdə
formalaşsa da, təəssüflər olsun ki, turizmin
inkişafına dair 2002-2005-ci illəri əhatə edən
birinci, 2010-2014-cü illəri əhatə edən ikinci
dövlət proqramı qəbul olunsa da, biz həm ölkə
vətəndaşları üçün bu imkanı yarada
biləcək, həm də xaricdən daha çox turist cəlb
edəcək turizm məhsulu yarada bilmirik. Məsələn,
YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz
bayramımızı turizm məhsuluna çevirib müxtəlif
ölkələrdəki kimi kütləvi bayram turizmi yarada
bilməmişik. Göyçayda nar bayramını məhsula
çevirməyimiz mümkün olmayıb. Bu kimi digər
istiqamətlərdə həm təbii, həm
tarixi-memarlıq, adət-ənənə, folklor
potensialımız hədsiz dərəcədədir.
- Turizmin daha çox hansı
növü geniş potensiala malikdir? Yəni turizm sahəsinin
inkişafı üçün hansı növ prioritet olaraq
seçilə bilər?
- Hələ
ötən əsrdən Azərbaycanda çimərlik turizmi
formalaşıb. Məsələn, çimərlik turizmi deyən
kimi Nabran zonası yada düşür. Müstəqilliyin ilk
illərindən Nabranda bu sahənin inkişafı istiqamətində
maddi-texniki baza yaradılması işinə
başlanılıb, bu məsələ davam edir. Ölkənin
heç bir regionunda olmadığı qədər Nabranda
çimərlik turizmi ilə bağlı istirahət mərkəzləri
fəaliyyət göstərir. Azərbaycan çimərlik
turizmi nöqteyi-nəzərindən nə Gürcüstanla, nə
Türkiyə ilə, nə də başqa ölkələrlə
rəqabətə girə bilmir. Çünki bizdə Xəzər
sahilləri, xüsusən Bakı akvatoriyası həddən
artıq çirklidir. Hər il müxtəlif dövlət
qurumları Bakı sahillərindəki çimərliklərdə
çimməyin təhlükəli olması haqda həyəcan
təbili çalırlar. Əgər biz doğrudan da
çimərlik turizmini inkişaf etdirmək və qonşu
ölkələrlə rəqabətə girmək istəyiriksə,
mütləq Xəzərin təmizlənməsi
üçün tədbirlər görməliyik. Beynəlxalq
praktikada bu var. Məsələn, Bolqarıstanın Qara dəniz
sahilləri ötən əsrin sonlarında çirklənməyə
məruz qalmışdı, amma onu qısa müddətdə
təmizlədilər.
İkinci
bir məsələ qiymət siyasətidir. Çox təəssüflər
olsun ki, bizim iş adamları çalışırlar ki,
qoyduqları sərmayəni bir-iki ilin içində
qaytarsınlar. Bu, mümkün olmayan bir şeydir. Uzunmüddətli
strateji plan, menecment təfəkkürü olmalıdır ki,
necə edim ki, qiymət aşağı olsun gələnlərin
sayı çoxalsın, mənim istirahət mərkəzimə
insanlar bütün il ərzində gəlsinlər.
Bahalığın bir səbəbi ondan ibarətdir ki, bizdə
çimərlik mövsümü az olur. Amma elə etmək
olar ki, o istirahət mərkəzlərində dənizdə
çimib günəş vannası qəbul etmək istəyənlər
istifadə etsinlər, digər vaxtlarda öz istirahətini təşkil
etmək istəyənlər də ora üz tutsunlar. Bunun
üçün də bir menecer təfəkkürü qoymaq
lazımdır ortaya. Qiymət məsələsinə görə
bizim öz vətəndaşlarımız gedir qonşu
ölkələrə. Halbuki yay istirahətini yüksək səviyyədə
təşkil etmək üçün Gürcüstandan da,
Türkiyədən də böyük potensialımız var.
Azərbaycanda
ekoturizmin, kənd turizminin inkişafı üçün də
işlər görməyin vaxtıdır. Mən qış
turizmindən çox danışmaq istəmirəm, bilirsiniz
ki, dövlətin bu istiqamətdə siyasəti var və
şəxsən ölkə prezidentinin təşəbbüsü
ilə bölgənin ən iri komplekslərindən biri olacaq
“Şahdağ” qış-yay turizm kompleksi inşa olunur. Hesab
edirəm ki, bu kompleksin inşasından sonra qış turizminə
yararlı digər bölgələrdə də belələri
yaradılacaq. Bu, zərurətdən doğan bir məsələdir.
Dünyanın
ən inkişaf etmiş 10 ölkəsindən olan qonşu
Türkiyə mövsüm amilini aradan qaldırmaq
üçün müxtəlif turizm növlərinin
inkişafında maraqlıdır. Məsələn, mədəni
turizm, hansı ki, onun üçün heç bir
mövsümə ehtiyac yoxdur. Deməli, Azərbaycanda da bu
işə diqqət artırmaq lazımdır. Mövsümi
amilləri zəiflədəcək növbəti istiqamət
biznes turizminin bir qolu olan konqres turizmidir. Bizim istirahət mərkəzləri
öz işlərini bu istiqamətdə qurmalıdırlar.
Amma təəssüflər olsun ki, bu mərkəzlər
sentyabrın 15-dən sonra işçilərinin bir hissəsini
ixtisar edib işlərini həftəsonu gələn qonaqlar
üzərində qururlar. Beləliklə, turizmi inkişaf
etdirmək mümkün deyil.
- Turizmin bir çox növünü
qeyd etdiniz ki, Azərbaycanın böyük potensialı var, bəs
heç elə bir turizm növü varmı ki, Azərbaycanda
onun inkişafı üçün potensial olmasın?
- Azərbaycanda
potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki
bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya
yararlanır. Amerika və Böyük Britaniya bu yöndə
işlər görürlər, atmosfer qatından yüksəyə
qalxa bilən gəmilərin hazırlanması üzərində
iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara
başa gəlir. Amma mütəxəssislər hesablayıblar
ki, hardasa 200-250 min dollar civarında xərclə bunu təşkil
etmək olar. Azərbaycanda bunun potensialı yoxdur hələ
ki. Bundan başqa, potensialımız olmasına baxmayaraq,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
olaraq hərbi turizm inkişaf etməyib. Məsələn,
Rusiyada bu turizm növü geniş inkişaf edib. Ənənəvi
turizm növlərinin demək olar ki, hamısı
üçün Azərbaycanda potensial var.
- Turizmdə qiymət və xidmət
problemi bu sahənin inkişafına ən çox mane olan
amillərdən biri kimi qabardılır. Necə həll
etmək olar bu problemi?
- Azərbaycan turizminin ən yaralı və ən çox tənqid olunan yeri xidmətlə qiymət arasındakı tərs-mütənasiblikdir. Bizdəki qiymətlərin yarısına qonşu ölkələrdə, xüsusən Gürcüstanda istirahət etmək mümkündür. Mən bir müddət öncə Bolqarıstanda bir tədbirdəydim, orda da şahidi oldum ki, bu il qiymətləri xeyli aşağı salıblar. Azərbaycanda elə də ucuzlaşma müşahidə olunmadı. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bayaq dediyim kimi, turizm obyektlərinin sahibləri çalışırlar ki, qoyduqları sərmayəni qısa bir müddətdə götürsünlər, ona görə də qiymət daim yuxarı səviyyədə saxlanır. Digər tərəfdən, turizmçilər iddia edirlər ki, tələbat olduğuna görə qiymət yuxarıdır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşlarının heç də hamısı yüksək gəlirə malik deyil. Yəni qiymətləri müəyyənləşdirərkən orta statistik azərbaycanlını da nəzərə almaq lazımdır. Xidmətin aşağı olması da elə bu məsələlərlə bağlıdır. Mövsüm bitəndən sonra sahibkarlar işçiləri ixtisar edirlər və gələn il yenilərini götürməli olurlar. Bu isə peşəkarlaşmağa mane olur. Qeyri-peşəkar personal isə təbii ki, xidmət haqqında minimum bilgilərə malik olur. Ona görə də xidmətin səviyyəsi aşağıdır. Qiymətə təsir edən subyektiv səbəblər də var ki, bu, istirahət mərkəzlərinin işinə qeyri-qanuni müdaxilələr, yeni istirahət mərkəzlərinə heç bir güzəştin tətbiq olunmaması, turizm məqsədilə ölkəyə gətirilən mallara gömrük güzəştlərinin tətbiq edilməməsi və s. kimi hallardır.
- Azərbaycanın
hotelləri, mehmanxanaları, turizm şirkətləri,
ümumilikdə ölkə turizmi “Eurovision” müsabiqəsini
qarşılamağa hazırdırmı? Bu ilin mayında qələbə
qazananda rəylər vardı ki, Azərbaycan çətinlik
çəkəcək bu müsabiqəni
qarşılamağa. Ötən təxminən 6 ay ərzində
nə dəyişib, problemlər həll edilirmi?
- Görülən işlər haqqında o qədər də ətraflı məlumata malik deyiləm. Bəzən biz ajiotaj halına gətirib çıxarırıq ki, görəsən necə olacaq, necə qarşılanacaq müsabiqə. Mən sizə deyim ki, müsabiqə zamanı hətta 50-60 min turist də gəlsə, bir problem yoxdur. Sadəcə, hazır olmaq lazımdır. Mən bilmirəm nə məqsədlə hotellərə hələ də bron etməyə icazə verilmir. Qoyun etsinlər də. Onda məlum olacaq ki, bizim təxminən nə qədər qonağımız olacaq. Digərləri üçün yer lazımdırsa, bunu təşkil etmək olar. Bu məqsədlə normal şəraiti olan ali məktəb yataqxanalarından istifadə etmək olar. Gələnlərin böyük əksəriyyətini gənclər təşkil edəcək. Gənclər üçün isə 4-5 ulduzlu mehmanxana lazım deyil. Nəzərə alsaq ki, mayda Azərbaycanda havalar isti olur, müəyyən ayrılmış yerlərdə çadırlar da qurub təklif etmək mümkündür. Ölkədə kifayət qədər turizm şirkəti fəaliyyət göstərir. Lap 100 min turisti qəbul etməyə gücümüz var. Problem yalnız yerləşmədə ola bilər ki, bunu da həll etmək mümkündür. Məsələn, şəxsi evlərdən istifadə etmək olar. Amma bunun üçün də indidən o evlər müəyyənləşməli, sahibləri ilə müqavilələr bağlanmalıdır. Yaxud tikilmiş hazır binalardan yerləşmə müəssisəsi kimi istifadə etmək mümkündür. Ümumiyyətlə, Azərbaycanın birinci xanımı müsabiqəyə hazırlıq üzrə komissiyanın sədridir və hesab edirəm ki, onun rəhbərliyi altında bütün lazımı tədbirlər görüləcək və “Eurovision-2012” Azərbaycanda çox yüksək səviyyədə təşkil olunacaq. Təbii ki, Mədəniyyət və Turizm Nazirliyi, hotel təsərrüfatı da bu işdə yaxından iştirak edəcəklər.
Həbibə ABDULLA
Kaspi.- 2011.- 21 dekabr.- S.12.