Musiqi idealım babamdır 

 

Müğənni Nəzrin: "Xoşbəxtəm ki, onlar var..."

 

İyulun 19-da Bakıda tanınmış Azərbaycan bəstəkarı Fikrət Əmirovun nəvəsi Nəzrinin konserti olacaq. Milli.Az xəbər portalı Belçikada yaşayan müğənninin "Exo" qəzetinə müsahibəsindən bir hissəni təqdim edir:

 

- Bakıda konsert vermək sizin üçün nə deməkdir?

- Əlbəttə, bu mənimçün böyük hadisədir. Mən Bakıda ilk dəfə müğənni-bəstəkar kimi konsert verəcəyəm. Əsərlərini doğma divarlar arasında ifa edəndə böyük məsuliyyət hiss edirsən. Mənə bu imkanı yaratdıqlarına görə Belçikanın Azərbaycandakı səfirliyi və "Buta" Art Mərkəzinə təşəkkürümü bildirirəm. Konsertin xeyriyyə məqsədilə təşkil olunması da məni təsirləndirir.

- Bir az özünüzdən danışın...

- Bakıda doğulmuşam, Bülbül adına məktəbdə oxumuşam. Sonra atam Mir Həmzə Əfəndiyev Belçikada səfir təyin olundubiz oraya köçdük. Brüsseldə konservatoriyanın fortepiano, sonra isə klavesin siniflərində dərs almışam. Təhsilimi bitirəndən sonra bir belçikalı aktyorla tanış olub ailə qurmuşam. Altı yaşında Həmzə adlı oğlum var. O da oxumağı sevir.

Ədəbiyyatı, kinonu, dənizi, ulduzları və şokoladı sevirəm, fotoqrafiya həvəskarıyam, dilləri öyrənirəm. Ümumiyyətlə, mən sağalmaz romantikəm!

- Fikrət Əmirovun əsərlərinə müraciət edirsiniz?

- Bəli! Babam - mənim musiqi idealımdır, qoruyucu mələyimdir! Mən onun "Reyhan" və "Küçələrə su səpmişəm" əsərlərini yenidən işləmişəm. Nənəmə həsr etdiyim "Aida" mahnısını isə onun akkordları üzərində qurmuşam.

- Mahnı yazırsınız?

- Bəli, mahnıların həm sözlərini, həm musiqisini, həm də qrupum üçün orkestr variantını özüm yazıram.

- Özünüzü caz müğənnisi hesab edirsiniz?

- Düzdür, caz da oxuyuram, ancaq mən özümü daha çox World Music stilli musiqiçi kimi görürəm. Hər hansı kateqoriya seçmək mənə çətindir.

- Bakıdakı pərəstişkarlarınıza nə demək istərdiniz?

- Xoşbəxtəm ki, onlar var, mənim mahnılarımı bəyənirlər və mənə onlar üçün oxumaq,  live-şou göstərmək imkanı yaradılıb. Bu görüşü səbirsizliklə gözləyirəm 

 

 

Kaspi.- 2011.-13 iyul.- S.16.