“Mən yalnız
istehsalçıyam”
«Böyüməkdə
olan uşaqların tərbiyəsi üçün bədii
filmlərdən də çox animasiya filmləri
lazımdır»
Azərbaycanda animasiya filmlərinin
yaranma tarixi 1933-cü ilə təsadüf edir. İlk dəfə texniki animasiyadan istifadə
edərək “Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli animasiya filmi çəkilib.
“Çat” təlimat filmində isə (rəs.
Basov) animasiyadan bütünlüklə istifadə
edilib. İlk bədii animasiya filmi isə
“Abbasın bədbəxtliyi” idi. Filmin
mövzusu Azərbaycan xalq nağıllarından
götürülüb. O dövrdə animasiya filmlərini
Bakıda yaşayan 2 alman animator çəkirdi. Onlarla azərbaycanlı
rəssamlardan Qəzənfər Xalıqov, Cabir Zeynalov, Maqomed
Maqomayev (Müslim Maqamayevin atası) və Ənvər Mirzəyev
işləyirdi. Müharibənin
başlaması ilə əlaqədar 2 alman animator
sürgün edilir və bununla da Azərbaycanda müvəqqəti
animasiya filmlərinin çəkilişi
dayandırılır.
1966-ci ildə “Azərbaycanfilm”in mərhum direktoru Adil
İsgəndərovun səyi nəticəsində animator rəssamlar
hazırlanması üçün kurslar təşkil edilir. Elçin Hami
Axundov bu kursları ilk bitirən rəssamlardandır.
Onun iştirakı ilə 1969-cu il
fevralın 28-də “Cırtdan” xalq nağılının
motivləri əsasında eyniadlı animasiya filminin
istehsalı başa çatdırılıb. “Cırtdan”
kinostudiyanın animasiya sexinin bərpasından sonra çəkilən
ilk film olub. O vaxtdan başlayaraq studiyada filmlərin
istehsalı davam edib.
Hazırda
Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət
göstərən “Azanfilm” (Azərbaycan Animasiya Filmləri)
studiyasında il ərzində 2-3 film çəkilir.
Studiyanın direktoru Elçin Hami Axundov bu il
«Tırtılın arzusu» və «İlbizin evi» filmlərinin istehsal olunduğunu bildirib.
Uşaqların istədiyi filmlər
- Necə bilirsiniz, bu gün
animasiya filmlərinə uşaqların marağı nə qədərdir?
- Təbii
ki, uşaqların animasiya filminə marağı həmişə
olub. Düzdür, indi elə zamanda
yaşayırıq ki, uşaqlar daha çox kompyuterə,
internet oyunlarına maraq göstərirlər. Ancaq animasiya filminin uşağa verdiyi tərbiyəni
heç kəs verə bilməz.
- Siz filmlərin mövzusunu necə
seçirsiniz?
- Diapazon
çox genişdir. Mövzular əsasən
nağıllardan götürülür. Əsas
odur ki, tərbiyəvi filmlər olsun. Haradasa
interaktiv filmlər olmalıdır ki, uşaqlar özləri də
nəyisə başa düşsünlər. Əlbəttə, biz filmlərdə yeni texnikalardan
istifadə edirik. Uşaqların
marağı daha çox müasir mövzulardır. İndi 50-ci illərin uşaqları deyil. Hazırda uşaqların informasiyası həddən
artıqdır. Onların
başlarını nağıllarla qatmaq olmaz. Elə klassik Azərbaycan nağılları var ki,
onları müasirləşdirmək lazımdır. Mütləq müasir texnikadan istifadə
olunmalıdır. Məsələn, mən
«Qızıl» filmində kompyuter vasitələrindən istifadə
etdim. Bu da hər bir halda
tamaşaçıya təsir etdi. Uşaqlara
istədikləri filmi təqdim edəndə onlar
üçün çox maraqlı olur.
- Nə üçün milli animasiya
filmləri nə üçün ekranlara çıxmır?
- Məsələ
ondadır ki, bizdə yalnız bir kinoteatr işləyir. Prokat sistemi yoxdur. Ona görə
də ümidimiz yalnız televiziyayadır. Mən isə
telekanalları gəzib: «Bu filmi ekranlara çıxarın»
deyən deyiləm. Hər hansı bir film çəkəndə
onlar efiri doldurmaq xətrinə «Hansı film çəkilir»,
«Maliyyə dəstəyi nə qədərdir», «Rejissoru,
müəllifi kimdir» və s. öyrənib informasiya
hazırlayırlar, bununla da hər şey bitir. Ancaq
sonradan filmin başa çatması və nümayiş
olunması ilə maraqlanmırlar. Onlar
yalnız öz maraqlarını təmin edirlər. Efiri yalnız xəbərlə doldurmaqla öz vəzifələrini
bitmiş hesab edirlər. Ona görə də
istehsal olunan animasiya filmləri nümayiş olunmadan qalır.
- Ümumiyyətlə, animasiya filmləri
sahəsində dünyada vəziyyət necədir?
- Hazırda Rusiyada filəş proqramlarında çəkilən
animasiya inkişaf edib. Biz yenicə həmin proqramlarla çəkməyə
başlamışıq. Hazırda filəş
animasiyada ikinci filmi tamamlayırıq. Bundan
sonra isə 3D-MAX və Maya proqramlarına
başlayırıq. Nə
üçün indiyədək bu proqramlarda çəkməməyimiz
çoxunu maraqlandırır.
Bu, dəb məsələsi deyil. Heç bir kompyuter aktyoru əvəz edə bilməz.
Ona görə də biz köhnə üsulla şəkilləri
kağızda çəkir, skayner vasitəsilə kompyuterə
köçürür və həmin şəkillər
kompyuterdə rənglənir. Bu baxımdan
kompyuter işimizi xeyli tezləşdirir.
- Film tamamlanandan sonra təqdimatını
keçirirsiniz?
- Təbii
ki, filmlər tamamlanandan sonra onların təqdimatı olur. Bizim gücümüz yalnız buna çatır.
Məsələ ondadır ki, mən yalnız
istehsalçıyam. Mənə pul yalnız
buna görə verilir. Film başa
çatandan sonra Mədəniyyət və Turizm Nazirliyinə
qaytarıram. Filmin prokatı və
reklamı ilə nazirlik məşğul olur. Ancaq mənə əlavə pul verilsə, təbii
ki, filmin prokatı ilə də, reklamı ilə də
özüm məşğul olaram.
- Yalnız bircə dəfə təqdimatını
keçirdiyiniz və sonradan rəfə qoyulan filmləriniz
çoxdurmu?
- 2000-ci ildən bəri biz kompyuterdə
çəkirik və artıq 15-ə yaxın film çəkilib.
Hərdənbir efirdə ilk kompyuterdə çəkilən
«Cavanşir» filmimi və ya digər filmlərdən epizodları
göstərirlər. Digər filmlər isə
tam şəkildə ekrana çıxmır. Buna baxmayaraq, bizim filmlər müxtəlif ölkələrdə
keçirilən festivallara qatılır. Bu
filmlər bədii filmlərlə yanaşı festivallarda
iştirak edirlər.
- Bəs hansı uğurları
qazanmısınız?
- Elə
böyük uğurlardan danışmaq olmaz. Amma
festivallarda iştirak etməyin özü də böyük
uğurdur. Çünki filmlər
festivalların təşkilat komitəsinə göndəriləndən
sonra onlar özləri seçim edərək dəvət
edirlər. Amma elə vaxtlar olub ki,
ümumiyyətlə bu filmlər festivallarda iştirak etməyib.
Hazırda yenə festivallara
çağırışlar var. Ancaq hər bir festivalda
iştirak etmək maliyyə tələb edir. Çünki festivalların öz infrastrukturu var.
Animator problemi
- Bu gün Azərbaycanda animasiya sahəsində
kadr problemi mövcuddurmu?
- Ən böyük problem kadr problemidir. Demək olar
ki, ölkədə animator qalmayıb. Təkcə
bir cavan və bir qoca animator var. Nə Rəssamlıq
Akademiyasında, nə də Mədəniyyət və İncəsənət
Universitetində animasiya ilə bağlı heç bir
fakültə fəaliyyət göstərmir. Əvvəllər adətən, studiyanın nəzdində
ikiillik kurslar açırdıq və ora rəssamları dəvət
edərək onlara kurslar keçirdik. Kadr
boşluğu bu yolla doldurulurdu. 20 ildən
artıqdır ki, həmin kurslar da yoxdur. Ona
görə bu gün kadr məsələsi bir nömrəli
problemimizdir.
- Siz yəqin mövcud problemlə
bağlı əlaqədar təşkilatlara müraciət
etmisiniz?
- Əlbəttə, müraciət etmişəm. Əbülfəs
Qarayev təzə nazir təyin olunanda mən ona milli
animasiyanın inkişafına dair 3 hissəli proqram təqdim
etdim. O, sevindi və imza atdı. Ancaq nazirliyin
kino işləri şöbəsində «Hər şey əladır,
ancaq pul yoxdur» - deyə bildirdilər. Nazirlər Kabinetində
də proqramla tanış olub «əladır»
desələr də, heç bir nəticə yoxdur.
- Bəlkə fikirləşirlər
ki, animasiya filmləri ümumiyyətlə lazım deyil?
- İnanmıram ki, elə fikirləşsinlər. Mən dəfələrlə
demişəm ki, böyüməkdə olan uşaqların tərbiyəsi
üçün bədii filmlərdən də çox
animasiya filmləri lazımdır. Bu sahənin
inkişafı ilə bağlı vəsaitə ehtiyac var.
Ancaq problem kifayət qədər ciddi olsa da, həll olunmur.
Ona görə də biz çox çətinliklə
film çəkirik. Çox istərdim ki, il ərzində 5-6 film çəkək. Bunun üçün isə kadr lazımdır.
Bizim kadr potensialı ilə isə yalnız iki
film çəkmək olur. Hazırda
dünyada animasiya studiyaları saat yarımlıq filmlər
istehsal olunur. Biz isə yalnız 5-10 dəqiqəlik
filmlər çəkə bilirik. Çox
istərdim ki, biz də klassik nağıllarımız əsasında
saat yarımlıq filmlər çəkək. Təəssüf
ki, sadaladığım problemlərlə bağlı biz istəyimizə
nail ola bilmirik. Ən əsası,
kadr məsələsi həll olunmalıdır. Maliyyə məsələsinə gəlincə,
inanıram ki, mədəniyyət və turizm naziri vəsait
ayırar.
- Bəs texniki avadanlıq sarıdan
hansı çətinliklər var?
- Hər
halda texnika ikinci problemdir. Kadr olandan sonra bu
problemi də həll etmək olar. Hazırda
1-2 kompyuter var, onlarla işləyirik. Əgər
lazım olsa lisenziyalı proqramlar almaq mümkündür.
- Qarşıdan milli kino bayramı gəlir,
bayramdan nə gözləyirsiniz?
- Ənənəvi bayramdır. Kinonun inkişafı
bir qədər durğunluq dövrünü yaşayır.
Daha doğrusu, kinoya indi-indi diqqət yaranmağa
başlayıb. Bəlkə 5-6 ildən
sonra hər şey yoluna düşəcək. Ümumiyyətlə,
kinoda kadr məsələsi bir saylı problemdir. İkinci rejissorlar, rejissor asissentləri, rəssamlar
yoxdur. Çoxları qocalıb, bəziləri
təqaüdə çıxıb. Onları
cavanlar əvəz etməlidir. Cavanlar isə
hələ yetişməyib.
- Amma bədii kinoda maraqlı, cavan
rejissorlar yetişib.
-
Yetişən təkcə rejissorlardır. Bəs
ikinci rejissor? Əsas odur ki, ikinci
rejissorlar, rejissor assistentləri, rəssam assistentləri, geyim
üzrə rəssamlar olsun. Ancaq bu sahədə
böyük çatışmazlıq var. Bu isə kinonun
kompleks şəkildə problemidir. Amma mən
nikbin adamam, ümidimi itirmirəm. İnanıram
ki, bu çətinliklər aradan qalxacaq.
Təranə Məhərrəmova
Kaspi.- 2011.-28 iyul.- S.9.