“Qaçqın:
Anar Usubovun həyat hekayəsi”
Fevralın 21-də
Gənc Tamaşaçılar Teatrında tanınmış
türk jurnalisti Cem Oğuzun “Qaçqın: Anar Usubovun həyat
hekayəsi” filminin təqdimatı keçirilib
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn
filmin təqdimatına diplomatik korpusların nümayəndələri,
ziyalılar və KİV nümayəndələri
qatılıb.
Qaçqınların və Məcburi
Köçkünlərin işləri üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənov filmin ərsəyə
gəlməsinə görə Bilkənd Universitetinin
professoru, filmin rejissoru Cem Oğuza, həmçinin dövlət
başçısı İlham Əliyevə, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevaya, Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkürünü bildirib: «Nəhayət,
biz Xocalı faciəsinin dünya ictimaiyyətinə
çatdırılması işi ilə geniş surətdə
məşğuluq. Artıq Xocalı ilə bağlı tədbirlər
dünyanın hər bir yerində keçirilir. Bu o deməkdir
ki, bir neçə il öncə ulu öndər Heydər Əliyev
bu problemin dünya ictimaiyyətinə
çatdırılmasının təməlini qoyub. Əgər
dünən bu imkanlar yox idisə, bu gün artıq bu cür
imkanlar genişdir. Biz dövlət məmurları,
ziyalılar, ümumiyyətlə, Azərbaycan ictimaiyyəti
ölkəmizin başına gətirilən bəlaların
dünya ictimaiyyətinə çatdırılması
üçün hələ çox iş görməliyik. Əgər
Ermənistan bu işlə çoxdan məşğuldursa, biz
təzə başlamışıq. Bizim düzgün istiqamətimiz
dünya ictimaiyyətini məlumatlandırmaq və erməni
millətinə qarşı dünya xalqlarında nifrət
oyatmaqdır».
Ə.Həsənov ermənilərin azərbaycanlıların
başına gətirdiyi faciələrin faşistlərin qəddarlığından
da dəhşətli olduğunu vurğulayıb: «Hələ
Xocalı faciəsindən qabaq - Ermənistandakı 250 mindən
çox azərbaycanlının 1988-90-cı illərdə
ölkədən çıxarılmasını yada
salın. Qışın şaxtasında nə qədər
ayağıyalın insan həlak oldu. Onlara zorakılıq tətbiq
olundu. Və yaxud 17 fevralda Xocalı faciəsindən də betər
faciə törədildi. Bu, Azərbaycan hakimiyyəti
üçün ikinci bir işarə idi, ancaq bundan nəticə
çıxarmadılar. Nəhayət, bu hadisələr davam
edərək özünün kulminasiya nöqtəsinə
çatdı – Xocalı faciəsi törədildi. Ermənilər
bütün Dağlıq Qarabağ ərazisində olan kəndlərimizi
– 83 yaşayış məntəqəsini yandırdılar,
60 minə yaxın əhalini o torpaqlardan qovdular. Ancaq bununla da
kifayətlənmədilər. Öz havadarlarının
hesabına daha 7 rayonu işğal edib 1 milyon insanı
qaçqın vəziyyətinə saldılar».
Ə.Həsənov vurğulayıb ki,
dünyanın bütün mötəbər qurumları ermənilərin
zorakılığı ilə bağlı qərarlar qəbul
etsə də heç bir nəticəsi yoxdur. “Ermənistan
dövləti tarix boyu xəyanətkar
olub. Onlar yüz ildir ki, olmayan türk genosidini dünyaya
yayırlar. Bizim başımıza gətirilənlər isə
canlı faktlardır. Ancaq nə üçün beynəlxalq
qurumlar öz qərarlarının icrasını saymayan Ermənistana
heç bir sanksiya tətbiq etmirlər? Bu sualın
cavabını kim verəcək? Bu cür ədalətsizliklər
çox davam edə bilməz. Haqq-ədalət gec-tez yerini
tutacaq. Nahaq qan yerdə qalmayacaq».
«Mədəniyyət» telekanalının
baş direktoru Cəmil Quliyev Xocalı soyqrımı ilə
bağlı ulu öndər Heydər Əliyevin fikirlərini
xatırladıb: «Xocalı faciəsi bütün dünyaya
çatdırılmalıdır və heç kəs bu
işdən kənarda durmamalıdır”. C.Quliyev
soyqırımı 20-ci əsrin ən böyük faciəsi
adlandırıb: «Dünya şöhrətli kinorejissor Mixail
Romm 1969-cu ildə 20-ci əsrin ən böyük faciəsi
olan «Adi faşizm» filmini çəkdi. Məşhur rejissor
müsahibələrinin birində: «Vaxt gələcək
faşizm daha amansız və qəddar olacaq» - deyə bildirib.
Xocalı faciəsi bu fikirlərin təsdiqi oldu. Erməni
faşistlərinin törətdiyi cinayətlər faşistlərin
qəddarlığından daha dəhşətlidir».
C.Quliyev faciəyə həsr olunan sənədli filmin maraqlı ritm
quruluşuna, faciənin ritmini yaradan musiqiyə malik
olduğunu diqqətə çatdırıb: «Dünya
kinosunun tarixinə nəzər salaq: «Adi faşizm»,
«Pianoçu», «Köhnə tüfəng» kimi filmlər
dünya kinosu salnaməsində həmişəlik qalır.
Bu filmlər gələcək nəsillərə bu faciələri
həmişəlik çatdırır. Cem Oğuzun çəkdiyi
sənədli filmin də bu istiqamətdə böyük əhəmiyyəti
var».
Filmin rejissoru Cem Oğuz «Bu filmi çəkərkən
sözümün bitdiyi anlar çox oldu» - deyə bildirib: «Bəlkə
də hər kəs elə anlarla qarşılaşa bilər.
İnsan belə anlarda: «Necə edim, ardını necə davam
etdirim?» sualları ilə üz-üzə dayanır. Biləndə
ki, qarşıdakı insan hansısa bir acını
yaşayır, «onun acısında mən də iştirak edim»
- deyə düşünürsən. Mən film boyu belə
acılarla qarşılaşdım. Məsələn, filmi
çəkərkən bir qadının «Allaha hər gün
dua edirəm ki, oğlum ölmüş olsun» sözlərini
eşitmək çox dəhşətli idi. Təsəvvür
edin, bir ana övladının ermənilərin əlində
qalıb həmin acıları təkrar-təkrar
yaşamasına dözə bilməyib bu sözləri dilinə
gətirir!» Cem Oğuz faciə ilə bağlı
yaşadığı hisslərin hamısının filmdə yer aldığını qeyd edib.
Çıxışlardan sonra
“Qaçqın: Anar Usubovun həyat hekayəsi” filminin tədbir
iştirakçıları üçün nümayişi
keçirilib. Qeyd edək ki, məzmunlu və təsirli filmdə
sərt və acı həqiqətləri söyləyən
müsahiblər yer alıb. Qərb sənədli filmləri
ruhunda çəkilən və artıq müxtəlif sənədli
filmlər festivallarında mükafatlara namizəd göstərilən
film faciənin baş verdiyi günə qədər yaşanan
tarixi dolğun əks etdirir. Belə ki, sovet dövrü,
bolşeviklərin hakimiyyəti, Stalinin hakimiyyətdə
olduğu illər, repressiya dövrü, müharibədən
sonrakı illər, yenidənqurma dövrü və s. tarixi əks
etdirən önəmli nüanslar filmdə yer alıb. Ermənilərin
zorakılığı konkret
vizual faktlar və tarixi mənbələrin köməyi
ilə üzə çıxarılıb. Sonrakı proseslər
– Azərbaycan torpaqlarına qarşı təcavüz, 20
Yanvar faciəsi də məhz erməni xisləti prizmasında
araşdırılıb.
Konkret tarixi faktlara, arxiv materiallarına
istinad edən müəllif hadisələrin
iştirakçısı olmuş insanların söhbətlərinə
üstünlük verib.
Filmdə hadisələr 28 yaşlı
Anar Usubovun dilindən səslənir. Xocalı
soyqırımının dəhşətli olayları gəncin
yaddaşında kino lenti kimi əbədiləşib.
Anarın yaddaşında
qalıb ki, o uşaq olanda qonşuluqda yaşayan ermənilərlə
qaynayıb-qarışıblar, bir-birlərinin xeyir-şərinə
gediblər. Ona görə də Qarabağ hadisələri
başlayanda «İnanmazdıq ki, nə vaxtsa ermənilər
bizə qarşı belə hərəkətlər edərlər.
Onlar axı bizim üzümüzə gülürdülər.
Mən axı onlara diş çəkdirirdim. Hadisələr
baş verəndə fikirləşdim ki, yəqin bunlar
başqa insanlardır»- deyə düşünüblər.
Anarın başına gələnlər əslində
onun yaşıdı olan bütün gənclərin faciəsidir.
Yaşadıqları ev-eşikdən, doğma yurddan didərgin
düşmələri, gözlərinin qabağında
dost-tanışın, qohum-qonşunun erməni
işğalçıları tərəfindən qətlə
yetirilmələri, sonra məskunlaşdıqları
ayrı-ayrı şəhərlər, qəsəbələr...
başlarına gələn olmazın fəlakətlər.
Xocalının ayrı-ayrı sakinləri,
o cümlədən millət vəkili Elman Məmmədov
başlarına gələn olayları təfərrüatı
ilə danışırlar. Xocalı sakini Şamil
Sabiroğlunun: «Ermənilər deyirdilər ki, «Sumqayıt faciəsinin
ildönümünü Xocalıda qeyd edəcəyik» sözləri
soyqırımın qabaqcadan hazırlanan plan olduğunu bir
daha təsdiqləyir.
Xocalıların başına gələn
faciə Usubovlar ailəsinin bütün üzvlərinin –
Anarın atası Mustafa, əmisi Asif, anası Bəstinin və
b. dilindən səslənir. Bəsti Usubova xatırlayır:
“Ermənilərin atəş səsləri eşidiləndə
Anar qorxurdu: Hər gün pəncərədən
baxırdı və yerə nə qədər raketlərin
düşdüyünü sayırdı».
Xocalıda faciə baş verəndən
sonra yaşananların doğrudan da can bazarı olması
kadrları filmdə dolğun
yer alıb. Hamı qaçıb canını
qurtarmağa çalışsa da, bu, hər kəsə
müyəssər olmurdu. «O gecə həyatda qalmaq zor idi.
Ancaq sonra yaşananlar da asan deyildi»- deyə ekranda bir-birini əvəzləyən
kadrlar faciənin ağrı-acılarını bütün
gerçəkliyi ilə əks etdirir.
Xocalı işğal olunandan sonra
xocalılar ayrı-ayrı yerlərə – Ağdama, Hacıkəndə,
Oğuza, Bərdəyə, Naftalana və daha neçə-neçə
rayonlara pənah aparıblar.
Anarın atası Mustafa Usubovun: «Bir
neçə vaxt qohumların evində qaldıq. Ancaq əlimizi
süfrəyə uzatmağa utanırdıq. Bizə yeməyə
nə verəcəklər – deyə hər gün gözləməkdən
xəcalət çəkirdik. Bu üzdən Naftalan
sanatoriyasına köçdük. Sanatoriyada olan xocalılar
bir-birlərini görürdülər. Təsəllimiz bu idi”
- deyə ürək göynədən sözlərini sakit
dinləmək olmur.
Filmin diktor mətnində səslənən
“Anar Bakıda yaşasa da, könlü Xocalıdadır.
Unutduğu həyatdadır” sözləri ümumən
qaçqın və məcburi köçkünlərin dərddən
qaralan könüllərinin fəryadıdır. Bu,
onların didərgin
düşdükləri torpağa bağlılıq hissidir.
Anarın “Özümü Bakıda müvəqqəti
hiss edirəm. Elə bilirəm ki, nə vaxtsa Xocalıya
qayıdacağam, o torpaqlara qovuşacağam» sözləri təsəlli
kimi səslənir. Filmin sonunda
“Xocalı mənim üçün müqəddəs yerdir.
Xocalı Vətəndir. Xocalı bizim mənəviyyatımızdır.
18 ildir Xocalısız yaşayırıq. Ancaq biz o faciəni
hər gün yaşayırıq. Xocalısız hər
gün ömürdən gedir”. sözləri
xocalılıların dərddən qaralan içlərinin
güzgüsüdür.
Film Xocalı
həqiqətlərinə ayna tutmaq baxımından əhəmiyyətlidir.
Filmin sonunda Anarın “bu filmə çoxları baxacaq. Xarici
ölkələrdə də, beynəlxalq təşkilatların
nümayəndələri də tamaşa edəcək.
Hamı kədərlənəcək, amma sonra yenə biz bu həyatı
yaşayacağıq, heç nə dəyişməyəcək,
bu, bizim həqiqətimizdir»-
fikirləri təkcə onların bugünkü
yaşantılarını əks etdirmir, həm də
dünya birliyinin faciəyə laqeyd münasibətinə
ismarış, ittiham kimi səslənir. Film həm də
çağdaş politoloji strategiyalara, beynəlxalq qurumlara
protestdir. Qeyd edək ki, filmin analoji təqdimat mərasimləri
fevralın 24-də Vaşinqtonda, 25-də isə Los-Ancelesdə
baş tutacaq.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 23
fevral.- S. 9.