ÖNCƏ ŞEİRLƏRİ
İLƏ DOSTLAŞDIĞIM ŞAİR
Nurafizlə
ilk tanışlığımıza və aramızda əbədiyyatın
özü qədər davam edəcək sıcaq
dostluğumuza görə, mən ilk öncə onun şeirlərinə
borcluyam. Çünki məni onunla ilk tanışdıran təsadüfən
əlimə keçən və düşünmədən
«Yeni Azərbaycan» qəzetinin o vaxtlar populyar olan «Ədəbiyyat»
əlavəsində çap etdirdiyim şeirləri olub.
Burası da maraqlıdır ki, nə sovet dövründə,
nə də indi yazdıqlarını çap etdirməkdə
o qədər də fəal olmayan, bununla belə dövrü
mətbuatı və ədəbi prosesləri yetərincə
izləyən şair dostum adı çəkilən qəzetdə
öz şeirlərini görəndə, həqiqətən təəccüblənib.
Axı, eloğlu olmağımıza baxmayaraq, həmin vaxta qədər
mən onu yalnız şeirləri vasitəsilə
tanımışam və elə o şeirlər də bizi
tanışdırıb və dostlaşdırıb.
Nurafiz ədəbi sahədə çalışmasa da, anadan şair doğulmuşlardandır. İlk şeirlərini hələ orta məktəbdə oxuyarkən qələmə alıb. Bakıda keçirdiyi tələbəlik illərində o vaxtlar dəbdə olan adlı-sanlı ədəbi dərnəklərdə fəal iştirak edib, indi bir çoxu Azərbaycanımızın böyük yazarları kimi məşhurlaşan həmyaşıdları ilə eyni sırada çap olunub. Sonralar Qırmızı imperiya çöküb və kimsəyə sirr deyil ki, qanlı-qadalı olan bu çöküşün ən böyük zərbələrindən biri də mədəniyyətimizə və ədəbiyyatımıza dəyib. Ədəbi dəyərlər və poetik kriteriyalar o dərəcədə mənfiyə doğru dəyişib ki, uzun illər bu sahədə sənətə dəxli olmayan ədəbi vampirlər və sırtıq cızmaqaraçılar meydan sulayır. Və elə bu səbəbdən də anadan şair doğulmuşların böyük əksəriyyəti kimi, Nurafiz də öz sahilinə çəkilib, suların durulmasını gözləyib.
Get-gedə daha
da durulan bu suların aydınlığında mən onun ilk dəfə olaraq oxuculara kitab halında təqdim etdiyi
şeirləri ilə baş-başayam. Öz ilkin mənbəyini
qədimlərdən qədim Təhlə elinin,
Qarayazı-Borçalı arealının zəngin poetik təfəkküründən alan Nurafiz yaradıcılığı
çağdaş Azərbaycan
poeziyasının ədəbi palitrasında öz
rəng çalarları ilə seçilən dəyərli
nümunələrdən sayıla bilər. Əsərlərindən
də göründüyü kimi, o,
yazdıqlarını gücənə-gücənə, qafiyələr
üstündə qurulmuş şeir kimi deyil, özünün
yaşadığı duyğuları ruhunda
daşımağın mümkünsüzlüyünü
hiss edəndə birnəfəsə vərəqlərə
köçürür. Elə bunun nəticəsidir ki, Nurafizin
istər heca, istərsə də sərbəst
vəzndə yazdığı şeirlər oxunduqca
oxunur, çox da çətinlik çəkmədən
qavranılır, asanca yadda qalır və əsası odur ki, düşündürür.
Şair
dostumun yaradıcılığının əsas mövzusu
insan və onun yaşamıdır. Qulağı dəng edən
pafos, hay-küy, saxta vay-şivən onun yaradıcılığına
yaddır. O, tribuna üçün yazmır və zənnimcə,
bu da onun əsərlərinin əsas məziyyətlərindəndir.
Əsil şeirin şüarçılıq və məddahlıq
anlayışları ilə daban-dabana zidd olması qənaəti
bəlkə də, bir çox görkəmli şairlərimiz
kimi, Nurafizdə də şüuraltı formalaşmış
bir meyardır.
Maraqlıdır
ki, ən müxtəlif mövzuların öhdəsindən bacarıqla
gələ bilən dostum, poetik ifadə tərzi ilə sərrast
fikir çulğaşmasını asanlıqla bir araya gətirə
bilir; onun sözə münasibəti «Söz» şeirindəcə
insanı düşünməyə məcbur edir:
Fikri
zorla mindirəndə
Nalsız
misranın tərkinə,
İki
ömür bəs eləmir
Dözməyə
sözün ərkinə.
Vətən
haqqında yazmayan şair yoxdur, desəm, məncə
yanlış olmaz. Ən müxtəlif şairlər tərəfindən
Vətən haqqında qalaq-qalaq şeirlər, palaz-palaz
poemalar yazılıb. Nurafizin vur-tut altıca misralıq «Vətən»
şeirinə sayğıdəyər oxucunun qiymət verməsi
üçün mən onu burada təqdim etməkdən qətiyyən
çəkinmirəm:
Padşah
da olsam qürbətdə,
Dənizin
bir addımlığında
Atılıb
qalmış gəmiyəm.
Vətənsiz-
Ağac
kölgəsini
Qaldırmaq
istəyən uşaq kimiyəm.
Saxta
pafos, yalançı hay-küy, «boşboğaz» vətənpərvərlik,
uzun-uzadı «vətən eşqi» sicilləməsi bu şeirdə
yoxdur və şəxsən mənim üçün qürbət
və vətən «cütlüyünün» yığcam
düsturu bu altıca misradadır.
Nurafizin
şeirləri öz yığıcamlığı (onun əksər
şeirləri 15-20 misranı keçmir) və bu yığıcamlığa
sığışan və yaxud
sığışdırıla bilən məna tutumu ilə
seçilir. Bu keyfiyyətlər onun məhəbbət
lirikasında daha böyük önəm kəsb edir. «Gözlə
məni» şeirinin bircə bəndinə diqqət edin:
Səninçün
yoxam daha,
Xatırla
sözlə məni.
Quruja
aham daha,
İçində
gizlə məni.
Kitabdakı
«Dəymə bənövşəyə», «Ağla bir az», «Gəzirəm»,
«Köksümə sıxdım səsini» və bu qəbilədən
olan bir çox şeirlər çağdaş poeziyamızda
məhəbbət lirikasının uğurlu nümunələri
sayıla bilər.
Bəlkə
də ixtisasca mühəndis olduğundandır ki, Nurafizin
poetik leksikonundakı ayrı-ayrı təşbeh və bənzətmələr
olduqca yerinə düşür və fikrin dəqiq və
aydın çatdırılmasında əvəzsiz rol
oynayır. Nurafiz insani duyğularıyla bütün məqamlarda
baş-başa qala bilən və bu duyğuları zərgər
dəqiqliyi ilə poetik sözə çevirə bilən
şairdir. Bu mənada, o, elə-belə söz demək xətrinə
yazmır; əksinə, mən yüzdəyüz əminəm
ki, hiss və duyğuları ona aman verməyəndə, bu
ilahi yükə dözmək çətinləşəndə,
onun qələm kağıza sarılmaqdan başqa əlacı
qalmır və gerçək istedadın və idrakın
nuruna bələnən bu səmimi hisslər, duyğular bir
şair ömrünün timsalında yüzlərin, minlərin
hiss və duyumuna çevrilə bilir, oxucu düşüncəsini
yormadan, oxunduqca oxunur.
Onu
da qeyd edim ki, şair dostumun ciyərparası - 13 yaşlı
oğlu Nurlan da kiçik yaşlarınnan poetik sözün
işığına can atır; ilk qələm təcrübələri
artıq bir neçə ildir ki, populyar qəzet - curnallarda, ədəbi
almanaxlarda çap olunur və inanıram ki, bu ailə 2 ədəbi
duet gələcəkdə də gerçək poeziya sevərlər
üçün gerçək poetik nümunələrin
yaranmağında az rol oynamayacaq.
Kitabda
şairin müxtəlif illərdə qələmə
aldığı şeirləri ilə birgə,
çağdaş zəmanəmizlə səsləşən,
müxtəlif səbəblərdən bir-birinə həsrət
qalan ana və balanın kədərli həyatına həsr
olunmuş «Qızcığaz» poeması da yer alıb. Bu
poemanın və bütövlükdə kitabın qiymətini
vermək ədəbi tənqidin işi olsa da, ipucu kimi qeyd etmək
istəyirəm ki, poemada qoyulmuş problem hazırda Azərbaycanımızı
sıxıntılarda saxlayan Qarabağ probleminin özü qədər
aktual və ağrılıdır.
Və...
onu da qeyd etmək istəyirəm ki, Nurafiz mənim
üçün təkjə qələm dostu yox, eyni zamanda
gen və dar günlərimin dostudur. Onun əsərləri
haqqında uzun yazmaq mənim üçün ona görə
çətindir ki, o şeirlərin əksəriyyətində
mənimlə bir ruh doğmalığı var və o
duyğuların çoxunu mən də yaşayıram. Bir də...
mən Nurafizdən daha öncə onun şeirləri ilə
dost olmuşam.
Hümmət Rafiq
Kaspi.- 2011.- 23-25 iyul.- S.16.