Kurikulumların tətbiqinin təhsildə nəticələri 

 

Rəhbər pedaqoji kadrlar kurikulumların tətbiqi üzrə təlim kurslarına cəlb olunacaq

 

Artıq xeyli müddətdir ki, ölkənin orta ümumtəhsil müəssisələrində Milli Kurikulum əsasında işlərə start verilib. Belə ki, təhsildə özünü göstərən problemlərin həlli yolunda 1999-cu ildən Azərbaycan yeni Təhsil Sektorunun İnkişaf Layihəsini qəbul edib. Ölkənin təhsil sisteminin inkişaf etdirilməsi üçün Dünya Bankı ilə onillik Təhsil Sektorunun İnkişaf Layihəsi (2003-2013) sazişini imzalayıb. Milli Kurikulum ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsini, fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsini nəzərdə tutur.

 

 Bundan başqa, kurikulum təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması, nəticəyönümlü fənn kurikulumlarının hazırlanıb tətbiq olunması və s. kimi funksiyaların reallaşdırılmasına xidmət edir. Fənn kurikulumlarının hazırlanmasına gəlincə, artıq 2005-ci ildən başlayaraq Kurikulum Mərkəzində Milli  Kurikulumun, eləcə də fənn kurikulumlarının hazırlanması istiqamətində iş aparılıb. 2009-2010-cu dərs ilində isə I və II siniflərdə yeni fənn kurikulumları üzrə tədris aparılıb. V-XI siniflər üzrə biologiya, kimya, ümumi tarix, texnologiya, fizika, xarici dil, fiziki tərbiyə, informatika, təlim digər dillərdə olan ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənn kurikulumları layihələri hazırlanıb. Amma yalnız bunlarla iş bitmir. Kurikuluma keçid müəllimlərin də xüsusi treninqlərdən keçməsini zəruri edir. Belə ki, yeni kurikulumların tətbiqi ilə əlaqədar 2010-2011-ci dərs ilində I siniflərdə işləyən 9 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilib və nümunəvi tədris materialları ilə təmin edilib. Respublikanın 14 rayonunda I siniflərdə fənn kurikulumlarının tətbiqi vəziyyətinin monitorinqi aparılıb. Təhsil Nazirliyində hesab edilir ki, son 100 ildə təhsil tariximizdə ən əhəmiyyətli hadisələrdən biri olan yeni kurikulumların tətbiqi bir sıra müsbət dəyişikliklərə səbəb olub. Belə ki, bu proses müəllimlərin yaradıcılığını və təşəbbüskarlığını artırır, müasir təlim strategiyalarının tətbiqini reallaşdırır, tədrisin keyfiyyətini yüksəldir. Şagirdlərin tədrisə marağını artırır, məntiqi təfəkkür imkanlarını genişləndirir, onlarda müstəqil düşünmə, sərbəst rəy söyləmə, ümumiləşdirmə, qərar qəbuletmə və digər həyati bacarıqların formalaşmasına zəmin yaradır. Kurikulumun tətbiqi ilə böyüklər də kənarda qalmır. Belə ki, bu, müəllimlərin, məktəb rəhbərlərinin, valideynlərin marağını və məsuliyyətini artırır, yeni qiymətləndirmə sisteminin tətbiqini zəruri edir, müəllim hazırlığı kurikulumlarının yeniləşdirilməsinə səbəb olur. Məsələn, 2009-2010-cu dərs ilində kurikulumların tətbiqi sahəsində fəaliyyət göstərən təlimçilərin tərkibini genişləndirmək, nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə treninqlər təşkil edilib, 230 nəfər təlimçi hazırlanıb. 2009-2010-cu dərs ilindən Milli Kurikuluma müvafiq olaraq 3 pilot məktəbində (Bakı şəhəri Heydər Əliyev adına məktəb, Akademik Zərifə Əliyeva adına məktəb, “Zəngi” liseyi) həndəsə və cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə başlanıb. British Council ilə Bakı şəhərinin 7 pilot məktəbində isə xüsusi tədris planı və proqramı əsasında ingilis dilinin intensiv tədrisi layihəsi davam etdirilib. Həmin məktəblərin 100-dən çox müəllimi Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq məsləhətçinin iştirakı ilə xüsusi treninqlərdən keçirilib. Kembric Universitetinin dərslik komplektləri (dərslik, iş dəftəri, müəllim üçün vəsait) alınıb və məktəblərə çatdırılıb. Rusiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə 2009-2010-cu dərs ilindən respublikanın 50 məktəbində (Bakı şəhərində 35, rayonlarda 15) rus dilinin intensiv tədrisi layihəsinə başlanıb. Növbəti il üçün nəzərdə tutulan işlərə gəlincə, artıq Azərbaycanda ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ilk dəfə yeni fənn proqramlarının – kurikulumların hazırlanmasına başlanılır. Yeni fənn proqramları respublikanın bütün orta məktəblərinin V-IX və X-XI sinifləri üzrə hazırlanacaq və təsdiqlənəcək. Həmin fənn proqramları əsasında dərslik komplektlərinin hazırlanması nəzərdə tutulur. Qarşıda duran digər işlərə gəlincə, yeni kurikulumlarla tədrisə başlayacaq müəllimlərin hazırlığı işinin mərhələlərlə davam etdirilməsi planlaşdırılır. Rəhbər pedaqoji kadrların (RTŞ əməkdaşları, metodistlər, məktəb direktorları, onların müavinləri) kurikulumların tətbiqi üzrə təlim kurslarına cəlb olunacaq. Yeni fənn kurikulumlarının tətbiqi vəziyyətinin monitorinqinin aparılması və təkliflərin hazırlanması, kurikulumların daha səmərəli tətbiqi məqsədilə müəllimlər üçün vəsaitlərin hazırlanıb çap etdirilməsi də qarşıda duran əsas işlərdəndir. 

 

 

Həqiqət İSABALAYEVA 

 

Kaspi.- 2011.- 8 iyun. S.9.