Qafqaz Müsəlmanları İdarəsi toyyas mərasimlərindəki israfçılıqla bağlı xalqa müraciət etdi 

 

Vətəndaşların təklifləri Qazılar Şurası tərəfindən toplu şəkildə təhlil olunaraq müvafiq nəticələr çıxarılacaq

 

İyulun 13-də Qafqaz Müsəlmanları İdarəsində toy və yas mərasimlərinə həsr olunmuş Dəyirmi masa keçirildi. Mərasimi açıq elan edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, SSRİ dövründə dinin qorunması üçün yas mərasimlərindən istifadə edilib. Çünki o vaxt cəmi 18 məscid fəaliyyət göstərib. İndi isə Azərbaycanda dinin daha mütərəqqi yollarla təbliği imkanları yaranıb.

 

Şeyx hazırda ölkədə 1800 məscidin fəaliyyət göstərdiyini bildirərək əlavə etdi ki, artıq dinin yas mərasimlərində bozbaş yeyə-yeyə təbliğinə ehtiyac yoxdur. Onun sözlərinə görə, yas mərasimlərində israfçılığa yol verilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının müraciətləri olub, amma bunlar nəzərə alınmayıb. Şeyx yas və toy mərasimlərindəki israfçılığa qarşı mübarizədə cəmiyyətin, xüsusilə də ağsaqqalların, ziyalıların və KİV-in köməyinə ehtiyacı olduğunu bildirdi: “Heç kimi məcbur etmək olmaz ki, toy və yas mərasimini hər hansı bir qaydaya uyğun keçirsin. Məqsədimiz bu mərasimlərdə yol verilən israfçılıq, ifrat və dinə aidiyyatı olmayan hərəkətlərə yol verilməsinin düzgün olmadığını xalqa çatdırmaqdır”.

 

Şeyx məscidlərin yaxınlığındakı çadır maşınları ilə bağlı DİN-ə müraciət edib

 

QMİ rəhbəri onu da bildirdi ki, məscidlərin ətrafında çadır avtomobillərinin yığışdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Müraciət konkret olaraq “Əjdərbəy” məscidinin yaxınlığındakı çadır maşınları ilə bağlı olub: “Çoxları deyir ki, bu maşınlar, bu çadırlar Şeyxindir. Nazirliyə iki məktub yazmışam ki, bunları buradan qovsunlar, çıxarsınlar. Artıq üçüncü məktubu da yazacağam ki, onları məscidin yaxınlığından uzaqlaşdırsınlar. Bilirsiniz, çox pis vəziyyət yaranıb. Çadıra 30-40 min manat verən adamlar var. Özü də bunlar kimlərdi? Ziyalılar, imkanı olan adamlar... Əlbəttə ki, bu, dövlətin siyasəti deyil. Dövlət də belə olmasını istəməz”.

 

Naxçıvanın yas mərasimləri ilə bağlı təcrübəsi təqdir edildi

 

QMİ sədrinin müavini Hacı Sabir Həsənli Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və Elmi-Dini Şurasının tədbir iştirakçıları adından hazırlanan xalqa müraciəti oxudu. Müraciətdə toy və yas mərasimlərinin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlərin öz şəxsi mənafeləri naminə İslam dininin qayda və qanunlarını təhrif etdikləri bildirilir. Həmçinin toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə də toxunulur. O da qeyd olunur ki, istər toy, istərsə də yas mərasimlərində israf və ifrat dəbdəbə Allah tərəfindən bəyənilməyən əməldir. Müraciətdə Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsinin qəti qadağan və haram hesab olunduğu, son illər Naxçıvan Muxtar Respublikasında yas mərasimlərində israfçılıq əleyhinə görülən tədbirləri digər bölgələrə də nümunə olmalıdır kimi məsləhətlər də yer alıb.

 

Peyğəmbər beş halda şənlik mərasimin qurulmalı olduğunu buyurub

 

Müraciətdə qeyd edilir ki, müsəlmanların övladına toy etməsi və ya məhrumları üçün ehsan verməsi dini baxımdan bəyənilən və təqdir olunan əməldir: «Quarani Kərim»in Əraf surəsinin 31-ci ayəsində insanlara: «Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!» - hökmü buyurulmuşdur. Məhz bu ayənin hökmünə əsasən insanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır, yalnız istər toy, istərsə də yas mərasimlərində israfın və ifrat dəbdəbənin Allah tərəfindən bəyənilməyən bir əməl olduğu təsbit olunur».

Müraciətdə bildirilir ki, peyğəmbər beş halda şənlik mərasimin qurulmalı olduğunu buyurub: «İzdivac (evlənmə) zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdikdə, ev aldıqda və Həcc ziyarətindən qayıtdıqda». Müsəlmanların şadlıq mərasimləri və toylarında yemək süfrələri açmaq, şənlənmək qədim el adətlərindəndir, lakin bəzi yeni dəblər, özəlliklə son zamanlar vüsət tapmış zənginlik nümayişi bir neçə baxımdan düzgün deyil».

Müraciətdə bildirilir ki, bu məclislər sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaradır. Verilən yemək və başqa məhsul çeşidlərinin ifrat dərəcədə çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur, maddi və mənəvi balansı pozur».

 

Ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər

 

Müraciətdə o da bildirilir ki, dini nöqteyi-nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir: «Təəssüf ki, müasir dönəmdə müsəlmanlarımız şəriətin bu hökmlərinə önəm vermək əvəzinə bidət hərəkətlərə daha çox meyllidirlər. Məhrumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda məhrumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır və düşünür ki, Rəbbimizin əmr və qadağanlarına asilik bağışlanılmaz günahdandır. Xüsusilə Ramazan ayında iftardan əvvəl məclislərdə ehsan adı ilə yemək və ya çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur».

Qazılar Şurası və Elmi-Dini Şura cəmiyyətin bütün təbəqələrini illərlə formalaşmış islami qaydaların, mili adət-ənənələrin qorunmasına riayət etməyə, KİV-i bu istiqamətdə fəal yardımçı olmağa dəvət etdi. Müraciətdə bu vacib ictimai əhəmiyyət kəsb edən məsələnin ümumxalq müzakirəsinə çıxarılmasını təklif edildi. Vətəndaşlardan toy və yas mərasimlərinin təşkilinə münasibətlərini, təklif və qeydlərini təqdim etmək xahiş olundu. Hacı Sabir bildirdi ki, bu təkliflər gələcəkdə QMİ-nin Qazılar Şurası tərəfindən toplu şəkildə təhlil olunaraq müvafiq nəticələr çıxarılacaq: «Vahid dini-mənəvi dəyərlər konsepsiyasının tərtibi və təsdiqi zamanı mülahizələrimizin nəzərə alınacağına, cəmiyyətimizdə fikirlərimizin rəğbətlə qarşılanacağına ümid bəsləyirik».

 

Budaq Budaqov: «Məişətimizin bu sahədəki eybəcərlikləri aradan qaldırılmalıdır»

 

Müraciətlə bağlı müzakirələrdə iştirak edən Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov yas və toy mərasimlərində yol verilən israfcılıq hallarının qarşısının alınması ilə bağlı ötən il Ağsaqqallar Şurası tərəfindən respublika ərazisində maarifləndirmə işlərinin aparıldığını bildirdi, O qeyd etdi ki, bu mərasimlərdəki israfçılıqdan hamı şikayətlənsə də, əməldə bunu görmək çətindir. “Bu gün Qafqaz Müsəlmanlar İdarəsinin də sözügedən məsələ ilə bağlı tədbir keçirməsini alqışlayıram. Bu məsələnin xalqımız üçün aktuallığın nəzərə alaraq hələ ötən il Ağsaqqallar Şurasının bölgələrdə təbliğat işləri apardı. Hələ qədim zamanlardan Şərqdə ağsaqqala, ağsaqqal sözünə hörmət olunub. İnanıram ki, ağsaqqalların, əlaqəli qurumların bu istiqamətdə gördükləri işlər yas və toy mərasimlərində baş verən neqativ hallara son qoyacaq”.

B.Budaqov dünyada ərzaq məhsullarının boş yerə məhvinin ağılsızlıq kimi qiymətləndirildiyini deyir: “Bizdə isə israfçılıq halları baş alıb gedir. Məişətimizin bu sahədəki eybəcərlikləri aradan qaldırılmalı, toy və yas mərasimlərində tökülüb qalan, boş yerə məsrəf olunan xərclərin qarşısı alınmalıdır. İnanıram ki, ağsaqqalların, din xadimlərinin nüfuzu sayəsində məclislərimizdəki həddini aşma hallarının qarşısı alınacaq. İsrafçılığın baş alıb getməsində gündən-günə artan şadlıq sarayları və üzdəniraq mollaların da xüsusi rolu var. Bu sahədə islahatlar aparılmalıdır ki, bu hallara son qoyulsun”.

Milli Məclisin deputatı Fəttah Heydərov da tədbirin çox aktual bir məsələyə həsr olunduğunu bildirdi. O qeyd etdi ki, bu məsələ inzibati yollarla deyil, təbliğat maarifçilik işləri ilə həllini tapmalıdır.

 

Ziyarətgahlarda qoyun kəsilib, pul yığılması hallar pislənildi

 

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov toy yas mərasimlərində israfçılığa yol verilməsini, həmçinin VİP çadırlardan istifadə olunmasını pislədi: “Lazım gələrsə, Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı fətva verməlidir”.

Y.Mahmudov ziyarətgahlarda qoyun kəsilib, pul yığılması hallarını pislədi: “Ziyarətgahların əleyhinə deyiləm, ancaq ziyarətgah adı ilə xalqdan pul yığılması yolverilməz haldır islam dininə ziddir. Bu gün müşahidə olunan neqativ hallardan biri bəzi qüvvələrin tolerant pərdəsi altında islam dininə xələl gətirən, dinə etimadı azaldan hərəkətlər etməsidir. Yas mərasimlərində qurulan dəbdəbəli çadırlar isə xalqda nifrət yaradır. Bu gün elə yas mərasimləri təşkil olunur ki, onların halal pulla keçirildiyinə inanmaq olmur. Haram pulla keçirilən yas mərasiminin ehsanı qəbul olunmazdır”.

Tarixçi alim hazırda ucaldılan qəbirüstü abidələrin bütpərəstlərə xas olduğunu da dedi: “Bu cür abidələr islam dininə ziddir. Bu kimi hallar davam etdikcə, islama hörmət azalacaq, «Quran»ı yandıranların sayı artacaq. Ona görə bu qəbilədən olan tədbirlər davam etməli, əhali maarifləndirilməlidir”.

 

Zəlimxan Yaqub: «Yas mərasimlərindəki ehsanlarda bircə araq çatmır»

 

Xalq şairi Zəlimxan Yaqub da bugünkü yas toy mərasimlərində ifratçılığın həddindən artıq olduğunu bildirdi: «Bu isə İslama ziddir. Yas mərasimlərindəki ehsanlarda bircə araq çatmır. Yasa gedirsən, bilmirsən toydur, yoxsa yas...”

Z.Yaqub qəbir daşlarının dəbdəbəli olmasını da tənqid etdi: “Qəbiristanlığa gedəndə məlum olur ki, bircə telefon yoxdur, ölüylə danışasan. Toylarla bağlı da vəziyyət ürəkaçan deyil. Məsələn, gedirəm şadlıq sarayına ki, toy danışım. Deyirəm, mənə beş növ qida lazımdır. Orda deyirlər ki, yox e, beş növ olmaz, gərək əlli beş növ qida ola...”

 

 

İlham QULİYEV 

 

Kaspi.- 2011.- 14 iyul.- S. 5.