Aqrar sektorun
stimullaşdırılmasına ehtiyac var
İqtisadçı
ekspert Nazim Məmmədov: “Kənd təsərrüfatının
problemi təkcə kənddə yaşayan insanların problemi
ilə bitmir”
2011-ci il üçün dövlətin müəyyənləşdirdiyi prioritet sahələrdən biri də aqrar sektordur. Ölkə başçısının Azərbaycanda ərzaq məhsullarının istehsalının artırılması, idxaldan asılılığın minimuma endirilməsi tapşırığı kənd təsərrüfatı sahəsinə bu il diqqətin daha çox olacağını düşünməyə imkan verir. Yaxşı nəticəyə ümid etmək üçün isə hələ ki görüləcək xeyli məsələlər var. İqtisadçı-alim Nazim Məmmədovla müsahibəmizdə də bu məsələlərə aydınlıq gətirdik:
Ən böyük problem - regionlardan
böyük şəhərlərə axın
- Bu gün aqrar sahənin əsas
problemləri, o cümlədən idxaldan
asılılığı şərtləndirən amillər
hansılardır?
- Ölkənin
iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunduqca təbii
ki bir formadan digər formaya keçid müəyyən fəsadlar
ortaya çıxarır. Azərbaycan vaxtilə Sovet
İttifaqının tərkibində olduğu zaman başqa kənd
təsərrüfatı, başqa məqsədlər
mövcud idi. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan
ilk növbədə torpaq islahatları aparmağı
qarşısına məqsəd qoymuşdu. 1997-ci ildə
başa çatan bu islahatlarla kolxoz-sovxoz təşkilatlarında
çalışan vətəndaşlarımız faktiki
olaraq pay torpaqları əldə etdilər və bu uğurlu
addım kimi qiymətləndirilməlidir. Torpaq islahatı əslində
kəndliyə verdi, ancaq təəssüf ki, yeni bazar
münasibətlərinə uyğunlaşmamış, bu sahədə
müvafiq təhsil görməmiş və birdən-birə
pay torpaqları almış, əvvəlki dönəmlərdə
uğurlu kollektiv formalarda çalışmış insanlar
yeni şəraitdə sahibkarlıq fəaliyyəti ilə məşğul
olmağı bacara bilmədilər. Bu da Azərbaycanda kənd
təsərrüfatı malları
istehsalçılarının mühitə dözümlü
olmadığını ortaya qoydu və idxal təzyiqinin
artması, ölkənin bazarlarına xarici ölkə fermerlərinin
mallarının daxil olması ilə nəticələndi.
Artıq bir neçə il əvvələ qədər də
biz müşahidə etdik ki, Azərbaycan idxaldan çox
asılı vəziyyətə düşüb. Ancaq son
zamanlar regionların inkişafının sürətləndirilməsi
ilə bağlı fərmanlar və dövlət
proqramları ilə artıq Azərbaycanın neft sektorundan gələn
gəlirlərin daha vacib sahələrə yönəldilməsinə
start verildi. Təbii ki, aqrar sahədə bəlli olan səbəblərin
yaratdığı nəticələrin aradan
qaldırılması üçün vacib məsələlərdən
də biri regionlarda infrastrukturun bərpası, yenilənməsidir.
Ancaq biz bunu tam aradan qaldıra bilməmişik. Ona görə
mən aqrar sahənin ən böyük problemi kimi regionlardan
böyük şəhərlərə iqtisadi miqrasiyanın
çox olmasını görürəm. Əfsuslar olsun ki,
bu iqtisadi miqrasiyanın nəticəsini biz hələ də
öz bazarlarımızda, məişətimizdə hiss edirik.
Çünki bazarlarda, marketlərdə əsasən xarici
ölkələrin istehsalları ilə
qarşılaşırıq. Pay torpaqları olan insanlar daha
çox məhsul istehsal etmək istəyir, amma istehsalı
üçün maliyyə resursu yoxdur. Banklara üz tutanda isə
onlara kredit verilmir, çünki girovu yoxdur. Bu, kompleks məsələlərin
bir hissəsidir. Ona görə də insanları geri təşviq
etməklə yanaşı, kənddə infrastrukturu,
yaşayış şəraitini yaxşılaşdıraraq
şəhər səviyyəsinə yaxınlaşdırmaq
üçün aparılan işlər daha da sürətləndirilməlidir.
Eyni zamanda, kənddə yaşayan insanların məşğulluğu
təmin edilməli, aqrar sahədə çalışanlara ənənəvi
yardım olmalıdır. Bu yardım pul paylamaqla deyil,
insanların texnikaya çıxış imkanları yaradılmalıdır.
Bir müddət əvvəl yaradılan “Aqrolizinq” qoyulan məqsədlərə
çata bilmədi. Əgər biz bu vəsaitləri
birbaşa fermerlərin özünə kredit şəklində
versəydik, nəticə daha yüksək olardı. Aqrar sahədə
daha bir problem sahibkarın yetişdirdiyi məhsulun bazara
çıxarılmasındadır. Məhsulların bazara
çıxışı bu gün normal səviyyədə
deyil. Daha bir problem bazarlarda inhisarçıların
olmasıdır. Təəssüf ki, bu məsələ ilbəil
danışılsa da, heç bir gözəçarpan nəticəsi
yoxdur. Əfsuslar olsun ki, aqrar sahədə çalışan
və ya oraya reqlament edən şəxslər, regionda icra
başçıları və s. öz işlərini daha yüksək
göstərmək xatirinə əkin sahələrinin
sayını artırırlar, qanunvericilik nəzərdə
tutulan sürtgü yağlarının, yanacağın
güzəştli şərtlərlə verilməsi ilə
bağlı müxtəlif fəndlərə əl
atırlar. İcra başçıları yuxarı məmurların
yanında nailiyyətlərinin çox olduğunu göstərmək
üçün yalançı informasiyalar verməklə
özlərini sığortalamağa
çalışırlar. Halbuki rəqəmlərin nəticəsi
də olmalıdır, amma nəticə sonda bazarda
özünü tapmır.
“Belə bir qanun yaradılmasına
çox pessimist baxıram”
- Özəl sektorun bu sahəyə
marağı necədir? Kənd təsərrüfatına yetərli
investisiya yatırılırmı?
- Kənd
təsərrüfatı iqtisadiyyatın elə bir sahəsidir
ki, onun nəticəsinin olması üçün uzunmüddətli,
davamlı yatırımlar edilməlidir. Qoyulmuş kreditlərin,
resursların qaytarılma müddəti gec olduğuna görə
özəl sektor burada çox maraqlı deyil. Bütün
kapitalist ölkələrinə xas olan xüsusiyyətdir ki,
özəl sahibkar ilkin hesabda daha çox ticarətə meylli
olur. Dövriyyəsi daha tez, riskləri az olduğundan sahibkar
xarici bazardan alıb daxildə satmağa daha çox
üstünlük verir. Kənd təsərrüfatında isə
risklər böyükdür və bu, təbii, mövsümi
amillərdən, hava şəraitindən, bazarın tələbatından
asılıdır. Onu proqnozlaşdırmaq çox çətindir
və bu səbəbdən özəl sektor çox maraq
görmür.
- Kiçik fermer təsərrüfatlarının
birləşdirilərək böyük fermer təsərrüfatlarına
çevrilməsini labüd sayırsınızmı? Fermerlər
buna nə üçün maraq göstərmir və bu təklifin
reallaşmasından onların qazandıqları və itirdikləri
nə ola bilər?
- Bunu biz
hər hansı qanunla müəyyənləşdirə bilmərik,
iqtisadi islahatlar yolu ilə təşviq edə bilərik. Belə
bir qanun yaradılmasına çox pessimist baxıram. Onu
qanunla nizamlamaq olmaz. Biz sadəcə pay torpağı
almış insanların bir yerdə kooperasiya şəklində
birləşib təsərrüfat fəaliyyətinə
başlamalarını təşviq etməliyik. Məsələn,
bunu təşviq etmək üçün kağız üzərində
deyil, kənd icmalarının vasitəsilə faktiki mövcud
olan böyük fermer təsərrüfatlarına dövlət
güzəştli şərtlərlə resurslar, texnika verə
bilər. Yerdə kənd təsərrüfatı
mallarının istehsalı ilə məşğul olan müəssisələr
torpaq vergisindən başqa, bütün vergilərdən
azaddırlar. Emal sənayelərinin yerlərdə
qurulmasını da təşviq
etməliyik. Azərbaycanda kənd təsərrüfatına
marağın az olmasının səbəbini həm də
yüksək faizli kreditlərin və resursların
olmasında, güzəştli resursların isə
olmamasında görürəm. İqtisadiyyatın lokomotivi
maliyyə sektoru olduğundan hər şeyi banklardan
başlamaq lazımdır. Regional bankların fəaliyyətini
daha da sürətləndirmək vacibdir. Onların kənd
yerlərində yaşayanlara daha rahat, girovsuz kredit verməsi
və ya kənd icmalarının zəmanəti altında
girovların verilməsinə imkan yaradılarsa, fermerlər
kooperasiyaya daha çox meylli olacaqlar.
Seçim: genetik dəyişikliyə
məruz qalan xarici məhsullar ya milli istehsal?
- Ümumilikdə aqrar sahənin
inkişafını stimullaşdırmaq üçün
hansı tədbirlərə ehtiyac var?
- İlk növbədə biz iqtisadi miqrasiyanın qarşısını almalıyıq. Bu da inzibati yollarla deyil, dövlətin üzərinə düşən təşviq çərçivəsində aparılmalıdır. Təşviq etmək lazımdır ki, insanlar geri qayıtsın. Bunun üçün isə onların yaşadığı kəndlərdə təbii qaz olmalı, yollar yaxşı olmalı, eyni zamanda, həm də kənd təsərrüfatı ilə məşğul ola biləcək insanların resurslara, xüsusən də maliyyə resurslarına çıxışı asanlaşmalıdır. Ümumi iqtisadi bazarda fermerin istehsal etdiyi məhsulun topdansatış mərkəzləri tərəfindən alınması və pərakəndə satış mərkəzlərinə çatdırılması zənciri uzun müddət qırılmışdı. Bu zənciri qurmaq üçün regionlarda soyuducu anbarların tikilməsi, topdan satış mərkəzləri ilə bağlı sahibkarların daha da təşviq olunması, onlara vəsaitin ayrılması hədəflərdən biridir. Buna tez bir zamanda nail olmaq mümkün olmayaq, amma işlər aparılır. Bundan başqa, bizim dövlət büdcəsinin strukturuna baxdıqda ilbəil dövlət satınalmaları vasitəsilə müxtəlif ərzaq məhsullarının alışına kifayət qədər vəsaitlər ayrılır. Əgər bunun üçün tenderlər daxili bazardan alınmış məhsulların hesabına keçirilmiş olsaydı, milli istehsala daha çox üstünlük verilsəydi, bu da bir təşviq forması olardı. Bu məqsədlər üçün ildə təxminən 600 milyon manat nəzərdə tutulur. Amma məsələn, Müdafiə Nazirliyinin bəzi hərbi hissələrində ərzaq məhsulların əksəriyyətinin ya Baltikyanı ölkələrdən və ya İran, Türkiyə, MDB ölkələrindən gətirildiyini görürük. Halbuki Azərbaycanda lazım olan bütün ərzaq məhsullarının istehsalı və təqdim olunması üçün həm təbii şərait, həm də normal vəziyyət var. Ancaq niyə xaricdən gələn mallara üstünlük verilir? Biz daha çox ekoloji təmiz məhsulları təşviq etməliyik. Onu da yaddan çıxarmayaq ki, idxal məhsullarının çoxu genefondu dəyişilmiş məhsullar olur. Bu da sonradan insanların da sağlamlıqlarının pozulması ilə bağlı dövlətin üzərinə səhiyyədə yüklər gətirir. Bu baxımdan, öz yerli fermerlərimizin istehsal etdiyi məhsullara üstünlük verməliyik. Bunun təşviqində cəmiyyətin, medianın da rolu olmalıdır. Kənd təsərrüfatının problemi təkcə kənddə yaşayan insanların problemi ilə bitmir. Bu məsələyə cəmiyyətin sağlamlığı, ərzaq təhlükəsizliyi kontekstində baxsaq, nailiyyətlər əldə etmək mümkündür. Bəzən düşünürük ki, ayrı-ayrı sahələr üzrə qanun qəbul etməklə problemi həll edərik. Yəni istənilən bitki haqqında qanun qəbul etməklə o sahəni dirçəltmək mümkün deyil. Müvafiq dövlət proqramları olmalı, orada məqsədlər qoyulmalıdır. Normal şəraitdə rəqabət mühitini yaxşılaşdırmaq, yerlərdə müdaxilələri tam aradan qaldırmaq lazımdır. Görüntülü xarakterli yarmarkalarda daha keyfiyyətsiz məhsulların satışını aradan qaldırmaq üçün şəhər ətrafında topdansatış anbarların sayı çoxaldılmalıdır. İdxaldan asılılığımızı inzibati yollarla da azaldaraq, vergi və gömrük rüsumlarının tətbiqi ilə daxili bazarımızı qorumağa da üstünlük verməliyik. Bunlar da təbii ki, bahalaşmaya gətirib çıxarmamalıdır. Daxili istehsalçılarımızı qorumaq üçün biz bu addımları atmaq məcburiyyətindəyik. Bunlar nəzər alınmasa, bir müddətdən sonra biz Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra vəziyyət necə olacaq? Ümumiyyətlə, bütün bunları kompleks şəkildə həll edilməli, prosesə mane olan şəxslər kənarlaşdırılmalıdır. Güman edirəm ki, ölkə başçısının rüşvət halları və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı xalqa səslənməsi aqrar sahənin də inkişafına gətirib çıxaracaq.
Həqiqət İSABALAYEVA
Kaspi.- 2011.- 25 fevral.- S. 6.