“Elektron hökumət korrupsiyaya qarşı mübarizədə inqilab yarada bilər” 

 

Əliməmməd Nuriyev: “Korrupsiyaya qarşı mübarizə ilə bağlı siyasi iradə göz qabağındadır”

Korrupsiyaya qarşı başladılan mübarizə təxminən 6 aydır ki, davam edir. “Azadinform”a müsahibəsində Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev proseslərin gedişatı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

- Əliməmməd bəy, artıq altı aydır ki, ölkədə prezident səviyyəsində korrupsiya və rüşvətə qarşı mübarizə gedir. Necə görürsünüz bu mübarizəni, nəticə varmı sizcə?

- Yanvar ayından etibarən korrupsiyaya qarşı mübarizədə bir yüksəliş var və konkret olaraq daha çox korrupsiyaya məruz qalmış təxminən doqquz sahə üzrə tapşırıqlar verildi. Həmçinin Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyanın fəaliyyət planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi istiqamətində ciddi göstərişlər verildi, öhdəliklər qoyuldu. Sonra gördünüz ki, bütün dövlət orqanlarına müzakirələr getdi, hətta korrupsiya pozuntularına yol verilmiş şəxslər barəsində ciddi tədbirlə görüldü. Sonrakı müddətdə isə bu mübarizəni sürətləndirmək üçün çox əhəmiyyətli prezident fərmanları verildi, bir sıra qanunlara əlavə və dəyişikliklər edildi. Bu proses bu gün də davam etməkdədir.

- Bu mübarizədə vətəndaş cəmiyyətinin iştirakı nə səviyyədədir?

- Ən vacib olan məsələ, korrupsiyaya qarşı mübarizənin bu mərhələsini fərqləndirən cəhət ondan ibarətdir ki, ölkə başçısı tərəfindən bu mübarizənin əhəmiyyəti, vacibliyi, əhəmiyyəti və bunun davamlı bir proses olması haqda dəfələrlə fikir səsləndirildi.

 Eyni zamanda, vətəndaşlara da müraciət olundu ki, bütün neqativ hallarla bağlı şəxsən ölkə başçısının özünə müraciət etsinlər. Bundan sonra vətəndaşlarımız daha da aktivləşməyə başladı, vətəndaş cəmiyyəti daha da öz fəaliyyətini genişləndirdi. Aprel ayında Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi ilə birgə antikorrupsiya forumu keçirildi. Forumda Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Milli Məclisin, beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyətinin bütün sektorunu əhatə edən insanlar təmsil olundu. Çox geniş müzakirələr aparıldı, açıq fikirlər səsləndirildi. Bir daha qəti şəkildə bildirildi ki, korrupsiyaya qarşı mübarizə davamlıdır və bundan sonra da olacaq. Biz ondan sonra da gördük ki, prezident fərmanları ilə bu proses daha da təkmilləşdi, sürətləndi. Bildiyiniz kimi, bu günlərdə parlament korrupsiya cinayətlərinə görə subyektlərin dairəsini genişləndirən əhəmiyyətli qanun qəbul etdi, bir az əvvəl isə korrupsiyaya qarşı mübarizədə müvafiq idarəyə yeni səlahiyyətlər verildi. Həmin səlahiyyətlərə əsasən, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya cinayətləri ilə bağlı əməliyyat-axtarış keçirmək ixtiyarına malikdir. Əvvəllər bunu başqa orqanlar edirdi, amma indi həmin idarə özü edəcək ki, bu da informasiya sızmasının qarşısını alacaq və korrupsionerlərin daha sürətlə məsuliyyətə cəlb edilməsi prosesini inkişaf etdirəcək. Yəni faktiki olaraq bu gün qəbul edilən qərarlar korrupsiyaya qarşı mübarizə üçün platformanı daha da genişləndirdi.

Eyni zamanda, son vaxtlar biz başqa bir prosesin şahidiyik. Şübhəsiz ki, korrupsiyaya qarşı mübarizənin müəyyən bir müqavimətlə üzləşəcəyini bilirdik. Bu mübarizə məmurların şəxsi gəlirlərinin azalmasına səbəb olacaqdı və oldu. Odur ki, bir sıra məmurlar tərəfindən müqavimət hiss olundu. Bəzi strukturlar vardı ki, korrupsiya onların işinə çevrilmişdi. Biz bu müqaviməti görürük, bu da təbiidir. Bəzən vətəndaşlarımız hesab edirlər ki, əgər korrupsiyaya qarşı mübarizə başlayıbsa, dərhal ciddi nəticə olmalıdır. Amma bu mərhələni keçən dövlətlərin təcrübəsi göstərir ki, korrupsiyaya qarşı mübarizə uzunmüddətli bir prosesdir və uzun müddətdən sonra miqyaslı nəticə əldə etmək çətindir. Əsas məsələ odur ki, bu gün korrupsiyaya qarşı mübarizə ilə bağlı siyasi iradə meydandadır. Eyni zamanda müəyyən nəticələr də var, ayrı-ayrı sahələrdə korrupsiyanın azalması tendensiyasını müşahidə edirik. Amma bu gün bütün antikorrupsiya koalisiyasının cəmiyyətin bütün təbəqələrini əhatə etməsindən danışmaq hələ tezdir. Bu koalisiya böyüməkdədir. Bununla yanaşı, antikorrupsiya infrastrukturu da genişlənməkdədir. Amma bu, kifayət deyil. Korrupsiya halları hələ az deyil, korrupsiyaya yol vermiş şəxslərin sayı getdikcə artmaqdadır. Lakin nəzərə alaq ki, korrupsiya sövdələşmələrindən hər iki tərəf faydalandığı üçün bu barədə məlumat verməkdə çox adam maraqlı deyil. Ona görə də mövcud olan bütün korrupsiya hallarının dərhal aşkar edilməsi son dərəcə çətinlik yaradır. Həmçinin nəzərə almaq lazımdır ki, Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyada göstərildiyi kimi, antikorrupsiya mədəniyyəti yaratmalıyıq. Etiraf etmək lazımdır ki, bu gün əksinə, korrupsiya mədəniyyəti var. Vətəndaşlar da bir çox halda dövlət orqanlarının xidmətlərindən istifadə edərkən bunun müqabilində qeyr-qanuni ödəniş də edir, hətta qanunla görülməli olan işini pul müqabilində yerinə yetirdiyi üçün məmurdan məmnun da qalır. Bütün hallarda korrupsiya cəmiyyətə və mənəviyyata zərbə vuran bir prosesdir.

- Bütün çıxışlar belə təəssürat yaradır ki, Azərbaycanda korrupsiyasız sahə yoxdur. Həqiqətən də belədirmi?

- Xeyr, mən belə düşünmürəm. Məsələn, dövlət qulluğuna qəbulda korrupsiyadan söhbət gedə bilməz. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bu sahədə fəaliyyəti xüsusi vurğulanmalıdır. Amma onu da xüsusi qeyd etmək lazımdır ki, istər Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, istər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, bütövlükdə prokurorluq korrupsiyaya qarşı mübarizədə ən səmimi fəaliyyət göstərən qurumlar sırasındadır. Onlar daha çox əməkdaşlığa meyillidirlər. Bir çox orqan da var ki, ümumiyyətlə, ünsiyyətdən qaçır, onlar arasında korrupsiyaya qarşı mübarizəyə hətta təxribat da törədənlər də var. Hətta bizə belə məlumatlar da daxil olur ki, bir sıra dövlət orqanlarında korrupsiyaya qarşı mübarizənin artıq bitdiyini, işlərin köhnə qaydada davam etməli olduğunu deyirlər. Bütün bunlar korrupsiya yolu ilə qazanılan gəlirlərin azalmasının qarşısını almaq üçündür və yolverilməzdir. Bu, bəzi dövlət qurumlarının, məmurların açıq-aşkar itaətsizliyidir. Bununla bağlı da xüsusi tədbirlər görülür.

- Qanunvericilik sahəsində daha nə kimi dəyişikliklərə ehtiyac var?

- Təbii ki, dəyişikliklər davam etməlidir. Xüsusilə də vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında qanunun qəbul edilməsi prosesini sürətləndirməyə ehtiyac var. Eyni zamanda, vəzifəli şəxslərin gəlirləri haqqında bəyannamənin forması və məzmunu, doldurulması qaydaları təsdiq olunmalıdır. Digər tərəfdən, hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Həmçinin ölkə başçısı tərəfindən yoxlamaların aparılması qaydaları, sahibkarların hüquqlarının qorunması ilə bağlı qanunların qəbul edilməsi barədə göstəriş verilib, bu, sürətləndirilməlidir. Yoxlamaların aparılmasının vahid reyestrinin yaradılması haqqında fərman imzalandı, artıq mayın 1-dən qüvvədədir və yoxlamalar aparılarkən müvafiq strukturlarla razılaşdırılmalıdır. Bu, çox əhəmiyyətlidir, amma yoxlamaların aparılması, bu zaman sahibkarların hüquqlarının qorunması qaydalarına ciddi ehtiyac var. Digər tərəfdən, Rəqabət Məcəlləsi yəqin ki, payız sessiyasında 3-cü oxunuşda qəbul ediləcək. Çox mühüm məsələlərdən biri də yeni Gömrük Məcəlləsinin qəbulu idi. Vahid pəncərə sisteminin bütün orqanları əhatə etməsi də çox vacib məqamdır. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi də zəruridir. Müəllimlərə və həkimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi ilə bağlı dövlət başçısı göstəriş verib və hesab edirəm ki, bu da çox əhəmiyyətli bir məsələdir. Daha vacib olan məsələ düşünürəm ki, Azərbaycan qanunlarının beynəlxalq konvensiyalara uyğunlaşdırılmasıdır. Bundan başqa, korrupsiya halları haqda məlumatı verən şəxslərin müdafiəsinin təşkil edilməsi məsələsi də əhəmiyyətlidir. Korrupsiyaya qarşı mübarizəyə ictimai nəzarətin həyata keçirilməsi mexanizmləri, qanunvericilik əsasları möhkəmləndirilməlidir. Ümumiyyətlə, müzakirə mərhələsində olan qanun layihələri çoxdur. Hesab edirəm ki, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır.

- Elektron hökumətin qurulması korrupsiyanın həcminin azalmasına nə qədər təsir edəcək?

- Əslində, korrupsiyaya qarşı mübarizənin ən əhəmiyyətli hissəsi elektron hökumətlə bağlı məsələdir. Bu, hökumətin bütün fəaliyyətində şəffaflıq, qəbul edilən qərarları izləmək imkanı yaradacaq. Həmçinin ona imkan verəcək ki, hökumət üzvləri qəbul etdikləri qərarlarda daha məsuliyyətli olsunlar. Elektron hökumət həm də dövlət orqanlarında həyata keçirilən xidmətlərlə bağlı vətəndaş-məmur münasibətlərini minimuma endirəcək ki, bu da əhəmiyyətli məsələdir, çünki birbaşa təmas korrupsiya sövdələşməsi üçün şərait yaradır. Bu, əslində, inqilabi dəyişikliyə gətirib çıxara bilər korrupsiya ilə mübarizədə.

- Əvvəllər hansı sahələrdə daha çox korrupsiya olduğunu tez-tez açıqlayırdınız, bir dəyişiklik varmı?

- Bizə daxil olan məlumatlara əsaslanıb deyə bilərəm ki, nəqliyyat sektorunda xoşagəlməz situasiya davam etməkdədir. Xüsusilə taksi sürücülərinə münasibətdə nəqliyyat müfəttişləri tərəfindən olduqca ciddi nöqsanlara yol verilir. Müfəttişlərin ümumiyyətlə, etik kodeks anlayışından xəbərləri yoxdur. Eyni zamanda, beynəlxalq daşımalarla bağlı biabırçı vəziyyət var. Biz bununla əlaqədar müraciət etmişdik müvafiq qurumlara. Nəqliyyat Nazirliyindən cavab gəldi ki, biz bu barədə faktlar aşkarlamadıq. Əgər müraciət nazirliyin müvafiq strukturu ilə bağlıdırsa, təbii ki, inkar edəcək.

Səhiyyədə, yol polisi xidmətində, “Azəriqaz” sistemində qanunsuz ödənişlərin tələb olunması, saxta borcların yazılması ilə bağlı müraciətlər olur. Daşınmaz əmlakla bağlı müəyyən irəliləyişlər var, amma yenə də şikayətlər səslənməkdədir, açıq-aşkar pul istəyirlər vətəndaşlardan və bu barədə bizə müraciətlər edilib. Bəzi hallarda özəl sektorda olan torpağın, əmlakın dövlət ehtiyacları üçün alınması prosesi qanunsuz gedir. Müvafiq dövlət orqanının qərarı olmadan bu prosesi reallaşdırmaq olmaz. Bir çox halda torpaq üzərində mülkiyyət hüququ olan şəxslərdən bəzilərinə kompensasiya verilir, bəzilərinə verilmir, bəhanə gətirilir ki, qeyri-qanuni tikintidir. Məsələn, bizim şəbəkənin üzvü Sahib Məmmədov bizə müraciət edib. “Elmlər Akademiyası” metrosunun yaxınlığında onun əmlakı var. 19 il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti və müvafiq rayon icra hakimiyyətinin qərarı ilə tikilib. Bu gün oranı sökürlər, amma nə Nazirlər Kabinetinin, nə digər aidiyyəti dövlət qurumunun bununla bağlı qərarı yoxdur. Belə şeylər yolverilməzdir, mülkiyyət hüququna açıq-aşkar təcavüzdür, eyni zamanda, ölkə qanunlarına qarşı hörmətsizlik, aparılan siyasətə etimadsızlıqdır. Hesab edirəm ki, bu məsələlərin qarşısı alınmalıdır. Təbii ki, mən demirəm bu şikayətlərin hamısı əsaslıdır, amma hər halda şikayət varsa, araşdırılmalıdır. İlin sonuna biz sorğu aparacağıq və korrupsiyanın həcmi ilə bağlı nəticələr əldə edəcəyik. 

 

 

Kaspi.-2011.-1 iyul.- S.4.