«Heç
vaxt ucuz qiymətə
əsər vermərəm»
«Mən heç bir vaxt bir əsər
üzərində işləmirəm. Eyni zamanda, 4-5 əsər
yazıram. Birini yeni başlayıram, birinin musiqisi yenicə
yaranır, birini sabah ya o biri gün bitirirəm»
Bu yaxınlarda ABŞ-ın
İndiana ştatının Bluminqton şəhərində
keçirilən konsertdə Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü, Əməkdar incəsənət
xadimi Azər Dadaşovun “Şükürlər olsun sənə”
ariya-duası səsləndirilib. “Bütün dinlər
sülh üçün dua edirlər” şüarı
altında keçirilən konsertdə üç səmavi
dinin- İudaizm, Xristianlıq, İslamı tərənnüm
edən musiqilər ifa olunub. Konsertin keçirilməsi
ideyası İndiana Universitetinin nəzdindəki Musiqi Məktəbinin
professoru Ömər Türkmənoğluna məxsus olub. Konsertin
proqramına daxil edilən müxtəlif ölkələrin və
xalqların dini məzmunlu vokal musiqiləri dinləyicilərin
böyük marağına səbəb olub.
«Şükürlər olsun sənə!»
- ABŞ-da keçirilən konsertdə
özünüz də iştirak etdinizmi?
- Təəssüf
ki, özüm konsertdə iştirak edə bilmədim. Konsertdən
sonra mənə şəkilləri və mətbuatda dərc
olunan məqalələri internet vasitəsilə göndərdilər.
Həmin konsertdə ayrı-ayrı dillərdə mahnılar
ifa olunub. Sevinirəm ki, proqrama Azərbaycan dilində də əsər
daxil edilib. «Şükürlər olsun sənə!» əsərini
mənə sifariş edəndə şairlə əlaqədə
olmağa vaxtım yox idi. Demək olar ki, həmin əsərin
sözlərini də özüm yazmışam. Bu əsərin
Amerikada səslənməsi mənim üçün çox
böyük fərəhdir.
- Bəs əsər həmin konsertin repertuarına necə düşüb?
- İndiana ştatında çalışan Azərbaycanlı
professor Aida xanım bir
il bundan
əvvəl orada keçirilən bir konsertdə iştirak eləmişdi. Bu konsert üçün dünya üzrə bəstəkarların əsərləri
toplananda Aida xanım mənim əsərimi də məsləhət görüb. O mənim
dini əsərlər
yazdığımı yaxşı
bilir. Onu da bilirdi ki, Roma Papası Bakıya gələndə
onlar üçün
dini əsər yazılmasını mənə
sifariş vermişdilər.
Həmin
əsərin ifası
haqqında məndə
CD də var. Mən dini mövzuda əsərləri ona görə yazıram ki, Allaha çox
inanıram və düşünürəm ki,
həyatda Tanrıdan başqa mənə kömək edən olmayıb. Əsərlərimi vaxtilə Xuraman
Qasımova və başqa müğənnilər
oxuyub. Həmin dini əsərləri
«Şükürlər olsun
sənə» adı altında nəşr etdirmişəm.
- Xarici ölkələrdə özünüzün
də iştirak etdiyiniz konsertlər çoxmu keçirilib?
- Xaricdə 5-6 əsərim
səslənib. Fransada yaşayan
Ədil Əliyev fortepiano
üçün əsər
sifariş vermişdi.
Sonra həmin əsəri Finlandiyada ifa elədim. Həmin konsertə dəvət
alsam da, gedə bilmədim. Rauf Abdullayev həmin konsertə dirijorluq etdi. Sonra Rauf Abdullayev mənə əsər sifariş verdi
və həmin əsər də ABŞ-da ifa olundu.
Tanınmış pianoçu Murad
Hüseynov da bir əsərimi ABŞ-da ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunan konsertdə ifa edib. Bu əsərlərin
xaricdə səslənməsi
mənim üçün
sevincdir. İlk növbədə
ona görə ki, Azərbaycan musiqisi xaricdə səslənir, musiqimizi hər yerdə tanıyırlar.
- Bəstəkar kimi yaradıcılığınız
çox zəngindir. Simfoniyalar, kantatalar, marşlar, konsertlər və s. əsərlər
yazmısınız. Əsərlərinizin
səslənməsi üçün
həmişə şərait
olubmu?
- Əsərlərimin əksəriyyəti konsertlərdə
səslənib. 40 ildir
ki, bu sahədə
çalışıram. Mənim müəllimim dahi bəstəkar Qara Qarayev olub. Təbii ki, ondan öyrəndiklərimin
bəhrəsi özünü
yaradıcılığımda göstərir. Hər
il bir
neçə əsərimin
premyerası keçirilir.
Niyazi kimi dahi maestro mənim əsərlərimə
dirijorluq edib. Xalq artisti Rauf Abdullayev
18 əsərimin ilk dirijoru
olub. Mart ayında keçirilən
2-ci Beynəlxalq muğam
festivalı çərçivəsində
təqdim olunan simfonik konsertdə 8 saylı simfoniyam – «Zabul simfoniyası» səsləndi. Bu əsəri
25 il əvvəl
yazmışam.
Elitar musiqinin dinləyiciləri
- Keçən il gənclər
arasında «Azər Dadaşovun fortepiano əsərləri”
mövzusunda müsabiqə
keçirildi. Musabiqənin nəticələri sizi qane etdimi?
- Həmin müsabiqə
2009-2010-cu illəri əhatə
edərək 3 mərhələdən
ibarət keçirildi.
Müsabiqədə Bakı və
Sumqayıtın musiqi
və incəsənət
məktəbləri, musiqi
texnikumlarından 19 yaşına
qədər olan gənclər iştirak edirdi. Mən iştirakçılar üçün 9 silsilə
əsər və 3 yeni konsert yazmışdım.
Onlar həmin əsərləri
sevə-sevə ifa etdilər. Filarmoniyada həmin müsabiqənin
yekun konserti uğurla keçirildi.
Yaradıcılığımda o müsabiqəni ən böyük uğurlarımdan biri adlandırıram. Mənə zarafatla
deyirlər ki, həmin müsabiqə ilə tarixə düşmüsən. Çünki heç bir bəstəkarın sağlığında
onun adı ilə bağlı müsabiqə keçirilməyib.
- Siz Bəstəkarlar İttifaqının
Gənclər bölməsinin
rəhbərisiniz. Bu gün ciddi musiqi sahəsində
ümidverici gənclər
çoxdurmu?
- Ümidverici gənclər
var. Bu il fevralın
2-də Gənclər Iünü
münasibətilə keçirilən
tədbirdə Dövlət
Filarmoniyasında 4 gənc
bəstəkara «Gənclik
mükafatı» təqdim
olundu. Hesab edirəm ki,
həmin bəstəkarlar
10-15 ildən sonra Azərbaycan bəstəkarlıq
məktəbini idarə
edəcəklər. Onlar çox
düzgün yoldadırlar.
Onların deməyə sözləri
var. Türkan Qasımzadə,
Ayaz Qəmbərli, Tahir, Səid, və b. gənclər bəstəkarlıq məktəbimizi
irəli aparacaqlar.
- Bir bəstəkar kimi simfonik, kamera və s. konsertlərdə
tez-tez iştirak edirsiniz. Ciddi musiqinin yalnız
bəlli auditoriyası
var?
- İstər simfonik,
istərsə də kamera musiqisi olsun, onların dinləyiciləri salonlarda
azdır. Ciddi musiqini dinləmək
və başa düşmək üçün
dinləyicinin bir balaca səviyyəsi olmalıdır. Ən azı
dünyada baş verən hadisələrdən
xəbərdar olmalıdır.
Ali savad mütləq
deyil. Sadəcə, həmin musiqiyə
bələd olmaq üçün səviyyə
lazımdır. Ona görə
də belə konsertlərdə eyni dinləyiciyə rast gəlmək olur. Bu, elitar musiqidir.
Biz çox əziyyət
çəkirik, amma zalın yarısı adamla güclə dolur.
- Sizin tələbə
olduğunuz illərdə
necə, bu musiqiyə kütləvi maraq var idimi?
- O dövrdə musiqi salonları dolurdu. O zaman ümummilli lider Heydər Əliyev də rəhbər şəxsləri
simfonik konsertlərə
gəlməyə məcbur
edirdi. Onlar qulaq asırdılar
və bəziləri bu musiqini sevməyə
başlayırdı. Bu
isə həmin musiqiyə kütləvi marağın artmasına,
həm də insanların səviyyəsinin
yüksəlməsinə kömək
edirdi. Bu gün telekanallarda şouya daha çox diqqət verirlər. Sabestyan Baxın 250 il
bundan əvvəl yazdığı elə kamera əsəri var ki, indi
də insanlara xidmət edir. Ancaq bilmək olmaz ki, həmin şoulardan hansısa qalacaq, ya yox.
Düzdür, bu musiqinin də öz yeri var. Demək olmaz ki, hər
şeyi ləğv edin və təkcə
simfonik musiqi qalsın. Sadəcə, simfonik musiqiyə
telekanallarda da diqqət artmalıdır.
Telekanallarda yayılan
şoular ciddi musiqini az
qala kölgədə
qoyur.
Bəstəkarları həvəsləndirmək lazımdır
- Hazırda hansı əsər üzərində işləyirsiniz?
- Mən heç bir vaxt bir
əsər üzərində
işləmirəm. Eyni zamanda,
4-5 əsər üzərində
işləyirəm. Birini
yeni başlayıram, birinin musiqisi yenicə yaranır, birini sabah
ya o biri gün bitirirəm. Bilmirəm, yaxşı, yoxsa pis xüsusiyyətdir:
bəzən bir əsəri 4-5 il
əvvəl bitirmişəmsə
onun üzərinə
yenidən qayıdıram.
İyunun 18-də Bakıda «Zamanla üz-üzə» adlı musiqi festivalı keçiriləcək.
Konsertdə ukraynalı dirijor
Rumçaqın dirijorluğu
ilə «Lütf» adlı əsərim ilk dəfə səslənəcək.
Bu əsər üzərində dəfələrlə
işləyirəm ki,
hərtərəfli olsun.
Bütün əsərlərimə tələbkarlıqla yanaşıram.
- Mədəniyyət
və Turizm Nazirliyi əsərlərinizi
alırmı?
- Fikrimcə, nazirlik simfonik musiqiyə bir qədər dəstək versə daha yaxşı olar. Nazirlik indiyə qədər mənim bircə əsərimi də ala bilməyib. Bir-iki dəfə ucuz qiymətə əsərimi istəyiblər, ancaq demişəm ki, «Heç vaxt ucuz qiymətə əsər vermərəm». Bəstəkarları maddi cəhətdən bir qədər maraqlandırsalar, yaxşı olar. Onda elə bilirəm ki, bəstəkarlar da daha yaxşı əsərlər yazmaq istəyərlər. Sadəcə, onları həvəsləndirmək lazımdır.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 2 iyun.
–S. 11.