Xocalı faciəsini törədənlər
hələ də cəzalarını almayıblar
Əli Əhmədov:
“Beynəlxalq təşkilatların mövqeyi
başadüşülən deyil”
Fevralın
23-də Yeni Azərbaycan
Partiyasının Gənclər Birliyinin təşkilatçılığı
ilə «Xocalıya ədalət» adlı tədbir
keçirildi. Tədbirdə
millət vəkilləri, ictimaiyyət
nümayəndələri, xarici ölkələrin Azərbaycandakı
diplomatik korpuslarının
təmsilçiləri iştirak
edirdilər. Tədbiri açıq elan edən YAP Gənclər
Birliyinin sədri Seymur Orucov Xocalı
faciəsinin insanlıq tarixinin
ən dəhşətli
qətliamlarından olduğunu
vurğuladı. O qeyd etdi
ki, faciənin baş verməsində SSRİ-nin
Xankəndindəki 366-cı alayının da
xüsusi rolu olub.
Tədbirdə çıxış edən
YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov
gənclərin bu cür tədbirlər keçirmələrinin
Xocalı faciəsini unutmama və qətliamı törədənlərin
cəzalandırılmasına nail olmaq baxımından
mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. O təəssüflə
qeyd etdi ki, hələlik Xocalı faciəsini törədənlər
öz layiqli cəzalarını almayıblar. Bunun nəticəsidir
ki, onlar imkan düşdükcə öz cinayətkar əməllərini
davam etdirirlər. Ə.Əhmədov qeyd etdi ki,
dünyanın hər yerində insanlığa qarşı
cinayətlər törətmiş şəxslər cəzalandırırlar.
XX bununla bağlı çoxsaylı nümunələrə
mövcuddur. Elə keçən əsrin sonlarda Balkanlarda
törədilən cinayətlərin günahkarlarına
qurulan beynəlxalq məhkəmələri xatırlamaq kifayətdir.
Ə.Əhmədov qeyd etdi ki, çox təəssüf ki,
Xocalı faciəsini törədənlər üçün
bu cür məhkəmələr hələ də
qurulmayıb. Halbuki 19 il bundan əvvəl tam etnik səbəblərlə
1 şəhər tamamilə yer üzündən silinib. Qətliam
zamanı 63 uşaq, 70 qoca, 106 qapdın qətlə yetirilib.
Özü də qətlə yetirilənlərin heç bir hərbçi
olmayıb. Ermənilərin törətdiyi qətliam
birbaşa sivil əhaliyə qarşı yönəlib. Bu
hadisədən 19 il keçməyinə baxmayaraq, hadisə
barədə həqiqətlər dünya birliyinə
çatdırılsa da Xocalı qətliamına hələ
də beynəlxalq təşkilatlar tərəfindən
lazımi qiymət verilməyib. Bu səbəbdəndir ki,
hadisəni törədən cinayətkarların bəziləri
hazırda siyasətlə məşğuldurlar və Ermənistanın
idarə olunmasında iştirak edirlər. Məhz bu cəzasızlıq
səbəbindəndir ki, onların bəziləri mütəmadi
olaraq Xocalı faciəsini törətdiklərinə görə
fəxr etdiklərini də açıqlayırlar. Dünya
birliyi isə buna biganəliyini davam etdirir. Ə.Əhmədov
dedi ki, beynəlxalq təşkilatların bu cür mövqeyi
başa düşülən deyil. Çünki Xocalı faciəsi
təkcə azərbaycanlılara qarşı deyil,
ümumilikdə insanlığa qarşı törədilmiş
bir qətliamdır. YAP sədrinin müavini onu da bildirdi ki,
bir haqsızlığın cavabının verilməməsi
növbəti haqsızlıqlar üçün yol
açır. Xocalı faciəsinin həqiqi qiymətinin
verilməməsi Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesini də uzadır. 18 ildir aparılan
danışıqlar prosesində heç bir irəliləyişə
nail olmaq mümkün olmayıb. YAP funksioneri onu da
vurğuladı ki, Xocalı faciəsi kimi qətliamların
günahkarları cəzalandırılmadıqca
dünyanın digər nöqtələrində də bu
cür faciələrin törədilməsi ehtimalı
qalır: «Biz istəyirik ki, məhz bu səbəbdən
dünya Xocalı faciəsi kimi qətliamlara biganə
qalmasın. Biz istəyirik ki, insanlığa qarşı cinayət
törədənlər öz layiqli cəzalarını
çəksinlər. Biz istəyirik ki, uşaq qatilləri, əlləri
qadın, qoca qanına batmış cinayətkarlar əməllərinə
görə cavab versinlər».
Ə.Əhmədov Azərbaycan gəncliyini
Xocalı faciəsini unutmamağa çağırdı. O
qeyd etdi ki, gənclik bu faciə haqqında əsl həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması
işini də yorulmadan davam etdirməlidir. YAP sədrinin
müavini bunun üçün iki səbəbin olduğunu
dedi. Onun sözlərinə görə, gənclər bu
işi ilk növbədə Xocalı şəhidlərinin
qanlarının yerdə qalmaması naminə etməlidirlər.
Digər tərəfdən, dünyada bundan sonra da bu cür
ağır cinayətlərin baş verməməsi
üçün Xocalı faciəsi barədə həqiqətlər
dünyaya çatdırılmalıdır: «Mən ümid
edirəm ki, siz gənclər bəşəriyyətin
Xocalı faciəsinə biganə münasibətini
sındıracaqsınız. Əgər buna nail
olarsınızsa, insanlığa böyük bir töhfə
vermiş olacaqsınız».
Çıxışının sonunda Ə.Əhmədov
tədbirdə iştirak edən diplomatik korpusların təmsilçilərinə
müraciət etdi. O, diplomatlara tədbirdə
iştiraklarına görə təşəkkürünü
bildirdi və onların bu tədbirdə iştirakının
beynəlxalq təşkilatların Xocalı faciəsi ilə
bağlı mövqeyinə müsbət təsir edəcəyini
ümidvar olduğunu dedi. Onun sözlərinə görə,
hər bir sülhpərvər bəşər övladı
milliyyətindən və hansı dövləti təmsil etməsindən
asılı olmayaraq insanlığa qarşı törədilən
cinayətlərə eyni mövqedən yanaşmalıdır.
Yalnız belə olarsa, bəşəriyyət gələcəkdə
də bu cür qətliamlardan sığortalana bilər. Ə.Əhmədov
tədbirdə iştirak edən diplomatları Xocalı qətliamı
ilə bağlı fəaliyyətə səslədi: «Mən
ümid edirəm ki, siz təkcə dinləyici olmayıb bu
faciəyə beynəlxalq təşkilatların həqiqi qiymətini
verməsi üçün real işlər görəcəksiniz».
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən
Xocalı faciəsi ilə bağlı çəkilmiş sənədli
film də nümayiş etdirildi.
İlham QULİYEV
Kaspi.- 2011.-24
fevral.- S. 9.