İtaliyanın “Filmayşirkəti Azərbaycan musiqisini təbliğ edir

 

Şirkət xanəndə Qoçaq Əsgərovun diskini hazırlayıb

 

İtaliya Şərq musiqisinin təbliği ilə məşğul olanFilmayşirkəti Səmərqənddə keçirilən «Şərq təranələri» müsabiqəsinin laureatı, xanəndə Qoçaq Əsgərovun diskini hazırlayıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən layihənin müəllifi və təşəbbüskarı YUNESCO-nun eksperti Sənubər Bağırovadır.

 

 Artıq İtaliyada diskin təqdimatı keçirilib. Təqdimatdan sonra Qoçaq Əsgərov İtaliyada böyük konsert proqramı ilə də çıxış edib.

İyunun 2-də “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində diskin Azərbaycanda təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında xanəndə Qoçaq Əsgərovla yanaşı, Sənubər Bağırova, tarzən Əliağa Sədiyev, balaban ifaçısı Şirzad Fətəliyev, kamança ifaçısı Elnur Mikayılov və nağaraçı Kamran Kərimov da iştirak edib. Tədbirdə layihənin Azərbaycan musiqisinin təbliği məqsədilə həyata keçirildiyi diqqətə çatdırılıb.

Sənubər Bağırova bildirib ki, işıq üzü görən disk böyük layihənin ilk diskidir. Belə ki, layihə boyunca işıq üzü görəcək 6 diskdən 3-ü muğama, 1-i aşıq musiqisinə, 2-i xalq mahnılarına həsr olunacaq. “Bütün dünyada bizim mahnılarımızdan, rəqslərimizdən, muğamlarımızdan istifadə edirlər. Çünki bu musiqini çox bəyənirlər. Bu disklərə elə mahnıları daxil etməyi qərara aldıq ki, başqa xalqlar onları öz musiqisi kimi səsləndirirlər. Bu layihəni həyata keçirməkdə məqsəd öz musiqimizi yaymaqdır».

S.Bağırova diqqətə çatdırıb ki, İtaliyadakı təqdimatdan sonra Turin şəhərində Qədim Şərq İncəsənəti Muzeyində kollektivin ilk konserti təşkil olunub: «Konsertdən sonra muzeyin direktoru bizə yaxınlaşaraq «Gözəl musiqi, qeyri-adi səs» - deyə heyrətini gizlətmədi. Bu şəhərdə ilk dəfə Azərbaycan xalq musiqisi səslənirdi. Konsert onlara çox yaxşı təəssürat bağışladı. Onu da qeyd edim ki, italyanların musiqi dinləmək mədəniyyəti cox yüksəkdir».

Tədbir çərçivəsində S.Bağırovanın Azərbaycan musiqisi, incəsənətinin tarixi barədə mühazirəsi də maraqla qarşılanıb. Azərbaycan musiqiçiləri həmçinin üçlük ilə Milan şəhərində konsert proqramı ilə çıxış ediblər.

YUNESKO eksperti diqqətə çatdırıb ki, işıq üzü görən diskdə «Zabul”, “Segah» dəstgahı, «Dilkəş» muğamı, «Çoban qızı» təsnifi üzərində «Bayatı-şiraz», «Mahur» kompozisiyasında «Mahur» muğamından komponent, «Heyratı» və rənglər daxil edilib: «Məhz bu kompozisiya ilə Qoçaq Əsgərov 2009-cu ildə Səmərqənddə beynəlxalq muğam müsabiqəsində ikinci yerə layiq görülüb. Layihə çərçivəsində ikinci disk Xalq artisti Nəzakət Teymurovanın iştirakı ilə işıq üzü görəcək. Hazırda diskin üzərində iş gedir. Üçüncü diskə isə muğam ifaçıları Səbuhi İbayevin ifasında «Qarabağ şikəstəsi», Gülyanaq Məmmədovanın ifasında «Şahnaz» muğamı və s. daxil ediləcək. 4-cü diskdə bir neçə aşığın səs yazıları toplanacaq. S.Bağırovanın bildirdiyinə görə, digər disklərə hansı ifaçıların səsinin yazılacağı hələ dəqiqləşməyib. Sentyabr-oktyabr aylarında ikinci diskin işıq üzü görəcəyi planlaşdırılıb. Digər disklərin isə nə zaman işıq üzü görəcəyi hələ bəlli deyil: «Hazırda bu barədə fikirləşirik. Hələlik layihənin müddəti də dəqiqləşməyib. Bu, mənim vaxtımdan asılıdır. İşlər yaxşı gedərsə, hesab edirəm ki, ilin axırına qədər layihəni başa vura bilərik».

Muğam ifaçısı Qoçaq Əsgərov İtaliyadakı konsertin maraqla qarşılanmasından danışaraq ümumiyyətlə, xarici ölkələrdə çıxışlarından məmnunluq duyduğunu gizlətməyib: «Mən özümü orada çox sərbəst hiss edirəm. Elə auditoryalar var ki, orada çıxış edəndə heç vaxt maddiyyat haqqında düşünmürsən. Mən həmin auditoriyada dinləyicidən enerji ala bilirəm. Bu baxımdan Avropa ölkələrində daha sərbəstəm. Orada insanların musiqiyə münasibətini görüncə rahatlanıram».

Tədbirdə həmçinin ciddi musiqiyə dinləyicilərin laqeyd münasibətindən danışılıb. O cümlədən,  bəzi muğam ifaçılarının layiqincə təbliğ olunmamasına toxunulub. S.Bağırova bunu ölkəmizdə media təbliğatının baha olması ilə əlaqələndirib: «Muğam ciddi musiqi janrıdır. Ancaq özünüz bilirsiniz ki, bizim ölkədə televiziyalar pulsuz heç kəsi reklam etmirlər. Daha çox şoulara yer ayırırlar. Bir çox musiqiçilər özlərinə yol açmağı nə bacarırlar, nə də buna qadirdirlər. Çünki Allah kiməsə musiqi istedadı verir. Belə insanların qarşısından daş-kəsəkləri təmizləmək, onlara kömək etmək lazımdır. Çünki bu, bizim xalqımız üçündür. Qoçaq Əsgərovun 3 oktava səs diapazonu var. Bu, qeyri-adi səsdir. Cabbar Qaryağdının isə 2 yarım oktava səs diapazonu olub. Biz bəzən qızılın qiymətini bilmirik”.

Tədbirdə həmçinin İtaliyada keçirilən diskin təqdimat mərasimindən və konsertdən video-görüntülər təqdim olunub.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2011.- 3 iyun.- S. 15.