«Kaspi»nin 130 illik yubileyi qeyd olundu
Qəzetin tarixi inkişaf yolundan və
çağdaş dövründən bəhs edən
«Üç əsrin qəzeti» kitabı təqdim edildi
“Tarixdə ənənə yaradan və onun üzərində
məfkurə məktəbi quraraq sonradan öz məfkurə
davamçılarını yetişdirən fəaliyyət
sahələri qalır. Bu mənada müasir «Kaspi»çiləri
tarixi «Kaspi»çilərin varisi hesab etmək olar». Bu
fikirlər Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı
ilə «Kaspi»
qəzetinin 130 illik yubileyinə həsr olunan elmi-praktik
konfransda səslənib. Mərasimdə həmçinin
“Kaspi” qəzetinin 130 illiyi münasibətilə çap edilən
“Üç əsrin qəzeti” kitabının da təqdimatı
olub.
Ənənəyə sadiqlik
Ziyalıların, KİV nümayəndələrinin, tədqiqatçıların
və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə keçirilən tədbirdə Mətbuat
Şurasının sədri Əflatun Amaşov medianın
ictimai fikir tarixində həmişə böyük rol
oynadığını qeyd edib. Xalqın milli
şüurunun oyanışında prinsipial mövqe tutan mətbu
orqanlarımız XIX əsrin sonu XX əsrin əvvəllərindən
başlayaraq milli müstəqilliyimizə aparan yolda
başlıca istiqamətverici missiya daşıyıblar.
«Həsən bəy Zərdabinin «Əkinçi»si ilə
götürülən ideoloji kurs sonralar «Ziya», «Kəşkül»,
«Şərqi- Rus», «Molla Nəsrəddin» və digər bu kimi
örnəklərlə layiqli davamını tapıb. Ümumilikdə XX əsr tariximizdə dərin iz
buraxmış mətbu nümunələrin meydana
çıxdığı zamanda milli şüurda azərbaycançılıq
ideyasını daşıyan, bu məfkurəni özünəməxsus
şəkildə cəmiyyətə çatdıran qəzetlərdən
biri də 1881-ci ildə nəşrə başlamış
«Kaspi» idi. 1897-ci ildə «Kaspi» neft
maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev tərəfindən alındı və bundan
sonra o, dövrün böyük ziyalılarının qəzet
ətrafında sıx birləşməsini təmin etdi.
Həmin vaxtdan keçən müddət ərzində
nəşrin populyarlıq dərəcəsi o qədər
artdı ki, artıq Azərbaycanın hüdudlarından kənarda
da onun daimi oxucuları yarandı», - deyə o vurğulayıb.
«Kaspi» qəzetinin hazırkı dövrdə də
tarixi ənənələrə sadiqlik ruhunda fəaliyyət
göstərdiyini deyən Ə.Amaşov keçirilən
toplantını qəzetlə birgə formalaşmış və
inkişaf etmiş azərbaycançılıq məfkurəsinin
elmi təhlilinə verilən qiymətin növbəti
nümunəsi kimi dəyərləndirib. O, tədbirdə
«Kaspi»nin bu ilin aprelindən avqustunadək tədqiqatçılar
və jurnalistlər arasında keçirdiyi müsabiqənin
laureatlarının da
mükafatlandırılacağını, eyni zamanda nəşrin
130 illik yubileyi ilə bağlı işıq üzü
görən «Üç əsrin qəzeti» kitabının təqdim
ediləcəyini diqqətə çatdırıb.
Tarixi “Kaspi”nin
varisləri
«Kaspi» qəzetinin
rəhbəri Sona Vəliyeva ərsəyə gələn
«Üç əsrin qəzeti» kitabındanda sanballı elmi əsərlərin
yer aldığını dedi. 2011-ci il
aprelin 1-dən avqustun 31-dək davam edən müsabiqəyə
mətbuat tarixinin tədqiqatı ilə məşğul olan
ekspertlər, publisistlər, alimlər qatılıb. “Bu müddətdə redaksiyaya onlarla elmi məqalə
təqdim olundu. Biz bu məqalələrin
bir hissəsini topladıq və «Üç əsrin qəzeti»
adı altında çap etdirdik. Məqsədimiz
millətimiz, xalqımız, mətbuat tarixini öyrənənlər,
media sahəsində çalışanlar, jurnalistika təhsilinə
yiyələnənlər üçün dəyərli vəsait
yaratmaq idi. Hesab edirəm ki, müəyyən
mənada buna nail olduq”. S.Vəliyeva tədqiqatlara,
araşdırmalara əsaslanaraq «Kaspi» qəzetini böyük
bir düşüncə məktəbi adlandırıb: “Bu qəzetdə
böyük düşüncə sahibləri, dövlətçilik
tarixində rol oynayan şəxsiyyətlər fəaliyyət
göstərirdi. Araşdırmalarda qəzetin 38 il fasiləsiz fəaliyyəti dövründə
Azərbaycanın sayılıb-seçilən
oğullarının fəaliyyətini gördüm. Müsabiqəyə təqdim olunan yazılardan bəziləri
bu qəzetin tarixinin qaranlıq səhifələrinə
işıq saldı. Hesab edirəm ki, sizə
verdiyimiz bu stimul bütövlükdə təkcə mətbuatımız
üçün deyil, həm də xalqımız
üçün örnək olası araşdırmaları
ortaya qoya bildi. Onlar Azərbaycanın elə
şəxsiyyətləri idi ki, həm əsərləri, həm
ictimai-siyasi dünya görüşləri, həm
düşüncə tərzləri ilə xalqa xidmət
edirdilər. Onlar tarixin gedişini millətin
xeyrinə dəyişmək üçün sanki Tanrı tərəfindən
göndərilən şəxslər idi. Bu
müsabiqədə qatı açılmayan elə faktlar
ortaya çıxdı ki, biz onlarla fəxr etməyə bilmərik.
“Kaspi» qəzetindəki böyük siyasi xadimlərin ədəbi-bədii
yaradıcılıqlarını, siyasi görüşlərini
bizə çatdırdığınız üçün
sizə təşəkkür edirəm!»
S.Vəliyeva çıxışında Əhməd bəy
Ağaoğlunun «Kaspi» qəzetindəki ədəbi-tənqidi
məqalələrindən, Əli bəy Hüseynzadənin
yaradıcılığından, qəzetin sahibi Hacı
Zeynalabdin Tağıyevin nüfuzundan, Şahtaxtlının,
Hacıbəyli qardaşlarının fəaliyyətindən,
Nəriman Nərimanovun «Kaspi» qəzetinə münasibətindən
danışaraq çar senzurasının
qılıncının kəsib-doğradığı bir
vaxtda yaradıcı beyinlərin bir mərkəzdə birləşərək
millətin gələcəyi, milli şüurun
formalaşması yolunda yorulmaz mübarizə
apardıqlarına heyranlığını gizlətməyib.
S.Vəliyeva qəzetin tarixini vərəqləyərək
qeyd edib ki, «Kaspi» qəzeti nəinki milli şüurun, milli
istiqlal düşüncəsinin formalaşmasında rol
oynayıb, qəzet həmçinin Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasında, onun hökumətinin,
dövlət siyasətinin formalaşmasında böyük rol
oynayıb». S.Vəliyeva «Kaspi»nin tarixini
böyük məktəb adlandıraraq hələ
araşdırılmasına ehtiyac olduğunu da bildirib:
«Araşdırıldıqca yeni faktlar, tədqiqatlar ortaya
çıxacaq. Sizdən xahiş edirəm ki,
bu tədqiqatlarınızı davam etdirin. Bu, millətimiz, xalqımız üçün
vacibdir. Təkcə ona görə yox ki, biz köhnə
«Kaspi»nin məfkurə
daşıyıcılarıyıq. Məfkurə
daşıyıcıları həm də sizsiniz. Tədqiqatların
ortaya qoyulması bizə çox şey verdi.
Örnək alası məsələlərdən
örnək alaq, səhvləri etməməyə
çalışaq. Həm də ona görə təşəkkür
edirəm ki, siz bizi tarixi «Kaspi»nin
davamçıları kimi qəbul etmisiniz. Bizim
12 illik fəaliyyətimizə də diqqət yetirmisiniz».
S.Vəliyeva müasir «Kaspi»nin fəaliyyətə
başladığı dövrlərə də toxunaraq qeyd
edib ki, qəzet nəşrə başlayarkən onun adı
üzərində düşünülməyib: «İllər
öncə bu qəzetin adı, amalı, ideyaları bizim
ürəyimizdə işıq yandırdığı
üçün qərara aldıq ki, bu tarixi qəzetin
adını götürək və onların qoyduqları ənənələrə
sadiq qalaq. Söz verdik ki, xüsusilə millətin,
xalqın qəzeti olacağıq. Cəmiyyətdə
hansı proseslər baş verirsə, biz xalqın tərəfində
duracaq, ona qərəzsiz, düzgün, obyektiv informasiya
çatdıracağıq. Buna nə qədər nail
olmuşuqsa, siz deyə bilərsiniz». S.Vəliyeva qəzetin
keçirdiyi ayrı-ayrı uğurlu layihələrdən də
danışıb: «Bizim layihələrimiz yenə də davam
edəcək. Zaman gələcək, tarixi
proseslər kimi biz də öz dünyamızı dəyişəcəyik.
Bizim davamçılarımız xalqın qəzeti
olan «Kaspi» qəzetini davam etdirəcəklər». «Kaspi» qəzetinin
ilk tədqiqatçısı, filologiya elmləri namizədi Səmayə
Mövlayeva: «Nəhayət Azərbaycan mətbuat tarixində
«Kaspi» qəzeti öz dəyərli yerini tutdu» - deyə
bildirib. Tədqiqatçı «Kaspi»də ilk dəfə tədqiqata
başlamasının tarixini xatırlayıb: «Kaspi»də ədəbiyyat
və mədəniyyət məsələlərinin
araşdırılmasını mənə Şıxəli
Qurbanov təklif etdi. Sözün düzü, o
vaxt mən təəccübləndim. O vaxt «Kaspi» qəzeti
neft məsələlərini işıqlandıran mətbu
orqan idi. Şıxəli Qurbanov mənim bu təşvişimi
duydu və «Kaspi» bir dəryadır, siz işləyin və biləcəksiniz.
Qoy «Kaspi» qəzetinin tarixinin araşdırılması sizin
adınızla bağlı olsun»-dedi. Mən onun
təkidi ilə mövzu üzərində işlədim.
Çoxlu çətinliklərlə
qarşılaşdım. 38 il ərzində
nəşr olunan qəzetin 1065 nömrəsini vərəq-vərəq
izlədim. Bu mövzuya çox həvəslə
yanaşdım və 4 ilə başa çatdıraraq
müdafiə elədim».
S.Mövlayeva
«Kaspi»nin tarixinə də toxunaraq: «Qəzetə
burjua və pantürkist damğası vurulmuşdu» - deyə
bildirib: «Təəssüf ki, bu tendensiya bu gün də
yaşamaqdadır. Amma «Kaspi» əslində
liberal qəzet olub. Həsən bəy Zərdabi,
topçubaşov, Şahtaxtlı, Soxalinskinin redaktorluğu
illərində qəzetdə demokratik meyilli jurnalistlər
öz qələmlərini sınadılar. Bu cür fədailər qəzetdə
çalışırdılar. Hacı
Zeynalabdin Tağıyev qəzeti alaraq Əlimərdan bəy
topçubaşova verəndən sonra qəzetdə milli ruh
güclənir və təsadüfi deyil ki, camaat arasında
ona müsəlman «Kaspi»si deməyə başlayırlar”. S.Mövlayeva «Kaspi» qəzetinin hələ
o zaman ədəbiyyatın və mədəniyyətin
inkişafında böyük rol oynadığını qeyd
edib: “Vaxtilə qəzetin səhifələrində yer alan: «Şübhə yoxdur ki, bu xalq
bütün mədəni işlərdə başqa mədəni
ölkələrlə birgə irəliləyəcək”
sözləri artıq reallaşıb. Azərbaycan
dünya mədəniyyəti prosesinə inteqrasiya edib. Bu yolda «Kaspi»nin, ümumilikdə mətbuatın rolu
böyük və əhəmiyyətlidir».
İdeyalar mühiti
BDU-nun
professoru Cahangir Məmmədli «Üç əsrin qəzeti»nin maraqlı ideyadan yarandığını
vurğulayıb: «Hər şey ideyadan başlayır. Bu kitab da maraqlı ideyadan yaranıb. Cəmi 5-6 ayın içərisində bu ideya
gerçəkləşib. Ümumiyyətlə,
müasir «Kaspi» qəzeti ideyaların mühitidir. Tarixi
«Kaspi» birbaşa Azərbaycançılıq ideyaları ilə
zəngin idisə, müasir «Kaspi»nin
adını həmin qəzetdən götürməsi o deməkdir
ki, yenə də Azərbaycançılıq ideyası bu qəzetdə
özünü doğruldur. Hər qəzet
özünü adı ilə doğrulda bilmir. Amma bu gün Azərbaycan dövlətçiliyinə
xidmət edən «Azərbaycan» və «Kaspi» qəzetlərinin
mühitində ideyalar var və bu ideyalar get-gedə gerçəkləşir.
Biz neçə-neçə ideyanın
gerçəkləşməsinin bu zalda şahidi olmuşuq”.
C.Məmmədli qeyd edib ki, müasir «Kaspi»
öz adını həm tarixi aspektdə, həm müasir
dövr jurnalistikasına ciddi əhəmiyyət verən
kollektiv toplaması ilə doğruldub. C.Məmmədli
jurnalistikanın nəzəri problemləri ilə bağlı
«Kaspi» qəzetinin praktikası ətrafında fikrini bildirib:
«Bu kitabda 32 müəllifin məqaləsi yer alıb. Bu müəlliflərin hamısının elmi dərəcələri
var. Ona görə də bu kitabın təqdimatı ciddi əhəmiyyət
kəsb edir». C.Məmmədli «Kaspi»nin “Ədəbiyyat” əlavəsinə
toxunaraq qeyd edib ki, təkcə Azərbaycanda deyil, ümumiyyətlə,
dünya mühitində ədəbiyyatın xeyli dərəcədə
öləzidiyi bir məqamda bu əlavə Azərbaycan və
dünya ədəbi cərəyanlarının çox
maraqlı müəlliflərini oxuculara çatdırır:
«Bu qəzetin ədəbiyyat əlavəsindən çox
maraqlı faktlar əldə etmişəm. Hansı
ki, bu gün auditoriyada həmin faktlardan istifadə edirəm».
C.Məmmədli kitabın BDU-nun tələbələri
üçün həm nəzəri, həm də tarixi
aspektdən yaradıcı vəsait olacağına əminliyini
gizlətməyib.
Peşəkarlığı ifadə
edən qəzet
BDU-nun
professoru Şamil Vəliyev «Kaspi»ni XIX əsrin
sonu XX əsrin əvvəllərində Azərbaycan
ictimai-siyasi və mədəni həyatının ensiklopedik
ifadəsi kimi dəyərləndirib: “Çox təəssüf
ki, sovet hakimiyyəti illərində bu qəzet
burjuaziyanın, varlı sinfin qəzeti kimi damğalanıb. Qəzetə
«pantürkist», «irqçi», «panislamist», «kosmopolit», «milliyyətçi»
damğaları vurulub və Azərbaycan düşüncə
dövriyyəsindən kənarlaşdırılıb. Hətta bir sıra hallarda onun tədqiqi qadağan
olunub. Ancaq yaxşı ki, 60-cı illərdən
sonra bir sıra alimlərimiz bunu ədəbiyyat dərsliklərinə,
jurnalistikaya aid dərsliklərə daxil edə bildilər.
Qəzet universal yaradıcılıq nümunəsidir.
Universializmin özündə
bütövlükdə bizim milli-tarixi həqiqətlərimiz
yatır. Biz indi bunu öyrənmək təşəbbüsündəyik». Ş.Vəliyev
kitabın nəşrini ilk təşəbbüs kimi yüksək
dəyərləndirib. Belə ki, bu təşəbbüsün
həyata keçirilməsi bütövlükdə mətbuat
tarixinə yeni mövqedən baxış deməkdir. «Bu qəzet Azərbaycanda liberal və müstəqil
qəzet tipi kimi formalaşan ilk nümunəvi qəzetlərdən
biridir. Qəzetin
universallılığı bugünkü «Kaspi»də də
öz ifadəsini tapır. İctimai-mənəvi
ehtiyacımızın ödənməsi baxımından
«Kaspi» qəzeti bu gün çox əhəmiyyətlidir.
İctimai-siyasi, tarixi həqiqətlər, siyasətlə
bağlı diskussiyalar, polemik yazılar qəzetdə kifayət
qədərdir. Arzum budur ki, bu tip, peşəkarlığı
ifadə edən qəzetlərin sayı çox olsun!» KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərli tarixi
«Kaspi»nin ilk saylarından danışaraq
yenidən xələf kimi nəşrə başlayan qəzetin
fəaliyyətini yüksək dəyərləndirib:
«Müstəqillik əldə etdikdən sonra biz çox qəzetlər
qeydiyyatdan keçib. O dövrlərdə çap olunan qəzetlər
yenidən bərpa olunurdu. Ancaq onların
heç biri bugünkü günə qədər fəaliyyətini
davam etdirə bilməyib. Məhz «Kaspi» qəzetinin
həmin xətti ardıcıl olaraq davam etdirməsi çox
fərəhləndirici haldır”. V.Səfərli
həmçinin təqdimatı keçirilən «Üç əsrin
qəzeti» kitabını həm jurnalistlər, həm oxucular
üçün mətbuatımızın tarixindən
geniş informasiya verən lazımlı vəsait kimi qiymətləndirib.
Ekspert komissiyasının sədri, BDU-nun
professoru Alxan Bayramoğlu müsabiqənin nəticələri
haqqında məlumat verərək bildirib ki, ekspert
komissiyası müsabiqəyə daxil olan əsərləri dəyərləndirərkən
bir neçə kriteriyanı əsas götürüb. Belə ki, hər bir məqalənin həsr olunduğu
problemi əhatə etmə səviyyəsi, məhz bu
müsabiqə üçün yazılması və ictimai
tutumu nəzərə alınaraq dəyərləndirilib.
“Müsabiqəyə kifayət qədər
çox yazı təqdim olunmuşdu. Ancaq
bir çox müəlliflərin yazıları bir-birini təkrarlayırdı.
Amma ekspert komissiyası həmin yazılara da hörmətlə
yanaşaraq belə qərara gəldi ki, müsabiqənin
kriteriyalarına uyğun gələn 12 məqalənin müəllifi
300 manat, digər məqalələrin müəllifləri isə
müəyyən məbləğdə pulla
mükafatlandırılsınlar».
İşıqlı ideyaların
davamçısı
«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli
müsabiqənin ümumi qonorar fondunun 6 min manat təşkil
etdiyini bildirib.
Belə ki, müsabiqənin şərtində
göstərildiyi kimi, 12 müəllif 300 manat, digər müəlliflər
isə müxtəlif məbləğdə qonorarla təltif
olunublar. «Kaspi» qəzeti nə üçün bizim
üçün əzizdir?» - deyə N.Məmmədli qəzetin yubileyinə
toxunaraq bildirib ki, bu gün Azərbaycanda 4500-dən çox
KİV qeydiyyatdan keçib, onların təxminən yüzə
yaxını «qara siyahı»dadır. “Əsrin əvvəllərində
Mətbuat Şurası və qara siyahı olmasaydı da Azərbaycana
qarşı çıxan, etnik maraqlardan
çıxış edən, uzun müddət bolşevik mətbuatı
kimi təbliğ edilən qəzetlər olub. Ancaq onların nə yubileyləri qeyd olunub, nə də
Azərbaycanın ictimai rəyində yer tutublar. «Kaspi» qəzeti Azərbaycanın ictimai rəyində
ona görə xüsusi əhəmiyyətə malikdir ki,
«Əkinçi» qəzetindən sonra işıqlı
ideyaları davam etdirib. topçubaşov
baş redaktor təyin olunandan sonra qəzetə müsəlman
«Kaspi»si deyirdilər. Həsən bəy Zərdabinin
öz imzası ilə «Kaspi» qəzetinin 300-dən çox
nömrəsi işıq üzü görüb. «Kaspi» qəzeti də Həsən bəy Zərdabinin
irsidir. «Əkinçi»yə göstərdiyimiz
münasibəti «Kaspi» qəzetinə də göstərməliyik.
Digər tərəfdən, Azərbaycan mətbuatı
tarixində «Kaspi» qəzetinin yerini ümumiləşdirmək
lazımdır. Tədqiqatlardan bu qənaətə
gəlmək olar ki, tarixi «Kaspi» Rusiya yönlü Avropa tipli Azərbaycanın
ilk qəzeti olub. «Kaspi» qəzetinin tarixi
ona görə qeyd olunmalıdır ki, 1918-ci ilin mart, 1905-ci
ilin erməni-müsəlman qırğınlarında Azərbaycan
tarixini öyrənən mənbələrdən biri də bu
qəzetdir. “Kaspi” həmin dövrdə nəşr
olunan ermənilərin «Baku» qəzetinə rus dilində cavab
verən yeganə qəzet idi». N.Məmmədli
təklif edib ki, bir vaxtlar ermənilər tərəfindən
dağıdılan qəzetin mətbəəsinin yerində
xatirə daşı qoyulsun. Həmin mətbəənin
yerində hazırda Sabir bağı yerləşir.
Baş redaktor müasir “Kaspi”nin fəaliyyətindən
danışaraq qəzetin kollektiv əməyin məhsulu
olduğunu diqqətə çatdırıb: «İctimai rəydə
belə bir fikir var ki, redaktorun əlində sehrli çubuq var
və onu fırladan kimi qəzet çıxır. Amma qəzet yaradıcı əməyin məhsuludur.
Elə-belə ərsəyə gəlmir».
N.Məmmədli müasir «Kaspi»nin ayrı-ayrı vaxtlarda Qalib
İbrahimli, İnqilab Məmmədov və Nurəddin Heydərlinin
redaktorluğu ilə nəşr olunduğunu və qəzetdə
çoxlu sayda
jurnalistlərin əməyinin olduğunu bildirib:
«Bu qəzetin sıralarında çoxlu sayda jurnalistlər
formalaşıb ki, indi onlar müxtəlif dövlət
orqanlarında çalışırlar. Biz Azərbaycan mətbuatında
iz qoyan sələflərimizin adına
layiq olmağa çalışmışıq. Bizim sələflərimiz bu qəzeti iki əsr
qoruyub saxlayıblar. XXI əsrdə «Kaspi»
qəzeti nəşr olunur. İndi bunu
qoruyub saxlamaq böyük mənəvi məsuliyyət tələb
edir». Tədbirin sonunda “Kaspi” qəzetinin
130 illik yubileyi ilə əlaqədar elan edilən yazı
müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 28 dekabr.- S.8-9.