III Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb 

 

Qəbələdə musiqi festivalına və Pianoçuların Beynəlxalq Müsabiqəsinə hazırlıq müzakirə edilib

 

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalına və Pianoçuların Beynəlxalq Müsabiqəsinə hazırlıq işləri başa çatmaq üzrədir. APA-nın xəbərinə görə, bu beynəlxalq tədbirlərə hazırlıqla əlaqədar iyulun 13-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində təşkilat komitəsinin iclası keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən iclasda tədbirə məsul şəxslər, eləcə də 11 rayonun mədəniyyət və turizm şöbəsinin müdirləri, KİV nümayəndələri iştirak edib. Nazir müavini çıxışında bildirib ki, festival çərçivəsində iyulun 15-dən 22-nə kimi Qəbələdə Pianoçuların Beynəlxalq müsabiqəsi keçiriləcək. Tanınmış münsiflər heyətinin iştirakı ilə master-klasslar təşkil olunacaq.

İyulun 23-dən avqustun 5-dək isə III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları olacaq, muğam və caz axşamları keçiriləcək.

III Beynəlxalq Musiqi Festivalının proqramı təsdiqlənib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, festivalın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib. Bu ilin 15 iyul - 5 avqust tarixlərində keçiriləcək III Beynəlxalq Musiqi Festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi də təşkil olunacaq. Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər. Tədbirin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində Təşkilat Komitəsi, Qərargah və İşçi qrup yaradılıb. Təşkilat komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, sədr müavini mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, qurumun üzvləri nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadədir.

Festivalda Azərbaycandan, həm də xarici ölkələrdən bir çox tanınmış simalar da iştirak edəcəklər. Qəbələ III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi iyulun 30-da, bağlanış konserti isə avqustun 5-də baş tutacaq. 

 

 

Kaspi.-2011.-14 iyul.- S.16.