“...Dörd yaşım olsa da, indiki kimi
xatırlayıram”
Fikrət Əmirovun nəvəsi:
“Hazırda evimizdə kiçik möcüzə
böyüyür”
Dünən
Bakı Caz Mərkəzində
Belçikanın Azərbaycandakı səfirliyi və “Buta” İncəsənət Mərkəzi tərəfindən
“Culture Helpline”
proqramı çərçivəsində hər il təşkil edilən növbəti konsert keçirilib. Bu il konsertdə Belçika vətəndaşı olan azərbaycanlı pianoçu
və bəstəkar-müğənni Nezrin
(Nəzrin Əfəndiyeva) çıxış edib. Nezrinin babası Azərbaycanın
məşhur bəstəkarı və tamamilə yeni musiqi janrı olan simfonik muğamın banisi Fikrət Əmirovdur. Gənc musiqiçinin Lent.az-a
müsahibəsini təqdim edirik.
- Fikrət Əmirovun
nəvəsisiniz və fəaliyyət sahəsiniz genişdir. Niyə Azərbaycanda, geniş ictimaiyyət arasında çox tanına bilməmisiniz?
- Mənim fəaliyyətim iki mərhələyə bölünür: həm klassik pianoçu, həm də bəstəkar müğənni kimi çalışmışam. Klassik pianoçu kimi fəaliyyət göstərəndə orkestrlə birgə məşğul olurduq, Bakıya da orkestrin tərkibində olduğum zaman iki dəfə konsertə gəlmişəm. Hər ikisində də babamın musiqilərini ifa etmişəm. Bunlar “Skripka, fortepiano və orkestr üçün ikili konsert” və “Ərəb mövzusunda konsert” olub. Azərbaycan mətbuatı o vaxt bu konserti işıqlandırmışdı. Bəstəkar və vokalçı kimi isə təxminən iki il əvvəl yaradıcılığa başlamışam. Avropada tanınmaq çox çətindir, inanılmaz rəqabət var, çoxlu sayda sənətçi, müsabiqə var. Xüsusən onları kateqoriyaya - rok, caz, world janrlarına bölmək çox çətindir. Ötən il Fransa estrada müsabiqəsində qalib gəldikdən sonra vəziyyətim bir qədər yüngülləşdi. Xeyli vaxt özümə həm də menecerlik etdim. Artıq bu gün mən Belçikanın "Earphones Production" kimi tanınan musiqi studiyasında səsimi yazdırıram. Diskim sentyabrda işıq üzü görəcək.
- Musiqi
sizin üçün
nə vaxtdan başlayıb. Bu seçimdə Fikrət Əmirov faktoru rol oynayırmı?
- Uşaq yaşlarından musiqinin içində olmuşam,
deyə bilərəm ki, musiqi
ilə böyümüşəm. Əlbəttə
babamın, eyni zamanda da pianoçu olan anamın sayəsində seçimimi
etdim. Bundan başqa atam da melomandır, o, xüsusilə cazı çox sevir. Musiqi təhsili
almağımı tez-tez
anama babam məsləhət görürdü.
Deyirdi ki, mənim musiqiçi qabiliyyətim
var. Elə ilk təcrübəm
də onun sayəsində olub, məni dörd əllə “Sevginin rəqsi” kompozisiyasını
çalmağı öyrətdi.
Baxmayaraq
ki, o vaxt dörd yaşım vardı, lakin hər şeyi indiki kimi xatırlayıram.
Bu inanılmaz idi!
- Bakıda neçə il
yaşamısınız?
- 1995-ci ildən Belçikada yaşayıram.
- Zəhmət olmasa, bir qədər
özünüzdən, ailənizdən
danışın.
- Atam Mir Həmzə Əfəndiyev diplomatdır.
Ayrı-ayrı vaxtlarda Azərbaycanın
Yunanıstan və Belçika Krallığındakı
səfiri olub. Anam Sevil Əmirova isə bildiyiniz kimi, Fikrət Əmirovun qızıdır,
musiqiçi və pianoçudur. Qardaşım da var, adı
Ömərdir, onu çox sevir, həm də çox darıxıram.
Bizim ortaq maraqlarımız çoxdur, qardaşımın
zarafatları mənim
üçün xüsusilə
əvəzolunmazdır (Gülür).
Özüm isə Belçikada
teatr aktyoru olan Kevin adlı şəxslə evliyəm.
Hazırda evimizdə kiçik möcüzə
böyüyür, bu oğlum Həmzədir, mənim günəşim...
Kaspi.- 2011.- 20 iyul.- S.16.