Ruhumuzun doğması
Flora Kərimovanın səsi,
ifası Azərbaycan musiqisinin təkrarsız-bənzərsiz
səhifəsidir
Ürəyimiz
qüssədən, gözlərimiz həsrətdən
göynəyəndə, sinəmiz sevincimizə darlıq edəndə
bir nisgilli, lirik, şux nəğməyə
ehtiyac duyuruq. Həmin
an əhvalımıza şərik olan, bizi tənhalıq
möhnətindən, təklik sınağından qurtaran musiqiçilərə, müğənnilərə,
xanəndələrə minnətdar olmaq
istəyirik. Qürbətdə olanların yanğısına
su çiləyən, bizi
duyğularımızla bağ-başa qoyan bir çox
mahnıları zaman-zaman onun
ifasında dinləmişik. “Necə unudum səni”
harayını, “Bağışla” fəryadını, “Mən
səni sevmişəm səndən xəbərsiz” gileyini, “Qurtar məni bu əzabdan, İlahi” naləsini,
“Əzizim”, “Yalvarıram” hıçqırıqlarını
eşidən kimi, “Ey
Vətən” məhəbbətini, “Bakı gecələri” sevgisini duyan kimi istər-istəməz
pıçıldamışıq: Flora Kərimovadı.
Bu səs ruhumuzun
doğmasıdı.
Professional, işgüzar,
zəhmətkeş
Flora Kərimovanın səsi, ifası Azərbaycan musiqisinin təkrarsız-bənzərsiz səhifəsidir. O, ilahi səs sahibidir. Onun ilahi musiqi duyumu var. O, peşəkardır, işgüzardır, zəhmətkeşdir. Səhnəyə elə ilk addımı ilə «Dan ulduzu» kimi parlayıb Flora Kərimova. Gəlişi ilə Azərbaycan estradasına milli ruh gətirib. Öz qəlbinin hərarəti ilə estradamızı canlandırıb, ona yeni həyat verib. Nə yaxşı ki, zəmanənin bitib-tükənməyən qayğıları, illərin soyuq əsintiləri onun qəlbinin hərarətini zərrəcə azaltmayıb. Əksinə, Flora Kərimova eynən günəş kimi qəlbinin hərarətindən sənətə, pərəstişkarlarına pay ayırıb. Tələbkar, zövqlü auditoriya qarşısında öz imicini qoruyub saxlaya bilmək hər kəsə nəsib olan səadət deyil.
Flora Kərimovanın sənətkar səadətinin kökündə heç şübhəsiz ki, ilahi vergisi olan SƏSİ dayanır. Müğənni üçün zəruri olan fiziki parametrləri-oktavası, tembri bir yana, Floranın səsində zirvələrin fövqündə dayanan bir məlahətlilik, qeyri-adi sayıla biləcək bir cazibədarlıq var. O səs təkcə dinləyicinin ruhuna süzülmür, o səs dinləyicini zərrə-zərrə özünə hopdurur. Onun səsi dinləyicini dünyanın cazibə qüvvəsindən qopararaq özünə tabe etdirir. Hələ 50 il bundan əvvəl Bəxtiyar Vahabzadə demişdi ki, bu cür səs bir də dünyaya gəlməyəcək. Doğrudan da bu səsin oxşarı yoxdur. “Hərdən məndə irad tuturlar ki, sən tələbələrin inkişaf etməsini istəmirsən. Mən musiqi kollecinə girəndə artıq səsim var idi və onu cilovlamaq üçün kollecə daxil olmuşdum. Ancaq indi öz səsimə, tempimə uyğun hansı səsi götürüm ki, onun üzərində işləyim? Axı bir səsdə dörd çaların cəmlənməsi yoxdur”.
Yaşadığım
illər
Bu günlərdə Flora Kərimovanın 70 yaşı tamam olub. “Yaşadığım bu illər, bu ömür mənim qazancımdır. O qazanc insanı kədərləndirirmi, sevindirirmi, o ayrı söhbətdir. Mən bu hissi yaşamadım... Demirəm, ölümdən qorxmuram, ancaq yoxluğumu, o anın qorxusunu yaşamadım. Ona görə yox ki, həyatdan bezmişəm, sadəcə, bu, qaçılmaz qismətdir”- deyir Flora xanım. Həm də deyir ki, bugünkü xoşbəxt anında özünü yaşından çox gənc hiss edir. “Kənardan baxanda heç vaxt öz yaşımı verməyiblər. Ancaq cavanlığın yüngüllüyünü də duymuram. Mən həyatı görmüş, həyata dəyər vermiş, həyatın keşməkeşindən keçmiş, həyatdan yorulmuş bir insanam, ancaq heç zaman həyata acgöz münasibətim olmayıb. Mən həyatı dəyərləndirmirəm ki, Allaha yalvarım və əcəllə mübarizə aparım”.
Realist insan
Flora xanım hər
şeyə qarşı
real insandır. Nə optimistdir, nə
də pessimist. Sadəcə realistdir. “Yaxşılarımı,
sevinclərimi bundan sonra itirmək qorxusu olan bir
realistəm”. Onu yaxından
tanıyanlar da deyirlər ki, xaraktercə stabil insandır, həm mərd dostdur, həm də mərd düşmən.
“Mənim həyat
prinsiplərimə insanı
satmamaq, hərdəmxəyallıq
etməmək daxildir”.
Flora xanım xoşbəxt
sənətkardır. Səsi ilə
xoşbəxtdir. Onu sevən,
sayı-hesabı bilinməyən
pərəstişkarları ilə xoşbəxtdir.
Özü də deyir ki, sənətkar
kimi ancaq səsi ilə xoşbəxtdir, qisməti
ilə yox... “Mən
hər zaman xoşbəxtlik sözündən
qaçmışam. Səsimin varlığı
ilə xoşbəxtəm.
Allah tərəfindən mənə
səs bəxş edilməsi bəlkə xoşbəxtlikdi, ancaq mənə çox əziyyət verdi.
Allah xoşbəxtlik gətirmir, Allah sevinc, məmnunluq, hardasa gələcəyə ümid
gətirir. Allahdan arzum
budur ki, nə qədər ömür verirsə, ləyaqətli versin, ömrümə ləyaqətsizlik
yazmasın. Mənə
bəxş etdiyi bu qürurla da bu dünyadan
köçürsün...”
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 26 iyul.- S. 11.