Ququ quşu
Gərək
O Qız Sarala gəlməyəydi.
Gərək
O Qız, elə o yayı da əvvəlki
illərin yayları kimi Bakıda, Pirşağıda, Bilgəhdə
keçirəydi.
Dənizdə
çiməydi, evdə akvarium dedikləri o şüşə
qabda balaca qırmızı balıqlara baxaydı.
O
şüşə qabın içindəki gerçək
suda yalançı yarpaqlara,
yosunlara baxaydı.
Gərək
O Qız Sarala — dağların, dərələrin, otların
və bir də balıqların
gerçək olduğu yerə gəlməyəydi.
Elə
akvariumdakı o balaca qırmızı balaqların yalan
dünyasında yaşayaydı.
Amma O Qız gəlmişdi. Atası anasına
- «məzuniyyətini götür get uşaqlarla Armudun
Bulağının suyundan iç, buralar istidi», - demişdi.
Və
O Qız Sarala o yay anasıyla, bir də balaca qardaşıyla
gəlmişdi. Gələn kimi də Saralın anı, dəqiqəsi,
saatı, axşamı,sabahı dəyişmişdi.
Yelin
səsi, suyun dadı, çörəyin tamı dəyişmişdi.
O Qız gözəl idi. Yerişi, duruşu, səsi
gözəl idi. O Qız Saralı gözəlləşdirmişdi.
Yeridikcə
yol gözəl olurdu, durduqca yer gözəl olurdu. İçdiyi
su boğazında görsənirdi. O Qızı hamı sevməyə
başlamışdı.
Əvvəl-əvvəl
(xəlvətcə) oğlanlar sevmişdilər.
Sonra qızlar sevmişdilər. Qızların bu sevgisinə, həm də bir az xiffət, bir az qibtə və bir xeyli də izaholunmaz ayrı nələrsə qarışmışdı.
Və
qızların heç biri o bir
az xiffəti, o bir az qibətini, bir xeyli də o izaholunmaz ayrı
nələri boyunlarına almazdılar. Bəlkə də
heç o ayrı nələrdən
qızların özlərinin xəbərləri yox idi.
O
ayrı nələrsə hər qızın ürəyinin ən
dərin, ən gizli bir yerində gizlənmişdi.
O ən
gizlin, ən dərin yerə qızlar ya özləri boylanmaq
istəmirdilər, ya da ora boylanmağa qorxurdular.
Sonra
O Qızı pişiklər quyruqlarını bulaya-bulaya
,qızın yanınca ayaqlarına dolaşa-dolaşa yeriyib
sevmişdilər. Sonra da qalan adamlar sevmişdilər.
Şəhərdən
gələn qızın gözəlliyi elə-belə gözəllik
olsa idi, arvadlar – «ay qız, yanıyanmış
yaraşıqlıdı ha...a» deyib
qımışacaqdılar. Amma indi bu sözü deyə
bilmirdilər.
Çünki
O Qızın gözəlliyi o
sözlərdən çox ucalarda idi və o ucalara Badam
xalanın, Xırda xalanın, Məsmə xalanın sözləri
gedib çıxa bilməzdi. Və bir də O
Qızın gözəlliyi əslinə qalanda, elə ovsun
kimi bir şey idi.
Sözlər
də ovsundan sonra heç nə olur. O Qızın
saçları uzun idi, topuğuna tökülürdü. Hər
səhər saçlarını həyətdəki
çinarın altında durub darayırdı.
Quşlar
çinarın yarpaqları arxasında gizlənib
qızın saç daramağına baxırdılar.
Yel
çinara çatınca – dayanırdı, budaqları silkələyəcəyindən
qorxurmuş kimi sakitləşirdi.
Cəlil
O Qızın uzun tellərindən
yıxılmışdı. Yıxılmağa özgə
yer yox idi. Özgə yerdə özgə adamlar
dayanmışdılar.
O özgə
yerin yıxılmağı özgə cür olur, belə
olmur. Cəlil kimi yıxılan özgə yerə
yıxılmır. Ona görə də Cəlil O
Qızın tellərindən öz içinə
yıxılmışdı.
Cəlilin
içi çox uca idi. Sevgi Cəlilin içini ucalara,
çox ucalara qaldırmışdı. O ucalığın
yanında «uca» sözü çox aşağıda
qalırdı.
O ucalıq-aydan,
ulduzdan çox ucada idi. Gün də o ucalığa baxanda
«başından papağı düşürdü».
O
Qızın saçları Cəlilin içindəki o
ucalıqdan Tanrının Dan Üzünə
tökülürdü. Tanrının Dan Üzü O
Qızın qara, uzun saçlarının arasında itirdi,
görünməz olurdu. Bəndələr göyün
göy üzünə boylanıb, göyün göz
üzünü qara görürdülər.
Gecədir
deyirdilər. Hələ gecdir. O Qız qara, uzun
saçlarını Tanrının Dan Üzündən
yığıb gərdəninə
tökəndə.
Tanrının
Dan Üzü ağarırdı.
Ağarışdanırdı, göyün göy gözləri
yaşarırdı. Yarpaqlarda damla-damla su
«puçurlayırdı».Adamlar elə bilirdilər şeh
düşüb.
Bax, Cəlil
o puçur-puçur damlaların arasında içindəki
ucalığa yıxılmışdı. Gözgörəsi
Cəlilə heç nə olmamışdı. Nə dizi
syrılmışdı, nə dirsəyi.
Nə
burnu qanamışdı, nə də dodağı
çapılmışdı. Amma Cəlil yıxılmışdı.
Ürəyi köksündən sıçrayıb O
Qızın dünənmi, ya sırağagünmü yoldan
keçəndə qoyduğu ayaq izinə
düşmüşdü.
Cəlilçün
o ayaq izi dünyanın ən təmiz, ən pak yeri idi. O
yer Saralın o biri yerlərindən
çox gözəl olmuşdu.
Cəlil
O Qızın ayaq izinə atılıb düşmüş
ürəyinin sağında oturub ürəyinin atmasına
tamaşa eləyirdi. Anası Pəriyə xəbər
çatmışdı, atası
Cəmilə xəbər çatmışdı,
bacılarına xəbər
çatmışdı.
Xəbər
çatmışdı ki, Cəlil filan yerdə
yıxılıb, ürəyi köksündən
sıçrayıb Bakıdan gələn qızın ayaq
izinə düşüb. İndi Cəlil diz
çöküb O Qızın ayaq izinə
düşmüş ürəyinə tamaşa eləyir. Xəbər
çatınca anası Pəri yüyürmüşdü,
bacıları yüyürmüşdülər. Amma atası
Cəmil yüyürməmişdi.
Gələn
xəbərə inanmamışdı, elə şey
olmaz-demişdi. İndilər
bizdə elə yıxılan adam olmaz. Yıxıla bilənlər yeddimi-yetmişimi köynək əvvəl
yıxılıblar.
Kimisinə
Məcnun deyiblər, kimisinə Kərəm,kimisi də Sənan
olub.İndi Cəlil nədir ki, nə yıxıla? O
yıxılmağı Cəlil nə bilir? Yəqin
ayağı sürüşüb, dizi yerə gəlib. Durar
yeriyər, ağrısı yadından çıxar.
Amma Cəlil
o yıxılmağı bilməyə-bilməyə
yıxılmışdı. Məcnunun,Kərəmin,Sənanın
, yıxılmağı kimi
yıxılmaq Cəlilin ürəyinin bir damcı qanında
gizlənib qalmışdı və Cəlil
yıxılmışdı.
O
yıxılmağın ağrısı diz ağrısı
deyildi, göz ağrısı deyildi, baş ağrısı
deyildi. Cəlil o ağrını unuda bilməyəcəkdi.
O ağrı unudulan ağrılardan deyildi.
Anası
Pəri, bacıları çatıb Cəlilin diz
çöküb köksündən ayaq izinə
düşmüş ürəyinə tamaşa eləyən
çağını görmüşdülər.
Qolundan
tutub qaldırmışdılar.
Anası əyilib Cəlilin ürəyini yerdən
götürüb ətəyi ilə tozunu silmişdi. «Al, ana
ölsün, al.
Tez yerinə
qoy, hələ işləyir» - demişdi. Amma Cəlil
almamışdı – «istəmirəm, daha o mənim deyil.
O
Qızındır, aparın ona verin» - söyləmişdi.
Anası, bacıları Cəlilin ürəyini
götürüb getmişdilər. Bakıdan gələn
qızın nənəsinin qapısını
döymüşdülər.
Qızınıza
deyin, demişdilər, qızınıza deyin, bir xoş
söz desin, qaytarıb uşağımızın ürəyini
yerinə qoyaq.
O Qız
xoş nə deyəcəkdi? Xoş söz deməyi öyrənmişdimi?
O Qız — kənddə doğulub-böyüyüb onuncuda oxuyan
Cəlilin köhnə, yamaqlı şalvarınamı,
ayağındakı səndəlinəmi, boynusökük əyninə
iri, çiyinləri sallaq mil-mil köynəyinəmi,
darağayatmaz pırtlaşıq saçlarınamı deyəcəkdi
o xoş sözü? O xoş söz ayrı cür
olmalıydı. İçində sevgisi olmalıydı.
O
sözü heç kim eşitməməli idi. O xoş
sözü O Qız təkcə dodaqlarıyla deməməliydi.
Baxışıyla, yerişiylə, duruşuyla deməliydi.
Axşamlar
gün batan çağı çinarın kölgəsinin
uzanıb-uzanıb bağın çəpərindən evin
divarından, məhlənin hasarından uzun olan Vaxtında deməliydi.
O Qız o
xoş sözü səhər-səhər elə o
çinarın dibində ayağına dolaşa-dolaşa
yeriyən pişiyin yanında, yarpaqların arasında gizlənib
civildəşən quşların şahidliyiylə
saçlarını darayanda deməliydi.
Amma
demirdi. Qızın nənəsi Cəlilin anasının əlində
tutduğu ürəyə baxmışdı.
Əvvəl
inanmamışdı. Sonra öz əlinə alıb o üzə,
bu üzə çevirmişdi «hə — ürəkdi»,
demişdi. İstidi, əlimi yandırdı — eləyib, geri
qaytarmışdı. «Qoy qızın atası gəlsin,
ayın axırı gələcək, atasına deyərik,
görək nə deyəcək» — söyləmişdi.
Ayın
axırı qızın atası gəlib
çıxmışdı. Anası Cəlilin ürəyini
götürüb qızın atasına aparmışdı.
Qızlarını da yanına almışdı.
Cəlil
də ana-bacısının arxasınca gedib doqqazın
ağzında gözləyirdi. Qızın atası ağ
jiquli maşınını qapıda saxlayıb evə
keçmişdi. Bayıra çıxıb Cəlilin ürəyini
görmüşdü.
Əlinə
alıb o üzə, bu üzə çevirmişdi. Sonra
çevrilib doqqazın ağzında dizi yamaqlı
şalvarda, çiyinləri sallaq mil-mil köynəkdə
(böyük qardaşının köhnə köynəyi
idi) dayanan Cəlilə xeyli baxıb gülmüşdü.
Sonra qızına Cəlilin ürəyini almağa icazə
vermişdi. Qız da Cəlilin ürəyini alıb
otağına çəkilmişdi.
Ana-bacısı
Cəlili də yanlarına alıb geri dönmüşdülər.
Anası — «atam-anam, di qoy üzün gülsün, ürəyini
aldılar, ta qız səninkidi» — demişdi.
Həmin
axşam Cəlil yenə həmin evin yanına gəldi.
Dırmaşıb
divardan ikicə barmaq hündürdə dayanıb O
Qızın nənəsinin pəncərələrinə
baxdı. Ürəyinin yerini müəyyənləşdirdi.
Küncdəki
pəncərənin qabağında çarpayıda uzanan O
Qızın yerini müəyyənləşdirdi.
O Qız
Cəlilin ürəyini alıb, aparıb yastığın
üstünə qoydu, ürək hələ
döyünürdü. O qıza maraqlı gəlirdi.
Akvariumdakı qırmızı balaca balıqcıqlardan daha
maraqlı şeylər varmış dünyada.
Və O
Qız gecənin aydınlığında pəncərədən
bayıra baxıb indi oynadığı o ürəyin yiyəsinin
— Cəlilin divardan ikicə barmaq ucada duran ikikcə
gözünü gördü.
O Qız
xəlvətcə durub bayıra çıxdı. Divarın
yanına gəldi. Cəlili yanına səslədi, gəl —
dedi, bura aşağı, yanıma düş.
Cəlil
divardan aşırılıb O Qızın yanına
düşdü. O Qız əlində Cəlilin ürəyini
tutmuşdu, soruşdu:
—Sənin
ürəyindi?
Cəlil:
Hə, mənim ürəyimdi.
O Qız:
Doğrudan sinəndən çıxıb düşüb?
Cəlil:
Hə, doğrudan.
O Qız:
İndi yeri bilinir?
Cəlil:
Hə, bilinir.
O Qız əlini
uzadıb Cəlilin köhnə milmil köynəyinin
yaxasından sinəsini yoxladı.
Cəlil
qızın əlini sinəsindən götürüb barmaqlarını
öpdü.
—O
Qız: İstəyirsən ürəyini qoyum yerinə?
—Cəlil:
Yox, istəmirəm.
—O
Qız: Niyə?
—Cəlil:
Daha o sənindir. Özgəsinin ürəyini mən neynirəm?!
Sonra O
Qız Bakıdan danışdı. Akvariumdakı balaca
qırmızı balıqlardan danışdı.
O gecə
dünyanın ən dadlı gecəsi idi, ən «ağ» gecəsi
idi, ən gözəl gecəsi idi. Cəlilin
ömrünün ən xoşbəxt gecəsi idi və bir də
belə dadlı gecəsi olmayacaqdı.
***
O yay əvvəlki
illərin yayı qədər «uzun» olmadı. Atası gələndən
on gün sonra Bakıdan gələn qız üçün
yay tətili də, elə yayda bitdi. Atası
qızını, balaca oğlunu və arvadını ağ
«jiquli»sinə mindirib Bakıya getdi. Getdi ki, O Qız yenə
Bilgəhdə, Pirşağıda dənizdə çimsin,
şəhərdəki evlərində akvariumdakı blaca
qırmızı balıqlarla oynasın.
Akvariumun
yalançı yaşıl otlarına, yosunlarına,
yarpaqlarına tamaşa eləsin. Və O Qız Cəlilin
ürəyini də aparıb getdi.
O Qız
getdikdən sonra Saralın gözəlliyi azaldı. Quşlar,
ağaclar qayıdıb yenə əvvəlki oldular. Sular
öz tamına, yel öz səsinə qayıtdı. Gün,
saat, dəqiqə öz ölçüsünə
qayıtdı. Pişiklər bir həftə O Qızsız qəribsədilər,
xiffət çəkdilər. Ancaq bir həftədən sonra
qayıdıb yenə əvvəlki pişik oldular. Pusquda
durdular, marıqda yatdılar, siçan tutdular, sərçə
qovdular. Amma bircə Clil həmin Cəlil ola bilmədi.
***
O ilin
payızında Bakı adlı şəhərdə O Qızın toyu oldu. .
***
Bakıdakı
o toyun xəbəri Cəlilə çatan günün gecəsi Cəlil yatmışdımı,
yatmamışdımı bilmədi. Qapı
döyüldümü - döyülmədimi bilmədi.
Amma durub
qapıya tərəf getdi.Açarkən
qarşısında
ağappağ gəlin donunda Ququ quşu idi.
Ququ
quşu gəl aparaq ürəyini basdıraq,
atılmış ürəyi daha neynirsən, dedi.
***
Cəlil
qabağa düşüb yol göstərdi. Ququ quşu Cəlilin
ürəyini alıb uçdu.
O Qızın ayaq izinə
çatıb
dayandılar — buramı
düşmüşdü ürəyin — deyə Ququ quşu soruşdu. Cəlil hə,
dedi, bax, o…dur.
O
çinarın altında dayanmışdı,
saçını açıb tökmüşdü,
baxdım, ürəyim atılıb düşdü. O Qız
həmişə burdan keçib gedirdi. Bu ayaq izi də
onunkudur.
Ququ
quşu Cəlilin ürəyini O Qızın ayaq izinə
qoydu.,sonra üstünü torpaqlamağa başladılar.Ququ
quşu qanadlarıyla qəbri torpaqla doldurub
qurtardı.Aşağı əyilib qulağını qəbrə qoyub dinlədi .
Ürək
döyünürdü, torpaq xəfifcə titrəyirdi.
Göylərdə ayın utancaq bir duruşu vardı və ay
günahkar adama oxşayırdı. Vaxt -yalançı
dan ilə gerçək
danın arası idi.
USUBOĞLU
Kaspi.- 2011.- 23-25 iyul.- S.19.