Ali təhsildə keyfiyyət problemi 

 

Bu sahədə həllini gözləyən çox məsələlər var

 

Azərbaycanda ali təhsilin səviyyəsi ilə bağlı xeyli müddətdir müzakirələr gedir. Bu sahədə problemlərin olması heç kimə sirr deyil. İndiyədək bunu təsdiq edən çoxsaylı faktların şahidi olmuşuq. Ali məktəblərimizin dünya universitetlərinin reytinq siyahılarında yaxşı nəticələr göstərməmələri, Avropa ölkələri bir kənara dursun, qonşuluqdakı Gürcüstan Ermənistandan da geri qalmaları düşündürücü faktdır.

 

Bunun səbəbləri ilə bağlı ötən yazılarımızda ekspert rəylərinə yer vermişdik. Budəfəki yazımızda isə ali təhsil müəssisələrimizdəki problemlərdən bəhs edəcəyik. Bu problemlər həqiqətən də mövcuddur. İllər keçsə də, bu sahədə çoxsaylı islahatlar aparılsa da, ali təhsilin keyfiyyətinin artırılması ilə bağlı ciddi bir uğura nail ola bilməmişik. Məsələn, ali məktəblərə ən yüksək balla daxil olan abituriyentlərin semestr imtahanlarını verə bilməmələri ilə bağlı faktlar mövcuddur. Yəni bizim universitetlərin əksəriyyətində keyfiyyətə deyil, kəmiyyətə üstünlük verilir. Universitetlər öz tələbələrini gələcəyin ixtisaslı kadrları kimi yetişdirməkdən çox, onlara verdikləri diplomu düşünürlər. Ümumilikdə Azərbaycanda ali təhsil sahəsində yeni proqramlara və yanaşmalara ehtiyac var.

Bizim ali təhsil müəssisələrinin əsas problemlərindən biri kadr korpusu ilə bağlıdır. Məsələ burasındadır ki, universitetlərdə əməyin qiymətləndirilməsi yüksək səviyyədə olmadığından ixtisaslı kadrların bir qismi öz gələcəyini başqa sahələrlə bağlayır. Universitetlərdə dərs deməyi isə ikinci işləri kimi görürlər. Eyni zamanda əmək haqları aşağı olduğundan müəllimlər bir deyil, bir neçə universitetdə işləməyə məcburdurlar. Digər tərəfdən, sovet dövründən qalma tədris korpusu sürətlə qocalmaqdadır. Onları əvəz etmək üçün Avropa təhsil standartlarını ölkəmizdə bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər deyil. Pedaqoqların peşə səviyyəsinin yoxlanılması, mütəmadi olaraq attestasiyanın keçirilməsi praktikası yoxdur.

Ali məktəblərimizin digər problemi Boloniya prosesinə qoşulmaqla əlaqələndirilə bilər. Ölkədəki ali təhsil müəssisələrinin hamısı bu prosesə qoşulduqlarını bəyan etsələr də, bunu praktiki cəhətdən reallaşdıra bilməyiblər. Onların tədris proqramlarında ciddi dəyişikliklər edilməyib. Proqramlar cüzi dəyişikliklərlə yeni sistemə uyğunlaşdırılıb. Universitetlərimizin əksəriyyəti Boloniya prosesinə sanki məcburiyyətdən qoşulublar.

Ali məktəblərimizdə narahatlıq doğuran digər məqam hələ də pul və tapşırıqla qiymət yazılma ənənəsinin qalmasıdır. Düzdür, son illər bu sahədə bir sıra islahatlar aparılıb və bunun müsbət nəticələri var. Amma ümumilikdə problem hələ də qalmaqdadır.

Universitetlərimizin dünyadakı ali təhsil müəssisələri ilə rəqabətə girməsini çətinləşdirən digər məqam maddi-texniki bazanın çağdaş tələblərə cavab verməməsidir. Ölkədəki əksər universitetlərin yataqxanaları hələ də tələbələrin deyil, qaçqın və məcburi köçkünlərin ixtiyarındadır.

Xatırladaq ki, keçən il Dünya Bankının Azərbaycanda ali təhsilin vəziyyəti ilə bağlı hesabatında da son illər ölkəmizdə təhsilin keyfiyyətinin aşağı düşməsi fikri yer almışdı. Hesabatda qeyd olunurdu ki, Azərbaycan təhsilində nöqsanlar qalmaqda davam edir. Dünya Bankının baş iqtisadçısı Lire Ersado o vaxt vurğulamışdı ki, Azərbaycanda təhsil alan tələbələrin bilik səviyyəsi, dünyagörüşü, hazırlığı, informasiya texnologiyaları sahəsindəki bilik və bacarıqları qənaətbəxş deyil. O tövsiyə etmişdi ki, hökumət ali təhsilin inkişaf etdirilməsi üçün bir sıra islahatlar həyata keçirməlidir.

Ali təhsildəki problemləri keçən il Prezident Administrasiyasının rəhbəri, Prezident yanında Təhsil Məsələləri üzrə Komissiyanın sədri Ramiz Mehdiyev də vurğulayıb. O, bəzi tədris müəssisələrində təhsilin keyfiyyətinin aşağı olduğunu qeyd edib. Bildirib ki, dövlət qulluğuna qəbul olunmaq üçün keçirilən imtahanlar eyni zamanda, müxtəlif şirkətlərin keçirdiyi sınaqlar ali məktəblərin məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini üzə çıxarıb. Bütün bunlar isə ali məktəblərin fəaliyyətindəki qüsurlardan xəbər verir.

Turizm İnstitutunun rektoru Cəfər Cəfərov hesab edir ki, ali təhsil müəssisələrimizin rəqabətə davamlı olmasını təmin etmək üçün bir çox problemlər həllini tapmalıdır. İlk növbədə universitetlərin maddi-texniki bazası gücləndirilməlidir: «Əgər sərhədləri ortadan götürüb universitetlərimizin problemlərinə dünyanın təhsil məkanı prizmasından yanaşsaq, problemlərimizi və zəifliklərimizi görərik. Bu gün ali təhsildə zəif yerlərimiz həqiqətən çoxdur. Düzdür, bu gün bu problemin aradan qaldırılması üçün iş aparılır. Bununla bağlı prezident səviyyəsində sərəncam imzalanıb. Hər il yüzlərlə azərbaycanlı tələbə dövlət hesabına xaricdə təhsil almağa göndərilir. Biz gərək xaricdə təhsil alıb qayıdan vətəndaşlarımızın bir qismini müəllim kimi ali məktəblərimizə cəlb edək». C.Cəfərov hesab edir ki, elə mühit yaratmaq lazımdır ki, xaricdə təhsil alıb qayıdanlar öz ali məktəblərimizdə işləməyə maraqlı olsun. Bunun üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülməlidir. C.Cəfərovun fikrincə, ali məktəblərdə təhsilin səviyyəsinin artırılması üçün şəffaflığın da artırılmasına ehtiyac var.

Turizm İnstitutunun rektoru hesab edir ki, ali məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün ilk növbədə tələbələrə həqiqi təhsilin verilməsini təmin etmək lazımdır: «Biz təkcə öz standartlarımızla kifayətlənməməliyik. İşimizdə qloballaşan dünyanın standartlarına üstünlük verməliyik. Fikirləşməliyik ki, universitetlərimizi bitirən tələbələr diplom alandan sonra hazır kadr olsunlar. Gəlin baxaq görək bizim məzunlar dünya əmək bazarında iş tapa bilirlərmi? Yeri gəlmişkən, bu amil universitetlərin reytinq göstəricisində də ən mühüm faktorlardan biridir. Bizim dünya ilə ayaqlaşmağımız böyük fədakarlıq istəyir. Özü də bu, təkcə təhsil müəssisəsində işləyənlərdən asılı deyil. Bu istiqamətdə hər bir vətəndaş çalışmalıdır». C.Cəfərov hesab edir ki, ali təhsilin səviyyəsinin artırılması ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən az əhəmiyyətli məsələ deyil. Onun fikrincə, universitetlərimiz heç olmasa, özümüzün günü-gündən işçiyə artan tələbatımızı ödəməlidirlər. Rektorun fikrincə, yerli universitetlərin hazırladığı kadrlar nəzərdə tutulan işləri görə bilməyəcəksə, onları əcnəbilər əvəz edəcəklər. Yəni ölkə əlavə pul xərcləyib xaricdən kadr gətirməli olacaq. Özümüzünkülər isə onların əlinin altında işləyəcəklər: «Mənim fikrimcə, təhsil məsələsi son dərəcə mühümdür və ölkənin milli təhlükəsizliyi ilə birbaşa bağlıdır. Məncə, bu, həm də millətin şərəf məsələsidir. Gələcək inkişafımız, sabahımız millətimizin təhsil səviyyəsinə bağlıdır. Əgər milləti savadlandıra bilməsək, işimiz yaxşı olmayacaq». C.Cəfərovun fikrincə, ali təhsildə keyfiyyətin artırılması üçün cəmiyyətin münasibətinin dəyişməsinə də ehtiyac var. Onun sözlərinə görə, hələ də bizdə pul və ya tapşırıqla qiymət yazdırmaq istəyən insanlar mövcuddur: «Bəziləri tələbəni tapşırmağı adi bir hal kimi qəbul edirlər. Hələ adama minnət də qoyurlar ki, adam adama söz deyər də. Mənim fikrimcə isə xalqa bundan böyük düşmənçilik yoxdur. Bu, son dərəcə əcayib bir xüsusiyyətdir və bizə utanc gətirməlidir. Məsələn, bizim universitetdə bu məsələ artıq həllini tapıb. Əvvəllər kimisə tapşırmaq istəyəndə, müvafiq cavab almayanda küsürdülər. Amma artıq öyrəşiblər. Yəqin bu səbəbdəndir ki, artıq müraciət edənlər də yoxdur. Mən əminəm ki, yaxın müddət ərzində bu məsələ bütün universitetlərdə yığışdırılacaq. Etiraf etməliyik ki, bu tipli məsələlərlə bağlı şüurumuz pozulub və onun bərpa edilməsi xeyli əziyyət tələb edir. Camaat da sanki buna öyrəşib. Amma olmaz. Bizim universitet reytinqlərində yer almağımız üçün bu cür xırda problemlərdən başlamaq lazımdır. Biz birinci bu xırda məsələləri həll edib, sonra böyük məsələlərə keçməyilik».

Milli Məclisin deputatı, təhsil sahəsində böyük təcrübəyə malik Asəf Hacıyev isə hesab edir ki, ali təhsil sahəsindəki problemlərin həlli üçün orta məktəb, qəbul prosesi ali təhsil arasında lazımi koordinasiya yaradılmalıdır. Onun fikrincə, universitetlərimizin reytinq siyahılarına düşə bilməmələri bizim üçün ciddi bir siqnal olmalıdır. Buna əsaslanaraq təhsil sahəsindəki islahatları sürətləndirməliyik. A.Hacıyev deyir ki, ali təhsilin keyfiyyətinin artırılması çox mürəkkəb məsələdir. Bunun üçün təkcə ali təhsil müəssisələri çalışmamalıdır. Keyfiyyətin artırılması üçün işə orta məktəblərdən başlanılmalı, qəbul sistemi keyfiyyətli olmalıdır.

Beləliklə, yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxır ki, cidanı çuvalda gizlətmək mümkün deyil. Ali təhsil müəssisələrimizin əksəriyyətində tədrisin keyfiyyəti çox aşağıdır bu da gələcəyimiz üçün yaxşı heç vəd etmir. Ona görə təkcə universitetlər, onların rəhbərliyi deyil, ümumilikdə bütün cəmiyyət bu problemin həlli üçün çalışmalıdır.

 

 

İlham QULİYEV

 

Kaspi.- 2011.- 25 fevral.- S. 5.