Ona Pasternak xeyir-dua vermişdi
Onu
60-cı illər poeziyasının ən tanınmış
simalarından biri adlandırırlar. Məşhur rus
şairi, tənqidçisi, rəssamı, arxitektoru Andrey
Andreyeviç Voznesenski 1933-cü ildə Moskvada doğulub.
Atası Andrey Nikolayeviç mühəndis, texnika elmləri
doktoru, professor idi. SSRİ Elmlər Akademiyasının Su
Problemləri İnstitutunda çalışırdı.
Anası Antonina Sergeyevna evdar qadın idi. Andrey Moskva məktəblərindən
birində təhsil alıb. 14 yaşı olanda ilk şeirlərini
Boris Posternaka göndərib. Görkəmli şairlə
dostluğu onun sonrakı taleyində mühüm rol
oynayıb. 1957-ci ildə o, Moskva Arxitektura İnstitutunu bitirib.
Voznesenskinin ilk şeirləri 1958-ci ildə çap olunur və
özünəməxsus stili ilə oxucuların diqqətini
çəkir. Onun lirikası müasir insanı kateqoriyalarla
ölçmək, dünya sivilizasiyasının obrazına
çevirmək cəhdlərindən fərqlənirdi. O təkcə
Mayakovski və Pasternakın şagirdi deyildi, həmçinin
sonuncu rus futuristlərindən olan Semyon Kirsanovun yetirməsi
idi. Məhz Kirsanov Voznesenskiyə «Şairin yaddaşı»
şeirini həsr edib. Sonra isə bu şeirə David Tuxmanov
mahnı bəstələyib və Valeriy Leontyevin ifasında səslənib.
Voznesenskinin «Mozaika» adlı ilk şeirlər kitabı Vladimir
şəhərində çap olunub və dərhal da hakimiyyətin
qəzəbinə səbəb olub. Nəşriyyatın
direktoru Kapitolin işdən azad edilib. Hətta, tirajı ləğv
etmək barədə də düşünüblər.
İkinci şeirlər kitabı olan «Parabola» isə Moskvada
işıq üzü gördükdən dərhal sonra nadir və
biblioqrafik əsər kimi diqqəti cəlb edib. Voznesenski həmin
ərəfədə artıq məşhurluq
qazanmışdı. Tez-tez onunla görüşlər
keçirilir, xarici ölkələrə səfərlərə
çıxırdı. Sonra Voznesenskiy Yevgeniy Yevtuşenko və
Axmadulina ilə birlikdə Xruşşovun qəzəbinə
tuş gəlir. 1963-cü ildə Kremldə Xruşşovun
ziyalılarla görüşü zamanı o, şairi tənqid
atəşinə tutur. Sonra isə zala qışqırır:
«Cənab Voznesenskini buradan rədd edin! Mən bu gün
göstəriş verərəm ki, sənin üçün
xarici pasport yazılsın». Voznisençkiyə
çıxış üçün ABŞ-a getməyə
icazə verilir. O, ABŞ-da ən məşhur rus şairlərindən
birinə çevrilir. Robert Kennedi onun şeirlərini ingilis
dilinə tərcümə edir. Voznisenski tanınmış
şair Alen Ginzberqlə dostluq edir, Artur Millerin ailəsinin
sevimlisinə çevrilir. Onun Merlin Manro ilə
görüşü sonra «Mən Merilin, mən qəhrəmanam»,
“Özünəqəsd və qəhrəman” şeirlərində
əksini tapır.
Bir çoxları hesab edir ki, onun şeirlərində söhbət demokratik Amerika haqqında deyil, totalitar SSRİ haqqında idi. Ona hücumlar başlanmışdı. Rəsmi dövlət qəzeti olan «Pravda» da Aleksandr Prakofyevin «İstefaya, istefaya!», «Şair istefaya gedir» şeirləri çap olunurdu. Voznesenskiyə olan hücumlar şairin dünya şöhrətinin qarşısına sədd çəkmək məqsədi də güdürdü. Mərkəzi Komitənin İdeoloji şöbəsinin xüsusi icazəsi olmadan onun adının mətbuatda hallanması qadağan idi. Şairin piştaxtalarda satılan kitabları yığışdırılmışdı. «Üçbucaq armud» şeirlər kitabının nəşrindən sonra Voznesenskinin hakimiyyətlə olan münasibətlərini yaxşılaşdırmaq cəhdləri hiss olunurdu.
Şairin şeirlərinə çoxlu estrada mahnıları yazılıb. «Milyon qızıl gül» şeirinə yazılan mahnısı isə hitə çevrilmişdi. Voznesenskinin sözlərinə yazılan mahnıları Alla Puqaçova, Sofiya Rotaru kimi məşhur ulduzlar oxuyurdu.
Raymond Paulsla işbirliyi isə Voznesenskiy şeirlərinin ən gözəl mahnılara çevrilməsinə səbəb olurdu. Voznesenskinin «Yunona» və «Avos» rok operasına yazdığı libretto 1981-ci ildə Mark Zaxarov tərəfindən Moskva teatrında səhnələşdirilir. Bugünə qədər də həmin əsər səhnədən düşməyib.
1970-ci illərdə Voznesenskiy yavaş-yavaş ekranlarda görünür. O, televiziyada çıxış edirdi. 1978-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Voznesenski həmçinin Moskvanın Tişinski meydanında qoyulan Rusiya və Gürcüstanın dostluğuna həsr olunan “Əbədi dostluq” monumentinin arxitektura hissəsinin müəllifidir.
Voznesenski bir çox görkəmli incəsənət xadimləri ilə dostluq edib ki, onları məqalələrində, memuarlarında xatırlayıb. O, Sartra, Haydeqq, Pikasso ilə həmsöhbət olub. Voznesenski Moskva yaxınlığında Boris Posternakın bağ muzeyinin yaxınlığında yaşayırdı. İldə iki dəfə həmin muzeydə onun poeziya gecələri keçirilirdi. O, Pasternakla görüşünə «Mənim 14 yaşım var» kitabını həsr edib. Voznesenski yaşadığı əzablara baxmayaraq 46 il birgə ömür sürdüyü yazıçı, kino və teatr tənqidçisi Zoya Boquslavskaya ilə özünü xoşbəxt sayırdı. Andrey Voznesenski ötən il iyunun 1-də uzun sürən ağır xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişdi. İlk insultu şair ölümündən 4 il əvvəl keçirmişdi. Bu xəstəlikdən sonra isə demək olar ki, sağalmasa da, yaradıcılığını davam etdirirdi. Onun məzarı üstündə çıxış edən həmkarları «Sıramızı adi şair tərk etməyib. Dünyanın onlarla akademiyasının fəxri üzvü, o cümlədən Amerika Ədəbiyyat və İncəsənət Akademiyası, Bavariya İncəsənət Akademiyası, Avropa Poeziya Akademiyası, Paris Qonkur qardaşları Akademiyasının… üzvü olan dünya şöhrətli şair tərk edib» - deyirdilər.
Təranə
Kaspi.-2011.-1 iyun.-S.15.