“Yeni bir “Miriş” ortaya
çıxsa, onu yaradaram”
Arif Quliyev:
“Tamaşaçının qarşısına elə
çıxmaq lazımdır ki, sənin
gülüşünü mənalı, dərin qəbul edə
bilsin”
Xalq artisti Arif Quliyev “Azadinfom”un
suallarını cavablandırıb.
- Arif müəllim, gülmək
çətinləşib, güldürmək?
- Əlbəttə,
bugünkü zəmanə elə bir vaxtdir ki, insanlar yeni
gülüş, yeni gülüş tərzi, yeni
ifaçılıq tələb edir. Gülmək mənə
elə gəlir ki, çətinləşib, ona görə
ki, yeni yazılar, yeni dramaturji komediyalar çox azdır. Əvvələr
var idi. Bizim yazıçılarımız çox idi bu sahədə.
İndi qıtlıq əmələ gəlib və təsəvvür
edin ki, qəbul etdiyin yeməyi yeyirsən, sənə nuş
olur, cana yatır, sənin daxili bədən orqanlarının
və özünün inkişafını təmin edir.
Söz, yumor azalanda isə insan bir balaca qəmginləşir.
Bax, biz bu aclığı hiss etdiyimiz üçün
gülmək çətinləşib.
- Bəzən incəsənət
işçiləri haqqında, elə sizin haqqınızda da
“çoxdandır görsənmir” deyə fikirlər olur.
Doğrudanmı görsənmirsiniz, yoxsa sizi görmürlər?
-
Bilirsinizmi, bizim dövrümüzdə bir TV kanal var idi. Yəni
bizə uyğun, ümumiyyətlə, aktyorlar
üçün spesifik verilişlər var idi ki, o verilişlərdə
Arif də, başqa aktyorlar da mütəmadi olaraq
görünürdü. İndi deyirlər ki, siz görsənmirsiniz?!
Mən öz işimdəyəm, teatrdayam. 40 ildir mən səhnədəyəm.
Əgər görmək istəyən varsa, həqiqətən
də arayıb-axtarıb gəlir Musiqili Komediya Teatrına və
orda məni, eyni zamanda başqa aktyorları görür. Yəni
görünmürsünüz sözü bəzən bizə
deyilməməlidir. Niyə? Biz teatr aktyoruyuq, öz işimizdə,
sənətimizdə işləyirik. Televiziyada isə spesifik
proqramlar hazırlananda bizi dəvət edirlər, biz də
onda görsənirik. Amma kanallar çox olduğuna görə
görünməyimiz azalır. Məsələn, birində
göstərirlər, o birilərində göstərmirlər.
Yəni hamı bir kanala baxmır axı, görsünlər
ki, Arif görsənir, ya yox!? Biz diktor deyilik ki, hər gün
televizorda çıxış edək və bizi
görsünlər. Ona görə də
görünmürsünüz söhbəti mənə elə
gəlir ki, düzgün deyil. Az-az görünməyin
özü bir şirinlikdir. Çox görünsəm,
gözü yoraram. Əlbəttə ki, bu bir zarafatdır. Əslində,
mən görsənirəm. Telekanallara da çıxıram,
amma ola bilsin ki, elə verilişlərə
çıxırıq ki, o verilişlərə heç
baxmırlar.
- Onda belə bir sual yaranır məndə.
Sizi görmək istəyənlər görünməməyinizdən
şikayətlənirlər, amma teatra gəlmirlər.
İnsanlar teatrdan niyə uzaq düşüb?
- Mənə
elə gəlmir ki, uzaq düşüblər. Son zamanlar bizim
teatrımızda gedən tamaşalar – “Amerikalı kürəkən”,
“Xanuma”, “Ər-arvad”, “Evlənmə” və b. tamaşalarda mən
tamaşaçıları görürəm. Musiqili Komediya
Teatrının tamaşalarında zal dolu olur. Baxmayaraq ki, bizim
teatr təmirdədir və biz Gəmiçilik İdarəsinin
klubunda fəaliyyət göstəririk, 400 nəfərlik zal
yenə də dolu olur. Yəni istəyən gəlir.
Bilirsinizmi, dövr, zaman elə bir məqama çatıb ki,
internetin geniş yayılması, müxtəlif istiqamətli
dünya telekanallarına girişin açıq olması, yəni
bütün bunlar incəsənətdə canlı ünsiyyət
vasitələri olan teatrları üstələyib. Amma əsər
yaxşı olanda, tamaşaçını maraqlandıran
problemlər və onların zövqünü oxşayan əsərlər
olanda, tamaşaçının teatra münasibəti, məhəbbəti,
sevgisi çoxalır.
- Arif müəllim, deyirsiniz
tamaşalara gəlirlər. Amma bir şeyi səmimi etiraf edin,
o tamaşaçıların neçə faizi dəvət
olunur, neçə faizi öz cibindən pul verib bilet alır?
- Onu
bilmirəm. Mən səhnədə çıxış edən
aktyoram, onu administrasiya bilər. Əlbəttə ki, dəvət
olunanlar olur. Amma tamaşa 10 dəfə oynanılandan sonra
tamaşaya heç kimi dəvət etmirlər. Hamı
özü gəlir. Yəni səs-soraq salır və
tamaşaçılar onun ardınca gəlirlər. Birinci,
ikinci, üçüncü premyeralara dəvət ola bilər,
amma daha bütün zalı bağışlaya bilməzsən
ki. Bir sözlə, 400 nəfərlik yerin 50-si dəvətnamə
ilə gəlir. Qalan tamaşaçılar öz
axınıyla, öz ürək istəkləriylə, öz
sevincləriylə bu tamaşalarda görünürlər və
alqışlarıyla bizi sevindirirlər.
- Sovet dövründə sizin
ekranlarda çıxışınız səbirsizliklə
gözlənilirdi. Mənə elə gəlir ki, bu gün
heç də belə deyil. Sanki hər şeydə
müasirlik axtaran tamaşaçı güldürənin də
müasirini axtarır. Bu məqamda özünüzü
günahkar saymırsınız?
- Yox, mən
özümü günahkar saymıram. Müasirlik deyəndə
ki, bu günün özündə də Cəlil Məmmədquluzadə
müasirdir. Amma əgər rejissor tamaşaya qoymursa, deməli,
təqsir ona o şəraiti yaratmayandadır. Heraklit deyib ki, hər
şey dəyişir, hər şey inkişaf edir. Bu
inkişafda, dəyişiklikdə, bu məqamların
görünmə perspektivində yaradıcılığa da,
yumora da yeni baxış meydana gəlir. Bu yeni baxış əlamətlərinin
xüsusi simptomları, xüsusi izləri ondan ibarətdir ki,
şərait yaradılsın. Əvvəllər “Komediyalar aləminə
səyahət”, “Səhər görüşləri”,
“Yumoristik novellalar” verilişləri var idi. Mən də öz
imkanımdan istifadə edib orda çıxışlar edirdim.
Bu gün isə o verilişlər olmadığına görə
imkanımı göstərə bilmirəm. Həm də bu
gün o verilişlərin hamısı sponsorludur. Hətta
hava haqqında proqnozu da sponsorla verirlərsə, deməli,
efirə çıxmaq çətinləşib. Gəlin belə
danışaq, bir nəfər çıxsın desin ki, bax,
bu televiziyada mən bu vaxtı alıram, doldurmaq
lazımdır. O mənə 40 dəqiqənimi, 1
saatımı ayda bir dəfə versin, mən “Dünyanın
təbəssümü” adlı bir veriliş açım və
orda gözəl, yeni, bu günün nəfəsinə, izinə,
sözünə, ahənginə, baxışına,
gedişinə, duyumuna uyğun yumorları incə-incə
xırdalayım və tamaşaçılar da görsünlər.
Yəni o şərait indi yoxdur, o bağlayıcı amil
yoxdur. İşləmək həvəsi, işləmək əzmi
isə var. Yalnız şərait yoxdur. Hətta o boyda
tamaşalara az qalırlar sponsor tapsınlar. Yeni yumoru da,
televiziyaya çıxmağın özünü də
sponsor həll edir. Bu şərait yaradılsın,
açacağım verilişin məhsulu isə mənlikdir.
- Arif müəllim, bir replikaya, bir
obraza, bir lətifəyə, yəni eyni yumora bir adam nə qədər
gülə bilər? Ümumiyyətlə, belə bir limit
varmı?
-
Çox gülə bilər. Bir yumora yüz dəfə də
gülə bilər. Əgər aktyor onu hər dəfə
eyni cür demirsə. Onu dəyişdirirsənsə, onun
üstünə yaradıcılıq qoyursansa, iş qabiliyyətini,
münasibətini, ürəyini qoyursansa, dəfələrlə
ona qulaq asılar və tamaşaçı hər dəfə
onu yeni kimi qəbul edər. Məsələn, mən bir yumoru
danışanda gələn dəfə unuduram ki, bu yerində
başqa cür demişəm. Bu da ondan irəli gəlir ki, məndə
əzbərçilik yoxdur. Bir yumoru 50 dəfə
danışsam da, hər dəfə başqa tərzdə
deyirəm. Və yaxud da teatrda obrazı mən əzbərləmirəm,
daha doğrusu, əzbərləyə bilmirəm. Mənimsəyirəm,
özümünkü eləyirəm və öz beyin süzgəcimdən
keçirib sonra tamaşaçılara çatdırıram.
Bəzən məni danlayırlar ki, replikanı düz vermədin,
əvvəlində bu cümlə olmalı idi, demədin. O
söz ki, təsirsizdir, dəyərsizdir, o sözü mən
ötürüb başqa söz deyirəm.
- Arif müəllim, istəyirəm mən
də bir yumoristik sual verim sizə. Belə bir söz var “filankəs
gülməkdən öldü”. Təsəvvür edin ki, məcazi
mənada deyilən bu fikir siz səhnədə hansısa bir
yumoru təqdim edəndə reallaşır və zalda kimsə
həqiqətən də gülməkdən ölür. Bu
zaman neyləyərsiniz?
- Həqiqətən
çox maraqlı sualdır. Olub belə hadisələr. Əgər
mən səhnədə olanda belə bir hadisə baş verərsə,
o zaman mən öz gülüşümün gücünə
gülərəm. Gülərəm ki, əgər mən
güldürdümsə, zalda kimsə gülməkdən, qəh-qəhədən
öldüsə, mən öz gülüşümün
gücünə, təsirinə gülə bilərəm ki,
pah atonan, gör ey, güldürdüm öldü.
- Sizin mən deyərdim ki, “Bəyin
oğurlanması” filmindəki kiçik, amma yaddaşlara həkk
olunan, hətta replikaların bəzəyinə çevrilən
Miriş obrazı daha çox yadda qalıb. Bəs bu gün
necə, Arif müəllim yeni yaradıcılıq
axtarışları üçün Mirişlik edirmi, yəni
ora-bura qaçırmı nəsə tapmaq üçün?
- Təbii, mən axtarışdayam.
Yaradıcı adam dayanarsa, işləməyən
qıfıl kimi paslanar. Bu gün mən teatrda fəaliyyət
göstərirəm, İncəsənət Universitetində dərs
deyirəm, öz satira teatrım var. Yəni mən hər yerdə
istəyirəm ki, daim fəaliyyətdə, hərəkətdə,
nəzərdə olum. Bu mənim sənətimin tələbidir.
Bizim sənətdə dayanmaq qeyri-mümkündür,
çünki alışırsan və o
alışdığının istisinə də
qızınırsan. Qızınırsansa, deməli, ondan
zövq alırsan. O zövqün yaradıcısı kimi onun
aludəçisinə çevrilirsən. Bu baxımdan mən
deyərdim ki, axtarışdayam. Yəni yeni kino olsa, çəkilərəm.
Bu mənim arzumdur. Teatrımızda yeni əsərlər də
var. O tamaşalarda oynayıram, çıxış edirəm.
Amma yeni filmlərlə bağlı yaradıcılıq
istiqaməti olsa, yeni bir kino obrazı, yeni bir Miriş ortaya
çıxsa, mən onu yaradaram. Amma yoxdur...
- Obrazlarınız arasında elə
biri varmı ki, əsas xətt kimi saxlayırsınız və
o sizinlə qəlbən, ruhən hər an yol
yoldaşlığı edir. Konkret olaraq zövq
aldığınız bir obrazınız varmı?
- Elə
bir rol, elə bir obraz yoxdur ki, mən onu seçim,
ayırım. Çünki hər bir obrazı mən
yaratmışam, onun vasitəsilə insanların ürəyinə
daxil olmuşam. Axı bir obrazla bu qədər məhəbbət
qazanmaq və onun sahibinə çevrilmək olmaz. Hər bir
obraz öz məhəbbətini gətirib. İstər
“Qayınana”da Əli, Qoqolun “Evlənmə”sində Jevakin, “Ər-arvad”da
nökər, “Məşədi İbad”da hambal, “Amerikalı
kürəkən”də həkim, istərsə də Miriş
olsun, bunlar hərəsi hissə-hissə, dama-dama məni
insanlara yaxınlaşdırıb, onların sevgi həyatına
qovuşdurub. Yəni aktyorun ən böyük
qazandığı şey tamaşaçı məhəbbəti,
tamaşaçı alqışıdır. Mən bu gün
xoşbəxtəm ona görə ki, insanlar məni sevir. Deməli,
mən ən dövlətli insanam. Obrazlarımı da ona
görə biri-birindən ayırmıram. O obrazlar mənə
böyük bir xalqın məhəbbətini
qazandırıb.
- Belə başa düşdüm ki,
peşmançılıq çəkdiyiniz rolunuz və ya
replikanız olmayıb.
- Xeyr,
yoxdur. O vaxt peşmançılıq ola bilərdi ki, sənə
verilən obrazı dəqiq, mənalı, yerli-yerində ifa
edə bilməyəsən. Peşman olarsan o vaxt ki,
böyük bir obrazı oynayasan və onu
tamaşaçıya çatdıra bilməyəsən. Mən
mahiyyətini çatdıra bilməyəcəyim obrazı
heç vaxt götürmərəm. Məsələn, bu
yaxınlarda Əziz Nesinin “Şəhərdə manyak var”
tamaşasını teatrımızda səhnələşdirmək
üçün götürdülər və orda qaz
ustası rolunu mənə verdilər. Gördüm ki, mən
onu çəkə bilməyəcəm, o rolu qoydum
qırağa və oynamadım. Yəni aktyor özü hiss
etməlidir ki, nədən yapışır, necə
yapışır və onun gücü o obraza
çatırmı!?
- Yəni yüz ölçüb,
bir biçirsiniz.
- Bəli.
Qoy bir kəlmə olsun, amma ürəyincə olsun. Tam ürəyimcə
olmadıqda heç böyük rol da mənə lazım
deyil. Özünü təqdim edə biləcəyin qədər
bacarığından istifadə etməlisən. Mən həmişə
çalışmışam ki, verilən obrazlara öz
xüsusi münasibətim, öz xüsusi
yaradıcılıq ampulam olsun ki, dəyərli
ifaçılıq qabiliyyətimlə onu qaldıra bilim.
- Gülən, güldürən Arif
Quliyev haçansa sənətindən bezib
ağlayıbmı?
- Sənətimdən
bezib heç vaxt ağlamamışam və ağlamaram da. Əgər
bu sənəti özüm seçmişəmsə, heç
vaxt bezmərəm bu sənətdən. Əslində,
seçməmişəm, bunu özümdə hiss eləmişəm.
Deyir özü yıxılan ağlamaz. Bu sahəyə gəlmişəm,
bu sahənin fədaisiyəm və mən özümü
şəxsən sənətimin fəhləsi sayıram.
- Müasir yumor aktyorlarının
zövqü ilə sizin yumor zövqünüz necə, ortaq məxrəcə
gəlirmi?
- Niyə
gəlmir, gəlir. Bu gün məni onların
ifaçılıq tərzi tam təmin etməsə, deyərəm
ki, təmin eləmir. Mən hiss eləyirəm ki, onların
gülüşü bizim gülüşümüzün
davamıdır. Davamıdır, yəni inkişaf etmiş
formada. İndiki yumor ustalarının hamısını mən
qəbul edirəm. Elməddin, Fərda, Müşfiq,
Coşğun və Rəfael, KVN teatrının üzvləri.
Bunlar yumorun bütün sahələrini əhatə edirlər.
Teatrlarda da istedadlı aktyorlar var. Bizə qədər də,
bizdən sonra da səhnələrdə yumor təqdimatı
gözəl inkişaf edəcək. Və səhnəmiz
heç zaman gülüşsüz qalmayacaq. Gələn gənc
nəsil bizi ləyaqətlə, lazımi qədər əvəz
edəcək. Bir şeyi unutmaq olmaz.
Tamaşaçının qarşısına elə
çıxmaq lazımdır ki, o sənin ifa etdiyini başa
düşsün, qavrasın və öz baxış süzgəcindən
keçirib sənin gülüşünü mənalı, dərin
qəbul edə bilsin.
Kaspi.- 2011.- 3
iyun.- S. 13.