Əlil
olanda nə olar?
Əlillər
cəmiyyətə inteqrasiya etmək istəyirlər
Əlillərin cəmiyyətə
inteqrasiyası daim diqqət mərkəzində
olan məsələdir. Biz
də bunu nəzərə alıb
tanıdığımız və təsadüfən
rastlaşdığımız, müxtəlif səbəblərdən
əlil olan bir
neçə insanlarla danışdıq.
Bütün gününü əlil arabasında
keçirən Əbülfət kişi əvvəllər
dəyirmançı olub və bir neçə il bundan qabaq dəyirman
daşları arasına düşüb.
Hər iki ayağından məhrum olan 50 yaşlı bu kişi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində
yaşayır. Səhər tezdən yuxudan
durub məhəlləyə
çıxır. Hava sərin olanda ağac kölgəsində
nərd oynayır, günortalar isə yatmaqla kifayətlənir. Arada
özünün keçmiş
işgüzarlığından da
danışmağı xoşlayır. Bütün
bunlara baxmayaraq, o istəyir ki, yenə
işləsin, başını nə iləsə qatsın:
“Hər gün eyni
şeydən bezmişəm. Allah bu vəziyyəti heç
kimə göstərməsin. Həyatda qalmağımın
yeganə səbəbi bir oğlumdur.
3-cü sinfə gedir, elə bil, onunla nəfəs
alıram. Yenə əvvəlki kimi
işləmək istərdim. Məndən olsa
bu vəziyyətimdə də işləyərdim,
amma harda, necə?”. Hərdən Laçın
dağlarında çapdığı atlar
yadına düşəndə -“heyf o günlərdən” – deyir
Əbülfət kişi.
Şəhərin
müxtəlif yerlərində
yaxınlaşdığımız bir
neçə fiziki
çatışmazlığı olan
şəxslərdən də, bir
neçəsi işləmək istədiklərini bildirdi. 1992-ci ildə Ağdam-Tərtər
döyüşlərində ayağının birini itirən İsmayıl Əliyev isə
hazırda çilingər işləyir . O, heç bir problemsiz işinin öhdəsindən
gələ bilir.
Məsələ
ilə əlaqədar “Beynəlxalq Əlillər
Dünyası” İctimai Birliyinin
sədri Tahir Xudiyev ilə
əlaqə saxladıq. Onun sözlərinə
görə, əlillərin cəmiyyətə inteqrasiya olunması onların öz
əlindədir: “Mən özüm əliləm.
Hazırda dərmanların köməkliyi ilə sizinlə
danışa bilirəm. Özüm-özümlə
mübarizə apardım, bütün
çətinliklərə baxmayaraq, cəmiyyətə
inteqrasiya etdim. Amerikada əlillər üçün
seminarlar təşkil edilirdi.
Mən getdim ora və
çox şeyi mənimsədim.
Özüm öz
gücümə bu birliyi
yaratdım. Dövlət qeydiyyatından çətinliklə
də olsa keçdi. İşimiz Azərbaycanda yaşayan
bütün kateqoriyadan
olan əlillərin hüquqlarının
qorunmasından, həyat şəraitlərinin və
yaşayış səviyyələrinin yüksəldilməsindən,
beynəlxalq əlil ictimai birlikləri və
digər təşkilatlarla əməkdaşlıq əlaqələrinin
qurulması yolu ilə onların dünyaya inteqrasiyasına nail
olmaqdan ibarətdir. Əlil özü fikirləşməli və
düşünməlidir – nə etməliyəm ki, cəmiyyətə inteqrasiya
edim! Mənim bir dostum gözdən əlildir, ancaq
Türkiyə Böyük Millət Məclisində
şöbə müdiridir. Yəni, hər
şey əlilin özündən
asılıdır”. Bu sahədə maarifləndirmə
işinin əsas olduğunu
deyən Tahir müəllim bildirdi ki, Təhsil Nazirliyi bu məsələdə
soyuqqanlılıq edir.
Təhsil
Nazirliyinin De-institutlaşma
və Uşaqların Müdafiəsi İdarəsinin rəisi
Məlahət Hacıyeva isə sağlamlıq imkanları məhdud
uşaqların təhsilinin səmərəli təşkil
edilməsindən və inkluziv təhsil
modelindən danışdı: “İnkluziv
təhsil modeli sağlamlıq imkanları
məhdud
olan uşaqların təhsili ilə
yanaşı, onların cəmiyyətə
adaptasiyasını və hərtərəfli
inkişafını nəzərdə tutur.
Bu sahədə bir
neçə proqram hazırlanıb. Proqramda
sağlamlıq imkanları məhdud olan
uşaqların təhsil hüququnun həyata
keçirilməsi, bu kateqoriyadan
olan uşaqlar üçün bərabər təhsil alma şəraitinin yaradılması,
inteqrasiyalı (inkluziv) təlimə keçidin reallaşdırılması, təhsil
müəssisələrində bütün
uşaqların təhsili üçün
bərabər imkanların yaradılması,
dövlət himayəsində olan
uşaqların sosial müdafiəsinin
gücləndirilməsi, sağlamlıq imkanları məhdud olan uşaqların ölkə üzrə
qeydiyyatının aparılması və təhsilə cəlb
edilməsi, xüsusi təhsil müəssisələrinin
maddi-texniki və tədris
bazasının müasir standartlara
uyğunlaşdırılması və digər məsələlər
öz əksini tapıb. Gözdən əlil
uşaqlar üçün
xüsusi internat məktəbinin
nəzdində mətbəə yaradılıb ki, burada Brayl
əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə
çap olunan dərs
vəsaitləri gözdən əlil uşaqların dərsliklərə
olan ehtiyacını tam təmin edir. Eyni zamanda,
internat məktəbi Almaniyadan
gətirilmiş xüsusi kompüter
dəsti ilə təchiz edilib. Bundan əlavə, kar uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən Kanada
istehsalı olan “Unitron”
eşitmə aparatı ilə təmin edilib”.
Məlahət
xanım məlumat üçün onu da bildirdi
ki, hal-hazırda “Azərbaycan
Respublikasında İnteqrasiyalı (inkluziv)
Təhsilin təşkili Dövlət Proqramı”nın
hazırlanması ilə bağlı Təhsil Nazirliyinin
müvafiq əmri ilə İşçi
Qrupu yaradılıb. İşçi
Qrupu tərəfindən sənəd layihəsi
hazırlanıb,
rəy və təkliflərin bildirilməsi üçün
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə
təqdim olunub. Hazırlanmış
sənəddə valideynlərin maarifləndirilməsi, müəllim
hazırlığı, inkluziv təhsilin
ölkə ərazisində tətbiqi üçün
qanunvericiliyə dəyişikliklərin edilməsi və normativ-hüquqi bazanın hazırlanması, inkluziv təhsilin təşkili qaydaları və
s. məsələlər öz
əksini tapıb.
Elgün Mənsimov
Kaspi.-2011.-12 iyul.- S.6.