QHT sektorunda da korrupsiyaya qarşı mübarizə aparılmalıdır

 

Cəmiyyətin şəffaflaşmasını istəyən ictimai sektorun özünün də şəffaflaşmağa ehtiyacı var

 

Son günlər respublikada korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyevin bu problemin həlli ilə bağlı tapşırıqlar verməsindən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirməsindən sonra bu istiqamətdə görülən işlər daha da intensivləşib. Hökumət hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Ona görə ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır. Bundan sonra müxtəlif dövlət qurumlarında kollegiya iclası keçirilir, işlərində nöqsanlara yol verən dövlət məmurları işdən azad olunurlar.

Amma korrupsiya faktları təkcə dövlət strukturlarında müşahidə olunmur. Son illərdə sürətlə formalaşmaqda olan ictimai sektorda da bunun elementlərinə rast gəlmək mümkündür. Müxtəlif donorlardan qarantlar alan QHT-lər onları təyinatları üzrə xərcləmirlər. Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Son iki ildə Azərbaycanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasından sonra bu sektorun inkişafı istiqamətində xeyli addımlar atılıb. Amma yenə QHT-lərin hesabatlılığı ilə bağlı problemlər qalmaqdadır. Bu problemlər hələ 90-cı illərdən baş qaldırıb. O vaxtlar yerli QHT-lər daha çox xarici donorlardan qrantlar alıblar. Bu donorlar sırasında ABŞ-ın Azərbaycandakı səfirliyi, Norveç Krallığının Azərbaycandakı səfirliyi, Soros Fondu sair təşkilatlar olub. Mətbuatda dəfələrlə Soros Fondunun ayırdığı qrantların təyinatı üzrə xərclənməməyi ilə bağlı məlumatlar yer alıb. Bu məlumatlarda o da bildirilib ki, fond qrantı daha çox özünə yaxın bildiyi QHT-lərə ayırır. Bundan əlavə, fondun qrantları ayırarkən QHT-lərdən faiz alması barədəiddialar var. Bir çox QHT təmsilçiləri bu faktın mövcudluğunu təsdiq edirlər. Məlumatlara görə, məhz bu eybəcərliklər okeanın o tayına da yetişdiyi üçün bir neçə il əvvəl fondun Azərbaycandakı nümayəndəliyinin rəhbərliyində dəyişiklik edilib.

Bəzi hallarda isə QHT-lərdə aldıqları vəsaitləri əvvəlcədən nəzərdə tutulan işlərin icrasına deyil, təşkilatı idarə edən şəxslərin şəxsi problemlərin həllinə yönəldiblər.  Bundan əlavə, qrantların ayrılması zamanı da daha çox donorlara yaxın QHT-lərin layihələrinə üstünlük verilir.

Sabiq millət vəkili Aynur Camalqızı da hesab edir ki, əksər QHT-lər korrupsiyanın predmetinə çevriliblər: «Azərbaycanda fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutu da başdan-ayağa korrupsiyaya bulaşmış bir vəziyyətdədir. Açıq Cəmiyyət İnstitutu Azərbaycanda açıq cəmiyyətin formalaşmasına, sivil cəmiyyət quruculuğuna yardım göstərməlidir. Amma burada rəhbərlik sırf korrupsiya ilə məşğul olmaqla öz işlərini bitmiş hesab edir. Onlar ayrı-ayrı QHT-lərlə separat danışıqlara gedirlər. Müsabiqədən keçmiş layihələrin 20-30 faizi rüşvət şəkilində İdarə Heyətinin üzvlərinə qaytarılır. Bu cür fəaliyyətlə heç bir inkişafa nail olmaq mümkün deyil”.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi də vətəndaş cəmiyyəti institutlarının hesabatlılığından narazıdır. Təşkilatın rəhbərliyində təmsil olunan şəxslər dəfələrlə bununla bağlı narazılıqlarını ifadə ediblər. Məsələn, bu il yanvarın sonlarında 2010-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında şuranın sədri Azay Quliyev bu problemlərə toxunub. O bildirib ki, görülən işlərlə bərabər QHT-lərin fəaliyyətində problemlər də az deyil. Şura sədri əsas problemlərdən biri kimi QHT-lər tərəfindən hesabatların vaxtında təqdim olunmamağını göstərib: “QHT-lər hesabatları vaxtında təqdim etmirlər. Onlar  hesabatları verməyə ya çətinlik çəkirlər, ya da səhlənkarlıq edirlər. Halbuki hər kəs bilməlidir ki, dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı bəlli tarixə qədər hesabatlar Şuraya təqdim olunmalıdır. Bundan sonra hesabatları təyin olunan müddətdə təqdim etməyən QHT-lərə qarşı ciddi ölçülər götürüləcək”.  A.Quliyevin sözlərinə görə, ilkin olaraq, belə QHT-lər builki müsabiqədən uzaqlaşdırılacaq. Bununla bağlı araşdırmalar artıq başa çatıb. Araşdırmaların nəticəsi olaraq təxminən 70 təşkilat bu sanksiyalara məruz qalacaq. Əgər xəbərdarlıq edilənlər bundan da nəticə çıxarmasalar, həmin təşkilatlar Şuranın elan etdiyi müsabiqələrdən 1 və ya 2 il ərzində kənarlaşdırılacaqlar. Əgər bu dəfə görülən təbirlər nəticəsiz qalarsa, son addım olaraq Şura onlarla bağlı sənədləri hüquq-mühafizə orqanlarına təqdim edəcək. Bundan başqa, QHT-lərin peşəkarlıq bacarıqlarında, davranış, layihənin yazılması, hətta ən elementar olaraq texniki şərtlərə əməl etməməsi və s. kimi problemlərimövcuddur.  QHT-lərin fəaliyyətlərində hər il təkrarlanan problemlərmövcuddur. Məsələn, Azərbaycandakı əksər QHT-lərin mühasibləri yoxdur. Bu faktın özü vətəndaş cəmiyyəti institutlarının maliyyə məsələlərinə yanaşmasının göstəricisi kimi qəbul oluna bilər. Mühasib olmadan vəsaitin bölüşdürülməsi, xərclərə nəzarətin edilməsi, hər şeyin qanunlara uyğun formada aparılması faktiki olaraq qeyri-mümkündür.

QHT-lərin ictimaiyyətlə əlaqələrinin qurulmasında da problemlər qalır. İctimaiyyətə icra olunan layihələr, əldə olunan nəticələr, xərclənən pullar barədə ətraflı məlumatlar verilmir. Bütün bunlar şəffaflığa xidmət edən məsələlər olduğundan QHT-lər işin bu istiqamətinə diqqət yetirməlidirlər.

Bəlkə də kimlərsə düşünə bilərlər ki, QHT-lər çox kiçik bir dairəni əhatə etdiklərindən korrupsiyaya qarşı mübarizə əsasən dövlət qurumlarında aparılmalıdır. Amma bu, tamamilə yanlış yanaşmadır. Birincisi ona görə, daim cəmiyyətin şəffaflaşması uğrunda mübarizə aparan vətəndaş cəmiyyəti institutları özləri başqalarına nümunə olmalıdırlar. Məntiqlə də özləri şəffaf olmayan qurumlar cəmiyyətin şəffaflığı üçün mübarizə apara bilməzlər axı. Digər tərəfdən, QHT sektoru o qədər kiçik deyil. Son illər görülən işlər nəticəsində bu sektorda fəaliyyət göstərənlərin sayı xeyli artıb.  Məsələn, keçən il təkcə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrdə çalışaraq əmək haqqı alanların sayı 1100 nəfər, layihələrdən faydalananların sayı 213.552 nəfər olub. Ümumilikdə isə maliyyələşdirilən 352 layihəyə 2.102.000 manat vəsait xərclənib. Buraya beynəlxalq donor təşkilatlarının ayırdıqları vəsait də əlavə olunarsa, dövriyyənin həcmi bir qədər artar. Buna görə də cəmiyyətdə nizam-intizamın, maliyyə şəffaflığının yaranmasını istəyiriksə, bu sektoru da diqqətdə saxlamalıyıq.

 

 

F.ABASOĞLU 

 

Kaspi.- 2011.- 10 fevral.- S. 4.