Ali məktəblərə sənəd
verənlərin sayı
azalıb
Son illərdə ilk dəfə
olaraq qəbul imtahanlarında oğlanların sayı
qızlara nisbətən artıb
2011/2012-ci tədris ili üzrə
ali təhsil müəssisələrinə sənəd verənlərin
sayı azalıb. Belə ki, bu il ali təhsil müəssisələrinə
qəbul imtahanlarında iştirak etmək üçün
110423 abituriyent ərizə verib. Ərizələrin sayı
ötən illə müqayisədə 1,85 faiz, yəni 2085 nəfər
azalıb.
Bu
barədə dünən Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələri
və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
qəbul kampaniyasının gedişinə həsr olunmuş
növbəti mətbuat konfransında məlumat verib. Məleykə
Abbaszadənin sözlərinə görə, ərizələrin
sənəd qəbulu komissiyalarında (SQK) təsdiqi
üçün nəzərdə tutulmuş son müddət
mayın 31-də başa çatmalı olsa da, həmin tarixə
elektron ərizə doldurmuş, amma SQK-da təsdiq etdirməmiş
abituriyentlərin sayı çox olub. Bunu nəzərə
alınaraq, TQDK ərizələrin təsdiqini daha bir gün
uzadılıb: ”Ərizə qəbulunun aparılması məqsədi
ilə 127 məntəqədə sənəd qəbulu
komissiyaları fəaliyyət göstərib. Vaxtın
uzadılmasına baxmayaraq, 2900 abituriyent elektron ərizəsini
təsdiq etdirməyib. Onlar qəbul imtahanlarına
buraxılmayacaqlar. Bu abituriyentlərin 2 min 100 nəfəri
ötən illərin məzunudur və onlar hərbi qulluqdan
möhlət hüququ olmadığı üçün
elektron ərizələrini təsdiq etdirə bilməyiblər.
296 oğlan isə bu ilin məzunudur. 743 nəfər qız
abituriyentdir ki, onların da hansı səbəbdən elektron ərizələrini
təsdiq etdirməsi məlum deyil. Ümumilikdə isə
abituriyentlərin 50,38 faizini, yəni 55627 nəfəri
oğlanlar, 49,62 faizini, 54796 nəfərini isə qızlar təşkil
edir. Göründüyü kimi, qəbul imtahanlarında son
illərdə ilk dəfə olaraq oğlanların sayı
qızlara nisbətən bir qədər çoxdur”. İxtisas
qruplarına gəlincə, birinci ixtisas qrupu üzrə daxil
olan ərizələrin sayı 34988, ikinci ixtisas qrupu üzrə
27068, üçüncü ixtisas qrupu üzrə 32859,
dördüncü ixtisas qrupu üzrə isə 15508 olub: ”Sənəd
verənlərin 57,17 faizi, yəni 63128 nəfər orta
ümumtəhsil məktəblərinin builki məzunlardır.
Ötən
il isə müvafiq göstərici sənəd verənlərin
55,63 faizini təşkil edib”. Qruplar arası müsabiqə vəziyyətinə
də toxunan M.Abbaszadə bildirib ki, builki qəbul
imtahanları zamanı dördüncü ixtisas qrupunda dövlət
sifarişli plan yerlərində yüksək müsabiqə vəziyyəti
gözlənilir. Xüsusilə bu vəziyyət tibb
ixtisasları üzrə yerlərdə özünü
göstərəcək. Belə ki, həmin ixtisaslara qəbul
üçün tələb olunan bal 600-dən yuxarı təşkil
edəcək. Nəzərdə tutulan plana gəlincə, bu il
tibb ixtisasları üzrə 1500-ə yaxın yer
ayrılıb. TQDK sədri birinci ixtisas qrupuna sənəd verənlərin
sayının ötən illə müqayisədə 781 nəfər
azaldığını da deyib: ”Bu ixtisas qrupu üzrə o qədər
də yüksək müsabiqə vəziyyəti gözlənilmir.
Burada əsas müsabiqə vəziyyəti dövlət
sifarişli plan yerləri üzrə yaranacaq. Belə ki,
adıçəkilən qrupda dövlət sifarişli plan
yerlərinin sayı 4136-dır. Bu il ötən illə
müqayisədə ikinci ixtisas üzrə sənəd verənlərin
sayı 1000, üçüncü ixtisas qrupu isə 458 nəfər
azalıb”. Xüsusi qabiliyyət tələb edən ixtisaslara
gəldikdə isə respublikanın 14 ali təhsil müəssisəsinə
21 xüsusi qabiliyyət tələb edən ixtisas üzrə,
23 tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisəsinə
isə 13 xüsusi qabiliyyət tələb edən ixtisas
üzrə aparılacaq. 20011-ci ildə ümumilikdə
seçmə turda qeydiyyatdan keçmiş abituriyentlərin
sayı dekorativ sənət, dizayn, təsviri incəsənət
müəllimliyi, xalq çalğı alətləri
ifaçılığı, instrumental ifaçılıq,
estrada sənəti, operator sənəti, xoreoqrafiya sənəti,
aktyor sənəti, rejissorluq, memarlıq, bədən tərbiyəsi
və idman ixtisasları üzrə çoxdur. İnstrumental
ifaçılıq, bəstəkarlıq və
musiqişünaslıq, fiziki tərbiyə və
çağırışaqədərki hazırlıq
(qızlar üçün fiziki tərbiyə) müəllimliyi,
orta ixtisas təhsili müəssisələrinin musiqi istiqamətli
ixtisasları üzrə isə qeydiyyatdan keçmiş
abituriyentlərin sayı az olub.
Abituriyentlərə
təqdim olunacaq test suallarına da aydınlıq gətirən
TQDK sədri onların əvvəlcədən
yayılmasının mümkünsüz olduğunu
vurğulayıb: ”Avtomatlaşdırılmış bazada 200
mindən artıq sual var. Sualların seçimi heç bir
şəxsin təsiri olmadan aparılır. Bunkerdə olana müəllimlər
yalnız o sualları oxuyur ki, səhv və
yanlışlıqlar olmasın. Müəllimlərin
hansı sualların imtahana düşüb-düşməyəcəyinə
təsir etmək hüququ yoxdur. Seçim aparan proqram dəfələrlə
yoxlanılmış sistemdir. Bu proqram təminatını
özümüz hazırlamışıq. Heç bir texniki
xəta baş verməyəcək. Hər il olduğu kimi,
bundan sonra da proses şəffaf keçiriləcək”.
İmtahan
binalarının təhlükəsizliyinə gəlincə,
hazırda TQDK paytaxtla yanaşı, regionlarda imtahan olacaq
binaların ciddi təhlükəsizliyinin təmini ilə məşğuldur:
”İmtahan ərəfəsində bizi maraqlandıran əsas
məsələ abituriyentlərin təhlükəsizliyidir. Abituriyentlər
imtahana gələrkən özləri ilə əlavə
ötürücü qurğu, telefon, çanta və s. gətirməməlidirlər”.
Hər hansı kənar vasitə ilə binaya daxil olmağa
çalışanlar imtahandan kənarlaşdırılacaqlar:
”İmtahanlara tələb olunan sənədlər və qələmdən
başqa heç nə gətirmək olmaz. Hər bir vətəndaş
borcunu düzgün başa düşməlidir. Yoxlamalar
yalnız şparqalkaları aşkarlamaq üçün
aparılmır, abituriyentlərin təhlükəsizliyi
yoxlanılır. Şübhəli şəxsləri çox
ciddi yoxlayırıq”.
Həqiqət İSABALAYEVA
Kaspi.- 2011.- 4-6 iyun.- S. 5.