“Sanki
nağıllar aləminə düşmüşdüm”
İlahə Əfəndiyeva: «Hətta
Luçano Pavorotti «Mən hələ indiyə kimi öyrənirəm»
deyirdi»
Türkdilli
dövlətlərin beynəlxalq mədəniyyət təşkilatı
TÜRKSOY-un xətti ilə hər il Türkiyədə
keçirilən Beynəlxalq opera sənəti festivalında
bu il Azərbaycanın opera sənətini Dövlət Akademik
Opera və Balet Teatrının gənc və istedadlı
solisti İlahə Əfəndiyeva
təmsil edib. İyunun 18-dən 30-a kimi davam edən səfər
müddətində İ.Əfəndiyeva Mersin, İstanbul və
Kiprin Girnə şəhərlərində keçirilən
çoxsaylı konsertlərdə iştirak edib.
Festivalda
azərbaycanlı vokalçı ilə yanaşı
Türkiyə, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tatarıstan, Başqırdıstan,
Xakasiya, Qaqauzya və Şimali Kiprdən olan opera sənətçiləri
də iştirak ediblər. İlahə Əfəndiyevanın
festivaldakı çıxışları həm
tamaşaçılar, həm də təşkilat komitəsi
tərəfindən yüksək qiymətləndirilib.
Nağıllar aləmi
-
TÜRKSOY-a daxil olan dövlətlərin opera
ifaçısı mütləq
həmin festivalda iştirak etməlidir. Hər il də
festivala yeni səslər qatılır. Ola bilər ki, bir
neçə ildən sonra hansısa solist təkrar da
iştirak eləsin. Və yaxud onlar özləri də
sorğu göndərib həmin solisti təkrar dəvət edə
bilərlər. Bu il festivalda iştirak etmək mənim qismətim
oldu. Hər il bu festival müxtəlif şəhərlərdə
keçirilir. Bu il isə Mersin şəhərində
keçirildi. Daha Kiprin Girnə şəhərində və
İstanbulda konsert verdik. Mersində
konsertdən qabaq bizə məşq günləri verirdilər.
Festivalda qadın səsləri daha çox idi. Birinci
konsertimiz Mersin Opera Orkestrinin iştirakı ilə oldu. Bu balaca
teatrın çox gözəl orkestri var. Onlarda opera sənətinə
çox böyük maraq gördüm. Düşündüm
ki, bu festivalda iştirak etmək hər bir vokalçı
üçün nəinki gözəl şans, həm də məktəbdir.
Ora gələn hər bir kəs öz işinin
mütəxəssisidir. Hər kəs də
çalışır ki, öz dövlətini layiqincə təmsil
etsin. Hətta bizə dedilər ki, builki
festivalın iştirakçıları daha
güclüdürlər. Çox
maraqlı bir repertuar seçilmişdi. Bir
solist, vokalçı və tamaşaçı kimi çox
böyük zövq aldım. Festivalda
iştirak etdiyim 10-12 gün ərzində sanki nağıllar
aləminə düşmüşdüm. Bu
həm də mənim üçün böyük bir fürsət
və şans idi.
- Festivalda hansı mükafata layiq
görüldünüz?
- Bu ənənəvi
festivalda yalnız diplomlar təqdim olunur. Təbii
ki, mənə də diplom təqdim olundu. TÜRKSOY-un
baş direktoru Dyüsen Kaseinov özü bizim konsertlərdə
iştirak edirdi və bu, çox gözəl nümunə
idi. O, özü şəxsən hər bir konsertimizə
gəlir, hər bir ifaçı ilə maraqlanırdı. Təbii ki, bu da bizə ruh verirdi. Hamı
söyləyirdi ki, Azərbaycan bu il
çox gözəl təmsil olunub. Təkcə
onu deyə bilərəm ki, ifamdan dərhal sonra ayrı bir
festivala dəvət aldım. Bu təklif
yalnız mənə və başqa bir ifaçıya gəldi.
Belə ki, bu il Tatarıstanın
böyük şairi Abdulla Tuqay ili ilə əlaqədar
ayrı-ayrı ölkələrdə musiqi festivalları
keçiriləcək. Mən də həmin
festivala dəvət almışam. TÜRKSOY-un
baş direktoru tərəfindən şəxsən həmin
festivala dəvət almağım mənim üçün
böyük uğurdur. Hər vokalistə
elə təkliflər gəlmir. Halbuki
festivalın tərkibi sanballı ifaçılardan ibarət
idi. Elə hesab edirəm ki, belə bir təklif
almaq mənim üçün böyük bir uğurdur və
qismət olsa mən həmin festivalda iştirak edəcəyəm.
Festivalın sentyabr-oktyabr aylarında
keçirilməsi nəzərdə tutulub. Bundan əlavə də bir neçə təkliflərim
var. Türkiyədə keçirilən 4 konsertin hər birindən
sonra mən ayrı-ayrı təkliflər almışam.
Vokal sənəti - axtarış
- Türkiyədə
tamaşaçıların konsertlərə marağı necə
idi?
- Konsertlərə
həddən artıq axın var idi. O qədər maraqla qulaq
asır və alqışlayırdılar ki, məəttəl
qalırdıq. «Traviata» operasından Violettonun və
Puççininin “Madam Batterflyay” operasından
Çio-Çio-Sanın ariyalarını oxuyarkən elə
yarıda alqışlamağa başladılar. Təbii ki, bizi yaşadan da alqışlardır.
Konsertdən sonra tamaşaçılar özləri
bizə yaxınlaşır və «Azərbaycan ən
yaxşıdır» deyirdilər. İfaçı
özü də hiss edəndə ki, ölkəsini layiqincə
təmsil edir, bu, hər şeyə dəyər.
- Siz arada Moskvada təhsil
aldınız. Bu təhsilin praktik fəaliyyətinizdə
hansı rolu oldu?
- Bakıda Musiqi Akademiyasını bitirdikdən sonra
Moskvada Qalina Vişnevskayanın opera mərkəzində təhsil
aldım. Daha doğrusu, Vişnevskaya məni özü dəvət
etdi. O zaman Bakıda vokalçılar arasında
baxış keçirilirdi. Mən də həmin
vokalçıların sırasında idim. Mənim ora
getməyimə dəstək olanlara da təşəkkürümü
bildirirəm! Qalina Vişnevskayanın Opera Mərkəzində
təcrübə keçmək hər bir
vokalçının arzusudur. Moskvaya getməyimin
maddi tərəfi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
həll olundu. Orada il yarım
qaldım və bu müddətdə özümə lazım
olan hər şeyi götürmüşəm. Həmin
Opera Mərkəzində dünya şöhrətli vokalistlər
çalışır. Bəxtim onda gətirdi
ki, şəxsən Qalina Vişnevskayanın özü mənə
ustad dərsləri keçdi. Onu da deyim
ki, Moskvada qalmaq üçün təkliflər də
aldım, amma bunun böyük maddi xərcləri var.
- Moskvada olarkən dünya klassik
operalarından hansılarını oxudunuz?
- "Riqoletto" və "Traviata"dan bəzi pərdələri,
bundan əlavə, dünya klassik operalarından ariyalar öyrəndim. Vokal
texnikası üzərində çalışdım. Badre Marsuradze kimi dünya şöhrətli tenorun
sinfində təhsil almağın özü böyük
xoşbəxtlikdir. Ümumiyyətlə,
ifaçı hər bir məktəbdən özünə
uyğun nüansları götürməlidir. Çünki bizim sənətimizin sonu yoxdur. Ömrümüzün axırına qədər də
öyrənsək bitib-tükənən deyil. Hətta Luçano Pavorotti «Mən hələ indiyə
kimi öyrənirəm» deyirdi. Vokal sənəti
axtarış deməkdir. Bu sənət vaxt keçdikcə
hər il mükəmməlləşir və
hər bir ifaçıdan onun sirlərinə bələd
olmaq tələb olunur.
Bu, mənim həyatımdır
- Azərbaycan vokal məktəbi barədə
nə deyə bilərsiniz?
- Mən
xoşbəxt vokalistəm ki, ilk günlərimdən çox
gözəl müəllimin əlinə düşdüm. Heyf ki, elə müəllimlər daha yoxdur. Mənim
pedaqoqum Elmira Quliyeva indi yaşa dolub, bir az
xəstədir. Mən bacardığım qədər
ondan lazım olan biliyi aldım. Özüm
də musiqi məktəbində vokal müəlliməsi
işləyirəm. Çalışıram
ki, onun dəsti-xətti ilə vokalın incəliklərini
uşaqlara öyrədim.
- Xarici ölkələrdəki
festivallarda tez-tez iştirak etməyə nail olursunuz?
-
Açığını deyim ki, bu mənə tez-tez nəsib
olmur. Ancaq çox sağ olsunlar ki, bu il məni
TÜRKSOY festivalına göndərdilər və bu festival mənim
üçün digər festivala yol açdı. Orada səsimi eşitdilər və dəvət etdilər.
Hesab edirəm ki, bu da Azərbaycan opera sənətinin
uğurudur. Ancaq festivallara çox dəvət
eləmirlər.
- Ümumiyyətlə, opera
ifaçısı kimi hansı böyük səhnələrdə
oxumağı arzulayırsınız?
- Bir
çox operalar var ki, biz ariyaları həmin əsərlərdən
oxuyuruq. Ancaq əfsuslar olsun ki, bütün opera
səhnəyə qoyulmur. Bu, bizdən
asılı deyil. Bunun maliyyə tərəfi,
dekorasiyası var və ağır operalar olduğundan səhnələşdirilmir.
Çox şükür ki, mən Opera Teatrında
aparıcı partiyalar oxuyuram! Məncə bu belə
də olmalı idi. Çünki bu, mənim
həyatımdır. Mən
uşaqlıqdan buna tərəf yol gəlirdim. Baxmayaraq ki, operanın solistiyəm, bu ana kimi hələ
də axtarışlardayam, üzərimdə işləyirəm.
«Traviata», «Bohema», «Koroğlu», «Sevil» və s. operalarda
aparıcı partiyaları oxuyuram. Səkkiz
ildir ki, «Koroğlu»da Nigarın ifaçısıyam.
- Necə bilirsiniz, bizim opera məktəbimizin
dünya ölkələrinin opera məktəbləri
sırasına qalxmasına çox var hələ?
- Deyərdim
ki, bizim ifaçılar və səslər heç də əksik
deyil. Hətta, həsəd olunası səslər
var. Sadəcə, bir balaca şərait lazımdır. Bir vaxtlar vardı ki, muğama da diqqət yox idi və
muğamı heç kəs tanımırdı. Amma görün muğam necə inkişaf elədi.
Hansı ölkəyə gediriksə muğamımızdan
danışırlar. Alim Qasımovun
adını fərəhlə çəkirlər. Bu, bizdə qürur doğurur. Sevindirici
haldır ki, muğamımız dünya ölkələri səviyyəsində
tanınır. Arzu edərdim ki, opera
janrı da belə tanınsın. Bizim
gözəl milli operalarımız var. Üzeyir Hacıbəyovun
bir sıra operaları, operettaları var ki, dünya opera
janrında heç də geri qalmır, əksinə, bu
janrın ən gözəl nümunələridirlər.
Məsələn, «Sevil» operasına hər dəfə
qulaq asanda yeni nəsə kəşf edirəm. «Koroğlu» operası nəhəng bir layihədir, fəlsəfədir,
elmdir. TÜRKSOY «Koroğlu»nu bütün dünyada gəzdirməklə
gözəl iş görür.
Hətta, xaricdə də oxuyan zaman dinləyicilər təsdiq
edirlər ki, bizim ifaçılarımız çox
güclü, koloritli səsə, gözəl tembrə
malikdir. Hər
bir yerdə gözəl səslər var. Ancaq gözəl
tembrə malik olmaq bizim torpaqdan, sudan gəlir.
Vokalda isə gözəl tembr böyük rol
oynayır. Bir balaca şərait yaransa
hesab edirəm ki, dünyada opera ilə də tanınarıq.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 15 iyul.- S.9.